“2023-cü ilin payızında İrəvan Bakıya nəinki hərbi-siyasi baxımdan tamamilə uduzdu, həm də əsas müttəfiqi olan Rusiyanın da dəstəyini itirdi. Bu, İranı Ermənistanla xüsusi münasibətlər siyasətindən əl çəkməyə, yeni regional nizamla barışmağa və yeni nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edərək ondan faydalanmağa çalışmağa sövq etdi”.

Bu barədə Karnegi (Carnegia) Beynəlxalq Sülh Fondunun hesabatında “Nəyə görə İran diqqətini Ermənistandan Azərbaycana yönəldib?” başlıqlı məqaləsində deyilir.

Qeyd olunub ki, 2020-ci ilin payızında Azərbaycanın Qarabağda qazandığı hərbi qələbələr nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. İran həmin hadisələrin birbaşa iştirakçısı olmadığından baş verənlərə ciddi təsir göstərə bilməzdi. Rəsmi Bakının Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizini reallaşdırmaq niyyəti Tehranı ciddi narahat etməyə başladı. Belə bir ssenaridə İranın Ermənistanla, o cümlədən Ermənistan üzərindən Qara dəniz tranzitinə çıxışı itiriləcək.

“Cənubi Qafqazda artan Türkiyə-Azərbaycan təsirinə qarşı çıxmağa çalışan İran Ermənistanla yaxınlaşmağa başladı. Düzdür, məsələ böyük ölçüdə simvolik jestlərlə - bəyanatlarla və yüksək vəzifəli məmurların tez-tez səfərləri ilə kifayətləndi. Bura həm də Ermənistanın Kapanda İran konsulluğunun açılması, eləcə də İran azərbaycanlılarının mərkəzi sayılan Təbriz şəhərində Ermənistan diplomatik nümayəndəliyinin açılması planları daxildir. Bunun fonunda İranla Azərbaycan arasında münasibətlər son onilliklərin ən ağır böhranını yaşayırdı. Rəsmi Tehran sərhədləri güc yolu ilə dəyişmək istəyəcəyi təqdirdə qətiyyətlə cavab verəcəyi ilə hədələyib və niyyətinin ciddiliyini sübut etmək üçün Azərbaycan sərhədində hərbi təlimlər keçirib. Bakı daha sərt cavab verdi və mahiyyət etibarı ilə İranda Azərbaycanın özündən daha çox insan yaşayan etnik azərbaycanlıların separatizmini dəstəkləməklə hədələdi. 2023-cü ilin əvvəlində Azərbaycan tərəfi Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə edərək diplomatik münasibətlərin səviyyəsini de-fakto aşağı salıb. Buna səbəb isə Azərbaycan səfirliyinə hücum olub”, -məqalədə qeyd olunub.

Məqalədə həmçinin bildirilir ki, 2023-cü ilin oktyabrın 19-20-də Azərbaycanın sürətlə həyata keçirdiyi Qarabağ əməliyyatdan sonra bölgədə tamamilə yeni reallığın yaranması, Tehranı yaranmış reallığa uyğun addım atmağa vadar edib.

“İran Qafqazda yeni nizamın labüdlüyünü anlayaraq öz yanaşmalarına yenidən baxdı. İranlıları Ermənistana yaxınlaşdırmaq cəhdləri Azərbaycanı qıcıqlandırsa da, heç bir ciddi fayda vəd etmirdi. Tehran hazırda Bakı və Ankaranın düşmən ittifaqının dominantlıq etdiyi regionda uduzmuş ölkəyə bağlanmaq riskini daşıyır.

İran üçün əlavə arqument Ermənistanın Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdləri olub. Erməni-Amerikan birgə hərbi təlimləri xüsusilə güclü qıcıqlandırıcı oldu. İran hakimiyyəti dəfələrlə sərhədlərində qeyri-regional qüvvələrin olmasını qırmızı xətt adlandırıb. Üstəlik, bu halda biz Amerika ordusundan danışırdıq.

Daha mühüm amil isə ondan ibarətdir ki, İrəvanın Vaşinqtonla əməkdaşlığı nəhayət, Rusiyanı Ermənistandan uzaqlaşdırdı. Moskva Qarabağ məsələsini güc yolu ilə həll etmək üçün faktiki olaraq Azərbaycana kart-blanş verdi. Tehran isə bu vəziyyətdə uduzan tərəfi inadla dəstəkləyən yeganə tərəf olmaq istəmirdi.

Həm Qarabağ hadisələri, həm də başqa bir müharibə - Rusiyanın Ukrayna ilə müharibəsi İranın xarici iqtisadi strategiyasına ciddi təsir göstərdi. Məsələn, götürək ki, Qərbin sanksiyaları fonunda Moskva alternativ əməkdaşlıq sahələrinə, o cümlədən İrana xüsusi diqqət yetirməyə başladı.

Ukrayna münaqişəsinin kəskin mərhələsi başlayandan sonra üzərində iş intensivləşən ən perspektivli layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Rusiya tranzitinin əhəmiyyətli hissəsini bu marşruta yönəltməyi gözləyir.

İran yeni nəqliyyat dəhlizindən çox şey gözləyir. Lakin layihədə təkcə Rusiya deyil, həm də yeni marşrutun ərazisindən keçəcəyi Azərbaycan da iştirak edir. Aydındır ki, Bakı ilə qarşıdurma şəraitində bu istiqaməti inkişaf etdirmək asan olmayacaq və sərhəddə gözlənilməz yüklərin gecikməsi kimi müntəzəm problemlər yetərincədir. Ona görə də İranın Azərbaycanla əlaqələrini istiləşdirmədən başqa yolu yoxdur. Üstəlik, artıq Rusiya və İran arasında sürətlə artan ticarətin əhəmiyyətli hissəsi (2022-ci ildə +20%) yük maşınları ilə Azərbaycan ərazisindən keçir.

