Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib.

APA-nın yerli bürosunun məlumatına görə, Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

 Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səfir, ilk növbədə, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

Azərbaycan ilə İordaniyanın dost və qardaş, zəngin tarixə malik ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu dedi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd etdi.

Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Ömər Bərəkət əl-Nahar paytaxtımızda gedən böyük inkişaf proseslərinin və insanların firavanlığının onda dərin təəssürat hissi yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

 

 

 

 

Rusiya sülhməramlı kontingenti 2023-cü il noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcək.

Belə bir iddia ilə erməni bloger Mika Badalyan çıxış edib.

Mika Badalyan separatçı mövqeyi və Rusiyaya yaxınlığı ilə tanınan şəxsdir.

O bu yöndə aktiv fəaliyyətlə məşğuldur. Ermənistan hökuməti bir müddət əvvəl Badalyanı Gorusda saxlamışdı. O, odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatı və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi (Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci bəndi) maddəsi ilə ittiham olunub. Lakin daha sonra sərbəst buraxılıb.

Sonuncu dəfə əqidədaşı Vladimir Solovyovun efirində ona "Xankəndi" sözündən istifadə etdiyinə görə narazılığını ifadə etmişdi. Solovyov isə teleqram kanalında redaktorları tərəfindən paylaşıldığını və onların cəzalandıracağını bildirmişdi.

412859

Ordumuzun Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bayrağımız Xocalıda dalğalanır.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bayrağı binalardan birinin başına sancan hərbçilərimiz Xocalıda olduqlarını bildiriblər.

 

Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Harutyunyan Arayik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin, Arayik Harutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.

Cari il oktyabrın 3-də Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilmişdir.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.

Dövlətimizin başçısı Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.

Hətta bir-biri ilə düşmən olan beynəlxalq dairələrin Azərbaycana qarşı məkrli planlar, yeni ssenarilər qurmaq cəhdləri hələ də davam edir... Böyük ehtimalla gizli görüşün iştirakçıları Azərbaycanın Qarabağ üzərində özünün suveren hüquqlarını bərpa edəcəyi barədə məlumatlı olublar...Azərbaycan ordusunun son üç il ərzində reallaşdırdığı hərbi əməliyyatların beynəlxalq və regional siyasət məkanına birbaşa təsiri inkaredilməz reallıqdır. Belə ki, həmin əməliyyatlar bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib. Digər tərəfdənsə, beynəlxalq siyasi iradə mərkəzlərinin, xüsusilə də, dünya nəhənglərinin riyakarlığının ifşasına yol açıb. Və bu önəmli məqam indi rəsmi Bakının xarici siyasət hədəflərində nəzərə aldığı əsas faktorların sırasına daxildir.

Məsələ ondadır ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində qətiyyən maraqlı olmadığını artıq açıq mətnlə etitaf etməyə başlayıb. Düzdür, Kreml bu etirafları ilk növbədə Ermənistanı qarışdırmaq, Paşinyan hakimiyyətini hədəfə çıxartmaq məqsədilə gündəmə gətirir. Ancaq bu, reallığı qətiyyən dəyişmir. Əksinə məlum olur ki, üçtərəfli anlaşmaların əsas vasitəçi olan Rusiya əslində, Cənubi Qafqazda “münaqişə ocağı”nın hələ uzun müddət mövcud olması üçün əlindən gələn hər şeyi edirmiş.

Buna əmin olmaq üçün Kremlin Paşinyan hakimiyyətini məhz Azərbaycanın ərazi bütövlüyünü tanımaqda ittiham etməsini nəzərə almaq belə, kifayətdir. Çünki Rusiya Ermənistanı Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə suçlayır. Halbuki, həmin bölgə beynəlxalq hüquq normalarına görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ancaq Kremldə hesab edirlər ki, əgər, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi olaraq tanımasaydı, erməni xalqının milli maraqları bu qədər zərbə altında qalmazdı.

Belə anlaşılır ki, Kremlin 30 illik “Qarabağ mövzusu”nun gündəmdən çıxarılmasına qarşı xüsusi planları olub. Rusiya səhnəarxasında Azərbaycana qarşı fəaliyyət göstərməkdə davam edib. Azərbaycanı hələ daha 30 il də erməni separatizmi qarşı-qarşıya saxlamaq istəyib. Və bu, Azərbaycan-Rusiya münasibətlərinin əslində, Kremlin riyakarlığına girov olduğunu göstərir.

Fransa Rusiya ilə düşmənçilik münasibətlərində olsa da, rəsmi Paris də Azərbaycana qarşı Kremlin davranışlarını təkrarlayır. Son 30 ildə Minsk Qrupunun həmsədri olan Fransa öz riyakarlığını müxtəlif siyasi manevrlərlə maskalamağı bacarırdı. Ancaq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Fransanın da maskası tamamilə yırtıldı. Rəsmi Parisin Azərbaycan düşmənçiliyi ifşa olundu.

İndi Fransa Cənubi Qafqazda sülh prosesinin pozulması üçün əlindən gələn hər şeyi etməyə çalışır. Ancaq rəsmi Bakı Fransanın bütün məkrli planlarını və hiyləgər oyunlarını bir-birinin ardınca pozmağı bacardı. Ona görə də, indi rəsmi Paris Cənubi Qafqazda hərbi-siyasi gərginlik və qarşıdurma yarada biləcək daha bir variantı sınaqdan çıxartmaq niyyətinə düşüb. Belə ki, Fransa Ermənistanın silahlandırılması prosesinə start verib.

