![]() |
|
"Azərbaycan təhsilinin məzmunu son 90 ildə dəyişmir. "Niyə dəyişmir?" sualı çox vacibdir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
"Başa düşürük ki, təhsilin məzmunu niyə dəyişmir. Sadəcə olaraq "bunu dəyişmək üçün nə etməliyik?" müzakirəsinin daha çox faydası var. Eyni zamanda mənim üçün vacib olan məqamlardan biri Azərbaycanın ali təhsilə baxışının kifayət qədər elitar (seçimə əsaslanması) olmasıdır. Biz hər il məktəbi bitirən məzunların uğurlu hissəsini alqışlayırıq. Amma hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur.
Ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Biz yalnız ali təhsilin keyfiyyətini qaldırmaqla girişi bir az genişləndirib çıxışı daraltmaqlamı qarşımızda olan məqsədlərə nail olmalıyıq, yoxsa girişi daraldıb çox az sayda adam götürüb sonra davam etməliyik? Bu maraqlı müzakirə ola bilər.
Və yaxud Azərbaycan məktəblərinin yekun qiymətləndirilməsi, buraxılış imtahanlarının məzmunu, ümumiyyətlə imtahan fəlsəfəsi bir daha müzakirə edilə bilər",- deyə o söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 4 il ötür.
2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb.
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Qeyd edək ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq.
Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklər təklif edilir.
Layihədə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna təklif olunan dəyişiklikdə Komissiyanın fəaliyyətinin təşkilinin ətraflı tənzimlənməsi məqsədi ilə yeni müddəaların əlavə olunması təklif edilir. Yeni müddəalarda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın hüquqlarının, səlahiyyətlərinin genişləndirilməsini, üzvlərinin təyin edilməsini, onların dairəsinin və səlahiyyət müddətlərinin müəyyən edilməsini, işinin təşkili üçün işçi qruplarının yaradılmasını və Komissiya üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi hallarını tənzimləyən normaların əlavə edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan Koreya ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram".