“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının gələcək taleyi Azərbaycanla müzakirə olunacaq.

“Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılması insanlıq əleyhinə cinayət, etnik təmizləmə idi”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

O xatırladıb ki, ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə - 1905-06, 1918-20, 1948-53 və 1987-91-ci illərdə qırğın və deportasiyalara məruz qalıblar:

“Əsrin əvvəllərində baş verən ilk iki deportasiya xüsusi amansızlıqla törədilən qətllər və sürgünlərlə yadda qalıb və yüzminlərlə azərbaycanlı canlarını bu qırğınlardan qurtarmaq üçün kor-koranə şəkildə yurd-yuvalarını tərk etməyə məcbur edilib. İrəvan şəhəri və ətrafını əhatə edən kəndlərə qəfil edilən basqınlar insanları buna vadar edib. 1947-ci ildə sovet lideri İosif Stalinin fərmanı ilə 100 min azərbaycanlının Ermənistan ərazisindəki öz ata-baba yurdlarından deportasiyasına dair qərar verilir, lakin 1948-53-cü illəri əhatə edən deportasiyalarda 144 600 soydaşımız vaqonlarla dağlıq ərazidən düzənliyə gətirilir. Onlar üçün guya kağız üzərində burada yaşaya bilmək üçün şərait yaradılması nəzərdə tutulub, lakin bu reallaşdırılmayıb”.

Ü.Zülfiqar deyib ki, bu fakt və dağlıq ərazilərdə yaşamağa alışdıqdan sonra düzənliyə gətirilmələri bir çox soydaşımızın həyatına son qoyub:

“1987-91-ci illər deportasiyası zamanı isə məlum olduğu kimi, 300 mindən çox soydaşımız öz ata-baba yurdlarından zorla qovulub, 216 azərbaycanlı qətlə yetirilib. Qərbi azərbaycanlılar öz kəndlərini cəmi bir-iki gün içərisində, əşyalarını belə çox hallarda götürməyə icazə verilmədən tərk etməyə vadar ediliblər, bundan əvvəl məktəblərə və bağçalara hücum edilərək hətta oradakı körpələr erməni millətçilər tərəfindən qətlə yetiriliblər. Bir neçə halda soydaşlarımızı Azərbaycana gətirən avtobusların qarşısı kəsilərək onlara işgəncə verilib”.

İcma sözçüsü bildirib ki, sözügedən faktlara dair əllərində foto və videomateriallar da var və zaman-zaman bu faktları yayımlayırlar:

“Yəni soydaşlarımız öz ata-baba yurdlarını, tarixi Azərbaycan torpaqlarını tərk etməyə vadar edilərkən bizə münasibətdə qətiyyən humanist davranılmayıb, mülkiyyətimiz talan edilib, insanlarımız qətlə yetirilib, döyülüb və təhqir ediliblər. Bu, insanlıq əleyhinə cinayət və etnik təmizləmə idi”.

Ü.Zülfiqar vurğulayıb ki, bu gün qərbi azərbaycanlılar zorla çıxarıldıqları el-obalarına sülh yolu ilə geri qayıdaraq orada dinc yanaşı yaşamaq, erməni cəmiyyətinə reinteqrasiya etmək, öz əzizlərinin məzarlarını ziyarət etmək istəyirlər:

“Bu bizim fundamental insan haqlarımızdır. Bununla bağlı Ermənistan tərəfinə etdiyimiz və cavabsız qalan müraciətin tezliklə cavablandırılmasına çağırırıq”.

Əliyev MDB Şurasının 53-cü iclasının iştirakçılarını qəbul etdi

Prezident İlham Əliyev MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-da MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Prezident İƏT Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətin mətnini xarici işlər naziri Ceyhun Bayramov oxuyub.

Hakan Fidan Şuşada səfərdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etməkdir.
H.Fidan hazırda Şuşadadır.

Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.

"Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır".

Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir: "Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq".

R.Usubov bir mühüm məqama da toxunub: "Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır"

Makronun yeni antiAzərbaycan planı... - NƏ ETMƏLİ?

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.

Bununla Azərbaycan lideri Aİ rəhbərliyinə Fransanın Cənubi Qafqazda nəyə xidmət etdiyini çatdırdı və bu, həm də bölgədəki hadisələrin sabitliyin pozulması istiqamətində inkişaf edəcəyi təqdirdə əsas səbəbkarın da Fransa olduğu haqda öncədən xəbərdarlığın edilməsidir.

