|
Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları dəyişib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən Müdafiə Nazirliyinə yeni səlahiyyət verilib. Müdafiə Nazirliyi də tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi üçün yaradılan ekspert-ixtisas komissiyalarında təmsil olunacaq.
"Şimal-Cənub və Qərb-Şərq dəhlizləri Azərbaycanın regional iqtisadi və nəqliyyat qovşaqlarına çevrilməsində mühüm rol oynayacaq".
Bu sözləri enerji və iqtisadi məsələlər üzrə ekspert Zəfər Vəliyev "Cebhe.info"-ya şərhində İranda bu yaxınlarda istifadəyə verilmiş, Fars körfəzi ilə Xəzər dənizini birləşdirəcək Xəzər-Rəşt dəmiryol xəttinin Azərbaycan üçün prioritetləri barədə fikirlərini bölüşərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya-İran əməkdaşlığı çərvəsində Şimal-Cənub dəhlizinin reallaşması üçün atılan addımlar öz bəhrəsini verəcək.
""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizinin inkişafı, daha sürətli və ucuz ticarət yolları Azərbaycana karbohidrogenlərdən kənar iqtisadiyyatının şaxələndirilməsi üçün zəruri olan texnologiyalara və təcrübəyə çıxış imkanı verəcək. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək layihədir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzinə, Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq".
Ekspertin sözlərinə görə, Orta Dəhliz də Azərbaycan iqtisadiyyatının şaxələnməsinə öz töhfəsini verəcək:
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı Azərbaycanda və region ölkələrində ticarətin, yaşıl enerjinin, yeni sənaye sahələrinə investisiyanın, həmçinin nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə diqqət yetirəcək. Bununla yanaşı, Orta Dəhlizin gücləndirilməsi regionda yeni, transformativ iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək".
Z.Vəliyev Zəngəzur dəhlizinin hər iki dəhliz üçün əhəmiyyətinə də toxunub:
"Zəngəzur dəhlizinin əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Nəzərə almaq lazımdır ki , Zəngəzur dəhlizi hər iki ölkənin zəif inkişaf etmiş iqtisadi rayonlarından keçir. Dəhlizin inkişafı hər iki ölkədə yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Zəngəzur dəhlizinin inkişafı gələcəkdə onun şaxələnməsinə də səbəb olacaq".
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ Prezidenti Co Bayden bəşəriyyətin Üçüncü Dünya Müharibəsinə yaxın olduğunu açıqladı. Təkcə ABŞ yox, bir çox Avropa lideri də bu düşüncədədir. Hətta Türkiyə Müdafiə Nazirliyi ölkənin belə bir qlobal savaşa hazır olduğunu bəyan etdi. Həqiqətənmi yeni dünya müharibəsinə doğru gedirik?
- Təkcə siyasilər yox, həm də ciddi elm adamları Üçüncü Dünya Müharibəsinin yaxınlaşması haqqında fikirlər söyləyirlər. Təəssüf ki, bəzi səviyyəsiz və məsuliyyətsiz siyasilərin hərəkətləri nəticəsində bəşəriyyət Üçüncü Dünya Müharibəsinə yaxınlaşır. Hamı bunun təhlükəsini anlayır və qarşısını almağa çalışır. Amma vəziyyət qeyri-sabit olaraq qalır. Məsuliyyətsiz də olsa, ABŞ prezidenti kimi yüksək vəzifə tutan bir insanın Üçüncü Dünya Müharibəsi barədə xəbərdarlığı ciddi əlamətdir. O, bütün bəşəriyyətə deyir ki, bir az ayıq-sayıq olun, bu dəhşətli hadisənin qarşısını almağa çalışaq.
- Necə fikirləşirsiniz: böyük savaş hansı bölgə və ya gərginlik ətrafında başlayacaq?
