Kremldə Rusiya sülhməramlı qüvvələrini tezliklə Azərbaycan ərazilərindən çıxartmaq məcburiyyətinin yaranacağını tam dəqiqliyi ilə anlayırlar... Ancaq Kreml bu məcburi addımı atarkən, bütün məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə yıxmaq niyyətindədir...
Rusiyanın Ermənistandan intiqam alacağı şübhə doğurmurdu. Kreml istənilən halda, rəsmi İrəvanın Rusiyaya xəyanətinin əvəzini çıxacaqdı. Ona görə də, Rusiyanın son hadisələr zamanı vərdişli olmadığı neytrallığa üstünlük verməsi əslində, təəccüblü deyil. Və bu, Paşinyan hakimiyyətinin israrlı Rusiya əleyhinə siyasi kursunun real nəticələri kimi qəbul edilə bilər.

Məsələ ondadır ki, uzun müddətdən bəri Rusiya və Ermənistan arasında kəskin ziddiyyətlər yaşanırdı. Rəsmi İrəvan Ermənistanın bütün uğursuzluqlarını məhz Rusiya ilə bağlayırdı. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın hərbi-siyasi və diplomatik iflasının günahını Rusiyanın üzərinə yükləməyə çalışırdı. Və bununla da, Ermənistan cəmiyyətini Rusiyadan uzaqlaşmaq kursunun nəticələrinə hazırlamağa cəhd göstərirdi.

Təbii ki, Paşinyan hakimiyyəti bütün bu müddət ərzində Ermənistan cəmiyyətində Rusiyaya qarşı "nifrət toxumu səpməyə" nail olub. Artıq Ermənistanda Rusiyaya əvvəlki kimi güvənmirlər, etibar etmirlər. İndi Ermənistan cəmiyyəti də rəsmi İrəvanın hərbi-siyasi müttəfiq axtarışları ilə barışıb. Və bu, Rusiyanın Ermənistanı itirmək üzrə olduğunu göstərir.

Ancaq Ermənistanın əsas problemi nəinki həll edilməyib, əksinə, daha da dərinləşib. Rəsmi İrəvan Ermənistan üçün yeni və daha effektiv müdafiə sistemi qurmağa nail olmayıb. Əksinə, Ermənistan indi əvvəlkindən qat-qat zəif və müdafiəsiz ölkədir. Hər halda, erməni siyasi-ideoloji düşüncə prinsipləri yekun nəticədən çox-çox uzaqdır. Və Paşinyan hakimiyyətinin böyük ümidlər bəslədiyi Qərb Ermənistanı müdafiə edə bilmir, hətta bəzi hallarda, buna heç həvəs də göstərmir.

Əslində, belə situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki Kreml hazırda Ermənistanın Rusiyanın himayəsi olmadan nə qədər aciz bir dövlət olduğunu nümayiş etdirmək imkanlarına malikdir. Elə Rusiyanın son hadisələr zamanı kənarda dayanaraq, müəmmalı neytrallığa üstünlük verməsində əsas məqsəd də məhz bundan ibarət idi. Və indi Kreml hər imkanda "Ermənistan Rusiyasız mövcud ola bilməz" tezisini qabartdır, rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasəti ilə ilk növbədə "erməni toplumu"na xəyanət etdiyini sübuta yetirməyə çalışır.

Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında da Kremlin Paşinyan hakimiyyətinə qarşı kəskin ittihamları açıq-aşkar nəzərə çarpır. Kreml sahibi bir tərəfdən Azərbaycan ordusunun lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyəti tam dəqiqliyi ilə ifadə edib. Digər tərəfdən isə baş verənlərin əsas günahkarı kimi birbaşa Paşinyan hakimiyyətini nişan verib.

Məsələ ondadır ki, Kreml sahibi Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi rəsmən tanıdığını xatırladıb. Belə vəziyyətdə Rusiyanın baş verənlərə müdaxilə şansının qalmadığını vurğulayıb. Onun fikrincə, 30 il ərzində davam edən münaqişədə Qarabağın statusu əsas müzakirə mövzusu hesab olunurdu: "Amma Ermənistanın özü onu Azərbaycanın bir hissəsi kimi tanıdı".

Kreml sahibi Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ittihamlarını çox böyük ustalıqla Qərbə doğru istiqamətləndirib. Belə ki, prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı Praqa Bəyannaməsini məhz Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun birbaşa vasitəçiliyi ilə imzaladığını xatırladıb: "Məhz həmin Praqa Bəyannaməsinə imza atmaqla, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyib. Bununla da bütün mübahisəli məqamlar de-fakto və de-yure öz həllini tapıb. İndi nə Şarl Mişelin, nə də Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanı ittiham etmək haqqı yoxdur".