Əslində, rəsmi Parisin bu niyyəti qətiyyən gözlənilməz xarakter daşımır. Çünki buna qədər Fransa Hindistanın üzərindən Ermənistanın hərbi teznika ilə təchiz edilməsinə başlamışdı. Ancaq indi belə məlum olur ki, bu, yetərli deyil. Hər halda, rəsmi Paris indi Ermənistana birbaşa Fransadan hərbi texnika göndərilməsi üçün hərəkətə keçib. Bu barədə iki ölkə arasında hüquqi sənədin imzalana biləcəyi ilə bağlı məlumat yayılıb.

Göründüyü kimi, Azərbaycana qarşı riyakarlıq edən, rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində atdığı addımlara əngəl törətmək cəhdləri hələ də davam edir. Bu cəhdlərin müəlifləri sırasına ABŞ və Avropa Birliyi də yer alır. Hər halda, Rusiya ilə regional rəqabət içərisində olan ABŞ və Avropa Birliyinin son davranışları da Cənubi Qafqazda sülhə, sabirliyə və əmin-amanlığa xidmət etmir. Üstəlik, nə qədər qəribə də olsa, Azərbaycana qarşı təzyiqlərin göstərilməsi məsələsində Fransa kimi, ABŞ və Avropa Birliyinin də maraqları müəyyən mənada, Rusiya ilə üst-üstə düşür.

Maraqlıdır ki, ABŞ, Avropa Birliyi və Rusiya təmsilçiləri arasında Azərbaycana qarşı Türkiyənin İstanbul şəhərində gizli görüş keçirildiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, bu gizli görüş sentyabrın 17-də - Azərbaycan ordusunun antiterror tədbirlərindən cəmisi bir neçə gün əvvəl baş tutub. Və görüşün iştirakçıları Azərbaycan ərazisi olan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Onu da qeyd edək ki, gizli görüş barədə məlumatlı olan və adının çəkilməsini istəməyən yüksək səviyyəli diplomat Politico nəşrinə nəşrə bildirib ki, danışıqlarda əsasən Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyi ön planda olub. ABŞ Dövlət Departamentinin Qarabağa beynəlxalq müşahidə missiyasının göndərilməsi ilə bağlı Ağ Evin bəzi tərəfdaşlarıya məsləhətləşmələr apardığını bildirməsi də bu məlumatın doğru ola biləcəyini göstərir.

Göründüyü kimi, Azərbaycana qarşı məkrli planlar, hətta bir-biri ilə düşmən olan beynəlxalq dairələrin yeni ssenarilər qurmaq cəhdləri hələ də davam edir. Böyük ehtimalla gizli görüşün iştirakçıları Azərbaycanın Qarabağ üzərində özünün suveren hüquqlarını bərpa edəcəyindən əvvəlcədən məlumatlı olublar. Ona görə də, öz maraqlarına ciddi təhlükə hiss edən ABŞ, Avropa Birliyi və Rusiya təmsilçiləri rəsmi Bakının qarşısının alması ilə bağlı müzakirələrə ehtiyac duyublar. Halbuki, indi artıq tam əminliklə iddia etmək olar ki, rəsmi Bakı dünya nəhənglərinin növbəti məkrli planlarını həmişə olduğu kimi, yenə də pozmağa nail olub.(Yeni Müsavat)

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Azərbaycanın görüşdən imtina etməsinin səbəbləri açıqlanıb.

Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.

Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.

Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.

Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.

Fransanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqının missiyasının mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu, Ermənistanı militarizmə və revanşizmə sövq etdiyini göstərir.

Bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, 1 milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransanın indi Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışması riyakarlığın klassik nümunəsidir.

Azərbaycana qarşı “Ermənilər Qarabağdan güc tətbiq olunması təhlükəsinə görə çıxdılar” kimi iftira atan fransız nazir nədənsə ölkəsinin soyqırımlar, irqçiliklə dolu utancverici tarixini, hələ də başqa xalqları müstəmləkə asılılığında saxlamasını “unudur”.

İnanırıq ki, Afrikada biabırcasına məğlubiyyətlərə düçar olan Fransanın dini təəssübkeşliyə və Azərbaycanofobiyaya və islamofobiyaya əsaslanan Cənubi Qafqaz siyasəti də iflasa uğrayacaq.

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə oğlu, Prezident İlham Əliyevlə Məkkə ziyarətində etdiyi duaları əks etdirən kadrlar yenidən gündəm olub.

“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev Məkkədə olarkən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın bu bəladan qurtulması, müharibəyə son qoyulmasını arzulayıb. Sosial şəbəkələrdə videonu paylaşan izləyicilər artıq bu arzuların gerçəkləşdiyini, duaların yerinə yetdiyini qeyd edirlər. 

Ali Baş Komandan İlham Əliyev də 2020-ci ildə işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı həmin ziyarətləri, etdiyi duaları xatırlatmışdı: “Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam. Etdiyim duaların arasında ilki torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan arzu edirdim ki, mənə güc versin ki, torpaqlarımızı işğaldan azad edək. Allaha şükür edirəm ki, mənim dualarımı eşitdi”.

Dövlət başçısı Şuşa azad ediləndə xalqa müraciəti zamanı qeyd etmişdi ki, o, artıq ata vəsiyyətini yerinə yetirib. 

Xəbər lenti