![]() |
|
Bakı Metropoliteni QSC-nin Təchizat Departamentinə yeni rəis təyinatı olub.
Yol-xeber.az xəbər verir ki, rəhbərliyin müvafiq qərarı ilə bu vəzifəyə Tərlan Həsənli təyin edilib.
Qeyd edək ki, Tərlan Həsənli Bakı şəhərində anadan olub. O, yeni təyinatından əvvəl bir çox tanınmış holdinq və şirkətlərdə, o cümlədən “Gilan Holdinq”, “AZ Group” və “Pasha Group”a daxil olan müvafiq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Azərbaycan Texniki Universitetində Biznesin təşkili və idarə olumması üzrə bakalavr təhsili aldıqdan sonra T.Həsənli təhsili xaricdə davam etdirib. O, 2023-cü ildə İngiltərənin satınalmalar üzrə CIPs İnstitutunun diplomunu əldə edib.
T.Həsənli hazırda ADA və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Maliyyə üzrə biznesin idarə edilməsi üzrə (MBA) təhsilini davam etdirir.
Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.
Bu barədə Azərbaycanda insan hüquqlarının qorunması haqqında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.
Bildirilib ki, qeyd olunanlarla bağlı bir sıra hallarda zəruri tədbirlərin görülməsi təmin edilsə də, ümumilikdə bu kimi məsələlər xüsusi narahatlıq doğurur.
Həmçinin vurğulanıb ki, aliment ödənişlərinin təyinatını, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşmanı, o cümlədən bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq, habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla Ombudsmanın əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır.
Bakıda və Abşeron yarımadasında martın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar cərimələnəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirmək daxil edilir.
Ətraflı
"İcra haqqında" qanuna icra xidmətinin depozit hesabına dair yeni - 81-1-ci maddə təklif olunur. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
"Nağdsız hesablaşmalar haqqında" qanuna da müvafiq dəyişiklik olunur.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Şəhid ailələrinin qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Lakin bununla bağlı təcrübədə yaranan bəzi çətinliklər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradır.
Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 2.1.4-cü bəndinə əsasən, şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhid ailəsinin üzvü hesab edilirlər.
"Şəhidin həmin Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ailə üzvlərinin olmaması halında uşaq evlərində olmasından asılı olmayaraq bacı və qardaşlarının da şəhid ailəsinin üzvü hesab edilməsi həmin şəxslərin müvafiq güzəşt və imtiyazlardan bərabər şərtlərlə istifadə etməsinə şərait yaradacaq", - deyə məruzədə qeyd edilib.
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Azərbaycanda ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.
Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tamam olmuş şəxslərin həmin müəssisələrə göndərilməsi də məqsədəmüvafiq olardı.
Həmçinin sənəddə qeyd olunub ki, ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin islah olunması prosesinə, habelə cəzalarını çəkib qurtardıqdan sonra onların sosial adaptasiyasına da müsbət təsirini göstərə bilər. Qeyd edilən müəssisələrin yaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq probleminin həllinə də müsbət təsir göstərə bilər.
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O bildirib ki, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir: "Qaydaya əsasən, rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir.
Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir".
"İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur.
Qeyd edək ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir", - deyə V. Bayramov əlavə edib.
Qusarın Laza kəndində sakinlər istiliklərini qaz sobası ilə təmin etdikləri üçün bir maşın oduna 500-600 manat pul ödəyirlər.
Qışda sular donduğundan su ehtiyatları vedrələrlə təmin edilir.
Şəraitsizlik gəncləri Lazanı tərk etməyə vadar edib. Məktəb isə yalnız ibtidai sinifdən ibarətdir.
İbtidai sinfi bitirən şagirdlər dərsə başqa kəndlərdəki məktəblərə gedirlər.
Bütün çətinliklərinə rəğmən o, bir qış nağılını xatırladır. Hələ buz bağlayan Qoşa Şəlalə isə bu nağılın içində lap füsünkar görünür.
Ətraflı “İTV Xəbər Yekun”un reportajında:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.