İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? - Belə olduğu halda...

"Ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır".

Bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr davam edir: “Ermənistan tərəfi ilə müzakirələr gedir.Amma əgər Ermənistan buna razı olmasa, biz İrandan keçən alternativ yolu açacağıq. İranla bu məsələ barədə təmaslarımız davam edir. Xatırladım ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı bu məsələ də müzakirə olunmuşdu".

Nazir qeyd edib ki, Zəngəzur dəhlizinin açılması bütün regionun və türk dövlətlərinin xeyrinə olacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani Zəngəzur dəhlizi ilə bağlı Türkiyəli Nazirin səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarıyıq. Amma eyni zamanda vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir”.

DİA.AZ xəbər verir ki, dövlət rəsmilərinin bu açıqlamalarını “Sherg.az”a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı Türkiyənin başından bəri regiondakı nəqliyyat infrastruktur yollarının açılması tərəfdarı olduğunu bildirib:

“Türkiyə tərəfinin son açıqlamasından da göründüyü kimi yolun Ermənistan və yaxud İran ərazsindən keçəcək olması onlar üçün elə də böyük əhəmiyyət kəsb etmir. Əsas olan beynəlxalq infrastruktur yollarının açılmasıdır. İran mövqeyində isə ikibaşlılıq yaşanır. Zəngəzur koridoru açılarsa, bu halda orta dəhliz Azərbaycandan gəlib İrandan keçmədən Ermənistandan Zəngəzur koridoru ilə Türkiyə istiqamətinə hərəkət edəcək. Beləcə Avropaya çıxış əldə olunacaq. Belə olan təqdirdə İran bu əsas dəhlizə alternativ yollarla qoşulma məcburiyyətində qalacaq. Bu isə onun Azərbaycan və Türkiyədən asılı olması deməkdir. İran bu səbəbdən Zəngəzur dəhlizinin açılmaması üçün çalışır. O, birbaşa koridora çıxış istəyir”.

H.Səhrablı Türkiyənin dəhlizin İran ərazisindən keçməsi fikrinin İran tərəfindən xoş qarşılandığını vurğulayıb:

“Belə olduğu halda İran birbaşa dəhlizə qoşulmuş olur. Məhz İranın sərhədlərin dəyişməməsi barədə olan açıqlamaları buna hesablanıb. İran öz maraqlarının təmin olunmasını istəyir. İranın dünya ticarətində iştirakı bir çox dünya ölkələri tərəfindən müsbət qarşılanmır. Hər kəs fərqindədir ki, İranda şovinst bir rejim var. Onlar dünyada sülhdən, əməkdaşlıqdan, inkişafdan yana deyillər. İran hakimiyyəti sadəcə öz məqsədlərini güdür. Onlar da dünyadan tədric olunduqlarının fərqindədirlər. Radikal, şovinst düşüncələr içərsində olan rejimlərlə tərəfdaşlıq etmək istəmir. Lakin İran hakimiyyəti onların regionda olan geosiyasi dəyişiklərə qarışacaq gücdə olmadıqlarını da unutmamalıdırlar”.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır.

"Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır".

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında yazıb.

O, Azərbaycanın Qarabağın erməni sakinlərinə göstərdiyi yardım və sosial xidmətlərlə bağlı statistikanı da paylaşıb.

Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub.

Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb.

25 sentyabr tarixində Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib.

26 sentyabrda 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib. Bundan başqa, sentyabrın 26-da partlayışla əlaqədar Xankəndiyə Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası göndərilib və onlar alovu uğurla söndürüblər. Həmçinin, Xankəndi-Şuşa-Füzuli-Qubadlı-Eyvazlı yolu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərinin hərəkəti üçün açılıb. Xankəndidən təxliyələrə BQXK-nın təcili yardım maşınları kömək edib.

Sentyabrın 27-də əraziyə Fövqəladə Hallar Nazirliyinin 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, 23 160 peçenye, 10 000 şokolad, 31 860 şüşə içməli su ilə təchiz ediliblər.

29 sentyabrda Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 53 avtomobil və zəruri avadanlıq göndərilib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar.

Daha sonra Qarabağı könüllü tərk edən erməni sakinləri Xankəndidən Laçın sərhəd-keçid məntəqəsinə aparmaq üçün 10 avtobus göndərilib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın mərkəzi hakimiyyət orqanları tərəfindən Qarabağdakı erməni sakinlərə göndərilən yardım barədə məlumatları açıqlayıb.

Oktyabrın 3-nə olan məlumatları Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib:

“Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra Rusiya ilə Ermənistan arasında gərginlik yaranıb. ABŞ və Fransa kimi ölkələr iki müttəfiq arasındakı gərginlikdən istifadə edərək bölgədəki təsirlərini artırmaq istəyirlər. Vaşinqton və Parisin siyasi xadimləri İrəvanı silahlandırmağa çağırıblar”.

Bu barədə “Türkiye” qəzeti yazır.

Nəşrin yazdığına görə, ABŞ başda olmaqla bir çox Qərb dövlətləri Rusiyanın təsirinin azaldığı bölgədə güclərini möhkəmləndirməyə çalışsalar da, iki ölkə arasındakı gərginliyi bir fürsət olaraq görürlər.

Azərbaycanın Qarabağda 30 illik işğala son qoyan antiterror əməliyyatına dünyadan reaksiyalar gəlməkdə davam edir.

Beynəlxalq hüququn Azərbaycan ərazisi kimi tanıdığı əməliyyata reaksiya verən ABŞ və Fransadan bəzi şəxslər Ermənistanın silahlanmasının vacibliyi ilə bağlı bəyanatlar verməkdədirlər.

ABŞ Konqresində Ermənistanla dostluq qrupunda olan Arizona Nümayəndələr Palatasının üzvü Bred Şerman işğalın qarşısını almaq üçün ABŞ-nin Ermənistana müvafiq müdafiə silahları verməsini təklif edib

ABŞ Senatında Şermanın bəyanatlarını dəstəkləyən bəyanatlar səsləndirən Miçiqan senatoru Qari Piters Azərbaycana təhlükəsizlik yardımını qadağan edən qanun layihəsini təqdim edib.

Digər tərəfdən Fransanın müdafiə naziri Sebastien Lekornu Ermənistanın müdafiə ehtiyaclarını araşdırdıqlarını bildirib. Lekornu Franceinfo-ya müsahibəsində bildirib ki, Fransa prezidenti Emmanuel Makron Ermənistanla bağlı vəziyyəti şəxsən izləyir.

Ermənistanı dəstəkləmək üçün hərbi müdaxilə edib-etməyəcəklər sualına Lekornu belə cavab verib: “Prezident Ermənistanı sevən və ya Ermənistanla əlaqələri olan bir çox fransızlar üçün vacib olan bu məsələni şəxsən izləyir”.

Mümkün hərbi müdaxilə sualına gəlincə, Lekornu bunun baş verə biləcəyinə inanmadığını, lakin bu suala cavab vermənin Makrondan asılı olduğunu qeyd edərək “hər halda Ermənistanın özünü müdafiə etməsi ilə bağlı istəklərə nəzər salsaq, əlbəttə ki, bu bizim etdiyimiz bir işdir”, - deyə qeyd edib.

Moskvanın İrəvana təzyiqlərinə baxmayaraq Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçib.

Bu yolla Qərb Ermənistan vasitəsi ilə Rusiyanın həm bölgədən sıxışdırılıb çıxarılmasına, həm də bölgədə mövqelərinin möhkəmlənməsinə çalışır.

İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib

 

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir.

Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərirlər. Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

İlham Əliyev Almaniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

“Biz yaranmış vəziyyətlə bağlı yerlə əlaqə saxlayırıq. Amma həmişə olduğu kimi, soyqırımı və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta əsaslanan prosesə əsaslanır. Mən bu tribunadan bu barədə konkret fikir deyə bilmərəm”.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Qarabağdan çıxan ermənilərin “etnik təmizləməyə” məruz qalması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistana gedib.

“Hazırda bilmirik ki, onların neçə faizi həmişəlik Ermənistanda qalmağı planlaşdırır, onların neçə faizi şərtlər imkan versə, geri qayıtmaq istəyə bilər. Azərbaycan onların yaşaması üçün təhlükəsizliyinə təminat verib”, - o qeyd edib.

Miller BMT-nin Qarabağdakı missiyasını alqışlayıb: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla daha uzunmüddətli missiyanın necə olması barədə işləməyə davam edirik”.

Sülh sazişinin perspektivlərindən danışan Miller bildirib ki, Ermənistan və Azərbaycanı bütün məsələləri həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırırlar.

2022-ci ilin may ayının 28-də Bakıda ilk dəfə keçirilən “TEXNOFEST Azərbaycan” festivalında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə “Akıncı” PUA-sının üzərinə imza atmışdılar.

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar həmin PUA-nın kiçik ölçülü maketini dövlət başçısına hədiyyə edib. 

Həmin görüntüləri təqdim edirik:

Türk Dövlətləri Təşkilatı (TDT) birliyin qurucu razılaşması olan 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, TDT-nin mətbuat xidməti sosial şəbəkədə qeyd edib:

“Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü və bu münasibətlə elan edilən 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!”.

Qeyd edək ki, Naxçıvan Bəyannaməsi 2009-cu il oktyabrın 3-də IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran sənəddir.

Xəbər lenti