Prezident və xanımı Bakı Olimpiya Stadionunda...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir

2020-ci il noyabrın 2-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz yeddinci günü.

Xatırladaq ki, döyüş əməliyyatları cəbhənin, əsasən, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edir. Bölmələrimiz Zəngilanda əlverişli yüksəkliyi ələ keçirmək məqsədilə hücum edən Ermənistanın hərbi qruplaşmalarını vaxtında aşkarlayaraq geri çəkilməyə məcbur edirlər.

Həmçinin, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi ilə yanaşı, dörd ədəd "BM-21" "Qrad" qurğusu, 10 ədəd müxtəlif tipli topu, üç ədəd sursatla dolu yük maşını və beş ədəd digər avtomobil texnikası sıradan çıxarılır.

Habelə, Tərtərin Çardaqlı kəndi istiqamətində bir ədəd "Kub" zenit-raket kompleksi məhv edilir. Bununla yanaşı, mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin "Su-25" döyüş təyyarəsi də bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulur. O cümlədən, qondarma rejimin "müdafiə naziri"nin müavini Artur Sarkisyan döyüşlərdə ordumuz tərəfindən öldürülür.

Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqelərini atəşə tuturlar. Lakin Ermənistanın müharibə cinayətlərinin cavabını ordumuz yenə də döyüş meydanında verir.

Beləliklə, Prezident İlham Əliyev özünün "X" səhifəsində gözlənilən müjdəni xalqa çatdırır:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bir sözlə, müharibənin 37-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.//Oxu.az

Prezident yeni icra başçısı təyin etdi

Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 7-də Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı bir daha başsağlığı verdi və bununla əlaqədar İspaniya Hökumətinin Sədri Pedro Sançezə məktub göndərdiyini qeyd etdi.

Səfir başsağlığına və məktuba görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

O, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin və sədrliyinin, həmçinin ölkəmizin iqlim dəyişmələri prosesindəki mübarizəyə töhfə vermək əzminin yüksək qiymətləndirildiyini vurğuladı, bu tədbirin Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.

Kristina Latore Sanço bildirdi ki, İspaniya Hökumətinin Sədri COP-un təşkilində Azərbaycan Prezidentinin şəxsi təşəbbüsünü yüksək qiymətləndirir. Səfir iqlim dəyişmələri ilə bağlı mübarizə işində dövlətimizin başçısının fəaliyyətini qeyd edərək, ümumilikdə COP29 kimi mühüm tədbirin təşkilinə görə Azərbaycan tərəfinə və şəxsən dövlətimizin başçısına İspaniya Hökuməti adından minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev COP29-un keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az vaxtın olmasına baxmayaraq bütün işlərin yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan tərəfinin böyük səy göstərdiyini dedi.

Dövlətimizin başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək, qeyd etdi ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olundu.

Azərbaycanın füsunkar ölkə və Bakının çox gözəl şəhər olduğunu deyən səfir ölkəmizdən xoş təəssürat aldığını bildirdi.

Görüşdə Azərbaycanla İspaniya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi, bu xüsusda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupunun yaradılması məsələsi qeyd olundu. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, energetika və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulandı. Orta Dəhlizin İspaniya şirkətlərinin region ölkələri ilə əlaqələrinin inkişafı üçün əlverişli perspektivlər açdığı qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Somalinin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək, vurğuladı ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

Səfir əməkdaşlığımızın gündən-günə möhkəmlənləndiyini qeyd etdi. O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını dedi və bu ənənələrin davam etdirilməsində maraqlı olduqlarını vurğuladı.

Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə toxunuldu, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.

***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Somalinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir. Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə etmişdir.

Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”

“Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. Mötəbər axtarış sistemi “Google Scholar”a görə, daş kömür, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə - Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə - 37.55 qiqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir”.

Bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür:

“Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik”.

