![]() |
|
Dünyanın əsas gündəm maddələrindən biri olan Qarabağ “məsələsi” artıq Azərbaycan üçün bir “məsələ” olmaqdan çıxdı. 2020-ci ildə start götürən müharibənin nəticələri Ermənistan üçün olduqca ağır oldu. İndi isə onlar Qarabağı tamamən tərk edərək dünyaya fərqli istiqamətli mesajlar göndərir. Sosial Tədqiqatlar Mərkəzi olaraq Qarabağ, Zəngəzur dəhlizi və mümkün sülh ehtimallarını dəyərləndirmək üçün qərb siyasiləri ilə bu qəbildən müzakirələr aparır. Daha öncə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ATƏT qrupunun işini bəyəndiyini və zamanında nəticələrə doğru getdiyini bildirmişdi. Ancaq o həmçinin Anti-terror tədbirlərindən 1 gün öncə aparılan müzakirəmizdə qətiyyən silahlı qarşıdurmanın daha olmayacağına inandığına da bildirmişdi. Zaman isə göstərdi ki, o, bu proqnozunda yanıldı. Erməni qanunsuz silahlı dəstələrinin Qarabağdan bir mənalı yox olmasının tək çarəsi sarsıdıcı anti-terror tədbirləri idi.
ABŞ dövlət departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) xarici kəşfiyyat üzrə xüsusi məsləhətçisi funksiyasını yerinə yetirmiş Pol Qobl isə Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə bir sıra vacib məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin qətiyyətlə məğlub edilməsi çox təəssüf ki, oradakı etnik ermənilər tərəfindən Prezident Əliyevin dediklərini (Azərbaycanın onların hüquqlarının təmin ediləcəyi) qəbul etmələrinə səbəb olmadı. Onların bu cürə kütləvi qaçışı ən azı etimadsızlıq səsverməsidir, lakin bu, şübhəsiz ki, bütün dünyada bir çoxlarının gözü önündə baş verir. Təbii ki, dünyada çoxları Azərbaycana və Türkiyəyə bu səbəblə bir mənalı yanaşmayacaq. Pol Qobl hesab edir ki, Prezident İlham Əliyev 2020-ci ildə Azərbaycanın irəliləyişini Qərbi təhrik etmədən dayandırmaqda tamamilə haqlı idi.
“Düşünürəm ki, Qarabağ erməniləri ərazini tərk etməsə, ilk müharibədən sonra reinteqrasiyaya tam riayət etsə, bu möhtəşəm uğur olardı, ancaq onlar bunu etmədilər. Belə olsa idi bu Azərbaycan daxilindəki icma Bakının məqsədlərinə xidmət edərdi. Demək olar ki, etnik cəhətdən homogen Azərbaycanın yaradılmasının mükəmməl nümunəsi olardı” – deyə Qobl bildirib.
Xatırlatmaqda fayda var ki, Pol Qobl həmçinin Zəngəzur məsələsi ilə də 30 ildən artıqdır ki maraqlanır və müxtəlif araşdırmalar edir.
“Mən çox yaxşı başa düşürəm ki, Stalin ermənilərlə azərbaycanlılar arasında düşmənçiliyi təmin etmək üçün Cənubi Qafqazda sərhədləri özü çəkib. Bununla da, bu sərhədlər Moskvaya "parçala və idarə et" oyununu daha asan həyata keçirməyə imkan verəcəkdi. Bir tərəfdən, Azərbaycanda ermənilərin məskunlaşdığı, lakin Azərbaycanın daxilində olan və Azərbaycan kimi tanınan Qarabağ var. Digər tərəfdən, Azərbaycandan ayrı qalmış Naxçıvan muxtariyyəti var ki, buraya SSRİ-nin tərkibində yeganə quru körpüsü ermənilərin Sünik vilayəti adlandırdıqları ərazidən keçirdi. Mənim fikrimcə, Ermənistan və Azərbaycan mübahisəsinin yeganə həlli bu iki məsələnin həll olunduğu bir çıxış yolunun əldə edilməsidir. Mənim öz təxminlərimə görə, yaxın bir neçə həftə ərzində Qarabağ tamamilə ermənisiz qalacaq. Həmçinin Türkiyə prezidenti təklif edib ki, Ermənistan dəhliz açmaq istəməsə, Azərbaycan bu məsələdə İrandan istifadə edə bilər. Mən bunu təsəvvür etməkdə çətinlik çəkirəm. Ümid edirəm ki, hansısa dəhliz razılaşdırıla bilər. Düşünürəm ki, indi bunun perspektivi erməni əhalisi Qarabağı tərk etməzdən əvvəl olduğundan daha azdır. Düşünürəm ki, Azərbaycan Prezidenti Əliyevə və başqalarına qarşı daha çox təzyiqlər olacaq.”
