İlham Əliyev Xocalı hava limanında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı hava limanında olub.

Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfəri başlayıbrn 

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, o, iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan lideri Astanada “ŞƏT plyus” formatında görüşdə iştirak edir

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

İlham Əliyev Cozef Baydeni təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk.

Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq.

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 İlham Əliyev Astanada “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak edir - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.

Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.

Ölkə.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.

Yol-xeber.az" xəbər verir ki,  Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında

BİRGƏ BƏYANNAMƏ

Azərbaycan Respublikası və Çin Xalq Respublikası (bundan sonra “Tərəflər” adlanır) yekdilliklə hesab edirlər ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib.

Tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.

1.0 Tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.

1.1 Tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

1.2 Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.

1.3 Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar.

1.4 Tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar.

1.5 Tərəflər Azərbaycan və Çinin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyini vurğulayırlar. Tərəflər Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər.

1.6 Tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi və inkişafında Azərbaycan və Çin qanunverici orqanları arasında əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Tərəflər bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasını vurğulayırlar.

1.7 Tərəflər iki ölkənin hökumətləri arasında kommunikasiya və fikir mübadiləsi mexanizmlərini aktivləşdirməyə, inkişaf məsələlərinə dair siyasi dialoqu gücləndirməyə ehtiyac olduğunu hesab edirlər.

1.8 Tərəflər hüquqi sahədə bərabərlik, qarşılıqlı fayda və hörmətə əsaslanan əməkdaşlığı gücləndirməyə və təcrübə mübadiləsini həyata keçirməyə hazır olduqlarını təsdiqləyirlər.

1.9 Tərəflər, tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə xələl gətirən hər hansı bir hərəkətdən çəkinirlər.

1.10 Tərəflər qarşılıqlı razılıq əsasında müntəzəm olaraq hər iki ölkənin xarici işlər nazirlikləri vasitəsilə siyasi məsləhətləşmələr aparırlar.

2.0 Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.

2.1 Azərbaycan və Çin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək, baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, yaşıl enerji və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcək, bazar iqtisadiyyatı prinsipi əsasında iki ölkə arasında əməkdaşlığı reallaşdıracaq və hər iki ölkə və onların xalqları üçün faydalı nəticələr əldə edəcəklər.

2.2 Tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır. Azərbaycan Çinin aparıcı şirkətlərinin ADEX beynəlxalq hərbi sərgisində və Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirakını alqışlayır. Çin Azərbaycanın tematik təqdimatlar keçirməsini və Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar, eləcə də Çin elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını dəstəkləyir.

2.3 Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər.

2.4 Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.

2.5 Tərəflər intellektual nəqliyyat sistemlərinin texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafına, habelə beynəlxalq nəqliyyat marşrutlarının fasiləsiz və tammiqyaslı fəaliyyəti üçün texniki-iqtisadi şəraitin təmin edilməsinə istiqamətlənirlər.

2.6 Tərəflər Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılmasını dəstəkləyirlər. Tərəflər həmçinin öz müəssisələrinin Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakını dəstəkləyirlər. Çin Azərbaycan və Çin arasında neft və qaz, neft-kimya, eləcə də yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır. Tərəflər iki ölkənin müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, iki ölkənin əməkdaşlıq layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazır olduqlarını bildirirlər.

2.7 Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.

2.8 Çin tərəfi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunu dəstəkləyir. Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən “yaşıl” enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerji daşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqlarını bildirirlər.

3.0 Tərəflər ticarət-iqtisadi sahədə hüquqi bazanın təkmilləşdirilməsini müzakirə etməyə, ticarət və investisiya prosedurlarının liberallaşdırılması və sadələşdirilməsi üçün institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa hazır olduqlarını bildirirlər. Tərəflər ÜTT-nin himayəsi altında çoxtərəfli ticarət sisteminə güclü dəstəyi təsdiqləyirlər. Çin tərəfi Azərbaycanın beynəlxalq çoxtərəfli ticarət sisteminin inkişafı və əməkdaşlığında fəal iştirakını, eləcə də Azərbaycanın ÜTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir.

3.1 Tərəflər regionlar arasında əlaqələrin genişləndirilməsini, həmçinin media və informasiya mübadiləsi sahəsində əməkdaşlığı dəstəkləyirlər.

3.2 Tərəflər elm və texnologiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın tərəqqisini fəal şəkildə təşviq etməyə hazır olduqlarını bildirirlər.

3.3 Tərəflər hesab edirlər ki, təhsil sahəsində əməkdaşlıq sabit şəkildə inkişaf edir. Tərəflər təhsil sahəsində əməkdaşlıq haqqında saziş və təhsil sənədlərinin və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında saziş çərçivəsində kadr və dil mübadiləsini, eləcə də universitetlər arasında qarşılıqlı əlaqəni həyata keçirirlər. Tərəflər ali təhsil müəssisələrinin birgə alyansının yaradılması məsələsini müzakirə edəcəklər.

3.4 Tərəflər dil mübadiləsi sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir, təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq edəcək və müəllimlər arasında mübadilələri və mütəxəssislərin hazırlanması təcrübəsini inkişaf etdirəcək, həmçinin Konfutsi İnstitutlarının inkişafına dəstək verəcəklər.

3.5 Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsinin artırılması, qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəlib və qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirirlər.

3.6 Tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.

3.7 Tərəflər səhiyyə, idman və gənclər sahələrində əməkdaşlığı dərinləşdirməyə, kino, media və beyin mərkəzləri sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildirirlər.

3.8 Tərəflər dayanıqlı inkişaf naminə əməkdaşlığı gücləndirməyə hazırdırlar.

3.9 Tərəflər yüksək keyfiyyətli və tam məşğulluğun təmin edilməsi, sosial təminat sisteminin təkmilləşdirilməsi və əhalinin rifahının yüksəldilməsi üçün ixtisaslı kadrların hazırlanması məqsədilə mübadiləni gücləndirməyə hazır olduqlarını bildirirlər.

4.0 Tərəflər aktual beynəlxalq problemlər üzrə qarşılıqlı fəaliyyət göstərir, o cümlədən ikitərəfli səviyyədə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq təşkilatlar və forumlar çərçivəsində konstruktiv əməkdaşlığı dərinləşdirirlər.

4.1 Tərəflər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər. Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər.

4.2 Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazırdırlar.

4.3 Tərəflər hesab edirlər ki, xalqın xoşbəxt həyatı insanın ən böyük hüququdur, insan hüquqlarının təşviqi işi xalq yönümlü olmalıdır. Tərəflər insan hüquqlarının qorunmasının bütün ölkələrin suverenliyinə hörmət kimi sarsılmaz prinsiplərə əsaslanmalı olması mövqeyindən çıxış edir və insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırlar. Tərəflər insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi, inkişaf yolu ilə insan hüquqlarının irəlilədilməsi, əməkdaşlıq və dialoq yolu ilə insan hüquqlarının təbliğini dəstəkləyirlər, insan hüquqları sahəsində qlobal mexanizmlərin daha bərabərhüquqlu, ədalətli, səmərəli və tolerant məcrada inkişafına birgə yardım edəcəklər.

4.4 Azərbaycan Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstəkləyir və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi Azərbaycanın “Bakı prosesi” təşəbbüsünü və onun çərçivəsində toplanan Ümumdünya Forumları ilə bağlı səylərini dəstəkləyir.

4.5 Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

3 iyul 2024-cü il”.

Goranboy DYP-yə yeni rəis təyin olunub

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub .

"Report"un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə baş leytenant Əli İsmayılov təyin olunub.

O, bundan əvvəl Yevlax rayon Polis Şöbəsində çalışıb.

Zəngəzur planı yenidən nəzərdən keçirildi - Bakının şərti ilə razılaşdılarPolitoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinken bildirdi ki, Azərbaycan regional kommunikasiyalarda əsas rola malikdir. ABŞ Prezidenti Co Bayden də mayda azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda ölkəmizin bölgədəki lider rolunu etiraf etmişdi. ABŞ-dən gələn bu etiraflar nə ilə əlaqəlidir?

- Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünyada logistika sahəsində çox ciddi problemlər yaranıb. Çünki dünyanın ən böyük tranzit ölkəsi Rusiya idi, Avrasiya materikini bütün istiqamətlər üzrə əlaqələndirirdi. Müharibədən sonra bu dəhliz qapandı. Asiya və Avropanı əlaqələndirmək üçün əsas xətlərdən biri olan Süveyş kanalı da problemlidir, bu xətt həm uzun zaman aparır, həm də tez xarab olan malları daşımaq çətindir.