Kreml sahibi, 44 günlük savaşdan sonra "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" deməklə, Ermənistan cəmiyyətini şoka salmışdı. Prezident Vladimir Putin bu dəfə də erməni toplumunun barışmaq istəmədiyi həqiqəti açıq mətnlə bəyan edib: "Qarabağ Azərbaycanın tərkibinə rəsmən keçib. Müasir Ermənistan dövlətinin mövqeyi belədir. Biz daha nə etməliydik ki...”

Rusiya prezidenti bundan sonra baş verəcək prosesləri də açıq şəkildə anons edib. O, bildirib ki, rəsmi Bakının Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasına uyğun idarəçilik sistemi yaratması üçün o qədər də uzun müddət lazım gəlməyəcək. Onun fikrincə, bu, həm hüquqi, həm də qaçılmaz xarakter daşıyır. Yəni, Kremldə Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarını artıq tanıyırlar. Və prezident Vladimir Putin bu açıqlaması ilə erməni toplumunun son baş verənlərlə barışmaqdan başqa çıxış yolunun qalmadığını anlatmağa çalışır.

Ancaq burada əsas məqam ondan ibarətdir ki, Kreml bir tərəfdən Azərbaycanın artıq öz hədəflərinə çatdığını qabardır. Qarabağın Ermənistan üçün həmişəlik itiriləcəyini rəsmən elan edir. Digər tərəfdən isə Ermənistan cəmiyyətinə əsas günahkarın da məhz Paşinyan hakimiyyəti olduğu barədə birbaşa mesaj ötürür. Və Kreml sahibinin belə paralel geopolitik oyunu indiki situasiyada rəsmi İrəvan üçün ölkədaxili etiraz dalğasını stimullaşdıra biləcək bir gedişdir.

Təbii ki, Rusiya Ermənistanı cəzalandırmaqda davam edəcək. Böyük ehtimalla Kreml yaxın vaxtlarda Rusiya sülhməramlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq məcburiyyətində qalacağını tam dəqiqliyi ilə anlayır. Üstəlik, bu barədə müzakirələrə açıq olduğunu sezdirməklə, hazırlıq prosesinə başladığını da biruzə verir. Əsas hədəf kimi isə Kreml rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasına görə bütün məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə qoymaq niyyətindədir. Yəni, Kreml İrəvanı əslində, rus sülhməramlılar üzərindən "vurmağa" hazırlaşır. (Yeni Müsavat)

Separatçıların liderlərinə ölüm cəzası VERİLƏ BİLƏRMİ? - “İstisna hal kimi...”

“Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və Araik Artunyunyanın həbs olunması ilə haqq-ədalət yerini tapdı. Belə də olmalı idi”. Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib. O qeyd edib ki, proses çox çətin idi:

“Hətta hələ də beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər müqavimət göstərirlər. Amma Azərbaycan illərdir qurduğu işlərin nəticəsini görür və heç kimin danışmağa sözü yoxdur. Nə ABŞ, nə Rusiya, nə də Avropa Azərbaycana qarşı iradə ortaya qoya bilir. Onlar ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışsalar da, buna nail ola bilmədilər.

Ancaq ölkəmiz məntiqlə və tam olaraq hüquqa uyğun hərəkət etdi. Azərbaycan istər siyasi, istər hüquqi, istərsə də hərbi cəhətdən üstün olduğunu göstərdi. Ona görə də qarşı tərəf hazırda çabalayır və vəziyyətdən çıxa bilmir. Yəqin ki, həbs etdiyimiz separatçılar da başa düşürlər ki, heç kim onlara kömək edə bilməz. Düşünürəm ki, çox uğurlu proses gedir və cinayətkarlar öz cəzalarını alırlar”.

Partiya sədri bildirib ki, saxlanılan cinayətkarlara ən ağır cəzalar verilməlidir:

“Hesab edirəm ki, onların hər biri ömürlük həbs cəzası almalıdır. Hazırda ölkəmizdə ictimai rəydə onlarla bağlı ölüm cəzasının bərpa olunması ilə bağlı fikir də var. Çünki onlar üçün ölümdən başqa cəza yoxdur. Hətta istisna hal kimi də onlara ölüm cəzası tətbiq oluna bilər. Nəzərə almaq lazımdır ki, onlar Azərbaycan xalqına qarşı kütləvi qırğınlar və cinayətlər törədiblər.