Hazırda diqqət mərkəzində olan amillərdən biri də şübhəsiz ki, Rusiya sülhməramlı qüvvələrinin regiondakı taleyidir. Bəzi Qərb siyasətçiləri onları ümumiyyətlə sülhməramlı adlandırmır. Onlar buna səbəb kimi rus sülhməramlılarının beynəlxalq hüquqa uyğun olmadığını deyir. Lakin təbiidir ki, əsasən sülhməramlılar neytral üçüncü ölkələrdən olur. Pol Qobl isə düşünür ki, onlara sülhməramlı demək olmaz və bunun səbəbi isə odur ki, rusların konflikt tərəflərindən birində hərbi bazası var, digəri ilə isə real gərginlik var.
Qobl düşünür ki, Bakının onlardan getmələrini tələb etməkdən başqa çarəsi yoxdur. Nəzərə alsaq ki, onların mövcudluğu üçün əsas yoxdur. Əgər Zəngəzurda nəsə müsbət addımlar görülsə və Azərbaycanın qərbində hələ də Rusiya qüvvələri varsa, keçmiş xarici kəşfiyyat məsləhətçisinin fikrincə, Putinin belə olan halda qüvvələrini geri çəkməyə razı olması çox çətin olacaq.
Pol Qobl həmçinin Ermənistanın son vəziyyəti ilə bağlı da maraqlı fikirlər səsləndirib.
“Ermənistanın son hərəkətləri Moskvanın onları artıq tam bir dost kimi qəbul etməməsinə səbəb oldu. Bir neçə il əvvəl çox müdrik azərbaycanlı şərhçi müşahidə etmişdi ki, Cənubi Qafqazda həmişə Gürcüstan alət, Ermənistan yol, Azərbaycan isə mükafatdır. Düşünürəm ki, qısamüddətli perspektivdə Moskva həqiqətən də düşünür ki, o, təkcə Qarabağdan qayıdan ermənilər və onların siyasi liderləri ilə Ermənistanda Qarabağ lobbisini bərpa etməklə və bundan Paşinyan rejimini devirmək üçün istifadə etməklə, Ermənistanda kifayət qədər gərginlik, qeyri-sabitlik yarada bilər. Ermənistanda son 30 ildə sabit demokratiyanın mükəmməl təcrübəsi yoxdur. Düşünürəm ki, ruslar hər şeyi dəyişə biləcəklərinə inanırlar. Eyni zamanda, eşitdiklərimizə əsasən, Moskvada Ermənistanla bağlı fikirlər dəyişir. Moskvanın Ermənistanla dost olmasındansa, Azərbaycanla dost olmaqdan daha çox qazanacağına dair dönüş nöqtəsi sayıla biləcək fikirlər səslənir. Ermənistan həmişə alət olub, heç vaxt məqsəd olmayıb. Rusiya onları özlərinə inandırdı ki, ermənilərin getməyə yeri yoxdur. Ola bilsin ki, ermənilərin getmək üçün yaxşı yeri yoxdur, amma indi Parisdə, xüsusən də Moskvanın düşündüyündən daha vacib olan dəstək var. Qısa müddətdə, məncə, Moskva Paşinyanı, bəlkə də zorakılıqla devirməyə çalışacaq. Mənim təxminlərimə görə, Azərbaycan bu müddət ərzində böyük bir səhvə yol verməsə, ancaq qazanan tərəf olacaq. Bu, əlbəttə ki, çoxsəviyyəli oyundur, bu, üç və ya dörd səviyyədə oynanan şahmatdır, ona görə də heç vaxt güman etməmək lazımdır ki, bir səviyyədə görünənlər bütövlükdə oyunda mütləq baş verəcəkdir.”
