Yol-xeber.az" xəbər verir ki,  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi 8 iyul tarixində Rusiya Federasiyasının Tında şəhərində Baykal-Amur Magistralı (BAM) layihəsinin 50 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov, “BAM Birliyi” ictimai təşkilatının prezidenti Yefim Basin və digər MDB ölkələrinin dəmir yolları administrasiyalarının rəhbərləri də iştirak ediblər.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov BAM veteranlarını layihənin həyata vəsiqə qazanmasının 50 illiyi münasibətilə təbrik edib və Ulu Öndər Heydər Əliyevin BAM-ın inşasına verdiyi əvəzsiz töhfələri vurğulayıb. O bildirib ki, Heydər Əliyev layihənin ən çətin mərhələlərinin inşasına rəhbərlik edib və layihənin gedişatında dönüş nöqtəsi yaradıb:

“Nəqliyyat kuratoru olaraq onun rəhbərliyi ilə BAM-ın inşası qısa müddətdə sürətləndirildi, resurslar səmərəli şəkildə təchiz olundu və infrastrukturun inkişafına xüsusi diqqət yetirildi. BAM-ın inşasında Heydər Əliyevin rolu əvəzsizdir və hazırda Anqoya stansiyasının Ulu Öndərin adını daşıması onun misilsiz xidmətlərinə göstərilən diqqətin təzahürüdür”.

Rövşən Rüstəmov azərbaycanlı mütəxəssislərin Ulkan və Anqoya stansiyalarının tikintisində önəmli rolunu qeyd edib:

“Azərbaycanlı mühəndis və işçilər yüksək peşəkarlıq və fədakarlıq göstərərək bu stansiyaların inşasında mühüm rol oynayıblar. Onların əməyi sayəsində bu strateji obyektlərin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb”.

Tədbir çərçivəsində çıxış edən digər qonaqlar da Ümummilli Lider Heydər Əliyevin layihənin inşasında xüsusi xidmətlərini vurğulayıblar.

Daha sonra tədbir iştirakçıları BAM muzeyini, “BAM-ın inşaatçıları” abidəsini, Tında şəhərində yerli mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İxtisasartırma Tədris Mərkəzini ziyarət edib və yeni texnologiyalarla tanış olublar.

Qeyd edək ki, BAM keçmiş SSRİ-nin ən böyük infrastruktur layihələrindən biri olmaqla Baykal gölü ilə Amur çayı arasında dəmir yolu nəqliyyatını təmin edən mühüm strateji layihədir.

Bu magistral şimal bölgəsinin inkişafını sürətləndirmək, iqtisadi əlaqələri gücləndirmək və yeni sənaye mərkəzlərinin yaradılmasını təmin etmək məqsədilə inşa edilib. BAM-ın ümumi uzunluğu təxminən 4324 kilometrdir və bu magistral Baykal gölündən başlayaraq Amur çayının sahillərinə qədər uzanır.

Layihə çərçivəsində 200 stansiya və çoxsaylı körpülər, tunellər tikilib. Layihənin inşasında keçmiş sovet respublikalarından on minlərlə işçi, o cümlədən yüzlərlə azərbaycanlı mütəxəssis iştirak edib

 

 ady-rehberliyi-bam-in-50-illik-yubileyinde





 
AzTV-də bozqurd süjeti: Sizin xoruzunuz..! – VİDEO

UEFA-nın Avstriya ilə oyunda bozqurd işarəsi göstərdiyinə görə Türkiyə yığmasının oyunçusu Merih Demirala iki oyunluq cəza verməsi ciddi müzakirələrə səbəb olub.

UEFA-nın bu qərarı türk dünyasında etirazla qarşılanıb.
Bir çox dövlətlərin bu cür simvolları olduğunu bildirən türkiyəlilər və digər türk milləti nümayəndələri belə bir qərarın verilməsini haqsızlıq və qorxaqlıq adlandırır.

Azərbaycanda da ciddi müzairələrə səbəb olan bu hadisəyə dövlət başçısı səviyyəsində reaksiya verilib. Prezident İlham Əliyev “X” hesabındakı paylaşımı ilə türkiyəli futbolçuya dəstəyini ifadə edib. Merihə qarşı tətbiq edilən cəzanın ədalətsiz olduğunu deyən Azərbaycan lideri bunu qətiyyətlə pisləyib.

