Rəsmi Paris Ermənistanın yeganə beynəlxalq himayədarı missiyasını öz üzərinə götürməklə, hərbi baza yerləşdirməyi planlaşdığı bu ölkəni Fransanın Cənubi Qafqazdakı for-postunda çevirmək niyyətindədir... Ancaq əgər, Brüssel prosesi davam edərsə və yekun sülh sazişi imzalanarsa, rəsmi Paris bu niyyətinə heç bir bəhanə ilə çata bilməz, yəni, Fransanın özəl maraqları ucbatından regional sülh prosesi müvəqqəti də olsa, əngəlləndi...
Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalı kifayət qədər yüksəkdir. Hazırda 35 illik münaqişənin aradan qaldırılmış olması regional sülh prosesinə münbit şərait yaradıb. Əgər, beynəlxalq hüquq normaları çərçivəsində sülh danışıqları intensiv xarakter alarsa, bütün ziddiyyətlərin qısa müddətdə nizamlanması elə bir ciddi problem yaratmaz. Sadəcə, bunun üçün sülh danışıqlarında vasitəçilik missiyasına iddia edənlərin öz maraqlarını bir kənara buraxması əsas həlledici şərtə çevrilib.

Məsələ ondadır ki, "Qarabağ problemi" keçmiş SSRI-nin icad etdiyi "münaqişə ocağı" kimi peyda olmuşdu. Keçmiş SSRI-nin dağılması ərəfəsində Kreml Sovet İttifaqı məkanında belə milli-etnik münasibətlər törətməklə, bolşevik imperiyasının ömrünü uzada biləcəyinə ümid bəsləyirdi. Halbuki, bu taktikanın son nəticədə Kremlə qarşı əks effekt verdiyi də inkaredilməz reallıqdır. Çünki ABŞ və Qərb erməni separatizmini və terrorizmini təsir altına alaraq, keçmiş SSRI-nin dağılma prosesini sürətləndirməyə nail oldu.

Ancaq buna baxmayaraq, Rusiya sonrakı on illiklərdə milli-etnik münaqişələrdən postsovet dövlətlərini nəzarətdə saxlamaq üçün istifadə etməyə üstünlük verdi. Daha sonra isə erməni separatizmi və terrorizmi Rusiya üçün istifadə müddətini sona çatdırdı. Hətta zaman keçdikcə, Rusiyanın geopolitik maraqlarına real təhlükə törətməyə başladı. Xüsusilə də, "erməni faktoru"nun növbəti dəfə ABŞ və Qərbin maraqlarına uyğunlaşdırılması, Rusiyanın bir daha parçalanması məqsədilə istifadə edilməsi Kremli Ermənistana dəstəyi geri çəkmək məcburiyyətində buraxdı.

Nəticə isə artıq göz qabağındadır. Ermənistan və erməni separatizmi Rusiyanın dəstəyini itirməklə, güclənmiş Azərbaycan dövləti qarşısında təklənmiş oldu. ABŞ və Qərb isə "erməni faktoru"ndan istifadə etməklə kifayətləndi, Ermənistana Rusiyanın verdiyi qədər güclü dəstək göstərməyi bacarmadı. Rəsmi Bakı isə yaranmış uğurlu geopolitik situasiyanı məharətlə dəyərləndirdi.

Azərbaycan ordusu əvvəlcə Ermənistanı biabırçı məğlubiyyətə uğratdı, ardınca da yarımçıq qalmış işini tamamladı, yəni, erməni separatizmini və terrorizmini savaş meydanına "dəfn" etdi. Bununla da keçmiş SSRİ-nin icad etdiyi çoxsaylı milli-etnik münaqişələrdən biri həmişəlik sıradan çıxarıldı. Və bu səbəbdən də indi Ermənistanın Azərbaycan qarşısında hər hansı geopolitik iddia şansı qalmayıb.

Təbii ki, bu reallıq hazırda Cənubi Qafqazda sülh prosesinin önünün açılmasını iddia etməyə tamamilə əsas verir. Çünki danışıqlar masasında mübahisə doğuracaq, ziddiyyət yaradacaq heç bir ciddi səbəb qalmayıb. Azərbaycan əsas problemini həll edib, ərazi bütövlüyünün bərpasına nail olub. Ermənistan isə daha Azərbaycan ərazilərinə iddia edə biləcək durumdan çox-çox uzaqdır. Və rəsmi İrəvan əslində, mövcud geopolitik situasiya ilə böyük ölçüdə barışıb.

Belə anlaşılır ki, ən qısa zamanda, hətta bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi regional əngəl mövcud deyil. Rəsmi İrəvan da sülh sazişinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Üstəlik, Cənubi Qafqazda hələ də öz təsirini qoruyub, saxlayan Rusiya belə, Azərbaycan-Ermənistan sülh sazişinə əngəl törədən əsas problemin artıq həll olunduğunu etiraf edir. Və hər iki ölkəni ən qısa zamanda yekun sülh sazişini imzalamağa çağırır.

Şübhəsiz ki, Kremlin bu mövqeyi olduqca pozitiv və yeni faktordur. Çünki 35 illik bir münaqişənin ssenari müəllifi ciddi şəkildə geri çəkilib və sülhə əngəl törətmək niyyəti olmadığı barədə prinsipial mesaj verməyə çalışır. Kreml bunu birmənalı şəkildə Rusiyanın özəl maraqlarına dayanaraq, edir. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, Kreml Rusiya üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılacağına və bu marşruta birbaşa nəzarət edə biləcəyinə ümid bəsləyir.

Ancaq Cənubi Qafqazda sülh prosesinin uğuruna nə qədər geniş imkanlar açılmış olsa da, bu, o qədər də asan məsələ deyil. Çünki bu dəfə regional sülh prosesinə ABŞ və Qərb həvəsli görünmür. Əksinə, Fransa və rəsmi Parisin təsiri altında olan Avropa Birliyi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma perspektivlərinə sərt müqavimət göstərməyə çalışır. Yəni, Qərb siyasi iradə mərkəzləri hazırda regional sülh prosesi qarşısında əsas əngəl rolunda çıxış edir.

Əsas paradoksal məqam da məhz buna bağlıdır. Belə ki, Cənubi Qafqazın əsas problem mənbəyi olan Rusiya sülh sazişinə çağırır. Ancaq dünyada "ədalət carçısı", sabitliyə və əmin-amanlığa dəstək verdiyini iddia edən Qərb danışıqlar prosesinə əngəl törətməyə cəhd göstərir. Yəqin ki, özəl maraqlardan qaynaqlanan bu kəskin ziddiyyətlər beynəlxalq "maskalar"ın düşdüyü məqamdır.

Onu da qeyd etmək lazımdır ki, Qərbin sülh prosesində iştirakını təmin edən sonuncu platforma - Brüssel prosesi də artıq dalana dirənmək üzrədir. Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel öz neytral vasitəçilik missiyasında sona qədər duruş gətirə bilmədi. Çünki Fransanın özəl maraqları Avropa Birliyinin neytral vasitəçilik "tamaşa"sına da üstün gəldi. Rəsmi Paris prezident Emmanuel Makronun qatıldığı Qranada görüşünün iflasa uğramasından sonra Fransanın qatılmadığı sülh prosesinə tolerantlıq göstərə bilmədi.

Bəzi məlumatlara görə, rəsmi Paris indi Brüssel prosesinin davam etdirilməsində qətiyyən maraqlı deyil. Əksinə, hazırda Fransa Cənubi Qafqazda sülh prosesinin uzadılması ilə əlavə vaxt qazanmağa can atır. Üstəlik, bunu yekun sülh sazişinin imzalanmasında indi ən maraqlı tərəfə çevrilən Ermənistanın mənafelərini təhlükəyə atmaqla edir. Və bu, rəsmi Paris üçün Ermənistanın ən yaxşı halda, sadəcə, "geopolitik alət" olduğunu növbəti dəfə təsdiqləyir.

Məsələ ondadır ki, rəsmi Paris Ermənistanın yeganə beynəlxalq himayədarı rolunu öz üzərinə götürüb. Əsas məqsəd isə bu bəhanə altında Ermənistanı Fransanın Cənubi Qafqazdakı for-postunda çevirməkdən ibarətdir. Əvvəlcə Ermənistanı silahlandırmaq, ardıncasa, bu ölkənin ərazisində hərbi baza yerləşdirməklə, bu regiona giriş hüququ qazanmaq niyyəti güdülür.

