|
Baş DYP İdarəsi elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib.
Yol infrastrukturunun qorunması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında quraşdırılan elektron tərəzilərin bir qismi istifadəyə verilib.
“Qanunvericiliyə əsasən, artıq elektron tərəzilərin istifadəyə verildiyi yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla idarə edilməsinə görə tərtib olunan inzibati tənbeh vermə haqqında qərarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vahid Monitorinq Mərkəzinin məlumatı əsasında elektron qaydada çıxarılır.
İnzibati qanunvericilikdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə - təkrar törədilmə halları da daxil olmaqla, fiziki şəхslərin iki yüz manatdan min iki yüz manatadək, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin isə dörd min manatdan yeddi min manatdək məbləğində cərimə edilməsi nəzərdə tutulub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsinin, eləcə də icazə verilən qabarit parametrlərinə dair tələblər pozmaqla idarə edilməsinin yol örtüyünün vaxtından tez sıradan çıxmasına, yolun deformasiyaya uğraması nəticəsində qəza ehtimalının dəfələrlə artmasına, digər hərəkət iştirakçıları üçün real təhlükə yaratmasına səbəb olduğunu bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatırır və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndiriləcəyini bildirir”, - deyə, müraciətdə bildirilib.
Noyarbın 12-dən 25-ə qədər məktəblərdə tətil olacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi baku.ws-in sorğusuna cavab olaraq bildirib.
Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək.
Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.
Qarabağa səyahət imkanları yaradılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə səyahət edən vətəndaşlar üçün rahat və keyfiyyətli nəqliyyat xidmətləri təqdim olunur.
Marşrut: Bakı-Xocalı-Xankəndi-Şuşa.
"Xankəndidə təhsil alan tələbələr üçün bu marşrut əla imkandır.
Biletləri onlayn şəkildə əldə edərək bu fürsətdən yararlana bilərsiniz" , - məlumatda qeyd olunub.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödəyib.
Bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar ödənişlərini bank müvafiq bankomatlardan əldə edə bilərlər.
Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi - İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun "28 May" stansiyasının qarşısındakı meydanda davam edir.
2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar seçilən özəl bağçalara yerləşdiriləcəklər.
Təhsil haqqının yarısını isə Elm və Təhsil Nazirliyi ödəyəcək. Layihə Nazirliyin "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək.
"Bu layihənin həyata keçirilməsi çox yaxşıdır. Bir ailədən iki, üç uşaq da bağçaya gedə bilər. Valideynlərə böyük dəstəkdir", - deyə sakin bildirib.
Maraqlıdır, uşaqlar bağçaya hansı kateqoriyaya əsasən seçiləcək və bu proses necə tənzimlənəcək?
Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, dövlət bağçalarında yerlərin sayı az olduğuna görə alternativ modellər həyata keçirilir:
"Müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistem tənzimlənəcək. Həmin bağçalarda 250 manata qədər vəsait dövlət tərəfindən ödənilir. Fikrimcə, məktəbəqədər təhsildə əhatəliliyi artırmaq üçün ən qısa yol budur. Əsas problemimiz monitorinqi düzgün təşkil etmək və bağça şəbəkəsini artırmaqdır".
Qeyd edək ki, müsabiqənin birinci mərhələsi artıq yekunlaşıb. Növbəti mərhələyə buraxılan 26 bağçanın siyahısı və boş yerlərin sayı da müəyyənləşib. Qeydiyyat prosesi isə www.bq.edu.az portalında oktyabrın 24-dən, noyabrın 1-i saat 17:00-dək davam edəcək.
Məlum olduğu kimi, bu ilin yanvarında “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında” Ölkə Başçısı tərəfindən Sərəncam imzalanıb.
Nazirlər Kabinetinin 31 yanvar 2024-cü il tarixli “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” qərar bu ilin fevral ayından icra olunur.
Amma bütövlükdə avtomobillərin utilizasiyasına başlanılmayıb.
Məlumdur ki, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyir. Utilizasiya haqqı avtomobilin istehsal tarixənə uyğun olaraq 10-40 manat arasında dəyişir. İdxal olunan “ikinci əl” avtomobillər üçün isə utilizasiya haqqı 400-700 manat arasında dəyişir.
Amma hələ də açıq qalan suallar var. Məsələn, bilinmir ki, utilizasiya prosesində hansı ölkənin təcrübəsi əsas götürüləcək. Çünki hər ölkədə nəqliyyat vasitələrinin utilizasiya yaşı müxtəlif illəri əhatə edir.
Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən biraz çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.
Bundan əlavə Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir.
Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. “Mercedes-Benz” şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur.
Bəzi ölkələrdə avtomobili vaxtında utilizasiyaya verməməyə görə yüksək cərimələr, hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Niderland kimi ölkələrdə isə 96,2 faizi təkrar emala yararlı olmayan avtomobillərin istismarı qadağan edilib.
Bəs, ölkəmizdə bu prosesə nə zaman başlanılacaq?
Ölkə.az xəbər verir ki, suala nəqliyyat üzrə ekspert Aslan Əsədov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda bütün diqqət COP29-a yönəldiyi üçün digər məsələlər gündəmdə deyil:
“Hökumətin yaxın aylarında bu məsələni gündəmə gətirəcəyi də gözlənilmir. Məlumdur ki, utilizasiya prosesi böyük vəsait tələb edir. Doğrudur, texniki baxış və gömrük rəsmiləşməsi zamanı bu məqsədlə avtomobil sahiblərindən müəyyən vəsait tutulur. Amma bu kifayət etmir. Hesab edirəm ki, 2025-ci ildə hökumət bu məsələni gündəmə gətirəcək. Ola bilsin ki, gələn ilin ikinci yarısında və yaxud sentyabr-oktyabr aylarında hökümət bu prosesə start versin”.
Bəs, utilizasiya prosesi necə aparılacaq?
“Hələlik utilizasiyanın necə aparılacağı barədə konkret qərar, fikir yoxdur. Hələ ki bu sahədə beynəlxalq təcrübə öyrənilir. Hansı ölkənin modeli əsas götürüləcək? Bunu demək indiki halda çətindir. Suallarsa çoxdur. Utilizasiya edənə nağd ödəniş ediləcək, yoxsa ona güzəştli şərtlərlə yeni avtomobil təklif ediləcək? Neçə illik avtomobillər əsasən utilizasiyaya cəlb ediləcək? Utilizasiya məcburi olacaq, yoxsa könüllü? Bax, bütün bu suallar hələ də açıq qalıb.Modellər, formullar çoxdur. Amma yekun qərar hökumətindir. Ona görə də hökumətin qərarını gözləməliyik”.
Kombilərdən fərqli üslubda istifadə edərək evi daha yaxşı qızdıra bilərsiniz.
Bu barədə "Xəbər Ertəsi" verlişində qeyd edilib.
Aparıcı Aytən Səfərova bunu kombinin arxasına falqa yerləşdirməklə mümkün olduğunu açıqlayıb.
Belə ki, nazik kartonun hər iki üzünə falqa bağlanır və o kombi ilə divar arasına yerləşdirilir.
Nəticədə kombidən çıxan istilik divara yox evə verilir.
Bununla da, mənzil kifayət qədər isti olur. Kombinin arxasına yerləşdirilən falqa evdə istiliyi 3-4 dərəcəyə qədər artırır.
Ətraflı videoda:
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə oktyabrın 27-də imtahan keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Məlumata görə, imtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.