Ötən gün isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov efirdə bozqurd işarəsi ilə bağlı təsirli çıxış edib.

Avropa ilə türk dünyasının dəyərlərini müqayisə edən sədr bu cəzanı Avropanın türk dünyasından qorxması ilə əsaslandırıb:

“Nə olub, cənablar, görəsən, niyə türk liderlərinin Şuşada toplanması və məhz Şuşadan verilən bəyanatlar sizi bu qədər narahat edir? Biz ki sülhdən, əməkdaşlıqdan, təhlükəsizlikdən danışırıq. Yəni sizin əsrlərdir deyib, amma etmədiyiniz, üzərində min bir oyun qurduğunuz dəyərlərdən, o zaman niyə narahatsınız? Deməli, məsələnin, yaxud narahatlığın kökü daha dərindir. Nədir? Bax, bu - əli ilə bozqurd işarəsi göstərir.

Bəli, bu gün Avropanı, yaxud bəlli dairələri narahat edən, qorxudan türk dünyasının güclənməsidir. Bu gün Avropa türk dünyasının güclənməsini stimullaşdıran nəinki tədbir, hətta adi işarədən belə qorxur. Bu qorxunu da ən müxtəlif platformalarda nümayiş etdirir. 

Türk futbolçunun bozqurd işrəsini göstərdiyinə görə cəza alması hüquqi baxımdan tamamilə absurd, mənəvi baxımdan isə qorxudan başqa bir şey deyil. Hörmətli UEFA rəsmiləri, indi biz nə edək? Sizin rəmziniz bax, budur (xoruz), bizimki də bu (bozqurd). 

Başqa formada desək, bu sizin dəyərləriniz (kişinin kişi ilə evlənməsi), bu da bizim (şəhid Xudayar Yusifzadə oxuyur, arxadakı əsgər bozqurd işarəsi göstərir). 

Yəni hər kəs öz dəyərləri ilə yaşayır və xoşbəxtdir. Yəni bizim sizin xoruzunuzla işimiz yoxdur, siz də bizim canavara barmaq uzatmayın”, -  deyə o əlavə edib.

Daha ətraflı videoda:

ceyhun-bayramov-abs-ye-getdi

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb.

XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazirin Vaşinqtonda keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Qərbdəki "savaş mafiyası"na sarsıdıcı zərbə vuruldu: Ukraynanın taleyi indi Orban-Tramp sülh planından asılıdır

Macarıstan baş naziri Viktor Orban yalnız ABŞ-ın Bayden administrasiyasını deyil, həm də Rusiyaya sanksiyalar tətbiq edən və Ukrayna savaşının əsas maliyyə yükünü çəkən Avropa Birliyini də oyundan kənar vəziyyətə salmış kimi görünür... Macar baş nazirin Ukrayna savaşını dayandırmaq üçün müstəqil sülh təşəbbüsü ilə çıxış etməsi, bu prosesdə Rusiya-Çin-Trampın ofisi marşrutu ilə fəaliyyət göstərməsi həm Bayden administrasiyasını, həm də Avropa Birliyini olduqca qəzəbləndirib...

Ukrayna savaşı ətrafında yaranmış gərginlik artan xətt üzrə inkişaf edir. Belə ki, son vaxtlar Rusiyanın dərinliklərinə endirilən hərbi zərbələrə cavab olaraq, Kreml Ukrayna önəmli şəhərlərini hədəfə almağa başlayıb. Üstəlik, bu qarşılıqlı zərbələr hər iki tərəfə ağır itkilər hesabına başa gəlir. Və bu baxımdan, Ukrayna savaşında yeni mərhələnin başlandığını da iddia etmək olar.

Ancaq onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının intensivləşməsi həm də sülh prosesinə hazırlığa paralellik təşkil edir. Hər halda, Rusiya prezidenti Vladimir Putin bir müddət öncə Ukraynanın rəsmi dairələri ilə sülh danışıqlarına hazır olduğunun açıq mesajını vermişdi. Üstəlik, Kreml sahibi Rusiyanın sülh şərtlərini də ümumi şəkildə gündəmə gətirmişdi. Və rəsmi Kiyev verdiyi ilkin reaksiya ilə sülh müzakirələrinə qarşı çıxmadığını dolayısı da olsa, sezdirmişdi.