- Hazırda dünyada iki çox qaynar nöqtə var: Rusiya ilə müharibənin davam etdiyi Ukrayna və İsraillə ərəb dünyası arasındakı gərginliyin alovlandırdığı Yaxın Şərq. Üçüncü Dünya Müharibəsi bu iki bölgədən birindən başlaya bilər. Düşünürəm ki, bu mümkün savaş bəşəriyyətin sonu olacaq.
- Mümkün müharibədə nüvə silahlarından istifadə ehtimalı nə qədərdir?
- Yüksəkdir. İki nüvə silahı olan ölkə (ABŞ və Rusiya) açıq mübarizəyə başlayacaqsa və biri ənənəvi silahlarla aparılan döyüşdə məğlub olacaqsa, iş nüvə silahlarından istifadəyə qədər gəlib çata bilər.
- Sizcə, nüvə silahından istifadə etmə ehtimalı yüksək olan ölkə hansıdır?
- İndiyədək dünya tarixində yalnız bir dövlət öz rəqibi – düşməninə qarşı istifadə edib, o da Amerika Birləşmiş Ştatlarıdır. 1945-ci il avqustun 6-10-da Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə nüvə bombaları atmışdılar. Bundan sonra baş verən müharibələrdə nüvə silahından istifadə edən ölkə olmayıb. Amma indi nüvə silahı olan ölkələrin sayı çoxdur: ABŞ, Rusiya, Pakistan, Çin, Hindistan, Şimali Koreya, İsrail, Fransa, İngiltərə. Əlbəttə, ən çox nüvə silahından istifadə ehtimalı yüksək olan dövlət Rusiya sayılır.
- Qlobal gərginlik və dünyada artan aqressiyanın kökündə duran səbəblər nələrdir, böyük güclər nəyi bölüşdürə bilmirlər?
- Tamah, acgözlük, mədəniyyətsizlik, məsuliyyətsizlik – bütün ziddiyyətlərin kökündə bunlar dayanır. Ziddiyyətləri kəskinləşdirən, Üçüncü Dünya Müharibəsi riski yaradan bunlardır.
- Cənubi Qafqaz belə bir qorxunc savaşın harasında qalacaq?
- Təkcə Cənubi Qafqaz yox, bütün dünya ayaq altında qalacaq. Təsəvvür edirsiniz ki, strateji nüvə silahlarından istifadə olunacağı müharibə başlasa, nə olacaq? Bəşəriyyətin sonu çatacaq, bir insan, bir heyvan salamat qalmayacaq. Ola bilsin ki, Üçüncü Dünya Müharibəsindən 30-40 il sonra hansısa həşarat, cücü sürünüb yerin altında çıxacaq, amma yer üzündə heç kim, heç nə salamat qalmayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun, Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun və Qırğız Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Qoca Co öz siyasi yetərsizliyi, demokratlar isə alternativ namizədin yoxluğu ucbatından, artıq parçalanmış ABŞ cəmiyyətini Donald Trampı prezident seçməyə məhkum edib... Belə anlaşılır ki, həm ABŞ-da, həm də Avropada bundan əndişəli olanlar istəməsələr belə, Donald Tramp dönəminə elə indidən hazırlaşmaq məcburiyyətində qalıblar...
Bütün dünyanın gözü ABŞ-da cərəyan edən daxili siyasi proseslərə dikilib. Çünki Qərb siyasi dairələri hazırda ciddi qeyri-müəyyənliklə üz-üzə qalıb. Dünyanın ən nəhəng superdövlətində baş verənlər indi bir çoxlarını narahat edir. Və bu baxımdan, yaxın perspektivdə beynəlxalq məkanda siyasi manipulyasiyaların intensivləşmə ehtimalı daha inandırıcı görünür.
Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri ilk dəfədir, bu qədər tərəddüd keçirmək məcburiyyətində qalıb. Belə ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində Ağ Evin keçmiş sahibi Donald Trampın qalib gəlməsini istəyənlərin sayı Qərbdə o qədər də çox deyil. Yəni, Qərb siyasi dairələri, xüsusilə də, Avropa Birliyi ölkələrinin mütləq əksəriyyəti ABŞ-da Bayden administrasiyasının davam etməsində, ümumiyyətlə isə demokratların hakimiyyətdə qalmasında maraqlıdır.