Zahid Oruc əlavə edib ki, dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng mediaların əli ilə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar:

“Biz COP29 və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük. Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər.

Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib. Qoy, Qərb dövlətləri də bizə xalis sıfır texnologiyalı məhsulları satsınlar. Embarqo və sanksiyalarla dünyada yaşıl terror siyasəti aparan ölkələr günəş panellərini və külək turbinlərini ucuz qiymətə istehsal edən ölkələrin qarşısında ticarət baryerləri yaratmasınlar. Unutmayaq ki, 29 il əvvəl - 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum eməyə, Yaşıl Azərbaycan kursundan çəkindirməyə çalışanlar bütün Yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı Qarabağ hadisələri də ekoloji mənbədən - Topxana meşəsindən alovlanmışdı və elə orada da söndürüldü. Biz zori balayanların düşmənçilik ocağını qayıdış və varlıq işığı ilə əvəz edirik.

Biz azad torpaqlarda Yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun. İqlim Sammitini Sülh Zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir!”

TƏCİLİ! Əli Əsədov MÜHÜM QƏRAR imzaladı

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, bu qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.

İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 % və 15 % rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.

Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki...

Bugünkü mürəkkəb və qütbləşməyə məcbur edilən geosiyasi şəraitdə Azərbaycan müstəqil xarici siyasət aparır, strateji əhəmiyyətini artırır, regionun sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf mərkəzinə çevrilir. COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın beynəlxalq arenada qazandığı məhz by güclü mövqeyinin və ona olan hörmətin parlaq göstəricisidir.

Son dövrlərdə Azərbaycana qarşı hibrid hücumların artmasının formal səbəbi COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Bu tədbir zamanı dünyanın diqqəti Azərbaycana yönələcək, və onlar güman edirlər ki, belə bir həssas məqamda Azərbaycan hansısa təzyiqə boyun əyəcək.

Cənab Prezident İlham Əliyev hələ Milli Məclisin ilk iclasında dünyadakı ədalətsizliklər haqqında danışdı, qarşıda bizi gözləyən təxribatlara diqqət çəkdi. Cənab Prezident Cəbrayılda da xalqımızın iradəsinə və dövlətimizin suverenliyinə qarşı yönəlmiş hər hansı ittiahamlara qarşı sərt xəbərdarlıq etdi. Böyük Qurtuluşdan bu günə qədər biz heç bir zaman təzyiqlərə boyun əyməmişik. Biz siyasətimizin və suverenliyimizin müstəqilliyini həmişə qorumuşuq, bu gün də qoruyuruq.

Bizə qarşı artan hibrid hücumlar əslində Azərbaycana qarşı uzun müddətdir sistemli şəkildə davam edən təzyiqlərin davamıdır. ABŞ Konqresinin bəzi üzvlərinin Dövlət katibinə müraciətləri, AŞPA-da Azərbaycansız Azərbaycanla bağlı müzakirələr, Avropa Parlamentindəki dünənəki cəhd, daxildə radikal ünsürlərin aktivləşməsi, beynəlxalq təşkilatların saxta hesabatların və qərb mediasında yayılan dezinformasiyaların hədəfi birdir, məzmunu eynidir. Bizim xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı yaratdığımız komissiyanın təşkil etdiyi ictimai müzakirələr də göstərdi ki, bütün bu fəaliyyətlər əlaqələndirilmiş şəkildə aparılır.

COP.jpg (112 KB)

Bizə qarşı edilən bu hücumların əsl səbəbi Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqdır. Biz regionda münaqişə istəməyən bir xalq olaraq, sülh və sabitlik yolunu seçdik. Biz münaqişə meydanı olmaqdan imtina etdik və bu, bəzi dövlətlərin maraqlarına toxundu.