Təbii ki, bütün bunlar Ukrayna savaşının davam etməsində maralı olan bəzi Qərb siyasi dairələrində ciddi narahatlığa yol açmışdı. Belə ki, sonrakı mərhələdə Ukrayna savaşının intensivləşməsi də Qərbdəki narahatlığın təzahürü sayıla bilər. Hər halda, Qərbdən gələn qeyri-rəsmi təlimatlarla Ukrayna ordusunun Rusiyanın dərinliklərinə zərbələri daha intensiv xarakter aldı.

Hətta adının çəkilməsini istəməyən bəzi Ukrayna rəsmiləri də Rusiyanın dərinliklərinə zərbələrin Qərbdən sifariş olunduğu etiraf etməyə başladılar. Bu, beynəlxalq savaş qruplaşmasının dərhal hərəkətə keçib, sülh cəhdlərini boşa çıxartmağa çalışdığını göstərir. Son vaxtlar isə Qərb siyasi dairələri Rusiya hava hücumundan müdafiə sistemlərinin vacib olduğunu daha tez-tez vurğulayırlar. Və bunu Ukraynaya veriləcək "F-16" döyüş təyyarələrini qorumaq məqsədi ilə izah edirlər.

Göründüyü kimi, Ukrayna savaşının sona çatmasına əngəl törədən beynəlxalq güclər artıq fəaliyyətə keçiblər. Eyni zamanda, Ukrayna savaşının ən qısa müddətdə dayandırılmasında maraqlı olan beynəlxalq dairələr də fəaliyyətdədir. Belə ki, hazırda intensiv sülh təşəbbüsləri də ön plana keçməyə başlayıb. Və bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşı ətrafında həm də müharibə tərəfdarları ilə sülhə can atanlar arasında da kəskin qarşıdurma mövcuddur.

Maraqlıdır ki, hazırda Ukrayna savaşının dayandırılması prosesinə ABŞ prezidentliyinə namizəd Donald Trampın liderlik etdiyi barədə müəyyən mülahizələr mövcuddur. Ağ Evin keçmiş sahibi Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, Ukrayna savaşını ən qısa zamanda dayandıracağını vəd edib. Üstəlik, seçkilərdə qalib gələrsə, müharibənin sona çatdırılması üçün prezident səlahiyyətlərinin icrasına başlamağı gözləmək niyyətində olmadığını da vurğulamışdı.

Keçmiş prezidentin sülh planı Rusiyanın siyasi qüruruna hörmət modeli üzərində qurulub. Çünki o, eyham vurub ki, Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalma ehtimalı istisna deyil. Rəsmi Kiyev buna razı olmasa da, Rusiya tamamilə məmnundur. Üstəlik, ABŞ-ın keçmiş prezidenti Ukrayna lideri Volodimir Zelenskinin sülh planını bütövlükdə açıqlamaq çağırışlarına müəmmalı şəkildə reaksiya verməkdən yayınır. Və bu, Donald Trampın rəsmi Kiyevin mövqeyinə, eləcə də, Ukraynanın maraqlarına əhəmiyyət verməyə həvəsli olmaması kimi də yozulur.

Digər tərəfdən, Donald Trampın sülh təşəbbüsünün artıq dərinləşməyə başladığı da müşahidə olunur. Belə ki, Kremlin hazırda Donald Trampla qeyri-rəsmi, səhnəarxası təmaslara başladığı barədə kifayət qədər ciddi məlumatlar mövcuddur. Hətta prezident Vladimir Putinin rus naziri Rusiyanı qane edən sülh şərtlərinin olduğu məxfi paketlə Donald Trampın yanına göndərdiyi bildirilir. Və bu, o deməkdir ki, hazırda Ukrayna savaşının dayandırılması ilə bağlı proses həm başlayıb, həm də Donald Tramp tərəfindən koordinasiya edilir.

Bunu qeyri-rəsmi şəkildə təsdiqləyən daha bir önəmli məqam da mövcuddur. Belə ki, Macarıstan Avropa Birliyinin Ukrayna savaşını maliyyələşdirilməsinə və Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxan azsaylı dövlətlərin sırasına daxildir. Macarıstanın baş naziri Viktor Orban isə bir müddət öncə ABŞ-a səfər etmişdi.