Habelə Şimal-Cənub dəhlizindən qat-qat tez həyata keçirilə bilən başqa bir nəqliyyat layihəsində də Azərbaycan İran üçün vazkeçilməzdir. Söhbət Zəngəzur dəhlizindən gedir. Naxçıvandan keçən avtomobil yolları - dəmir yolu və avtomobil yolları təkcə Türkiyə ilə Azərbaycanı birləşdirməyəcək, həm də Şimal-Cənub dəhlizini bu marşruta birləşdirməyə imkan verəcək. Sovet dövründə İrandan Culfaya (Naxçıvan) dəmir yolu işləyirdi. SSRİ-nin dağılmasından sonra həmin yolun İrana gedən Qafqaz hissəsi Ermənistan və Azərbaycan arasında bölündü və ondan istifadə etmək mümkünsüz oldu. İndi bu marşrutu istifadəyə vermək üçün əsas Azərbaycan ərazisindən Culfaya qədər olan kiçik bir hissəni bərpa etmək və ya yenidən tikmək kifayətdir.

Tehran bundan əvvəl Zəngəzur dəhlizinə qarşı çıxıb, çünki Ermənistanla sərhəddə nəzarəti Azərbaycan tərəfinə vermək istəmirdi. Amma deyəsən, Bakı və Tehran kompromis tapa bildilər - dəmir yolunun qismən İran ərazisindən keçəcəyi ilə razılaşıblar. Beləliklə, Tehranın vəziyyətə nəzarət etmək üçün daha çox imkanları olacaq. İranlılar bu tənzimləmədən məmnundurlar. Layihə reallaşarsa, onların Türkiyə üzərindən Aralıq dənizinə, Azərbaycandan keçməklə Rusiyaya gedən dəmir yoluna çıxışı olacaq.

Bütün bu amillər Qara dənizin Ermənistan ərazisindən tranzitinin əhəmiyyətini açıq şəkildə üstələyir. İdeal olaraq, Tehran nə birindən, nə də digərindən imtina etmək istəməzdi. Ancaq seçim etməlisənsə, qərar göz qabağındadır.

Tehran Bakı ilə mənasız mübahisələr əvəzinə yeni regional nizamla barışmaq və ondan faydalanmaq qərarına gəldi. Gələcəkdə İran tərəfi yeni tranzit marşrutlarına çıxış əldə edəcək və Tehranın ciddi ümidlər bəslədiyi Rusiya ilə ticarətin inkişafına zəmanət verəcək. İranla Azərbaycan arasında normal münasibətlər olmasa, bütün bunlar qeyri-real olardı”, - məqalə bildirilir.

Üç mühüm xəbəri oxuyandan sonra qiymət vermək xeyli dərəcədə asanlaşır:

1. Ukrayna müharibəyə baxmayaraq, tövsiyələri yerinə yetirib və Avropa İttifaqına üzv olmaq üçün cavab gözləyir.

2. Hindistan və Fransa Ermənistana silah daşıyır.

3. Paşinyan Azərbaycan bayrağını başının üstündən asdı…

Ermənistan iddia edir ki, “Rusiyanın vasitəçilik formatını seçərək Azərbaycan Ermənistan, Aİ və ABŞ-ni şantaj etməyə başlayıb. Azərbaycan Qərbin məhdudlaşdırıcı siyasətinə cavab olaraq Aİ-nin Ermənistanla danışıqlar görüşünü boykot edib. Oktyabrın 5-də Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan sərt şəkildə tənqid edilib və sanksiyalar tətbiq edilib”.

Maraqlıdır ki, Azərbaycan görüşü ona görə təxirə saldı ki:

1. Fransa masada Ermənistanı kənara itələyib özü böyük Ermənistan rolunu oynamağa başladı və Azərbaycanın təklif etdiyi Türkiyəni masaya qoymadı.

2. Danışıqlar baş tutan ərəfədə Fransa – Ermənistan hərbi müqaviləsi imzaladı. Paris balaca Ermənistanın növbəti dəfə bədbəxt olmasının təməllərini atdı.

Hətta bu azmış kimi avroparlamentin ermənipərəst deputatlari ermənilərin Qarabağdan kütləvi şəkildə getməsini “etnik təmizləmə” adlandırıblar. Avropa Parlamentinin üzvləri Azərbaycanın beynəlxalq öhdəliklərini pozduğunu nəzərə alaraq, Avropa Komissiyasından Bakı ilə enerji sektorunda strateji tərəfdaşlığa təcili şəkildə yenidən baxılmasını tələb ediblər.

Hətta onlar tələb və təklif ediblər ki, Azərbaycanın Ermənistana hərbi təcavüzü və ya hibrid hücumları olacağı təqdirdə Aİ Azərbaycan qazı və neftinin idxalından asılılığını azaltmalı və bu tədarüklərdən tamamilə imtina etməlidir. Bundan əlavə, bir çox Avropa ölkələrinin parlamentləri ermənilərin Qarabağdan məcburi deportasiyasını pisləyib və Bakını ermənilərin geri qayıtmaq hüququnun həyata keçirilməsini təmin etməyə çağırıb.

Avropa dövlətləri də BMT İnsan Haqları orqanlarında Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanat imzalayıblar.

Bu Avropa fəaliyyətinə Qranadada Şarl Mişel, Olaf Şolts, Emmanuel Makron və Nikol Paşinyanın dördtərəfli bəyannaməsini də əlavə etmək olar. Orada Aİ, Fransa və Almaniya Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini vurğuladılar.