Məsələ ondadır ki, Avropa Birliyi ölkələri keçmiş prezident Donald Trampın hakimiyyətə gəlməsini "qoca qitə" üçün ən real təhlükə qaynağı hesab edirlər. Bu qənaətin arxasında isə əsasən, iki önəmli səbəb dayanır. Birincisi, prezident postuna yenidən iddia edən Donald Tramp Rusiyanı nə Avropaya, nə də ABŞ-a düşmən hesab etmir. Əksinə, Ukrayna savaşının başlanma məsuliyyətini Rusiyanın deyil, ABŞ və Qərbin üzərinə yükləyir. Və növbəti seçkilərdə qalib gələcəyi təqdirdə, hətta səlahiyyətlərinin icrasına başlamazdan öncə Ukrayna savaşını dayandıracağını vurğulayır.
Maraqlıdır ki, keçmiş prezident Rusiyanın ABŞ və Avropa Birliyi üçün normal tərəfdaş olma potensialını müdafiə edir, nə qədər qəribə də olsa, bu variantı mümkün sayır. Halbuki, indiki situasiyada Qərbdə bir çoxları bunu təsəvvür etməkdə belə, çətinlik çəkirlər. Əksinə, Qərbdə Rusiyaya potensial tərəfdaş deyil, məhz Avropanı təhdid edən real təhlükə kimi yanaşırlar. Və belə siyasi anlayışların mövcud olduğu durumda Donald Trampın kollektiv Qərbi Rusiya ilə tərəfdaşlığa inandırmaq şansı o qədər də cəlbedici görünmür.
Halbuki, Donald Trampın ABŞ-ın müttəfiqlərini öz hədəflərinə və planlarına inandırmaq kimi bir dərdi də yoxdur. Belə ki, keçmiş prezident siyasi məsləhətləşmələrə vaxt sərf eləmək niyyətində deyil, əksinə, dərhal hərəkətə keçmək barədə düşündüyünü biruzə verir. Onun əsas arqumenti isə belədir ki, Bayden administrasiyası Rusiya ilə qarşıdurmanı dərinləşdirməklə, bəşəriyyəti üçüncü dünya müharibəsinin astanasına gətirib. Və bu səbəbdən də, qətiyyən gecikmək olmaz.
Təbii ki, Qərbdə olan narahatlığın daha bir səbəbi Ağ Evin keçmiş sahibinin NATO-ya yönəlik neqativ mövqeyidir. Belə ki, Donald Tramp NATO-nun öz ömrünü başa vurmaqda olduğunu iddia edir. Onun fikrincə, NATO artıq qlobal hərbi-siyasi güc mərkəzi rolunu oynaya bilmir. Bu səbəbdən də, NATO-nun mövcudluğunu qorumasına külli miqdarda maliyyə vəsaiti xərcləmək yolverilməzdir. Və bu hərbi-siyasi alyansın əvəzinə yeni təhlükəsizlik sistemi yaratmağın vaxtı çatıb.
Üstəlik, Donald Tramp hesab edir ki, NATO-da təmsil olunan bəzi Avropa Birliyi ölkələri əslində, ABŞ-ın sadiq müttəfiqləri deyil. Ona görə də, ABŞ NATO-nun mövcudluğunu təmin etməklə, həmin ölkələrin təhlükəsizliyini qorumağa borclu sayıla bilməz. Yəni, ABŞ-ın keçmiş prezidenti yalnız NATO-nun ləğvinə çalışacağını vurğulamaqla kifayətlənməyib, bəzi müttəfiq Avropa Birliyi ölkələrini də üstüörtülü hədəfə alır. Və bu, o deməkdir ki, Donald Trampın prezidentliyi dövründə bəzi Qərb ölkələri olduqca ciddi problemlərlə üzləşə bilərlər.