ABŞ dövlət departamentinin xüsusi məsləhətçisi münaqişənin bitdiyinə dair fikirlərə isə qatılmadığını özünəməxsus şəkildə bildirdi. Onun fikrincə, münaqişənin bitməsinə dair düşüncələrə qapılmaq hələ çox tezdir.
“Mən münaqişənin bitdiyini düşünmürəm. Amma düşünürəm ki, Azərbaycan istədiyinə artıq nail olub. 1991-ci il sərhədlərində olan suveren nəzarət bərpa edildi. Hesab edirəm ki, bu, Azərbaycan üçün böyük nailiyyətdir. Ancaq təəssüf ki, Xankəndindən qaçan ermənilərin görüntüləri Azərbaycana qarşı bir çox yerlərdə açıq düşmənçilik olmasa da, şübhəlilik hissi doğurur. Mən heç bir razılaşmanın sülh təşkil edəcəyini gözləmirəm, başqa sözlə, Ermənistanın baş naziri ilə Azərbaycan Prezidentinin iki ölkə arasında sülh adlı vahid sənəd imzalayacağı günü görməyəcəyik. Düşünürəm ki, görəcəyiniz şey çox müxtəlif müqavilələrdir. Bəziləri böyük məsələlərdə, bəziləri kiçik məsələlərdə. Bir çox mürəkkəb şeylər var ki, onları həll etmək lazımdır. Bunlardan biri də təbii ki, Zəngəzurdur. Ermənilər indi çox adam tərəfindən xəyanət edildiyini düşünürlər. Bəs onlar diplomatik masaya nə gətirir? Məncə, ermənilər yaxın aylarda daha çox diplomatik güc əldə etmək üçün Paris və ümumiyyətlə qərblə əlaqələrini gücləndirməyə çalışacaq. Hesab edirəm ki, Azərbaycan daha güclü mövqedədir, açıq desək, biz hamımız nə olacağını bilirdik. Mən 80-ci illərin sonundan bəri bu münaqişə haqqında yazıram. Sizə deyə bilərəm ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikləri gündən hamıya aydın idi ki, nəhayət, Azərbaycan Cənubi Qafqazda istədiyini diktə etmək üçün lazım olan siyasi və hərbi gücə malik olacaq. Hər zaman hərbi gücdən istifadə etməklə daha geniş məqsədlərə nail olmursunuz. Rusiya dünyanın gözündə Putinin Ukraynaya qarşı başladığı müharibədən əvvəl qat-qat güclü idi. Məndən soruşsalar, Azərbaycana məsləhətim bu olacaq. Bu, Azərbaycanın özünü sülhməramlı kimi göstərmək üçün səxavətli olmasının vaxtıdır. Azərbaycan deməlidir ki, biz ermənilərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı dediklərimizi etməyə tam qadirik, təəssüf edirik ki, onların çoxu buna inanmayıb. Biz Ermənistanla əməkdaşlıq etmək istəyirik, tranzitin oradan keçməsini istəyirik və dəhliz haqqında saziş arzu edirik. Bunun üçün biz tam diplomatik əlaqələr açmaq niyyətindəyik.”
Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) kimi bir qurumda bölgəmizlə bağlı araşdırmalarda çalışmış cənab Qolb son cümlələrində artıq bir çoxlarına bəlli olan qalib müdrikliyi və onun funksiyasından danışır. Ermənistanın isə bundan sonra məğlub tərəf kimi artıq düşmən mövqedən çəkilib-çəkilməyəcəyi hələlik naməlum olaraq qalır.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi
Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyası növbəti dəfə Qarabağa səfər edib.
"Report" xəbər verir ki, missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, rəsmi Moskva oktyabrın 12-də MDB-nin Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.
“Səhərdən axşama kimi daşnaklar təkrarlayırlar ki, Ermənistan hər şeyini itirib, etiraf edib və özünü rüsvay edib. Cənablar, bir saniyə! Uduzan, itirən və alçaldılan şəxsən siz idiniz və “nailiyyətlərinizi” bir daha bizim boynumuza örtməyə ehtiyac yoxdur. Yazıq məxluqlar! Siz hətta kişi deyilsiniz ki, kişi kimi məğlubiyyəti etiraf edib ləyaqətlə geri çəkiləsiniz. Mən təəccüblənirəm ki, erməni xalqı sizin kimi qeyri varlıqları ciddi qəbul edib”
Bunu erməni bloger Natali Aleksanyan bəyan edib.
