![]() |
|
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.
“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.
Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.
***
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçirilir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
3 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
O, ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların və səfərlərin, eləcə də bütün müstəvilərdə qarşılıqlı dəstəyin göstərilməsinin əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Mövcud təhdid və çağırışların aradan qaldırılması kontekstində yaranacaq yeni beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında Türk birliyinin əhəmiyyətli rol oynayacağı vurğulanıb.
TDT-yə üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artması ilə yanaşı 2009-cü il Naxçıvan Zirvə Görüşündən etibarən TDT-nin beynəlxalq müstəvidə önəminin də artdığı qeyd edilib.
Bununla yanaşı, TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov öz nitqində, Azərbaycan Respublikası Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündəki çıxışının əsasında nəqliyyat məsələlərinin dayandığını, ölkələrimiz arasında münasibətlərin nəqliyyat və kommunikasiya sahəsində daha effektiv inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Bu xüsusda, regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsinin böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcəyini bildirib.
Onuncu Zirvə Görüşünün “TURKTIME! - Ənənələr, Birləşmə, İslahatlar, Bilik, İnam, Sərmayələr və Qarşılıqlı Enerji!” mövzusunun bugünkü reallığa uyğun seçildiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, həmçinin tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsinin önəmi diqqətə çatdırılıb.
Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini vurğulayıb.
Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir: “Hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilir”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır:
"Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir. 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür. İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır. Çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir. Sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir. Çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil. Mümkündür ki, Azərbaycan Ordusunun nəzarətinə keçən silah-sursat antiterror tədbirləri zamanı ələ keçirilənlərdir".
“Qarabağdan çıxan ermənilər kütləvi surətdə Ermənistan vətəndaşlığı almaq üçün müraciət edirlər. Bizim siyasətimiz isə ondan ibarətdir ki, Qarabağdan çıxanların yenidən geri qayıtması üçün obyektiv imkanları yoxdursa, biz onların hamısının Ermənistanda qalmasını, burada yaşayıb işləməsini istəyirik”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.
Paşinyan onu da bildirib ki, onların vəzifəsi bu prosesi mümkün qədər tez təşkil etməkdir.
“Təbii ki, bəzi qanunvericilik nüansları var ki, onlara əməl edilməlidir. Burada hamımız hökumət və dövlət orqanları mümkün qədər tez işləməliyik, lakin biz öz qardaş və bacılarımızdan bir qədər səbirli olmasını istəyirik”, - deyə baş nazir bildirib.
Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.
Rusiya sülhməramlı heyətinin hərbi texnikası böyük ehtimalla Azərbaycan ərazilərini birdəfəlik tərk edirlər, təmir bəhanədir.
Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Rusiya bu texnikaların təmir-bərpa işlərini azı ildə 2 dəfə həyata keçirməli idi:
“Bir hərbi hissənin, o cümlədən, Qarabağda sülhməramlı funksiyalarını yerinə yetirən 15-ci əlahiddə motoatıcı briqadasının tərkibində təmir və bərpa işlərini həyata keçirən bölüklər mövcuddur. Onlar hərbi hissənin balansında olan silah və texnikaları təmir edir. Rusiya sülhməramlı qüvvələri bu 3 il ərzində təmir-bərpa işlərini azı ildə iki dəfədən az olmayaraq həyata keçirməli idi. Lakin indiyə kimi biz bunu görmədik”.
Hərbi ekspert sülhməramlıların təmir adı ilə texnikanı Qarabağdan çıxarmasına da aydınlıq gətirib:
“Böyük ehtimalla Rusiya Müdafiə Nazirliyi Qarabağ ərazilərini müddətdən əvvəl tərk etmək barədə rəsmi məlumat verməyi hələlik özünə sığışdıra bilmir. İstənilən halda, rus kontingentinin fəaliyyət müddətinin sonu birgə bəyanatla təyin olunub. Sülhməramlılar tərəflər arasında atəşkəsin olmasına nəzarət etməli idilər. Separatçı rejim özü-özünü buraxıb, daha Qarabağda atəş səsləri eşidilmir. İndi sülhməramlıların görəcəyi bir iş qalmayıb, gedə bilərlər”.
Ekspert bildirib ki, Qarabağdan çıxarılan texnikanın hansı istiqamətdə fəaliyyət göstərəcəyinə Rusiya qərar verəcək:
“Onların Rusiyada, yaxud Ukraynada istifadə olunacağı bizim məsələmiz deyil. Təbii ki, Rusiyanın Ukraynada texnikalara ehtiyacı böyükdür. Amma bu, Rusiyanın daxili işidir. Çıxarılan texnikaların Ermənistandakı Gümrü hərbi bazasına yerləşdirilməsi ilə bağlı bağlı isə əlimizdə hər hansı fakt yoxdur. Ermənistan tərəfi də bunun əleyhinədir. Yəni Qarabağdan çıxarılan texnikalar Rusiya ərazisinə gedir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib.