Həmin cinayətkarlar qanunsuz silahlı dəstələr yaradıb, Azərbaycana qarşı təbliğat aparıblar, diversiya işləri görüblər, dinc əhaliyə və hərbçilərə qarşı olmazın cinayətlərini törədiblər. Ona görə də onlara ən ağır cəzalar verilməlidir. Azərbaycan heç nədən çəkinmədən bütün cinayətkarların cəzasını verməlidir. Məsələn, Arkadi Qukasyan elə bir dövrdə (1997-2007) hakimiyyətdə oldu ki, Azərbaycana qarşı ən qəddar hərəkətlər törətdi. 2007-ci ildən 2020-ci ilə qədər ən iddialı çıxışlar zamanı isə Bako Saakyan Azərbaycana qarşı az qala özünü “imperator” elan edirdi. Hətta ölkəmizə qarşı çox böyük cinayətlərdə iştirak edirdi. 2020-ci ildə Araik gəldikdən sonra isə elə bildi ki, hər şey həll olundu. Elə ona görə də Araik öz sözündən tələyə düşdü.

O, Gəncəyə atılan raketlərin atılması əmrini “fəxrlə” etiraf edirdi. İndi də buna görə cavab verməlidir. Bəzi cinayət halları var ki, onları artıq özləri etiraf ediblər. Hətta Sarkisyan və Köçəryanın da bənzər etirafları olub. Bu səbəbdən də onlar da həbs edilməlidir. Düşünürəm ki, onların zamanında etdiyi etiraflardan da istifadə ediləcək. Həmçinin, sənədlərlə, faktlarla, şahidlərlə sübut olunan cinayətlər onların qarşısına qoyulmalıdır”.

Akif Nağı növbəti həbs olunacaq separatçıların kim olacağı barədə də təxminlər irəli sürüb:

“Xocalı soyqırımına birbaşa cavabdeh olan şəxslərdən olan Samvel Babayan da hara getməsindən asılı olmayaraq, Bakıya gətirilməlidir. Həmçinin, Vitali Balasanyan da heç yerə qaça bilməz. Onun Azərbaycana qarşı çox cinayətləri var. Eyni zamanda, Balasanyan Namiq Qasımovun xüsusi işgəncələrlə öldürülməsində iştirak edib. Buna görə də cavab verməlidir. Habelə Seyran Ohanyan da saxlanılaraq, Bakıya gətirilməlidir. O da Qarabağdakı qondarma hərbi birləşmələrə rəhbərlik edib. Onlarla yanaşı, Serj Sarkisyan və Robert Köçəryan da mütləq şəkildə Azərbaycana gətirilərək, həbs olunmalıdırlar”.

Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

Bu barədə TASS məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Rusiya nümayəndə heyətinin İrəvana səfəri ilə bağlı məlumatı təkzib edib.

“Ermənistan Müdafiə Nazirliyində bu yaxınlarda mətbuatın yazdığı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri ilə bağlı hər hansı məlumat yoxdur və Müdafiə Nazirliyində belə bir görüşün keçirilməsi nəzərdə tutulmur”.

Avropa İttifaqı daha çox Bakıdan asılıdır və “Makron və rəzil Ermənistan naminə” Bakıya qarşı sanksiyalardan söhbət gedə bilməz.

Bu sözləri politoloq Zərdüşt Əlizadə deyib.

“Biz Aİ-dən nə dərəcədə asılıyıq? Bizə pul verirlər? Onlar bizdən asılıdır, biz onlardan yox. Hakimiyyətlərimiz Avropada bizim haqqımızda nə düşündükləri ilə maraqlanmır. Hansı sanksiyalar? Bizdən neft almayacaqlar? Başqalarına satarıq. Rusiya satmır? Biz də satacağıq. Biz nefti daha çox İsrailə satırıq. O, Avropanın sanksiyaları ilə maraqlanmır. Biz qazımızı əsasən İtaliyaya, Yunanıstana, Macarıstana, Bolqarıstana satırıq, bu ölkələr Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini müdafiə edəcəklərmi? Bu Makronun onların planlarına mane olmasına razılaşacaqlarmı? İtaliyanın baş naziri Giorgio Meloni Makron haqqında nə dediyini görmüsünüzmü? Makronun onun yanında yarım qəpiklik hörməti yoxdur”, - o rusdilli minval. az-a açıqlamasında bildirib.

Politoloq söyləyib ki, Aİ-də sanksiyalarla bağlı qərarlar konsensus əsasında qəbul edilir: “Macarıstan, İtaliya və başqaları Azərbaycana qarşı sanksiyalara icazə verəcəkmi? Aİ-nin yarısının Azərbaycanla strateji sazişləri var. Azərbaycana qarşı sanksiyaların tətbiqinə icazə verəcəklərmi? Nə üçün? Makron və mənfur Ermənistan naminə? Xeyr, bu, qeyri-realdır. Əgər biz kreditlərdə Aİ-dən asılı olsaydıq, onda onların bizə təzyiq etmək üçün çoxlu səbəbləri olardı, lakin onların kreditlərinə ehtiyacımız yoxdur”.

İlham Əliyev ÜST-ün Avropa üzrə regional direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İctimai TV-nin müxbiri İspaniyanın Qaranada şəhərində Avropa sammiti çərçivəsində Avropa Şurasının prezidenti Şarl Mişelə ünvanladığı sualla diqqət çəkib.

O, AŞ prezidentinə “Niyə Avropa Qarabağı və Ermənistanı tərk etməyə məcbur qalan bir milyon azərbaycanlı haqqında 30 ilə yaxın susub? İndi də Avropa Ermənistanın adından çıxış edir. Sizcə bundan sonra Avropa neytral vasitəçi kimi qala bilərmi” sualını verib.

Şarl Mişelin cavabı isə belə olub:

“Avropa İttifaqı neytral vasitəçidir. Çünki qurumun gizli gündəliyi yoxdur. Bizim gündəmimiz çox aydındır: rifah, sabitlik və təhlükəsizlik. Bu, birinci məqamdır. İkincisi, 3 il əvvəl vasitəçiliyə başladığımızdan bəri bu sahədə irəliləyiş əldə etmişik. Biz əsirlərin mübadiləsində konkret və nəzərəçarpacaq nəticələr əldə etməyi bacardıq. Mina xəritələrinin mübadiləsində müəyyən irəliləyiş var. Sərhədlərin delimitasiyası ilə bağlı birgə işləməli olan iki sərhəd komissiyasının fəaliyyətə başladığının şahidi olduq. Biz çox səmimi və dürüstük. Biz başa düşürük ki, daha çox diplomatik səylərə ehtiyac var. Onu bu gün (ötən gün-red.) Ermənsitanın baş naziri ilə edəcəyik”.

 

İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirdi, Serbiyaya səfərini məmnunluqla xatırladı.

İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd etdi.

Azərbaycan Prezidenti Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Qonaq ilk növbədə Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edildi, münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulandı, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi vurğulandı.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib.

Bu barədə Ombudsman Aparatından məluamt verilib.

Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç də qəbul edilib.

03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Vardanyan Ruben Karlenoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib.

O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir.

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.

“Dövlət Sərhəd Xidmətinin (DSX) “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində Vətən müharibəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi”.

Bu fikirləri DSX rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O xatırladıb ki, 2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.

E.Quliyev diqqətə çatdırıb ki, döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi:

“İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi.

Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək, Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər”.

O vurğulayıb ki, Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi.

General-polkovnik bu müharibənin pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldığını da qeyd edib.

“DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin "SU-25" hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.

DSX-nin Vətən müharibəsində tətbiq etdiyi bu yenilik dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş "AN-2" təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi”, - DSX rəisi bildirib.

"Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 5-də Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik".

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Fransa Prezidentinin Qranadada Azərbaycan və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.

Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əminamanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir.

Ədalətli vasitəçilikdən danışan Fransanın 23 ilə yaxın dönəmdə necə vasitəçilik etdiyi hər kəsə məlumdur. Eynilə, azərbaycanlıların yaşadığı kütləvi qırğınlara, onlara qarşı zor tətbiq edilərək düşdükləri məcburi köçkün və qaçqın həyatına, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin gözardı edilməsinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, Ermənistanın öhdəliklərinə zidd olaraq Azərbaycandan erməni silahlı qüvvələrini çıxarmamasına, davam etdikləri hərbi-siyasi təxribatlara heç bir əhəmiyyət verməyən Fransanın bitərəf və neytral vasitəçi olduğunu iddia etməsi bu ölkənin niyyətindən xəbər verir.

Azərbaycan ərazilərinin 30 il müddətində 20%-ə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yuman Fransanın Azərbaycanı 150 kvadrat kilometr Ermənistan ərazilərinin işğalında təqsirləndirməsi gülüncdür. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır.

Azərbaycan tərəfinin öz ərazilərini həm diplomatik, həm də hərbi yolla işğaldan azad etmək kimi BMT xartiyası və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim hüququ hər zaman mövcud olub. Məhz Fransa tərəfinin də cəlb olunduğu vasitəçilik səylərinin heç bir nəticə verməməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı.

Eynilə antiterror tədbirlərinə qədər Azərbaycanın suveren ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrinin və qondarma rejimin ləğv edilməsinin zəruri olduğu Azərbaycan tərəfindən bütün danışıqlar prosesində dəfələrlə vurğulanırdı. Bununla əlaqədar, Fransa Prezidentinin guya Azərbaycanın qeyri-qanuni separatçı rejimə qarşı güc tətbiq etməyəcəyi barədə söz verməsi iddialarının heç bir əsası yoxdur. Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı.

Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı.

Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir.

Xəbər lenti