Biz anlayırıq ki, bu təzyiqlər həm də enerji və nəqliyyat sahəsindəki rəqabətlə bağlıdır.  Enerji resursları ilə bağlı müstəqil siyasətimiz, bərpa olunan enerji sahəsində böyük uğurlarımız və Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat dəhlizlərimiz ölkəmizi əvəzolunmaz tərəfdaşa çevirir. Səbəblərdən bəlkə də ən mühümü budur. Ancaq biz bu işləri tamamilə müstəqil və qarşılıqlı maraqlar əsasında həyata keçiririk. Onlar kimi başqa dövlətlərin daxili işlərinə qarşımırıq, onlara hörmətlə yanaşırıq. Halbuki, qarışmağa da kifayət qədər əsasımız və gücümüz var.

Bir halda ki, bizə qarşı hücumların intensivləşməsinin formal səbəbi COP29-dur, qoy düşmənlərimiz bilsinlər ki, COP29-a hazırlıqlar ən yüksək səviyyədə təmin edilib, həm substantiv, həm də təşkilati məsələlərin həlli həyata keçirilib, müyəssərlik üzrə ətraflı yoxlamalar aparılıb, təlimlər təşkil olunub.

Eyni zamanda anlasınlar ki, COP29 bizdən çox region üçün, həm də dünyanın gələcəyi üçün vacibdir. Dünya Bankı iqlim dəyişikliyi ilə bağlı 2050-ci ilə qədər yalnız Sub-Sahara Afrikası, Cənubi Asiya və Latın Amerikası regionlarında 143 milyona qədər daxili miqrantın ola biləcəyini proqnozlaşdırır. Bu miqrasiya əsasən dəniz səviyyəsinin qalxması, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması və ekstremal hava şəraiti kimi səbəblərlə əlaqələndirilir. Beləliklə, 2050-ci ilə qədər qlobal miqrant sayının milyonlarla insanı əhatə edəcəyi gözlənilir, bu isə iqlim dəyişikliyi ilə mübarizənin, adaptasiya strategiyalarının və beynəlxalq əməkdaşlığın daha da vacib olacağını göstərir.

Bütün bu proqnozların fonunda COP29-dan sui-istifadə edərək Azərbaycana qarşı edilən hibrid hücumlar göstərir ki, bəzi dövlətlər üçün geosiyasi mənfəətlər milyonlarla insanın sağlamlığından və təhlükəsizliyindən daha vacibdir.

Sözün düzü, həm Qarabağın işğal müddəti və COVİD-19 pandemiyası zamanı zəngin dövlətlər tərəfindən həyata keçirilən qeyri-insani yanaşmadan – peyvənd millətçiliyindən sonra bu cəhdlər bizə təəccüblü deyil. O vaxt da peyvənd millətçiliyi baş verərkən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı qlobal səyləri birləşdirərək peyvəndlərin ədalətli paylanmasına nail olmaq üçün mübarizə aparmışdı.

Qoşulmama Hərəkatının bəzi zəngin ölkələrin yürüdülən "peyvənd millətçiliyi"nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi, bu təşkilatın koronavirusla mübarizədə liderliyini göstərdi.

COP29 zamanı da Azərbaycan liderliyi öz üzərinə götürərək, bu beynəlxalq tədbirdə müzakirə ediləcək məsələlər təkcə ekoloji problemlərin həlli ilə məhdudlaşmayacaq, eyni zamanda regionun inkişafına və iqtisadi sabitliyinə mühüm töhfələr verəcək.

Yekunda bir məsələyə də diqqət çəkmək istəyirəm. Hibrid hücumların təşkilatçıları, çox yaxşı bilirlər ki, bu əsassız hücumlar Azərbaycan xalqının iradəsinə və Prezidentlə birliyinə heç bir təsiri olmayacaq. Onlar bunu bilsələr də, bu hücumları bir neçə məqsəd üçün həyata keçirirlər.