Fransanın Ermənistanın maraqlarını açıq şəkildə müdafiə etdiyi sirr deyil. Bu, Azərbaycan torpaqları işğalda olduğu müddətdə də belə idi, 44 günlük müharibədə də, ondan sonra da. Vətən müharibəsində Makronun özünü “Baqramyan 33”-ün mətbuat xidmətinin rəhbəri kimi aparmasını təkcə biz yox, bütün dünya gördü. Müharibədən sonra aparılan sülh danışıqlarında Fransa prezidenti nəinki ermənipərəst kimi çıxış edir, hətta bir çox hallarda Paşinyanın demədiklərini də səsləndirir, onun etmədiklərini edirdi. Qarabağda artıq məhv edilmiş erməni separatizminin əsas dəstəkçilərindən biri də məhz Fransa idi. Bunun nəticəsi olaraq, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdi. Lakin Qarabağda istədiyinə nail ola bilməyən Makron Cənubi Qafqazı eskalasiya ocağına çevirməkdə israrlı görünür. Və hələ ötən ilin sentyabrından başlayaraq, hərbi müstəvidə Ermənistanla əməkdaşlığın genişləndirilməsinin yekun hədəfi də məlumdur:

- Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının qarşısını almaq;

- Ermənistan üzərindən bölgədə yeni hərbi toqquşmalar yaratmaq;

Bu hədəfə çatmaq üçün bütün imkanlarından istifadə edən Fransanın birdən çox siyasi məqsədi var.

Birincisi, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq;

İkincisi, Rusiyanın Ermənistanın təhlükəsizliyində boşalan yerini tutmaq;

Üçüncüsü, Avrasiyanın nəqliyyat şəbəkələrində əsas hablardan birinə çevrilən Cənubi Qafqazı hərbi eskalasiyaya sürükləməklə bu layihələri pozmaq;

Fransa Ermənistanı bölgədə özünün plasdarmı kimi görür. Burada Fransadakı erməni diasporunun qisasçılıq siyasəti də təsirsiz deyil və aydındır ki, terrorizmi dəstəkləyən Papazyan kimi daşnaklara hesabat verəcək qədər zəif olan Makronun ermənilər qarşısında öhdəlikləri də var. Bunu onun özü də gizlətmir. Digər tərəfdən, Ermənistan Fransaya Afrikadakı məğlubiyyətin kompensiyası üçün lazımdır. Makron hakimiyyəti fransızlara ölkənin təsir imkanlarını uzaq coğrafiyalara qədər yaydığını isbatlmaq istəyir.

Və “paket” olaraq əldə etmək istədiyi bu məqsədlər üçün Afrikadakı zəngin təcrübəsindən istifadə edərək, Cənubi Qafqazı “qan çanağına” çevirməyə hazırlaşır.

Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna bunu açıq şəkildə bəyan etdi. O bildirib ki, “Fransa Ermənistanın özünü müdafiə edə bilməsi üçün hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr imzalayacaq”.

Sual yaranır, kimə qarşı? Azərbaycana, Türkiyəyə, yoxsa Rusiyaya qarşı?

Torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ermənistan ərazisinə iddiasının olmadığını ən yüksək səviyyədə bəyan edib və bundan sonra əsas prioriteti bölgədə sülhə nail olmaqdır. Bu məqsədlə Ermənistanla sülh müqaviləsini imzalamaq niyyətindədir. Lakin rəsmi İrəvan müxtəlif iddialar və bəhanələrlə sülh sazişindən yayınır və aydındır ki, onu buna sövq edən əsas qüvvə məhz Fransadır. Cənubi Qafqazda Ermənistan üzərindən “yuva qurmaq” istəyən Makron hakimiyyətinin tətbiq edəcəyi ssenari də aydın görünür:

- Ermənistan sərhəddə Azərbaycana hücum edəcək və yeni eskalasiya yaranacaq;

- Beynəlxalq müstəvidə “Azərbaycan Ermənistana hücum edir” kampaniyası başlanacaq və rəsmi Bakıya təzyiq cəhdləri ediləcək;

- İrəvan KTMT-nin “Azərbaycana qarşı çıxmadığını” əsas gətirərək, təşkilatdan ayrılmağı gündəmə gətirəcək;

- Rusiyanın erməniləri müdafiə etmədiyini əsas götürərək, Ermənistanın təhlükəsizliyini Fransaya həvalə edəcək, hətta Gümrüdəki 102-ci bazanın ölkədən çıxarılması tələbini irəli sürəcəkləri də gözləniləndir;

- Türkiyəyə qarşı ərazi iddialarının yenidən aktuallaşması da istisna deyil: Fransa xarici işlər nazirinin Ermənistana səfəri zamanı Ağrı dağının fotosunu “biz qayıtdıq” qeydi ilə paylaşması da bu kontekstdə təsadüfi deyil;

Fransanın “müdafiə olunmaq” adı altında Ermənistanı silahlandırması, İrəvana hərbi attaşşe təyin etmək və Zəngzurda, məhz Azərbaycanla sərhəddə konsulluq açmaq istəyi də tətbiq ediləcəyi gözlənilən bu ssenarinin tərkib hissəsidir.

Fransa artıq Ermənistanda hərbi missiya açıb. Bu ölkənin müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, “missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”. Eyni zamanda, o bəyan edib ki, “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert (Makron – red) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron – red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.