Ancaq baş nazir Viktor Orban Bayden administrasiyasının təmsilçiləri ilə görüşməyə ehtiyac duymamışdı. Macarıstan baş nazirinin ABŞ-da yalnız Donald Tramp ilə görüşüb, geri dönməsi isə təkcə Ağ Evdə deyil, Avropa Birliyi daxilində də ciddi çaşqınlıq yaratmışdı. Və indi bunun bəzi səbəbləri artıq müşahidə olunmağa başlayıb.

Məsələ ondadır ki, Macarıstan baş naziri Viktor Orban hazırda Donald Tramp tərəfindən koordinasiya olunan sülh prosesinin əsas aparıcı siması rolunda çıxış edir. Hər halda, macar baş nazirin əvvəlcə Rusiyaya, ardınca isə Çinə səfəri qətiyyən təsadüf deyil və Qərbdə böyük qıcıqla qarşılanıb. Kremldə baş nazir Viktor Orbanı çox diqqətlə dinləyərək, məmnun əhval-ruhiyyədə yola salıblar. Çində isə macar baş nazirin gözlənilməz səfərindən çaşqınlıq keçirilsə də, böyük hörmətlə qarşılanıb. Və baş nazir Viktor Orbanın Çin lideri ilə Ukrayna savaşının Rusiyanın da etiraz etmədiyi dayandırma planını müzakirə etdiyi iddia olunur.

Bəzi məlumatlara görə, Macarıstan baş naziri Viktor Orban Çindən sonra ABŞ-a səfər etmək niyyətindədir. Onun ABŞ prezidentliyinə namizəd və seçkilərdə qələbə şansı yüksək olan Donald Trampla növbəti dəfə görüşəcəyi bildirilir. Və böyük ehtimalla ABŞ-ın gələcək prezidenti ilə Ukrayna savaşının dayandırılması prosesində edilən cəhdlərin nəticələri müzakirə oluncaq.

Belə anlaşılır ki, hazırda Macarıstan baş naziri Viktor Orban Ukrayna savaşının dayandırılması prosesində əsas rəsmi təşəbbüskar rolunda çıxış edir. Bayden administrasiyası ilə anlaşma mümkün olmasa da, macar baş nazir ABŞ-ın gələcək prezidenti ilə ortaq fəaliyyətə nail olub. Bu isə o deməkdir ki, Donald Tramp və Viktor Orban ortaqlığı əslində, ABŞ-ın Bayden administrasiyasını oyundankənar vəziyyətə salıb. İndi bir qədər suallar doğurmuş olsa da, bir neçə aydan sonra Donald Tramp hakimiyyətə gələrsə, macar baş nazirin sülh prosesindəki bu uğuru həlledici faktora da çevrilə bilər.

Eyni zamanda, Macarıstan baş naziri Viktor Orban yalnız ABŞ-ın Bayden administrasiyasını deyil, həm də Rusiyaya sanksiyalar tətbiq edən və Ukrayna savaşının əsas maliyyə yükünü çəkən Avropa Birliyini də oyundan kənar vəziyyətə salmış kimi görünür. Hər halda, baş nazir Viktor Orban öz sülh təşəbbüsündə hazırda Macarıstanın sədrlik etdiyi Avropa Birliyini təmsil etmir. Baş nazir Viktor Orban yalnız Macarıstan adından çıxış edir. Və onun Ukrayna savaşının dayandırılması istiqamətində sülh təşəbbüsləri ilə həm Ağ Evi, həm də Avropa Birliyini kənara itələməyi bacarması Qərbdə yalnız narahatlıq deyil, üstəlik böyük qəzəb də doğurub.(Yeni Müsavat)

Qarabağdan dünyaya verilən türk birliyi mesajı - AKTUAL

“Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşününü keçirilməsi və Qarabağ bəyannaməsinin imzalanması mühüm tarixi əhəmiyyətə malikdir. Bu toplantı və imzalanan sənəd türk birliyi tərəfindən dünyaya azad Qarabağdan verilən mesajdır”.

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, olayın özəlliyi toplantının 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsidir:

“Qarabağ, Şuşa 30 il işğalçı Ermənistanın işğalı altında qalmışdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında əsasən azərbaycanlıların yaşadığı kənd və qəsəbələr, şəhərlər Ermənistan tərəifndən darmadağın edilmişdi.