“Yaxşı, gəlin təhlil edək və görək Ermənistan həqiqətən nəyi itirib. Qarabağ? Bəs Ermənistanın itirəcək Qarabağı var idimi? Daşnakların cəfəngiyyatını bir kənara qoysaq, görərik ki, hətta onların rəhbərləri də Qarabağın Azərbaycana aid olduğunu həmişə etiraf ediblər. Xalqın qulağına əriştə asdıqlarına görə cavab verəcəklər. Bəli, yeri gəlmişkən, Qarabağ, nəhayət, kimin hesabına Azərbaycana qayıtdı? Mənə xatırladın ki, hakimiyyəti orada tam olaraq kim dəyişdi və beş dəqiqəyə təhvil verdi? Daşnaklar, uşaqlar, bu siz deyilsiniz? Bu, məhz siz idiniz! Bəs siz Paşinyanı və ya digərlərini nədə ittiham edirsiniz? Təslim oldunuz, təslim oldunuz, özünü alçaltdınız, indi də bizim üzərimizə yıxmaq istəyirsiniz? Ümumiyyətlə, sizdə hər şey qaydasındadır?”, – bloger yazır.
Onun fikrincə, Ermənistanın itkiləri yalnız daşnakların qızışmış təsəvvüründədir: “Ermənistan cəmiyyətinə məğlubiyyət əhvali-ruhiyyəsi gətirən onlardır. İndi bizim belimizi qıran da onlardır. Məğlubiyyət ölkəmizi dağıtmağın ən təsirli yoludur, daşnakların eləməyə çalışdıqları da budur... Bizə indi məğlubiyyət lazım deyil, ancaq gələcəyə, qonşularımızla sülhə, təhlükəsizliyə ümid lazımdır. Təbii ki, bu, daşnakların şəxsi planları ilə ziddiyyət təşkil edir və ona görə də onlar sülhə can atan hər bir insana, istər baş nazir, istər bloger, istər adi vətəndaşa hücum edirlər. Kapitulyatorlar hələ də öz gündəmlərini diktə etməyə çalışırlar. Buna son vermək lazımdır”.
Rəsmi Bakı mövcud regional situasiyanı yalnız Azərbaycan deyil, həm də Cənubi Qafqaz üçün real inkişaf şansı olaraq, dəyərləndirir... Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi Azərbaycanın yeni regional düzən qurmaq planlarına həlledici təsir göstərmir...
Cənubi Qafqaz yeni mərhələyə keçmək üzrədir. İndi bu region real sülh və əmin-amanlıq dövrünə başlamaq şansı qazanıb. Belə bir önəmli mərhələ başlayarsa, bu, Cənubi Qafqazın ümumi inkişaf perspektivlərinin də önünü açmış olacaq. Və nəticədə bütün region coğrafiyası fərqli geoiqtisadi məkana çevriləcək.
Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazın geopolitik, geostrateji və geoiqtisadi imkanların qarşısında yalnız yeni regional savaş təhlükəsidir. Son 30 il ərzində məhz bu faktor bu regionu kənar dövlətlərin maraqlarının girovuna çevirmişdi. Cənubi Qafqaz mövcud olan "münaqişə ocağı" həmin nəhəng dövlətlərə öz maraqlarını region ölkələrinə qəbul etdirmək imkanları qazandırırdı.
İndi isə Cənubi Qafqazın əsas problemi həll edilib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. "Dağlıq Qarabağ" münaqişəsi artıq mövcud deyil. Cənubi Qafqazda bütün situasiyanın fərqli və pozitiv faktorlar üzərində indeksləşdirilməsi üçün yeni şərtlər artıq mövcuddur. Və bu regionda yeni inkişaf mərhələsinin başladılması üçün üç dövlətin siyasi iradəsi tamamilə yetərli ola bilər.