Dövlət başçısı bununla bağlı qərar imzalayıb.
Sazişə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.
Bundan başqa, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokol təsdiq edilib. Sözügedən sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.
Dövlət başçısı bu barədə qərar imzalayıb.
Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.
Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur.
Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.
Azərbaycan Fransaya qarşı olduqca effektiv təzyiq mexanuzmi qazanmaq üzrədir… Rəsmi Bakı Fransanın “uran qapısı”nı qapatsa, bu “nüvə zərbəsi” Parislə yanaşı, İrəvanı da “vura” bilər…
Cənubi Qafqaz dünya nəhəngləri üçün artıq strateji məkana çevrilib. İndi bu region Qərb dövlətləri və bəzi beynəlxalq qurumlar üçün olduqca cəlbedici görünür. Ona görə də, Cənubi Qafqaz uğrunda mübarizə hər ötən gün daha da intensivləşir və bu regionda yerləşmək şansının qazanılmasına yönəlik cəhdlər artır. Və bu, istər-istəməz Cənubi Qafqaz regionunda maraq toqquşmalarına yol açır.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaza ən kobud şəkildə müdaxilə etməyə çalışan kənar dövlətlərin sırasında Fransa ön planda yer alır. Rəsmi Paris öz pozucu fəaliyyəti ilə bu regionda sülh prosesinin müsbət nəticələnməsini israrla əngəlləməyə çalışır. Fransanın Cənubi Qafqaza məhz Ermənistan üzərindən yerləşmək planları isə bu regionda hərbi-siyasi qarşıdurma təhlükəsini artırır. Və bu, yaxın gələcəkdə Fransanı regional qarşıdurmanın birbaşa iştirakçısına çevirə bilər.
Xüsusilə də, rəsmi Parisin Ermənistanı müasir hərbi texnika ilə silahlandırmaq niyyəti artıq indidən Fransaya qarşı Azərbaycanın müqavimət hüququnu təsdiqləmiş olur. Fransanın son illərdə yürütdüyü açıq ermənipərəst siyasət rəsmi Bakının kəskin etirazına səbəb olmaqdadır. Azərbaycanın siyasi dairələri artıq rəsmi Parisin davranışları ilə bağlı əks həmlə taktikasına start vermək məcburiyyətində qalıblar. Və Azərbaycan-Fransa münasibətləri sürətlə gərginləşməkdə davam edir.
Hələlik rəsmi Bakı Fransanı ən zəif hesab oluna biləcək yerindən vurmağa üstünlük verir. Belə ki, Fransanın Afrika qitəsində hələ də davam edən müstəmləkəçilik fəaliyyəti buna münbit şərait yaradır. Rəsmi Bakı Fransanın Afrika xalqlarına qarşı törətdiyi soyqırımları və kütləvi qətliamları açıq şəkildə və böyük cəsarətlə beynəlxalq platformalarda gündəmə gətirir. Və bu baxımdan, Azərbaycan Fransa müstəmləkəçiliyinə qarşı beynəlxalq mübarizəninin avanqard dövləti kimi diqqəti çəkir.
Ümumiyyətlə, Afrika mövzusunun yaxın gələcəkdə rəsmi Bakıya Fransaya qarşı daha sərt təzyiq göstərmək üçün əlavə səbəblər verəcəyi ilə bağlı ehtimallar tamamilə inandırıcı görünür. Belə ki, Fransanın müstəmləkəsi olan Afrika ölkələri son vaxtlar rəsmi Parisə qarşı müqavimət hərəkatına başlayıblar. Həmin ölkələr rəsmi Parisdən Fransa qoşunlarının çıxarılmasını tələb edirlər. Bir müddət öncə hərbi çevrilişin baş verdiyi Niger isə Fransa qoşunlarının və diplomatik təmsilçiliyin ölkədən çıxarılması üçün rəsmi Parisə bu ilin sonuna qədər vaxt verib.
Maraqlıdır ki, Afrikanın tədricən itirilməsi Fransa iqtisadiyyatı üçün dərin böhran vəd edir. Çünki Fransa iqtisadiyyatı Afrikadan daşıdığı xammaldan qidalanır. Həmin xammaldan məhrum qalacağı təqdirdə, Fransa müəssisələri bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Xüsusilə də, Fransa Nigerdən idxal etdiyi Afrika uranına möhtacdır. Və Nigerin Fransaya daha uran ixrac etməmək qərarı rəsmi Paris üçün böyük “başağrısı” anlamına gəlir.