Yəni göründüyü kimi kollektiv Qərb nəinki 30 il ərzində işğal altında olan və qaçqın, köçkün sayı bir milyona çatan Azərbaycan ilə bağlı qərar qəbul edib, əksinə, ilahi ədaləti icra edib ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı birlikdə mövqe nümayiş etdirib, İrəvanı silahlandırılmasına imkan yaratmaq onların məntiqinə görə çox təbii imiş.

“Onlar bəyan ediblər ki, Qarabağdan didərgin salınmış qaçqınlar beynəlxalq monitorinq altında heç bir şərt qoyulmadan öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququndan sərbəst istifadə etməlidirlər”.

Şübhəsiz ki, qaçqınlar kimdir, necə tərk ediblər ərazini…

Hamısı video və fotolarda mövcuddur.

Erməni əhali Azərbaycanın reinteqrasiya planına baxmayaraq, könüllü şəkildə bölgəni tərk etməyə üstünlük verdi.

İkincisi, bu şəxslərin çox böyük faizi Ermənistan pasportu daşıyır və Azərbaycan vətəndaşı deyillər.

Üçüncüsü, yenə çox böyük faizi Yaxın Şərq bölgəsindən köçən ermənilərdir.

Qərb bunların Azərbaycana qayıtmasını leqal olaraq tələb etmək haqqına malik də deyil axı.

“Avropa liderləri həmçinin bir-birinin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün (Ermənistanın 29,800 kvadrat kilometri və Azərbaycanın 86,600 kvadrat kilometri) qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün bütün səylərə sadiq qalırlar. Onlar güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmə prinsipinə ciddi əməl etməyə çağırıblar”.

Bəyəm Azərbaycan Ermənistan ərazisinin bütövlüyünü haradasa tanımadığını qeyd edib?

Prezidenti İlham Əliyev hətta sentyabrın 20-də axşam xalqa müraciətində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib: “Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq” - deyə açıq mətnlə ifadə etdi.

Və hətta bunlara baxmayaraq, Qərb sənədlərlə qeyd edir:

– Qərb Azərbaycanın Ermənistana qarşı hərbi hücumlar və təcavüzkarlıq siyasətini bölüşmür.

– Qərb BMT Təhlükəsizlik Şurasının sessiyaları zamanı da Ermənistanın ərazi bütövlüyünü müdafiə edib və Azərbaycanı təcavüzdən çəkinməyə çağırır.

Qərbin bu mövqeyi Azərbaycan davranışını qəbuledilməz hesab edir.

Əvvəla, ona görə ki, Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil.

İkincisi, Azərbaycan Ermənistan ilə sülh bağlamağa çalışır.

Üçüncüsü, Azərbaycana kommunikasiyaları açmaq lazımdır.

Dördüncü, Qərb Ermənistanı Azərbaycana qarşı çıxmağa hazırlayır və qəbul etdiyi sənədlərlə Azərbaycanın əl – qolunu bağlamağa hazırlıq işləri görür.

Qərb iddia edir:

Azərbaycanın Ermənistana qarşı hərbi hücum planı var və ona görə Qərb platformalarını boykot etmək qərarına gəlib. Əliyev Rusiyanın danışıqlar formatını seçib.

Və ya guya ki, "Azərbaycan Ermənistana qarşı hərbi hücumların Azərbaycan tərəfindən təşviq edildiyi Rusiya formatını seçib. Azərbaycanın hər bir hücumu Rusiyanın maraqlarına uyğundur, çünki Moskva və Kreml Zəngəzur dəhlizi adlandırdıqları Ermənistana təqdim etdikləri ərazi iddiasında ümumi maraqlara malikdir”.

(Hər kəs bilir ki, nə üçün bizim daxili radikal müxalifətin sosial media səhifələrində eyni tezislər yayılır, hansı ki, həmin dırnaqda verdiyimiz fikirlər Ermənistan mediasında ortaya atılır əvvəlcə).

Yəni əsas sual budur: Azərbaycan nə üçün Rusiyada olan platformanı seçir?

1. Azərbaycan hazırda Rusiya ilə münasibətlərində hansısa problem yaşamır.

2. Azərbaycan Türkiyə – Rusiya əməkdaşlığının bəhrəsini görür.

3. Azərbaycan 3+3 mexanizminin daha real və praktik hesab edir.

4. Son proseslər də Azərbaycana Rusiyanın Fransadan daha yaxın olduğunu göstərir.

İşin anlaşılmayan tərəfi də var:

Azərbaycana da ABŞ tərəfindən təzyiqlər edilir ki, Ermənistana qarşı hərbi hücum həyata keçirməsin.

Ümumiyyətlə, "Politico" nəşrinin iddiası anlaşılmaz və qəribə idi: dərhal da Blinken kabineti tərəfindən təkzib edildi. Lakin üzərindən 10 gündən artıq vaxt keçsə belə, həmin feyk xəbər Ermənistan gündəmində saxlamaqdadır.

Qaldı ki, Ermənistanda da düzgün başa düşüblər ki, hər danışıq platformasından sonra Azərbaycan istədiyini alır. Bundan sonra Bakı hansı formata üstünlük verirsə, o formata keçir. Çünki Azərbaycan haqlıdır və hüquqi çərçivədə prosesləri idarə edir.

Digər bir tezis: Ermənistan hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Azərbaycan sentyabr ayında Qarabağda əməliyyat keçirib.

Yəni nə dəxli var:

Azərbaycan öz ərazisində əməliyyat keçirdi və Ermənistan lobbisinin rüşvəti ilə Qərb parlamentində əyləşənlərdən başqa sivil dünya bizi ittiham etmədi ki. Hətta BMT-də iki dəfə dinləmə oldu və səsvermədə Ermənistan ilə yanaşı, Fransa da məğlub oldu.

Ermənistanın məntiqinə görə Azərbaycan separatçıları Qarabağda saxlamalı və anklavlarda qalan kəndləri istəməməlidir.