Birincisi bu hücumların əsas məqsədi, Azərbaycan ictimaiyyətindən çox, beynəlxalq ictimaiyyətin, xüsusilə qərb ölkələrinin və təşkilatlarının gözündə Azərbaycanın imicini zərər vurmaqdır. Çünki süni formada yaradılan uğurlu mənfi rəy bir ölkənin iqtisadi əlaqələrinə mənfi təsir göstərə bilər. Hibrid hücumların arxasında duran qüvvələr, Azərbaycanın beynəlxalq aləmdə güclənməsinin qarşısını almaq istəyir və bunu imicə zərbə vuraraq reallaşdırmağa çalışırlar.

Hibrid hücumlar tez-tez Azərbaycanın iqtisadi və siyasi manevrlərini məhdudlaşdırmaq üçün istifadə olunur. Məsələn, enerji resurslarına dair mühüm qərarlar qəbul etmədən əvvəl, belə hücumlar ölkənin mövqeyini zəiflətmək, Qərbdəki investorlar və tərəfdaşlar arasında etibarsızlıq yaratmaq cəhdi daşıyır. Bu hücumlar, əslində, ölkəyə iqtisadi və siyasi fəaliyyətində daha ehtiyatlı davranmağa məcbur etmək və strateji üstünlük qazanmaq üçün bir cəhdir.

Üçüncüsü Azərbaycanın regiondakı güclənən rolu və xüsusilə enerji sahəsindəki strateji mövqeyi, bəzi dövlətləri və qüvvələri narahat edir. Bu hibrid hücumlar vasitəsilə Azərbaycanı zəiflətmək və regional balansı dəyişdirmək niyyəti güdülür. İstər Qərbdən, istərsə də regiondakı digər güclərdən gələn bu təzyiqlər, Azərbaycanın Cənubi Qafqazda və onun hüdudlarından kənarda təsir dairəsini məhdudlaşdırmağa hədəflənib.

Bəzən belə hücumlar, yalnız Azərbaycana qarşı deyil, həm də həmin hücumların təşkilatçıları olan qüvvələrin öz daxili auditoriyalarına, xüsusilə seçki prosesi zamanı elektrotata və digər müttəfiqlərinə mesaj göndərmək məqsədi daşıyır. Bu şəkildə, həmin qüvvələr özlərinin insan hüquqları, demokratiya, ətraf mühit və s. kimi dəyərlərini “qoruduqlarını” nümayiş etdirmək istəyirlər.

Nəticə etibarilə, hibrid hücumların məqsədi Azərbaycan ictimaiyyətinə təsir etməkdən daha çox, ölkənin beynəlxalq mövqeyini və xarici siyasətini zəiflətmək, onun müstəqil hərəkət qabiliyyətinə təzyiq göstərmək və qlobal balansda üstünlük qazanmaq cəhdidir.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və prinsipial rəhbərliyi altında ölkəmiz bizə qarşı yönələn hibrid hücumlara layiqli və təsirli cavablar verir. Prezidentin uzaqgörən siyasəti, dərin siyasi təcrübəsi sayəsində Azərbaycan öz milli maraqlarını, iqtisadi müstəqilliyini və suverenliyini qətiyyətlə qoruyur. İlham Əliyevin rəhbərliyi ilə atılan strateji addımlar və güclü diplomatik manevrlər ölkəmizə qarşı həyata keçirilən təzyiq və təxribatlara anında adekvat cavab verilməsini təmin edir. Bu təxribatlar Azərbaycanın müstəqil siyasətinə, iqtisadi gücünə heç bir təsir göstərə bilməz və göstərə bilməyəcək.

Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, regionda liderliyi Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara söykənən siyasətinin birbaşa nəticəsidir. Azərbaycanın müstəqilliyi, iqtisadi inkişafı və qlobal miqyasda güclənməsi isə geri dönməzdir.

KAMAL SON.jpeg (60 KB)

Kamal Cəfərov, 
Milli Məclisin deputatı

Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılan abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına paytaxtda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.

Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar, həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti