Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördüncü ildönümü - Zəfər Günü qeyd olunur.

Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.

Zəfərin mübarək, Azərbaycan!

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanlayıb

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən spiker Sahibə Qafarova 8 noyabr Şuşanın azad olması və Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlamasını təklif edib.

Təklif deputatlar tərəfindən yekdilliklə qəbul edilib.

Təbrik məktubunda Prezident və Birinci vitse-spikerə Azərbaycanın gələcək inkişafı istiqamətindəki fəaliyyətində uğurlara imza atılması əksini tapıb.

Prezident Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Donald Trampı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

İlham Əliyev Orbanın təltifolunma mərasimində iştirak etdi

Macarıstanın Baş naziri Viktor Orban Türk Dünyasının Ali Ordeni ilə təltif olunub.

Azərbaycan Prezidenti İlham Əliyev təltifolunma mərasimində iştirak edib.

Prezident: Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur

Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.

Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

“Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər

Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Azərbaycanın yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlət başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB-2

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.

Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10:47
Qırğızıstanın paytaxtı Bişkekdə noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

***

Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb

Xəbər lenti