O zaman haqlı sual yaranır:

Ermənistan Azərbaycanın ərazi bütövlüyü necə tanıyıb?

İkincisi, Ermənistan indi də ittiham edir ki, Qərb Azərbaycanın qarşısını almaq və müharibəyə başlamamaq vədini pozmaq üçün heç bir sərt addım atmadı.

Açığı Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmədən niyə söz verməlidir ki?! Bu iddia da məlum deyil.

Lakin  Rusiya üçün məqbul olan məsələlər var.

Qərb Ermənistanın "demokratiyasına və suverenliyinə" zərbə vurmaq üçün addım atacaq ölkəni Qafqazda yox, Rusiyada axtarsa, daha məntiqli olmazdı?

Çünki Rusiyanın Ermənistana qarşı yeni hərbi hücumlara başlayacağı çox böyük ehtimaldır.

Keçək digər məsələyə:

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, onlar Süniki zəbt edib oradan dəhliz almaq fikrində deyillər.

Hətta prezident köməkçisi bildirib ki, Zəngəzur dəhlizi artıq Azərbaycan üçün maraqlı deyil.

Lakin Azərbaycan vacib mərhələyə keçid də elan edir:

Anklavların qaytarılması…

Qayıdaq yazının əvvəlinə:

1. Ukrayna müharibəyə baxmayaraq, tövsiyələri yerinə yetirib və Avropa İttifaqına üzv olmaq üçün cavab gözləyir.

Ukrayna Prezidenti Zelenskinin son açıqlamları Yaxın Şərq hadisələri kontekstində Qərbin Ukraynaya marağının azalması dinamikasının müşahidə edildiyinə sübutdur.

Əgər Ukraynya yardımlarla bağlı ortaya çıxan tərəddüd Kiyevi Moskva qarşısında əzdirrəcəksə, bu Qərb üçün strateji səhv olacaq kimi görünür. Lakin fakt faktlığında qalır, İsrail Ukraynanı ikinci plana atdı. Bu aqibət kimi görünməsə də, Qərbin “ipinin üstünə odun yığılmaması” mənasında Ermənistana ciddi siqnal olmalı idi ki, İrəvan tam tərsinə – oyunun mərkəzinə doğru yön almaqdadır.

2. Hindistan və Fransa Ermənistana silah daşıyır.

“The Economic Times of India” qəzeti yazıb ki, yüksək rütbəli erməni rəsmi bu yaxınlarda daha çox silah alınmasını müzakirə etmək üçün Hindistana səfər edib. Səfər Hindistanın 2022-ci ildə bağlanmış yüz milyonlarla dollarlıq müqavilələrə uyğun olaraq, bu ilin iyul-avqust aylarında İran vasitəsilə Ermənistana silahların ilk partiyası, o cümlədən özüyeriyən və yedəkli “Pinaka” reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raketlər və sursatlar təhvil verilib və ya veriləcək.

Fransa isə İrəvana “Mistral” qısa mənzilli zenit-raket kompleksləri göndərməyə hazırlaşır.

3. Paşinyan Azərbaycan bayrağını başının üstündən asdı.

Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarları İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda iştirak ediblər.

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın aylarda Alma-Ata bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ümid etdiyini bildirib.

“Hazırda Azərbaycanla sülh müqaviləsi və münasibətlərin normallaşması üzərində işləyirik və ümid edirəm bu proses yaxın aylarda uğurla başa çatacaqdır”, – Nikol Paşinyan bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə “Sülh Qovşağı” adını verdiyi layihəsini də açıqlayıb.

“Bu layihənin əsas mənası avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabel və kommunikasiya xətlərinin təmiri, tikintisi və istismara verilməsi yolu ilə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında əlaqələrin inkişafıdır”, – Nikol Paşinyan deyib.

Nəticə:

“Bərpa olunan enerji sektoruna sərmayə qoymaq Azərbaycana indi elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz böyük miqdarda təbii qaza qənaət etməyə imkan verəcək”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində deyib .

“Bu investisiya bizə hal-hazırda elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz böyük həcmdə təbii qaza qənaət etməyə imkan verəcək. Bu isə ixraca qənaət olunacaq bir neçə milyard kubmetrdir. Çünki son geosiyasi dəyişikliklərlə bağlı Avropanın Azərbaycan qazına hər zamankından daha çox ehtiyacı var”, – deyə dövlət başçısı vurğulayıb.

Azərbaycanın böyük nəqliyyat infrastrukturunu – Xəzər dənizindəki dəniz yataqlarından Avropaya uzanan 3500 km uzunluğunda qaz kəmərini vaxtında istifadəyə verdiyini vurğulayan İlham Əliyev əlavə edib ki, bu, daha da geniş regionun enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Prezident İlham Əliyevin çıxışının kiçik bir hissəsindən çıxardığımnız qənaət bizə imkan verməlidir ki, Azərbaycan bölgə dövləti kimi və oynadığı straeji müttəfiqlik roluna görə imtina ediləsi güc deyil.

Hələ Qərb üçün deyə bilərik ki, enerji sahəsində artan tələbatlar Azərbaycan kimi ölkənin zəruriliyini mütləq təcəlli etdirir.

İkincisi, Ermənistan sülhə doğru gəlmir, ümumiyətlə, bu ölkəni çox güman ki, bir neçə Qərb emissarı idarə edir və Nikol Paşinyan üçün mətnləri də onlar yazır.

Çünki açar sözlər və məqsədlər göstərir ki, Ermənistan qalıcı sülhdən, bölgədəki əməkdaşlıq istəyindən çox kənardadır.

Üçillik gecikmə İrəvan üçün Zəngəzur dəhlizinin itkisinə başa gəldi, Nikol Paşinyan Gürcüstanda təqdim etdiyi “Sülh Qovşağı” isə reallıqdan uzaq, daha çox “Silah Qovşağı” olaraq meydana çıxmaqdadır.