Bütün bunları nəzərə aldıqda, Qərbdə Donald Trampın Ağ Evə dönüş şansından məyusluq və narahatlıq keçirənlərin çox olması qətiyyən təəccüblü deyil. Çünki Qərbdə əmindirlər ki, əgər, Donald Tramp Rusiyanı Ukrayna savaşından qələbəyə yaxın sülh sazişi ilə çıxarmağa nail olarsa, bu, Avropa Birliyi ölkələrini Kremlin daha sərt təhdidləri altına sala bilər. Zamanla bu prosesin Avropa ölkələrinin Rusiyadan asılı vəziyyətə düşə, hətta müqavimət göstərəyə çalışan Qərb dövlətlərinin Ukraynanın taleyini təkrarlaya biləcəyi də qətiyyən istisna edilmir.
Göründüyü kimi, Qərb siyasi dairələrində indi Ukrayna savaşı ilə yanaşı, Donald Tramp təhlükəsi də əsas problemlərin sırasına daxil olub. Hələlik, yalnız bir neçə ay əvvəl ABŞ-a səfər edərək, Donald Trampla qapalı görüş keçirmiş Macarıstan baş naziri Viktor Orban özünü daha rahat hesab edir. Çünki onu Ukrayna savaşına yönəlik mövqeyi böyük ölçüdə Ağ Evin keçmiş sahibi ilə üst-üstə düşür. Və Kremldə də bütün bunlardan tamamilə məmnundurlar.
Maraqlıdır ki, ABŞ cəmiyyəti də prezidentliyə iddialı Donald Trampı dəstəkləyir. Belə ki, ABŞ-ın keçmiş və indiki prezidentləri arasında keçirilmiş ilk teledebat məhz Donald Trampın siyasi üstünlüyü ilə sona çatıb. Keçirilmiş ictimai rəy sorğularındasa, Donald Tramp seçicilərin 67 faizinin dəstəyini öz arxasına almış kimi görünür. Donald Trampla debatda mövzuları normal arqumentlər ilə izah edə bilməyən, hətta tez-tez nitq problemləri ilə diqqəti çəkən prezident Co Baydenin ictimai rəydə nüfuzu isə sürətlə aşağı doğru yuvarlanır.
İndi prezidentliyə namizədlik məsələsində hələ də inadkarlıq edən qoca Conun seçki qələbəsinə onun özündən başqa heç kim inanmır. Hətta Bayden ailəsində belə, ciddi tərəddüdlər hökm sürür. Panik durumda olan demokratlar isə vəziyyətdən çıxış yolu axtarmağa başlayıblar. Demokratlar Partiyasının Co Baydenin əvəzinə yeni prezidentliyə namizəd irəli sürməsi üçün isə variantlar o qədər də çox deyil.
Belə ki, ən optimal variant Co Baydenin özünün könüllü şəkildə seçkidən çəkilməsidir. Buna hələlik razılaşmayan Co Bayden demokratları ikinci xoşagəlməz varianta yönəlmək məcburiyyətində buraxa bilər. Yəni, Co Bayden partiya sıralarından kənarlaşdırılacağı təqdirdə, demokratlar yeni prezidentliyə namizəd irəli sürmək hüququ qazanacaq. Və digər uğurlu alternativ namizədin də hələlik olmaması demokratların ümumiyyətlə, əlini-qolunu bağlamış kimi görünür.
Belə anlaşılır ki, artıq ciddi şəkildə parçalanmış ABŞ cəmiyyəti "Bayden faciəsi" yaşayır. Belə ki, qoca Co öz siyasi yetərsizliyi ilə ABŞ cəmiyyətini Donald Trampı prezident seçməyə məhkum edib. Hətta hazırda elə bir vəziyyət yaranıb ki, Donald Tramp seçki başlamadan belə, onun qalıbi hesab olunur. Və bu, o deməkdir ki, həm ABŞ-da, həm də Avropada bundan narahat olanlar istəməsələr belə, Donald Tramp dönəminə hazırlaşmaq məcburiyyətində qalıb.(Yeni Müsavat)