Təbii ki, bütün bunların baş verməsi üçün Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması əsas şərtdir. Çünki bu iki qonşu dövlətin müharibə şəraitindən uzaqlaşa bilməməsi bütün regionun inkişaf perspektivlərini bloklayır. Yeni savaş təhlükəsi qaldıqca isə regiona heç bir aidiyyatı olmayan dövlətlər və beynəlxalq qurumlar öz maraqları üçün manipulyativ planlar qurmaq imkanını qoruya bilirlər. Və Cənubi Qafqaza birbaşa aidiyyəti olmayan dövlətlərin regional sülhü müxtəlif bəhanələrlə əngəlləməyə çalışmalarının əsas səbəbi də məhz bu məqamla bağlıdır.
Deməli, Cənubi Qafqazın taleyinə kənar güclərin təsir mexanizmlərini tamamilə ləğv etmək üçün ilk növbədə mütləq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacib şərtdir. Yalnız bu halda, ABŞ, Avropa Birliyi, Fransa, Almaniya, Rusiya və s. regiondan kənar ölkələrin Cənubi Qafqazda öz maraqlarını diqtə etmək şansı bloklanmış olacaq. Və məhz indi buna nail olmaq üçün münbit şərait yaradıb.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl törədən, mübahisələrə səbəb olan əsas problem də artıq öz həllini tapıb. Belə ki, rəsmi Bakı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ regionu üzərində bütün suveren hüquqlarını tamamilə bərpa etməyə nail olub. İndi Ermənistanın Qarabağ mövzusunda Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürmək şansı qalmayıb. Və bu, sülh prosesinin sadələşdirilməsi imkanlarını daha da genişləndirir.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də mövcud situasiyanın bütövlükdə Cənubi Qafqaz üçün önəmli şans olduğunu vurğulayıb. Azərbaycan lideri bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq: "Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar".
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın inkişaf perspektivlərinə praqmatik mövqedən yanaşır. Faktiki olaraq, bütün region ölkələrini ortaq inkişaf perspektivlərini dəyərləndirməyə çağırır. Ən əsasısa, bu çağırışın birbaşa hədəfi ondan ibarətdir ki, Cənubi Qafqaz ölkələri sahib olduqları regionun gələcək taleyini özləri müəyyən etmək şansı qazana bilmiş olsunlar. Və Cənubi Qafqazın qarışdırılmasına çalışan kənar güclərin özəl maraqları bu regiondan mümkün qədər uzaq tutulsun.
Məhz bu məqamın nə qədər önəmli olduğunu Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl xüsusi olaraq, vurğulamışdı. Azərbaycan lideri bildirmişdi ki, Cənubi Qafqazdan uzaq olan bəzi dövlətlər dünyanın o başından regionda cərəyan edən proseslərə müdaxilə edirlər. Əgər, həmin ölkələr bu regionda cərəyan edən proseslərə müdaxilə etməsələr, mövcud problemlərin həllini tapmaq daha asan olar.
Bütün bunlar onu göstərir ki, Azərbaycan lideri Cənubi Qafqazın əsas problemlərini və onların həlli yollarını tam dəqiqliyi ilə bilir. Ona görə də, əvvəlcə problemi göstərir, ardınca da onların aradan qaldırılması variantlarını gündəmə gətirir. Bu isə Cənubi Qafqazın inkişaf perspektivlərinin önünün açılması baxımından, böyük əhəmiyyət daşıyır.
Təbii ki, real nəticələrə nail olmaq üçün ilk növbədə Ermənistanın da siyasi iradə nümayiş etdirməsi vacibdir. Çünki rəsmi İrəvan müstəqil xarici siyasət yürüdə bilmir, sərbəst qərarlar vermək qabiliyyətindən də uzaqdır. Ona görə də, Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanması məsələsini hələ də uzatmağa cəhd göstərir. Və bu məsələdə Ermənistanın xarici himayədarlarının təlimatları ilə hərəkət etməyə üstünlük verir.
Halbuki, indiki situasiyada sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Çünki bu halda, Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaq şansı qazanmış olacaq. Nəticədə Ermənistan onilliklər boyu öz işğalçılıq siyasəti ucbatından düşdüyü regional blokada şəraitindən çıxa biləcək. Və Ermənistanın qonşu ölkələrlə iqtisadi-ticari əlaqələr qurması real maliyyə qaynağı yaradacaq.