Ancaq əgər, Brüssel prosesi davam edərsə və yekun sülh sazişi imzalanarsa, Fransa bu niyyətinə heç bir bəhanə ilə çata bilməz. Ona görə də, Fransanın özəl maraqları ucbatından Brüssel prosesi müvəqqəti də olsa, rəsmi Paris tərəfindən əngəlləndi. Fransa bununla yalnız Ermənistanın sülh şəraitində inkişaf şansını deyil, həm də Avropa Birliyinin vasitəçilik missiyasını da böyük risk altına atmış oldu.(Yeni Müsavat)

Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü Xankəndidə qeyd edəcək.

Musavat.com xəbər verir ki, bu barədə etibarlı mənbələr məlumat yayıb.

Məlumata görə, paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər Gününün azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi parad keçirmişdi.

Rusiya hərbi bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq, tezliklə Fransa hərbi kontingenti də peyda olacaq... Avropa Birliyinin də mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti göstərdiyini də nəzərə aldıqda, bu ölkəni gözləyən kataklizmləri təxmin etmək o qədər də çətin deyil...
Rusiya və Ermənistan arasında olduqca ciddi siyasi böhran yaşanır. Hər iki tərəf bu qarşıdurmada özünü tamamilə haqlı hesab edir. Eyni zamanda, qarşı tərəfi günahlandıraraq, sərt ittihamlarla hədəfə alır. Bu baxımdan, Kreml və rəsmi İrəvan arasında hələ uzun müddət siyasi gərginliyin mövcud olacağı qətiyyən istisna deyil. Və bu, hər iki müttəfiq ölkənin qarşılıqlı münasibətlərə yenidən baxmaq məcburiyyətində qala biləcəyini də biruzə verir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan hakimiyyəti daxilində Rusiya əleyhinə manevrlər artıq prinsipial mövqe xarakteri almağa başlayıb. Hətta Ermənistan baş naziri Nikol Paşinyanın öz partiyasının qapalı toplantısında Rusiyanı dövlət çevrilişi planı hazırlamaqda ittiham edib. Baş nazir Nikol Paşinyanın iddiasına görə, Kreml onu hakimiyyətdən devirib, Ermənistanda özünə yaxın siyasi qüvvələri iqtidara gətirməyə cəhd göstərir. Və bu səbəbdən də, Ermənistanda hakimiyyətin qorunması üçün bütün sərt addımların atılması vacibdir.

Ermənistan baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiya ilə qarşıdurmaya tab gətirmək üçün partiyadaşlarına konkret tapşırıqlar da verib. Həmin tapşırıqlara görə, ilk növbədə "artsax" rəhbərliyinə daxil olan şəxslərin hamısı nüfuzdan salınmalıdır, onların haqqında müxtəlif ittihamlar irəli sürülməlidir. Erməni baş nazir hesab edir ki, bu şəxslər Kreml ilə yaxın münasibətlərə malik olmaqla yanaşı, həm də birbaşa Rusiya kəşfiyyatının nəzarəti altında hərəkət edirlər. Və bu, onların Ermənistanda hakimiyyət çevrilişi üçün Rusiya tərəfindən istifadə edilə biləcəyini aktuallaşdırır.

Digər tərəfdən, erməni baş nazir Ermənistan cəmiyyətində Rusiya əleyhinə təbliğatın gücləndirilməsini də vacib hesab edir. Ona görə də, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə Qarabağ klanının Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etməyə çalışdığı barədə tezislərin ötürülməsini də tapşırıb. Və bu, erməni baş nazirin devrilmə təhlükəsinə artıq isterik yanaşmağa başladığını da biruzə verir.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiya əleyhinə propoqandanı hətta siyasi-diplomatik alətlər üzərindən belə, aparmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Belə ki, Ermənistan Rusiyaya nota verib. Həmin notada Kremldən Ermənistan rəhbərliyi barədə Rusiya mətbuatında yer alan təhqiramiz ittihamlarla bağlı dərhal tədbirlər görülməsi tələb olunur. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Alen Simonyan Kremlə xəbərdarlıq edib ki, Rusiya mətbuatında ölkə hakimiyyətinə qarşı hücumlar əks effekt verir. Və bununla da, erməni spiker Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində Rusiya əleyhinə apardığı propoqandanın məsuliyyətini məhz Kremlin üzərinə yükləməyə çalışır.