2020-ci ildə baş vermis və 44 gündə böyük zəfərlə başa çatmış Vətən müharibəsində Azərbaycan ordusu əziz şəhidlərimizin qanı bahasına, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etdi. Son 4 ildə Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradıb. Cəmi 4 il öncə xarabazara qalmış azad Qarabağ bu gün dirçəlir, əzəli və əbədi sakinlərini qəbul edir. Azərbaycan öz gücünə ədalətsiz dünyanın gözü qarşısında tar-mar edilmiş bir bölgəni bərpa edir. Qarabağda böyük tikinti quruculuq, bərpa işləri həyata keçirilir. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi qardaş və müttəfiq dövlətlərin erməni işğalının fəsadları, Ermənistanın ekoloji terroru ülə üz-üzə qalmış və bu zərəri təkbaşına aradan qaldıran Azərbaycana mənəvi dəstəyin ifadəsidir. Bu, azad Qarabağda əhalinin normal və təhlükəsiz həyatına təminatın yaradıl¬masının beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir”.

QHT sədri hesab edir ki, bu cür beynəlxalq miqyaslı tədbirlər yaxın pers-pektivdə Azərbaycanın Qarabağ iqtisadi rayonuna həm siyasi, həm də iqtisadi di¬videndlər vəd edir.

Elman Cəfərli deyib ki, Türk Dövlətləri Təşkilatının artıq nüfuzli bir birliyə çevrilib:

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ilə yanaşı Macarıstanın Baş naziri Viktor Orban və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın da qatılması qurumun nüfuzlu beynəlxalq platformaya çevrildiyini göstərir. Belə bir nüfuzlu toplantının Şuşada – Türk dünyasının mədəniyyət paytaxtında keçirilməsi isə Türk coğrafi¬yasında inteqrasiyanın dərinləşməsinə, qardaşlıq bağlarının daha da möhkəm-lənməsinə təkan verəcək”.

Prezident onlara diplomatik rütbə verdi - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:

fövqəladə və səlahiyyətli səfir

Əskərov Əlimirzamin Qəvvam oğlu

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Atamoğlanov Ağalar Rahim oğlu

Quliyev Faiq Maqbet oğlu

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Hacızadə Ayxan Elxan oğlu

Musayev Azər Samiddin oğlu

Yaqubova Aysel Şakir qızı.

Qusara yeni icra başçısı təyin edildi

Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yol-xeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Beyləqana yeni icra başçısı təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Beyləqan rayonuna yeni icra başçısı təyin edilib.

Bu posta dövlət başçısı Əziz Əzizovu təyin edib.

Prezidentin imzaladığı digər sənədə əsasən, Ə.Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Adil Əliyev İcra başçısı təyin edildi - SƏRƏNCAM

Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.

Bakı-Tehran münasibətlərində yeni dönəm... - Rəisidən sonrakı mərhələ

İranda milliyətcə Azərbaycan türkü olan Məsud Pezeşkianın prezident seçilməsindən sonra rəsmi Tehranın xarici siyasətində gözlənilən dəyişikliklər müzakirə mövzusudur.

Bu baxımdan, İranın qarşıdakı dörd ildə Cənubi Qafqaz siyasəti, xüsuiylə də Azərbaycanla münasibətlərinin perspektivi maraq doğurur.

Qeyd edək ki, İran-Azərbaycan münasibətləri mərhum prezident Seyid İbrahim Rəisinin başçılıq etdiyi mühafizəkar komandanın hökumət başına gəlməsindən sonra daha gərgin olub.

Rəisidən əvvəl islahatçı Həsən Ruhani kabinetinin vaxtında iki ölkə arasında artmaqda olan əməkdaşlıq 2021-ci ildən etibarən Azərbaycana qarşı hərbi təhdidlərlə əvəz olunub. Buna səbəb İranın İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etmək istəməməsi ilə bağlıdır.

Rəsmi Tehran Azərbaycanın öz tarixi sərhədlərini bərpa etməsinə qarşı çıxır, hətta Zəngəzur dəhlizinin açılmasını özü üçün yol verilməz “qırmızı xətt”i hesab edir.

2023-ci il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı da bu baxımdan, İranla münasibətlərin böhran həddinə çatması demək idi. Seçkidə məğlub olan mühafizəkarlar hökumət kabinetini tərk etsə də, hakimiyyət strukturlarında böyük təsirə malik olan İslam İnqilabı Keşikçiləri

Korpusunun da daxil olduğu sərt xətt tərəfdarları Azərbaycanın bölgədə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsilə barışa bilmir.