Frnasada elektrik enerjisi əsasən AES-lərdən alınır. Son statistik məlumatlarda Fransanın elektrik enrjisinə olan ehtiyacının 75-80 faizinin məhz AES-lərin payına düşdüyü bildirilir. Eyni zamanda, Fransa şirkətləri bəzi ölkələrin nüvə obyektlərinə də xidmət göstərirlər. Bu baxımdan, Afrikadan uran idxalının dayanması son nəticədə Fransanı çıxılmaz vəziyyətə sala bilər. Və rəsmi Paris bu problemin sürətlə həll edilməsinin ən optimal variantlarını ən qısa zamanda tapmaq məcburiyyətindədir.
Məsələ ondadır ki, Orta Asiya uranı Fransa üçün hazırda ən real alternativ rolunu oynaya bilər. Prezident Emmanuel Makronun Orta Asiya səfərində əsas məqsədin də məhz uran idxalı üçün yeni qaynaq tapılması məqsədi güdür. Xüsusilə də, Qazaxıstan və Qırğızıstan bu sahədə Fransanın ümidlərini böyük ölçüdə doğrulda bilər. Və prezident Emmanuel Makronun bu ölkəyə səfərinin müəyyən anlaşmalara imkan yarada biləcəyi qətiyyən istisna deyil.
Ancaq Orta Asiya uranının idxalı ilə bağlı anlaşma əldə etsə belə, Fransanın qarşısında iki önəmli problem də mövcuddur. Belə ki, Orta Asiya uranına Çinin də ciddi şəkildə ehtiyacı var. Yəqin ki, rəsmi Pekin Fransanın bu qaynağa iddia etməsinə əngəl törətməyə çalışacaq. Və Orta Asiyada Çinlə uran rəqabəti Fransa üçün o qədər də asan başa gəlməyəcək.
Digər tərəfdən, Orta Asiya uranının Fransaya daşınması da rəsmi Paris üçün olduqca böyük problemlər vəd edir. Belə ki, uranın hava nəqliyyatı ilə daşınması çox təhlükəli variant hesab edilir. Ona görə də, bu nüvə xammalının məhz yerüstü nəqliyyat vasitələri ilə daşınmasına üstünlük verir. Mövcud situasiyadasa, Fransanın qarşısında yalnız iki marşrut mövcuddur.
Onlardan birincisi olan Rusiya ərazisi indiki vəziyyətdə Fransa üçün əlçatmaz görünür. Həm Ukrayna savaşı, həm Kremllə gərgin münasibətlər, həm də Rusiyanın da uran ixrac edən ölkə olması bu marşrutu Fransanın üzünə böyük ölçüdə qapadıb. Hər halda, Kreml Fransaya Rusiya üzərindən Orta Asiya uranını idxal etməyə imkan verməz.
Bu baxımdan, Azərbaycan Fransa üçün yeganə mümkün marşrut kimi görünür. Yəni, rəsmi Paris istənilən halda, Orta Asiya uranını Azərbaycan ərazisi üzərindən daşımaq nəcburiyyətindədir. Ona görə də, Fransanın yaxın vaxtlarda rəsmi Bakıya minnətçi düşə biləcəyi qətiyyən istisna deyil. Halbuki, Fransanın Azərbaycandan transit ölkə kimi istifadə etməsi də qətiyyən asan olmayacaq.
Rəsmi Bakı Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətini bağışlamaz. Ona görə də, indi Fransa Azərbaycanın şərtlərini və tələblərini icra etmək məcburiyyətində qala bilər. Hətta rəsmi Parisin Azərbaycanı məmnun etmək üçün yaxın vaxtlarda Ermənistanı qurban verə biləcəyi də qətiyyən istisna deyil. Əks halda, Azərbaycan Fransanın Orta Asiya uranını öz ərazisindən daşınmasına razılıq verməz.
Bütün bunları nəzərə aldıqda, rəsmi Bakının Fransaya qarşı olduqca effektiv təzyiq mexanuzmi qazanmaq üzrə olduğunu da düşünmək olar. Belə anlaşılır ki, rəsmi Bakı Parisə “nüvə zərbəsi” endirmək şansından o qədər də uzaqda deyil. Üstəlik, bu “nüvə zərbəsi” Parislə yanaşı, İrəvanı da “vura” bilər. Və bu baxımdan, Azərbaycanın tezliklə Fransanın “ipini çəkəcəyi” tamamilə inandırıcı görünür.(Yeni Müsavat)