Mənbə: 27sentyabr.az

Azərbaycan Qərbin sifarişlərini icra edən Ermənistanın “kaprizlər”inə görə zaman itirmək niyyətində deyil, ona görə də, alternativ variantlara üstünlük verməyə başlayıb... Rəsmi Bakı Paşinyan hakimiyyətinə “regional qapıları” qapadaraq, Cənubi Qafqazın geopolitik, geoiqtisadi və geostrateji layihələrini Ermənistandan yan keçməklə, reallaşdırmaq qərarı verib...

Cənubi Qafqaz geopolitik, geoiqtisadi və geostrateji layihələr üçün ən cəlbedici məkana çevrilməyə başlayıb. Hazırda dünyanın bir çox siyasi-iqtisadi iradə mərkəzlərinin əsas diqqəti məhz bu regiona yönəlmiş kimi görünür. Yəqin ki, Cənubi Qafqazın regional layihələr üzrə vəd etdiyi parlaq perspektivlər dünyada bir çoxlarını şirnikləndirir. Və ona görə də, əksər beynəlxalq siyasi-iqtisadi iradə mərkəzləri həmin perspektivlərdən özləri üçün ən sərfəli payın qoparılmasına can atırlar.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz hazırda ilk növbədə beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin önəmli qovşağına çevrilmək imkanları ilə diqqəti çəkir. Xüsusilə də, bu regionun Avropa və Asiyanı birləşdirmək perspektivi hər il nəhəng maliyyə dövriyyəsi ilə bağlı proqnozları gücləndirir. Bəzi iddialara görə, bu proqnozlar yüzmilyonlarla dollar üzərindən aparılan maliyyə hesablamalarını özündə əks etdirir. Hətta illik iqtisadi-ticari tranşlardan ortaya çıxacaq maliyyə dövriyyəsinin 500 milyard və bir trilyon dollar arasında dəyişə biləcəyi istisna olunmur.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)
Göründüyü kimi, Cənubi Qafqaz hazırda dünya iqtisadiyyatının ən böyük “tikələr”indən birinə çevrilmək imkanlarını özündə birləşdirir. Bu baxımdan yaxın gələcəkdə bu regionun böyük sürətlə dəyişərək, inkişaf mərhələsinə qədəm qoya biləcəyi qətiyyən şübhə doğurmur. Cənubi Qafqazın inkişaf perspektivləri qarşısında olan əsas əngəlin “Qarabağ problemi”nin birdəfəlik aradan qaldırılması geoiqtisadi layihələrin də önünü artıq açıb. Hazırda Cənubi Qafqaz uğrunda mövcud olan amansız mübarizənin bu regionu “nifaq alması”na çevirməsinin səbəbləri də indi daha çox başadüşüləndir.

Təbii ki, yalnız Azərbaycan deyil, ümumiyyətlə, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün “açar geoiqtisadi layihə” olaraq, Zəngəzur dəhlizi ön plana çıxıb. Yəni, bu regionun Avropa və Asiya arasında birbaşa nəqliyyat-kommunikasiya marşrutuna çevrilməsi üçün Zəngəzur dəhlıizinin hansısa variantda mütləq reallaşdırılması əsas şərtdir. Və belə anlaşılır ki, bu dəhliz üçün alternativ variantlar artıq qaçılmaz xarakter daşıyır.

Məsələ ondadır ki, rəsmi İrəvan hamıdan çox marağında olduğu Zəngəzur dəhlizini yalnız Ermənistanın nəzarəti altında açılmasına razılıq verir. Rəsmi Bakı isə Fransa və Avropa Birliyinin tam nəzarətində olan Ermənistana belə bir şans tanımaq niyyətindən uzaqdır. Üstəlik, Kreml də Zəngəzur dəhlizinin Ermənistanın deyil, məhz Rusiyanın nəzarətində olmasını hədəflədiyindən Azərbaycanın mövqeyinə daha yaxındır. Və bu, Ermənistanın çətin vəziyyətə salınmasına yol aça biləcək önəmli bir məqamdır.

kollaj 123.jpg (723 KB)

Belə anlaşılır ki, Azərbaycan, Türkiyə və Rusiya, eləcə də, dolayısı ilə İran Ermənistan ucbatından ABŞ, Fransa və Avropa Birliyinin Cənubi Qafqaza yerləşmək cəhdlərinə qarşı çıxmaq məcburiyyətində qalıblar. Adı çəkilən dövlətlər geopolitik, geoiqtisadi və geostrateji xarakter daşıyan layihələrin, o cümlədən də Zəngəzur dəhlizinin bu regiona heç bir aidiyyatı olmayan beynəlxalq güclərin nəzarəti altına keçməsinə müqavimət göstərməkdə qərarlı davranırlar. Və bu, Ermənistan üçün olduqca böyük təhlükə vəd edir.

Maraqlıdır ki, Azərbaycan Qərbin sifarişlərini icra edən Ermənistanın “kaprizlər”inə görə zaman itirmək niyyətində deyil. Ona görə də, rəsmi Bakı alternativ variantlara üstünlük verməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında Zəngəzur dəhlizinin funksiyalarını yerinə yetirəcək marşrutun işə salınması barədə prinsipial anlaşma əldə olunub. Yəni, rəsmi Bakı yeni marşrutu Ermənistandan yan keçməklə reallaşdırmaq planlarını icra etməyə başlayıb.

Belə anlaşılır ki, Qərbin icazəsi olmadan sərbəst qərarlar verə bilməyən Ermənistanın mövqeyi ucbatından Zəngəzur dəhlizinə marağını itirmək üzrədir. Bu, indiki situasiyada yalnız Ermənistana sarsıdıcı zərbə vura bilər. Çünki böyük perspektlər vəd edən belə nəhəng layihədən kənarda qalacağı təqdirdə, Ermənistan önəmli maliyyə qaynağından məhrum edilmiş duruma düşəcək. Və nəticədə Ermənistan vaxtilə Bakı-Ceyhan əsas boru xətti də daxil olmaqla, iştirakdan kənarda qaldığı geoiqtisadi layihələrlə bağlı itkiləri təkrarlamış olacaq.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)Bütün bunlar o deməkdir ki, Qərbin təsiri altında qalan Ermənistan blokadadan çıxmaq şanslarını istifadə etmək əvəzinə, özünün daha da təcrid edilmiş duruma salmaqdadır. Azərbaycan isə bundan demək olar ki, heç nə itirməyəcək. Belə ki, əgər, Zəngəzur dəhlizi Ermənistan ərazisi ilə reallaşsaydı, bu marşrutun uzunluğu 42 kilometr olacaqdı. İndi İran ərazisindən çəkiləcək nəqliyyat-kommunikasiya xəttinin uzunluğu 50 kilometrə yaxınlaşacaq. Yəni, rəsmi Bakı üçün ortaya çıxacaq fərq təxminən 8 kilometrlə məhdudlaşır. Və bu, artıq Azərbaycanın deyil, məhz Ermənistanın tarixi iqtisadi probleminə çevrilə bilər.

Təbii ki, rəsmi İrəvan Azərbaycanın alternativ variantı işə salmasından ciddi şəkildə narahatdır. Ona görə də, baş nazir Nikol Paşinyan vəziyyəti düzəltmək üçün “dünyanın regional qovşağı” adlandırdığı qeyri-real layihə ilə çıxış edib. Onun iddiasına görə, əgər, Ermənistan ərazisindən Şimal-Cənub və Şərq-Qərb marşrutları keçərsə, bu, dünya iqtisadiyyatı üçün ən sərfəli variant ola bilər. Halbuki, indiki situasiyada erməni baş nazirin bu uydurma layihəsinə maraq göstəriləcəyi qətiyyən inandırıcı deyil.

Çünki qərar verənlərin sırasında Ermənistan yer almır. İndiki halda, rəsmi İrəvan öz davranışları ilə Ermənistanı ən perspektivli geoiqtisadi layihədən kənarda qoymaq üzrədir. Əgər, belə davam edərsə, böyük ehtimalla yaxın vaxtlarda Ermənistan “dünyanın regional qovşağı”nı bir kənara buraxıb, Zəngəzur dəhlizinin rəsmi Bakının şərtləri çərçivəsində reallaşdırılması üçün Azərbaycana yalvarmaq məcburiyyətində də qala bilər.(musavat.com)

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

"Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.

Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Cənubi Qafqazda yeni müharibə zəngləri - “İran müdaxilə etsə...”

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Fransa Ermənistanı silahlandırır, Niderland Avropa Birliyini İrəvana hərbi dəstək verməyə çağırır, bəzi qitə ölkələri əleyhimizə qətnamələr qəbul edirlər, liderlərin Brüssel görüşü ləğv olunur və sair. Sizcə, Avropadakı Azərbaycana qarşı bu fəallıq nədən xəbər verir, nəyə hazırlaşırlar?

- Avropanın nəyə hazırlaşdığını deyə bilmərəm, amma Fransa Afrikada bütün mövqelərini itirdiyinə görə Cənubi Qafqaza girməyə çalışır. Bu, Amerikanın tapşırığı ilə olan bir şeydir. Çünki çalışırlar ki, Qafqazdakı mövqelərini itirməsinlər. Bilirlər ki, burada onların oyunlarına gedə biləcək yeganə dövlət Ermənistandır.

Burada həm Ermənistanla, həm də pərdə arxasında İranla oyun oynayırlar. Görünən budur ki, Fransa Afrikada itirdiyi mövqelərini Qafqazla kompensasiya etməyə çalışır.

Ermənistana silahların satılması boş şeydir. Çünki Ermənistanın elə bir siyasi, iqtisadi və hərbi gücü yoxdur ki, Azərbaycan ərazisinə girsin.

- Bəs Fransanın Ermənistanda Rusiyanı əvəzləməsi üçün münbit zəmin varmı?

- Buna inanmıram. Dediyim kimi, bu, Amerikanın tapşırığıdır. Ermənistan Rusiyanı dəyişsə, bitəcək. Ermənistandakı bəzi qüvvələr bunu başa düşürlər. Bizə ehtiyac yoxdur, Rusiya bunu onlara bağışlamayacaq.

İran bir az tərəddüd içindədir, Fransaya həm “hə”, həm də “yox” deyir. Çünki onların bir-birlərinə bağlılığı çoxdur. Rusiyaya gəlincə, Fransanın onu bölgədən çıxarmağa gücünün çatacağına inanmıram. Rusiyanın həm İkinci Qarabağ Müharibəsi, həm də birgünlük antiterror tədbirləri zamanı Rusiyanın bitərəf mövqe tutmasının səbəbi o idi ki, Azərbaycan öz gücünü göstərsin. Azərbaycan da öz gücünü sübut etdi.

Fransa vurnuxur, Makron gah bura əl atır, gah Fələstində Mahmud Abbasla görüşür, gah da İsrailə gedir, görünən budur ki, itirdikləri rollarını geri qaytarmağa çalışırlar. Makron özünü Şarl De Qollun yerində görür, amma ondan De Qoll olmaz. Çünki Şarl De Qollun fikri bu idi ki, Fransa haradadırsa, orada güclü olmalıdır. Makronun can atdığı yerlərdə isə Fransa yoxdur.

- Liderlərin Brüssel görüşü niyə ləğv edildi, bunun arxasında da Fransa var?