Göründüyü kimi, Fransa Ermənistanı “müdafiə olunmaq” məqsədilə silahlandırır və Azərbaycana qarşı hücuma hazırlaşdırır. Bunun nəticəsi Ermənistan üçün ağır olacaq, çünki Azərbaycan istənilən təxribata “dəmir yumruq”la cavab verəcək. 44 günlük müharibə və ondan sonra baş verənlər Ermənistanın Azərbaycanla bacarmasının mümkünsüz olduğunu təsdiq edir. Bunu Parisdə də anlayırlar, lakin Makronun məqsədi Ermənistanı qorumaq, yaxud gücləndirməkdən daha çox, ondan Cənubi Qafqazı qan çanağına çevirmək üçün istifadə etməkdir. Afrikada da maraqlarını təmin etmək üçün məhz bu ssenridən - bir ölkəni digər ölkəyə qarşı hücuma təhrik etmək - yararlanıb. İndi Cənubi Qafqazda Afrika ssenarisini tətbiq etməyə hazırlaşır.
Publika.az

İran ordusundakı mənbənin yeni “fantaziyası”: “Yəhudiləri Qarabağa köçürürlər” - BUNLARIN MAYASI XƏSTƏDİR...Uzun illərdir Azərbaycan erməni yalanları, ağlagəlməz “planlar”ından qulağı döyənək olmuşdu. Müharibədən sonra bu “fantaziya” dolu ermənilərdən qismən yaxamısı xilas edə bildik. Indi isə İran ermənilərin yolunu tutmağa başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, son bir neçə gündə İran ordusundakı mənbə mütəmadi olaraq, erməni nəşrlərinə xəyallar, “gizli planlar”dan bəhs edirlər. Ötən günlərdə həmin mənbə NATO-nun Ermənistana gələcəyindən, Zəngəzur Dəhlizinin “NATO yolu” olmasından bəhs edirdi. Bu gün həmin mənbə “Azərbaycan ərazisində yeni İsrail yaradılır” başlıqlı xəbər paylaşıb.

“İravunk” qəzeti həmin mənbəyə istinadən yazıb ki, guya, İsrailin “Ağıllı kənd” layihəsi Azərbaycan xalqı üçün nəzərdə tutulmayıb. “Fələstindən qovulmuş yəhudilər Qarabağa və işğaldan azad edilmiş ona bitişik ərazilərə yerləşdirilməlidir. Xüsusən də Xankəndini ümumilikdə yəhudi qaçqınlarına verməyi planlaşdırırlar. Xankəndinin təcili boşaldılmasında da məqsəd bu idi. Sionist Corc Sorosun xidmətçisi Paşinyan da bu planı qəbul edib və razılaşıb. Ona görə də erməniləri tələsik Xankəndindən çıxartdı”.

P.S. Doğrusu, İran ordusundakı mənbənin fantaziyasına heyran qalmamaq olmur. Birincisi, Qarabağda inşa edilmiş “ağıllı kənd”lərin sayı elə də çox deyil. Onların birincə isə Zəngilan camaatının bir hissəsi yerləşdirilib və hazırda orada yaşayırlar. Tarixdə hələ heç bir mənbə zəngilanlıların yəhudi əsilli olduğunu təsiqləməyib. Görünür, İranın əlində belə bir “sənəd” var.

İkincisi, ermənilərin Qarabağdan çıxarılması Paşinyan və ya digər yanın işi ola bilər. Amma Qarabağın məhz yəhudiləri köçürmək üçün boşaldılması nağıldır, heç bir əsası da yoxdur. Əvvəla, Qarabağ Azərbaycan Ordusunun rəşadəti ilə azad edilib. Eyni zamanda, həmin şəhərlərin sakinləri var və onların da mərhələli şəkildə köçü həyata keçiriləcək.

Qaldı, yəhudilərin Qarabağa köçürülməsinə, burda da qəbahətli bir şey yoxdur. Əgər İsraildən qaçqın düşmüş insanlar Azərbaycana müraciət edərlərsə, Bakı məmnuniyyətlə onları qarşılamağa hazırdır.

Və son. Azərbaycan hazırda 200 minə yaxın yəhudi yaşayır. Qarabağ köçürmək lazımdırsa, elə onları köçürə bilərik. Lakin buna gərək yoxdur.

İran ordusundakı mənbənin yeni “fantaziyası”: “Yəhudiləri Qarabağa köçürürlər” - BUNLARIN MAYASI XƏSTƏDİR...

“Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm amil olacaqdır. Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək bu dəhliz bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O həmçinin vurğulayıb ki, Moskva İrəvanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir.

Qurum rəsmisi Vardanyan, Qukasyan, Saakyan və digərlərinin məsələsinə gəlincə, qeyd edib ki, bu, İrəvanla Bakı arasında həll olunmalıdır.

“Azərbaycan Prezidenti ilə görüş Gürcüstan və Azərbaycan arasında əlaqələri gücləndirməyə və iqtisadi artımı təşviq etməyə yönəlib”.

Bunu Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili rəsmi “X” hesabında qeyd edib.

“Biz ticarət, enerji, davamlı inkişaf və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə layihələri nəzərdən keçiririk. Gürcüstan regionda davamlı sülh və sabitliyə dəstək verir”, - deyə baş nazir qeyd edib.

Xəbər lenti