Buna görə də, quru kanal axtarırlar, bu yol da ancaq Zəngəzurdan keçir, Çindən Avropaya ən qısa yol Cənubi Qafqazdır. Buradan həm Avropa, həm Asiya, həm Aralıq dənizi, həm də Afrikaya çıxış var.

Dünya iqtisadiyyatı əsasən çatdırılma ilə bağlıdır. Bu mənada, Azərbaycanın qiyməti çox yüksəkdir, çünki coğrafi mövqeyi çox əlverişlidir. Azərbaycanla Çinin arasında bir Qazaxıstan var. Həmçinin Azərbaycan üzərindən Gürcüstan və Qara dənizə - Avropaya, eləcə də Türkiyə, Yaxın Şərq və Afrikaya çıxmaq olur. Məsələn, bu baxımdan İrana dəniz daşımaları baha başa gəlir, amma Azərbaycandan həm məsafə yaxındır, həm də hazır infrastruktur var. Buna görə də, Orta dəhlizə daxil olan Zəngəzur xəttinin açılması çox önəmlidir.

ABŞ Azərbaycanın önəmini yaxşı anlayır. Çünki dünya ticarətinin 16 faizdən çoxu ABŞ-nin payına düşür, 33 faizinin də Avropa Birliyində olduğunu nəzərə alsaq, demək, dünya ticarətinin 50 faizi Qərbin əlindədir. İndi onlar üçün dəniz daşımaları ucuz olsa da, çox vaxt alır. Buna görə də, Prezident İlham Əliyevin layihəsi çox etibarlıdır. Bu layihə təhlükəsiz, ucuz və tez çatdırılma təklif edir.

Azərbaycanda logistika üçün lazım olan bütün infrastruktur var. İndi bu məsələ gündəmdədir. Blinken və Baydenin açıqlamaları da ABŞ-nin maraqlarını əks etdirən fikirlərdir. Bu, Azərbaycanın da siyasi-iqtisadi maraqlarına uyğundur, buna görə də məsələni çox hallandırırlar.

- Yəni hesab etmək olarmı ki, Vaşinqton Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını dəyişib?

- Bəli, ABŞ-nin yanaşması dəyişib. İndiyədək Zəngəzur dəhlizinə Ermənistan vasitəsilə problem yaradan Fransa və İran idi. İran dəhlizin öz ərazisindən keçməsini istəyir. Əlbəttə, Azərbaycan etibarlı tərəfdaş və qonşu kimi İran üzərindən də bir yolun keçməsinə razıdır. Amma bu, avtomobil yolu üçündür. Dəmir yolu çəkməyə nə İranın gücü var, nə də bu, Azərbaycana sərf edir, Naxçıvana ən qısa dəmir yolu xətti Zəngəzurdan keçir.

Hazırda Zəngəzur dəhlizi ilə bağlı “Kalininqrad modeli” gündəmdədir, yəni maneəsiz və yoxlama aparılmadan keçid. Sovet dönəmində Zəngəzurdan Naxçıvana gedən dəmir yolu Azərbaycanın nəzarətində idi. İndi Azərbaycan öz əmlakı kimi onu geri tələb edə və ya nəzarətə götürə bilər, beynəlxalq hüquq da buna imkan verir.

Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir, çünki Ukraynadakı müharibəyə görə çıxış yolları bağlıdır. Belə bir durumda Zəngəzur dəhlizi əvəzsizdir. ABŞ də bunun fərqindədir.

Hazırda Fransanın başı özünə o qədər qarışıb ki, Ermənistanın daxili işinə müdaxilə edə bilmir. Fransa əkdiyini biçir. Fransanın Azərbaycana qarşı atdığı haqsız və əsassız addımlar özünə qarşı çevrilib. Açığını deyək ki, Azərbaycan bunu bacardı. Özünü “Avropa Birliyinin siyasi sükanı” adlandıran Fransa gözləmədiyi yerdən – Azərbaycandan çox ağır zərbə aldı. Bunu Fransada keçirilən son seçkilərin nəticəsi göstərdi. Makron qarşıda müxalifətlə koalisiyaya getməyə məcbur olacaq, bu da Fransanın çökməsinə gətirib çıxaracaq. ABŞ Fransanın buraxdığı səhvləri düzəltməyə çalışır.