Ancaq Paşinyan hakimiyyəti hələlik Fransa və Avropa Birliyinin maraqlarına xidmət etməkdədir. Yəni, rəsmi İrəvan Ermənistanın deyil, məhz Cənubi Qafqazda özəl maraqları olan Fransa və Avropa Birliyinin mənafelərini icra edir. Və belə vəziyyətdə Ermənistanın Cənubi Qafqazda geoiqtisadi layihələrdə iştirak şansı qazanması mümkün deyil.
Ona görə də, rəsmi İrəvan indi həlledici qərarlar vermək məcburiyyətindədir. Ya Azərbaycanla yekun sülh sazişinin imzalanmasına çalışacaq və Ermənistanın iqtisadi inkişafına imkanlar açacaq. Ya da Qərbdəki himayədarlarının maraqlarının girovuna çevrilib, Ermənistanın geoiqtisadi layihələrə qatılmaq şansını qapatmaqda davam edəcək. Və bu iki variant arasında olunacaq seçim Ermənistanın gələcək taleyini də böyük ölçüdə müəyyən edəcək.
Rəsmi Bakı isə Cənubi Qafqazın inkişaf perspektivlərinin önünün açılması üçün xüsusi planlara sahibdir. Azərbaycan dövləti bu istiqamətdə konkret hədəflər müəyyən edib, prinsipial addımlar atmağa çalışır. Rəsmi Bakı mövcud situasiyanı yalnız Azərbaycan deyil, həm də Cənubi Qafqaz üçün real inkişaf şansı olaraq, dəyərləndirir. Rəsmi Bakı Cənubi Qafqazın yenidən dizayn edilməsində israrlı davranmaq niyyətindədir. Və Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi rəsmi Bakının planlarına həlledici təsir göstərmir. (Yeni Müsavat)
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
Qəsəbənin düşməndən təmizlənməsindən üç il ötür.
Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.
Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sur kəndləri də düşmən işğalından azad olunub.
Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.
Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub.
Bundan sonra Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.
2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.
Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Artıq Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.
Xatırladaq ki, bu ilin mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsinə səfər ediblər. Səfər zamanı Prezident və birinci xanım Hadrutda 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanış olublar.
Elə həmin gün dövlət başçısı və xanımı Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. İlk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.
Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəriylə bağlı açıqlamasında deyib. Nazir, keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlara toxunub.
O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib./APA
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə, Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Serbiya arasında müxtəlif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi dialoqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə post-münaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan nazir Ceyhun Bayramov, beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.
Qarşı tərəf, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Ərazilərimizdə işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan anti-terror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb.
Bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.
Mövcud çağırışlara baxmayaraq, ölkəmizin bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.
Milli Assambleyanın sədri Vladimir Orliç, Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluq duyduğunu, habelə bu kimi səfərlərin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası səviyyədə inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Bölgədəki vəziyyət və mənzərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyulan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
APA
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Tədbirlər çərçivəsində 04-06 oktyabr tarixlərində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini – Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.
Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Oktyabrın 6-da Rusiya Federasiyasının “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması, eləcə də məlumat mübadiləsinin aparılması qaydalarının dəqiqləşdirilməsi həyata keçirilib.
Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, tərəflərin sərhəd gözətçi gəmiləri qarşılıqlı qaydada ziyarət edilib.
Qonaqlar mədəni tədbirlər çərçivəsində “Heydər Əliyev Mərkəzi”ndə olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanış ediliblər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək.
Bu barədə məlumatı “Report”un Ankara bürosuna açıqlamasında TÜRKSOY baş katibinin müavini Sait Yusuf bildirib.
S.Yusufun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.
TÜRKSOY rəsmisi bağlanış tədbirində qəbul ediləcək bəzi qərarları da diqqətə çatdırıb:
“2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşadan Türkmənistanın Anev şəhərinə keçəcək. Hər ölkənin həmin il üçün anım ili olaraq elan etdiyi tarixi şəxsiyyətlərlə bağlı təqdim etdikləri tarixi proqram da Şuraya təqdim olunacaq”.
Azərbaycanın TÜRKSOY-dakı fəaliyyətinə də toxunan Sait Yusuf ölkəmizin üzv dövlətlər arasında ən aktiv olduğunu bildirib:
“Azərbaycan təşkilata hər zaman böyük dəstək verib və verməkdə də davam edir”.