- Belə olduğunu düşünmürəm. Fransa çalışdı ki, Azərbaycanı öz təsir dairəsinə sala bilsin, amma bu cəhdi alınmadı. Çünki Fransanın belə bir işi görəcək qədər ağlı yoxdur.

- Hesab etmək olarmı ki, sülh gündəmdən çıxır, belə bir durumda yeni müharibə riski nə qədərdir?

- İsrail Qəzzada quru əməliyyatlarına başlasa, İran mütləq buna qarışacaq. Amerika da hərəkətə keçmək üçün hazır vəziyyətdədir. Baydenin də durumu yaxşı deyil, nüfuzdan düşüb. Üstəgəl, qarşıdan seçkilər gəlir. Elə bir vəziyyət yaranıb ki, Amerika İranı vurmağa çalışır. Yəni bölgədə müharibənin olması ehtimalı çox yüksəkdir.

- Cənubi Qafqazda özünə yer etmək istəyən Qərbə və ya Fransaya Türkiyənin cavabı necə ola bilər?

- Günlərdir Azərbaycanda Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən irimiqyaslı təlimlər bir mesaj idi. Bu mesaj da həm Qərbə, elə Fransanın özünə ünvanlandı.

Makron hakimiyyətə gələndə Fransada həm islamofobiya, həm də türkofobiya çox güclənib. Türkiyə də Fransaya öz mesajını Azərbaycandan verdi.

MİNALANMIŞ AVROPA MASASI... - Rəsmi Bakı haqlı olaraq...Oktyabrın ayının sonu üçün nəzərdə tutulan Brüssel görüşü niyə baş tutmadı? Məsələ burasındadır ki, Brüsseldə oktyabrın 26-27-də Avropa İttifaqı liderlərinin sammiti də nəzərdə tutulub. Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, liderlər xarici siyasətlə bağlı digər məsələləri, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmamasını bu sammitlə əlaqələndirmək olar. Şarl Mişel ilin əvvəlindən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşlər təşkil edib və bu görüşlər hansısa sammitlə əlaqələndirilməyib. Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasındakı son görüşləri isə Avropa İttifaqının müxtəlif sammitlər çərçivəsində həyata keçirməyə çalışır. Fransanın liderliyə can atdığı həmin sammitlərdə isə Azərbaycan hədəf götürülməyə çalışılır, bu da rəsmi Bakının haqlı narazılığına səbəb olur.

Orxan Tuncər 

"Azərbaycanın dörd qonşu ölkəsindən üçü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda bildirib.

"Azərbaycan 2020-ci 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayyət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.

Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Brüsseldə keçiriləcək üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh razılaşması təsdiqlənəcək.

Belə bir iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”-a müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, Brüsseldə üçtərəfli görüş gözlənilir: “Təbii ki, biz yaxın vaxtlarda gözləyirik... İlkin razılıq var. Brüsseldə üçtərəfli görüşümüz olacaq. Ümid edirəm ki, həmin görüşdə bu razılaşmalar təsdiqlənəcək və bu, sülh müqaviləsi üçün zəruri olan razılaşmaların təxminən 70 faizinin əldə olunması demək olacaq. Yalnız bu prinsipləri sülh müqaviləsinin mətninə daxil etmək qalır”, - Paşinyan bildirib.

Ermənistan iqtisadiyyatının ixrac potensialında Rusiyanın payı 55 faizdən çoxdur, bu, Kremllə düşmənçilik şəraitində olduqca təhlükəli və qorxunc faktordur... Rusiya idxalı dayandırsa, Ermənistan iqtisadiyyatı tamamilə çökər, Kremlin “erməni dövləti xəritədən silinə bilər” təhdidinin arxasında da elə məhz bu faktor gizlənir...
Cənubi Qafqaz olduqca qarışıq proseslərdən və təhlükəli mərhələdən keçir. Böyük ehtimalla hazırda məhz bu regionun gələcək taleyi həll edilməkdədir. Region dövlətlərinin maraqlarına zidd ssenarilərin reallaşması Cənubi Qafqazı növbəti onilliklərdə yenidən “münaqişə ocağı”na çevirə bilər. Bu baxımdan, bu region uğrunda bəzi ölkələrin açıq mübarizəyə başlaması hazırda ciddi narahatlıqlar doğurur.

Təbii ki, Cənubi Qafqazı yenidən gərginlik və qarşıdurma poliqonuna çevirmək cəhdlərində ABŞ və Fransa ön planda yer alır. İndi Ağ Ev və rəsmi Paris bu regionda əsas hədəflərə münasibətdə demək olar ki, ortaq hərəkət edirlər. İlk əsas hədəfsə, heç şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılmasından ibarətdir. Digər əsas hədəfə gəldikdəsə, Türkiyənin bu regionda birdəfəlik yerləşmə ehtimalının aradan qaldırılması cəhdləri də açıq-aşkar nəzərə çarpır. Və ABŞ-Fransa cütlüyü hazırda hər iki hədəfin reallaşması üçün ortaq planlar üzrə hərəkət edir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Fransa Cənubi Qafqaza məhz Ermənistan üzərindən nüfuz etməyə can atırlar. Çünki Azərbaycanın şəriksiz hegemon dövlət olduğu bu regionda Ermənistan ən zəif bənd hesab olunur. Rəsmi İrəvandan “geopolitik alət” kimi istifadə edilməsi ABŞ və Fransa üçün yeganə mümkün variant təsiri bağışlayır. Və ona görə də məhz bu variantdan yararlanmağa can atırlar.

Ancaq Ermənistanın dağılmaqda olan dövlət görüntüsü ABŞ və Fransa üçün müəyyən problemlər də yaradır. Çünki II Qarabağ savaşında ordusu döyüş qabiliyyətini böyük ölçüdə itirmiş Ermənistan bu iki dövlətin maraqlarını tam şəkildə ifadə edə bilməz. Bu səbəbdən də, hazırda Ermənistanın yenidən hərbi cəhətdən gücləndirilməsinə yönəlik planlar qurulmuş kimi görünür. Və bu planların icrası isə Ermənistanın “böyük bacısı” Fransanın öhdəsinə buraxılıb.

Son vaxtlara qədər rəsmi Paris Ermənistanı Hindistan üzərindən silahlandırmağa üstünlük verirdi. Belə ki, Hindistanın Fransa ilə ortaq silah şirkətləri Ermənistana hərbi texnika satmağa başlamışdı. Halbuki, bu silahların o qədər də effektiv olmadığını və Ermənistanın hərbi müdafiə imkanlarını bərpasına tam vermədiyini rəsmi İrəvan da dolayısı ilə etiraf etmişdi.

Hətta rəsmi İrəvan Hindistandan alınmış raket sistemlərinin II Qarabağ savaşı dövründə qüsurlu çıxdığını da qətiyyən unutmayıb. Çünki Paşinyan hakimiyyəti Hindistandan həmin hərbi texnikanı geri aparıb, onun üçün ödənilmiş maliyyə vəsaitini qaytarmağı da rəsmən tələb etmişdi. Ancaq qarşı tərəf bu tələbin yerinə yetirilməsinin mümkün olmadığını bildirmişdi.

İndisə, Fransa Ermənistana birbaşa silah satmaq qərarı verib. Ancaq rəsmi Paris Ermənistanın müdafiə naziri Suren Papikyan ilə bu barədə müqavilə də imzalayıb. Həmin müqaviləyə görə, Ermənistana bir neçə RLS və HHM sistemi veriləcək. Rəsmi Paris Ermənistana yalnız müdafiə silahları satılacağınısa, xüsusi olaraq, vurğulamaqdadır. Və böyük ehtimalla bununla rəsmi Bakını sərt reaksiyadan yayındırmağa çalışır.

Hər halda, rəsmi Paris Azərbaycanın həm Cənubi Qafqazda, həm də beynəlxalq məkanda əhəmiyyətini mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, rəsmi Bakı Fransanın Cənubi Qafqazdakı iqtisadi-ticari maraqlarını ciddi risk altına atmaq imkanlarını hərəkətə gətirə bilər. Xüsusilə də fransız şirkətləri rəsmi Bakı ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Və Ermənistan ucbatından münbit gəlir mənbəyini itirmək riskindən də məmnun deyillər.

Ona görə də, rəsmi Paris nə qədər qatı ermənipərəst mövqe tutsa da, Azərbaycana qarşı daha ehtiyatlı davranmağın vacibliyini də tədricən anlamağa başlayıb. Eyni zamanda, Ermənistana silah satışının Fransaya maddi mənfəət gətirəcəyi də Fransa cəmiyyətində böyük şübhə ilə qarşılanır. Hətta Fransa mətbuatında Makron hakimiyyətinə “Ermənistan aldığı silahların pulunu necə ödəyəcək” məzmunlu suallar da yönəldilməyə başlayıb. Və bu, hazırda rəsmi Paris üçün ciddi problemlərin yarana biləcəyini sezdirir.

Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı silah alışına bir neçə yüz milyon dollarlıq ödənişi təmin etmək imkanından olduqca uzaqdır. Yəni, rəsmi İrəvan vaxtilə Rusiyadan aldığı silahların dəyərini ödəyə bilmədiyi kimi, indi də Fransa qarşısında müəmmalı borc yükü ilə üzləşə bilər. Halbuki, Ermənistanın xarici borcları onsuz da 10 milyard dollar həddini artıq çoxdan aşıb.

Üstəlik, rəsmi Parisin Ermənistana satdığı silahların ödənişinə Rusiya da çox asanlıqla, əngəl törədə bilər. Çünki Kremlin rəsmi İrəvanın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq, hətta bloklamaq mexanizmləri mövcuddur. Əgər, Rusiya bu mexanizmləri işə salarsa, Ermənistan büdcəsi yalnız “yırtıqlar”dan ibarət olar. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Qərbin, xüsusilə də, Fransanın sifarişinə uyaraq, Rusiya ilə qarşıdurmaya girməklə, necə təhlükəli avantüraya yol verdiyini anlamaq çətin deyil.

Maraqlıdır ki, bir neçə gün öncə Ermənistanın iqtisadiyyat naziri ölkənin ixrac potensialının 40 faizinin Rusiyanın payına düşdüyünü vurğulamışdı. Ancaq erməni iqtisadçılardan biri isə bu rəqəmin əsl reallığı əks etdirmədiyini iddia edərək, Ermənistanın ixrac potensialında Rusiyanın payının 55 faizdən artıq olduğunu bildirmişdi. Bunun nə qədər təhlükəli və qorxunc situasiya olduğunu anlamaq isə qətiyyən çətin deyil.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ermənistandan ticari idxalı dayandıracağı təqdirdə, rəsmi İrəvanın dərin maliyyə-iqtisadi böhranla üzləşəcəyi qətiyyən şübhə doğurmur. Belə ki, Ermənistandan ticari idxal Rusiya üçün elə bir ciddi əhəmiyyət daşımır. Ancaq Ermənistan iqtisadiyyatı Rusiya bazarını itirərsə, tamamilə çökər. Ardıncasa, Ermənistan adlı dövlətin mövcudluğu böyük risk altında qalar, Kremlə yaxın siyasi dairələr “Ermənistan xəritədən silinə bilər” deyə rəsmi İrəvanı təhdid edərkən, nəzərdə tutduqları dağıdıcı faktorlardan biri də məhz budur.(Yeni Müsavat)

Xəbər lenti