- Son həftələrdə ABŞ-nin sülh müqaviləsinin tezliklə imzalanması üzərində fəal iş apardığını görürük. Müqavilənin yaxın zamanlarda imzalanması ehtimalı varmı?

- Ehtimal çox yüksəkdir. Əslində, Azərbaycan prezidenti də bəyan etdi ki, sülh müqaviləsi olmadan da kommunikasiyalarla bağlı məsələlər həllini tapa bilər.

Yaxın günlərdə Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin görüşü keçiriləcək. Yəqin ki, toplantıda Türk Dövlətləri Təşkilatının gələcək taleyi müzakirə olunacaq. Məqsəd də ondan ibarətdir ki, bu təşkilatı gücləndirmək lazımdır. Bu təşkilatın güclənməsinə mane olan yeganə amil Zəngəzur dəhlizidir. İndi bu dəhliz açılmalıdır.

ABŞ ona görə tələsir ki, Rusiya və İran birləşib Ermənistanda dövlət çevrilişi edə bilər. Rusiyanın təkbaşına gücü çatmadı, İranın da başı seçkilərə qarışıb. İslahatçı Məsud Pezeşkian ABŞ ilə münasibətlərin bərpa olunmasını istəyir. Bir sözlə, bölgənin siyasi dizayn və ya arxitekturası dəyişir. Bu arxitekturanı dəyişən də Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Buna görə də, indi daha çox Azərbaycana istinad edirlər, həmçinin bizi həvəsləndirir və dəstəkləyirlər. Ən düzgün siyasi yol da budur.
Bakının tələbi yerinə yetirilməlidir - GƏLİŞMƏHazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib.
Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev növbəti dəfə Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini gündəmə gətirib. Ölkə başçısı qeyd etdi ki, konstitusiya dəyişmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüzdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mövzuya Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən toxunub.
Dövlət başçısı torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib. Prezident İlham Əliyev həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirib.
Prezident qeyd edib ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük: “Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Azərbaycan Prezidenti qeyd etdi ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”.
Ölkə başçısı bir məqamı da vurğulayıb ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar: “Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. İndi biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh gündəliyinə, sülh sazişinin razılaşdırılmasına ən ciddi hüquqi maneələrdən biri məhz Ermənistan konstitusiyasının preambula hissəsində istinad olunan Ermənistanın Müstəqillik Bəyannaməsindəki Azərbaycana ərazi iddialarıdır:

"Bəlkə də, Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar öz əksini tapıb. Burada Azərbaycana qarşı faktiki olaraq ərazi iddiaları yer alır. Ona görə də Azərbaycan dövlətinin haqlı olaraq bununla bağlı tələbləri var. Əgər Ermənistan, həqiqətən də, sülhdə səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır”.
Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları konstitusiya ilə yanaşı bu ölkənin bir sıra digər aktlarında da yer alır. Ona görə də həm konstitusiyadakı, həm də digər qanunvericilik aktlarındakı Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəalar ləğv edilməlidir: "Azərbaycan dövlətinin artıq ən yüksək səviyyədə bu tələbi irəli sürülüb. Ermənistanın hələ də bu tələbi yerinə yetirməməsi sülh danışıqlarına mənfi təsir göstərir, daha çox sülhü pozmaq məqsədi daşıyır. Dayanıqlı sülhün formalaşması üçün bu tələbin yerinə yetirilməsi ən zəruri element hesab olunmalıdır. Çünki biz beynəlxalq sənədlərdə də görürük ki, yerli qanunvericilik, xüsusilə konstitusiya bir sıra beynəlxalq normativ hüquqi aktlara qarşıdırsa, deməli, beynəlxalq hüququn pozulması anlamı daşıyır. Əgər geopolitik reallıqlar dəyişibsə, bu gün Ermənistan konstitusiyası buna ziddir. Gələcək nəsillər üçün heç bir münaqişə elementi qoymamalıyıq. Bunu Ermənistan nəzərə almalıdır”.

Xəbər lenti