Əslində, bu, kifayət qədər hiyləgər gediş təsiri bağışlayır. Ancaq Paşinyan hakimiyyətinin nümayəndələri onu da unudurlar ki, erməni baş nazirin Qərb mətbuatında Rusiya əleyhinə dilə gətirdiyi ittihamlar Kremldə də diqqətə alınır. Xüsusilə də, baş nazir Nikol Paşinyanın "Rusiya hərbi bazaları Ermənistana heç bir üstünlük qazandırmır, əksinə, problem yaradır" fikri Kremldə xüsusi qıcıqla qarşılanıb. Çünki Kremldə hesab edirlər ki, erməni baş nazir bu açıqlama ilə dolayısı da olsa, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını gündəmə gətirmək niyyəti güdür.

Rusiyanın cavab reaksiyasını təxmin edən erməni baş nazir isə dərhal öz fikirlərində müəyyən izahata bağlı düzəlişlər etməli olub. O, bildirib ki, Ermənistan Kremllə Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı hər hansı məsələni müzakirə etmir. Onun fikrincə, hazırda rəsmi İrəvanı daha çox KTMT-ya üzvlüyün və Rusiya ilə ikitərəfli hərbi sazişlərin hansı səbəbdən Ermənistana heç bir üstünlük qazandırmadığı düşündürür.

Baş nazir Nikol Paşinyan növbəti dəfə KTMT-nın nizamnaməsinə istinad etməklə, bildirib ki, bu hərbi alyans və Rusiya öz müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Ona görə də, rəsmi İrəvan hələ də həm KTMT-dan, həm də Rusiyadan konkret izah tələb edir. Halbuki, indiyə qədər bir neçə dəfə rəsmi İrəvana Azərbaycan ordusunun hərbi əməliyyatlar zamanı Ermənistan ərazisinə heç bir müdaxilə etmədiyi xatırladılıb. Və nədənsə, bu xatırlatmalar hələ də rəsmi İrəvanı qane etməyib.

Digər tərəfdən, Kreml rəsmi İrəvana Azərbaycanla sərhəd bölgəsində KTMT-nın müşahidə qrupunu yerləşdirməyi də təklif edib. Ancaq rəsmi İrəvan qəti şəkildə bu təklifdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova məhz bu məqamı qabardaraq vurğulayıb ki, rəsmi İrəvan KTMT əvəzinə Avropa Birliyinin mülki müşahidə missiyasını dəvət etməyə üstünlük verir: "Onlar isə manitorinq bəhanəsi ilə Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplamaqla, məşğuldurlar".

Göründüyü kimi, Paşinyan hakimiyyətinin Rusiyaya qarşı apardığı propoqanda Kremldə kifayət qədər ciddi reaksiya doğurmağa başlayıb. Rusiya rəsmi dairələri bir tərəfdən Ermənistana xəbərdarlıq edirlər, digər tərəfdən isə mövcud problemlərin təktərəfli həllinin olmadığını qabardırlar. Rusiyanın nüfuzlu "İzvestiya" nəşrinin yaydığı son məlumat isə ümumiyyətlə, Kremlin sərt mesajı kimi izah edilə bilər.

Məsələ ondadır ki, Rusiya nəşri ABŞ və Qərbin təlimatları ilə Paşinyan hakimiyyətinin rus hərbi bazalarının Ermənistandan çıxarılması tələblərini hər hansı formada gündəmə gətirməsinin tamamilə mənasız olduğunu vurğulayıb. Belə ki, Ermənistan 2044-cü ilə qədər Rusiya hərbi bazalarından təktərəfli şəkildə imtina etmək hüququna malik deyil. Yəni, bu, o deməkdir ki, Paşinyan hakimiyyəti nə etsə də, Rusiya hərbi bazaları Kremlin istəyi olmadan Ermənistandan çıxarıla bilməz.

Onu da qeyd etmək lazımdır ki, məhz belə bir situasiya Paşinyan hakimiyyətinin yanlış siyasəti ucbatından Ermənistana daha böyük təhlükələr vəd edir. Belə ki, Rusiya hərbi bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq. Eyni zamanda, rəsmi İrəvan Fransa ilə də hərbi əməkdaşlığa başlayıb. Hətta yaxın gələcəkdə Ermənistan ərazisində Fransa hərbi kontingentinin peyda ola biləcəyi də qətiyyən istisna deyil. Üstəlik, Avropa Birliyi mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti qurub. Və bütün bunların Ermənistan üçün hansı kataklizmləri vəd etdiyi təxmin etmək isə o qədər də çətin deyil.(Yeni Müsavat)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşünün müzakirə mövzusunu açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı “Facebook” paylaşımında həmkarları ilə görüş zamanı hər üç ölkənin marağına cavab verən irimiqyaslı regional layihələri müzakirə etdiyini bildirib.

“Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirlərini qonaq etmək imkanına görə çox şadam, belə ki, biz birlikdə Cənubi Qafqazın gələcəyi, həyata keçirilməsi hamımızın ortaq marağına cavab verən irimiqyaslı regional layihələr barəsində danışa bildik. Biz BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin xeyrinə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, - Qaribaşvili bildirib.

Ermənistanda Fransa bazası... o zaman Azərbaycanda da Türkiyə bazası... - NİYƏ DƏ YOX?

Rusiya bazalarını çıxarıb, yerinə Fransanı gətirmək bir o qədər də asan deyil. Düzdür, Ermənistanın belə bir niyyəti var, lakin həyata keçirmək müəyyən zaman aparar. Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistanın bu planı torpaq bütünlüyünü bərpa etmiş Azərbaycan üçün hərbi təhlükə yaratmır:

“Ermənistan öz ölkəsində rusların yerinə fransızların hərbi bazasını yarada bilər. Bu, mümkündür, lakin asan deyil. Çünki Rusiya buna belə asanlıqla icazə verməz. Bunun Azərbaycan üçün hərbi təhlükə yarada biləcəyini düşünmürəm. Bu, sadəcə, siyasi təzyiq vasitəsi ola bilər, sülh və sabitliyin əldə olunmasına əngəl yaradan amildir”.

General bildirib ki, Ankara Bakıya arzu etdiyi hər bir dəstəyi göstərməyə hər zaman hazırdır:

“İstənilən halda Azərbaycan harada, Türkiyə də oradadır. Fransa Ermənistanda hərbi baza qurarsa, Bakı arzu etsə, Türkiyə də Azərbaycanda, Qarabağda hərbi baza yarada bilər - hər cür zəmanət də ola bilər, sülhməramlı kimi çıxış edər. Bu, artıq Azərbaycanın Türkiyədən istəklərinə aid məsələdir. Bakı ilə Ankaranın bərəbərliyi davam etdikcə, kimsə Azərbaycana təsir edə bilməz. Azərbaycan rəşadətli ordusu, güclü siyasi liderli olan ölkədir və milli birliyini tamamlamış bir xalqdır”.

Zəngəzur mövzusu bağlanır: Nikolu tora saldılar - ŞƏRH

İrəvan əvvəllər Türkiyə və Azərbaycanın onu blokadaya saldığını və bu blokadada boğulduğunu deyirdi. Münaqişə bitdikdən sonra Azərbaycan reallaşdırdığı Zəngəzur layihəsinə Ermənistanı da daxil etmək istədi. Lakin Ermənistan uzun müddət buna razılaşmadı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, müəyyən dövrlərdə İran bu layihə ilə bağlı xeyli əngəllər də yaradırdı:

“Sonra Ermənistan İranla eyni mövqedən çıxış etdi. Nəticədə, gördüyümüz kimi, dəhliz Ermənistandan yox, İrandan açılır. Bu fakt üzə çıxandan sonra Nikol Paşinyan ardıcıl açıqlamalara başlayıb. Lakin onların yenə də problemləri var. Bu problemlər Rusiya ilə bağlıdır. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə, yolun təhlükəsizliyi Rusiya sərhəd qüvvələri tərəfindən təmin edilməlidir. Ermənistan isə yolun açılacağı təqdirdə ərazi bütövlüyünə xələl gətirə biləcək addımların atılmamalı olduğunu deyir. Yəni sərhəd və gömrük xidmətinin Ermənistanın sərəncamında olmasını istəyir. Bu, Rusiya və Ermənistanın problemidir, Azərbaycana heç bir aidiyyəti yoxdur”.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın tərəddüdləri Azərbaycanı İran ərazisindən keçən yola diqqət yetirməyə vadar etdi:

“Bu barədə razılaşma var. Hətta təməlqoyma mərasimi də keçirilib. Bundan dərhal Paşinyan oyuna düşdüyünü və uduzduğunu anladı. Nikol Paşinyan və onun komandası hərdəmxəyal insanlardır. Onlar bu məsələnin perspektivlərini görməyi bacarmalıydılar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politiko” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Buna görə də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarının yaxşılaşdırılması və yüklərin asan daşınması üçün İran İslam Respublikası ilə razılıq əldə olunub.

Rusiya-Ermənistan münasibətlərində GƏRGİN NOTLAR - Bizim işimizə yarayır...

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın “təhlükəsizlik sahəsində əlaqələrin şaxələndirilməsi” zərurətindən danışarkən nəyi nəzərdə tutmasına rəsmi İrəvanın izahat verməsini istəyir. Reyting.az xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov daha sonra əlavə edib:

“Bu halda biz “The Wall Street Journal”ı əsas mənbə kimi qəbul etməyə meylli deyilik, ona görə də cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Və təbii ki, erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik. Sözsüz ki, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Ona görə də erməni dostlarımızla söhbəti, dialoqu davam etdiririk və davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”.

Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya Bakı və İrəvana sülh müqaviləsinin bağlanmasına kömək etməyə çalışır: “Bu, regionda vəziyyəti sabitləşdirmək və daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”.

Daha əvvəl “The Wall Street Journal”a müsahibəsində Paşinyan bildirib ki, Azərbaycanın “aqressiv” hərəkətləri və KTMT-nin fəaliyyətsizliyi İrəvanın təhlükəsizliklə bağlı əlaqələrini şaxələndirmək qərarı verməsinə səbəb olub.

Paşinyan ABŞ nəşrinə deyib ki, İrəvan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmır və işçi görüşlər çərçivəsində Rusiya Federasiyası və KTMT-nin bu davranışının səbəbini anlamağa çalışır.

Ermənistanın baş naziri əlavə edib ki, respublika KTMT-də qalır, “çünki indi tərəflər mövqelərin anlaşılması məsələlərini müzakirə etmək mərhələsindədirlər” və “bir-birini başa düşməkdə səhv etmək” istəmirlər.

Qarabağ ermənilərinin kütləvi şəkildə Azərbaycanı tərk etməsinin əsas məqsədləri ortaya çıxıb. İstəyirlər ki, Ermənistana köçdükdən sonra İrəvan onlara elə bir status versin ki, onlar da istənilən ölkədən siyasi sığınacaq almaqda problem yaşanmasın. Lakin sən saydığını say, gör fələk nə sayır. Paşinyan onların gözləntilərini puça çıxardı. Belə ki, Paşinyan Qarabağdan köçən ermənilərə müvəqqəti qaçqın statusu verəcək. Bu da Qarabağ erməniləri arasında ciddi narazılığa səbəb olub və birmənalı qarşılanmayıb. 

“Hraparak”ın yazdığına görə, Qarabağ erməniləri Paşinyan hakimiyyətinin verəcəyi qərarı səbirsizliklə gözləyirdilər, lakin son nəticə onları məyus edib: “Qarabağ erməniləri Ermənistan hakimiyyətindən elə bir status verilməsini istəyirdilər ki, bunun əsasında onlara istənilən ölkədə siyasi sığınacaq üçün müraciət etmək imkanı verilsin. 
Qarabağa qayıtmaq ümidini itirməyən çox az sayda erməni isə ümidsizliyə qapıldı. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə köçkünlərin öz yurdlarına qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır. Bununla da Paşinyan Qarabağ ermənilərinin ümidlərini boşa çıxarmaqla Ermənistanı sürətlə tərk etməsinə təkan vermiş oldu. Burada  Ermənistan hakimiyyəti “insan yoxdur, deməli, problem yoxdur” prinsipini əsas götürüb”.

P.S: Onsuz da  Ermənistana köçən Qarabağ ermənilərinin mühüm bir hissəsi oranı tərk edib və bu proses davam etməkdədir. Hakimiyyət Ermənistandakı ciddi demoqrafik vəziyyətə görə ölkədə qalmasını istəsə də, onları bundan sonra orada heç cür saxlaya bilməyəcək. Ermənistanda yalnız əvvəlcədən evi olanlar və ya imkanı olub mənzil alanlar, özlərinə normal yaşam tərzi quranlar, yaşlılar və getməyə imkanı olmayanlar qalacaq. 

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.

APA xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.
Danışıqların təfərrüatı açıqlanmayıb.

Oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri qatılıblar.

Toplantıda hər iki ölkənin baş nazirləri çıxış ediblər.

Ə.Əsədov bildirib ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək:

“Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz bu ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib”.

Xəbər lenti