İran rejimi Zəngəzur dəhlizinin açılacağı təqdirdə, Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi təsirinin artacağından narahatdır. Bölgədə Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatının milli əsaslara söykənən regional gücə çevrilməsini 35 milyona yaxın Azərbaycan türkünün yaşadığı İran özünün ərazi bütövlüyü üçün təhlükə hesab edir. Ona görə də Prezident Pezeşkianın Türkiyə və türk dövlətləri ilə münasibətləri necə quracağı aktual suallardan birinə çevrilib.

İran-Azərbaycan münasibətlərindəki mövcud gərginliyin aradan qalxması Məsud Pezişkianın başçılıq etdiyi islahatçı hökumətin Azərbaycanla normallaşma yaratmaq səylərindən çox asılıdır. Yəni Pezeşkianın seçilməsi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələnin əsasını qoya bilər.

Bu heç də Pezişkianın azərbaycanlı olması ilə bağlı deyil. Beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit “hub”ına çevrilən Azərbaycanın regionda rolunun artması İrana da kifayət qədər iqtisadi fayda gətirə bilər.

Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən istifadə etməklə İran hakimiyyəti ölkədəki sosial-iqtisadi böhranı aradan qaldırmaq üçün güclü maliyyə mənbələrinə çıxış imkanı qazanmış olar. Bu mənada, Pezeşkian hökumətinin Zəngəzur dəhlizinin açılması məsələsində sərgiləyəcəyi mövqe xüsusi əhəmiyyət kəsb edir.

İbrahim Rəisi dövründən fərqli olaraq, Pezeşkianın Azərbaycanla münasibətləri yumşaldacağına dair ehtimallar çox yüksəkdir. Lakin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlaması hakim düşərgədə Azərbaycan və türk dünyası ilə yaxınlaşmaya müqavimət göstərildiyini deməyə əsas verir.

Qeyd edək ki, Sübhani seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, İranın prinsial mövqeyinin dəyişməcəyini, Ermənistanın dostu olaraq qalacağını deyib. Bu isə Pezeşkianın İran istiblişmentində Azərbaycana düşmənçilik bəsləyən dairələrin ciddi müqaviməti ilə üzləşəcəyindən xəbər verir. Lakin bütün hallarda İran-Azərbaycan münasibətlərinin normallaşması üçün yeni siyasi şərait yaranacaq.

Buna baxmayaraq, Zəngəzur dəhlizinin açılması kimi strateji məsələlərdə İran Prezidentinin ölkənin mövqeyini dəyişmək ixtiyarı yoxdur. Belə məsələlərdə bütün səlahiyyətlər Zəngəzur dəhlizini İranın maraqlarına zidd, yəni “qırmızı xətt”i adlandıran ali rəhbər Ayətullah Seyid Əli Xameneyiyə məxsusdur.

İran Konstitusiyasının 110-cu maddəsinə görə dövlətin ümumi siyasətinin məqsəduyğunluğunun müəyyən edilməsi və onun düzgün icrasına nəzarət ali rəhbərə məxsusdur. Əgər prezident buna qarşı çıxarsa, impiçment edilə bilər. Yəni İran Konstitusiyası ali rəhbərə Prezidentin qanuni səlahiyyətlərini pozması ilə bağlı Ali Məhkəmənin rəyinə əsasən ölkənin maraqlarını nəzərə alaraq hakimiyyətdən kənarlaşdırılmaq hüququ verir.

İran Konstitusiyasının 89-cu maddəsində isə qeyd edilir ki, İslam Şurası Məclisinin, yəni parlamentdəki deputatların üçdə ikisi Prezidentin öz vəzifəsinə uyğun olmaması barədə qərar qəbul edərək ona etimadsızlıq göstərilməsi üçün ali rəhbərə müraciət edə bilər.

Yəni İranın dövlət siyasətini müəyyən etmək səlahiyyəti Ayətullah Xameneyiyə verildiyinə görə yeni təşəbbüslərlə çıxış etmək Məsud Pezeşkian üçün asan olmayacaq.

Müşfiq Abdulla
“Cebhe.info”

Xəbər lenti