|
Məhəmməd Musayev - 20 noyabr, Azərbaycan üçün həm tarixi, həm də milli baxımdan böyük bir əhəmiyyətə malikdir. Bu tarixdə, Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində Ağdam şəhərini Ermənistanın 27 illik işğalından azad edib. Ağdam, 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş, şəhər demək olar ki, tamamilə dağıdılmış və “Qafqazın Xirosiması” adlandırılmışdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Ağdamın işğaldan azad olunması, 44 günlük İkinci Qarabağ müharibəsinin əhəmiyyətli qələbələrindən biridir. Bu hadisə yalnız bir ərazinin geri alınması deyil, həm də işğal altındakı torpaqların azad edilməsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa görə öz haqlarını müdafiə etməsinin bir göstəricisidir.
Ağdam, işğaldan əvvəl Azərbaycan üçün əhəmiyyətli mədəni və iqtisadi mərkəzlərdən biri idi. Şəhər, Azərbaycanın cənub-şərqində yerləşir və strateji baxımdan mühüm bir mövqedədir. O zaman Ağdamda tarixi abidələr, məktəblər, mədəniyyət evləri və digər sosial infrastruktur mövcud olmuşdur. Lakin Ermənistanın işğalı dövründə şəhər məhv edilmiş, çoxsaylı mədəni və dini abidələr dağıdılmışdır.
Bu şəhərin azad edilməsi ilə bağlı 20 noyabr tarixinin qeyd olunması, həm də həmin ərazilərin bərpası və mədəni irsin qorunması məqsədini daşıyır. Azərbaycan bölgəni bərpa edərkən, həm tarixi, həm də müasir infrastrukturun yenidən qurulması ön planda tutulur. Bu, Azərbaycan xalqının mədəniyyətinə və tarixinə olan bağlılığını və öz torpaqlarını bərpa etmək üçün göstərdiyi əzmkarlığı nümayiş etdirir.
Vətən müharibəsi yalnız hərbi Zəfər deyil, həm də ərazilərin bərpası və gələcək inkişafı üçün yeni bir mərhələnin başlanğıcıdır. Hazırda Azərbaycan hökuməti, Ağdamın infrastrukturu, mədəniyyət obyektləri, təhsil və səhiyyə sahələri üzrə bərpasını sürətlə həyata keçirir. Ağdam, həmçinin Qərb və Şərq arasında ticarət və turizm üçün mühüm bir keçid nöqtəsinə çevrilə bilər. Bu səbəbdən, şəhərin bərpası yalnız Azərbaycanın deyil, həm də regionun ümumi inkişafı üçün vacib bir amildir.
Ağdamın işğaldan azad edilməsi xalqımızın birliyini, gücünü və mübarizə əzmini göstərən mühüm bir faktordur. 20 noyabr tarixi, həm də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə olan sadiqliyini əks etdirir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirən mühüm bir hadisə oldu. Ağdamın strateji əhəmiyyəti və bu günün qeyd olunması, yalnız Azərbaycanın daxili siyasətində deyil, həm də beynəlxalq diplomatiyada mühüm bir yer tutur.
20 noyabr – Ağdam Şəhəri Günü, bütövlükdə Azərbaycan xalqının Zəfərini, mübarizəsini və gələcəyə olan inamını simvollaşdıran vacib bir amildir. Bu günün qeyd olunması, həm də gələcəkdə Ağdamın və ümumilikdə Qarabağ regionunun inkişafı, bərpası və mədəni irsinin qorunması sahəsində atılacaq addımların başlanğıcıdır. Bu tarix, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əhəmiyyətli bir faktoru olaraq qalacaq.
Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin başqa ölkədə hərb xidmətdə olduqları halda ölkəmizdə də hərbi xidmətdən keçib-keçməməsi ilə bağlı məsələ gündəmə çevrilib.
Modern.az mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:
“Eyni zamanda bildiririk ki, həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər”.
Verilən məlumata görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Araz Bəndəliyev - Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı Azərbaycanın qlobal iqlim gündəliyində aktiv rol oynadığını bir daha təsdiq etdi. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra bu dövlətlərlə əməkdaşlığı yeni, daha yüksək səviyyəyə çatdıraraq, onların səsini beynəlxalq arenada daha da eşidilən etdi.
İqlim dəyişmələrinin təsirləri hər bir ölkəni, o cümlədən Azərbaycanı hədəf alsa da, kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükə yaradır. Xəzər dənizinin dayazlaşması, çaylarda və dağlarda suyun azalması Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinə birbaşa nümunədir. Buna görə də Prezident İlham Əliyev inkişaf etmiş ölkələri, xüsusilə müstəmləkə keçmişinə malik dövlətləri, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı.
Azərbaycanın bu sahədəki səyləri artıq öz bəhrəsini verir. Ölkəmiz müxtəlif humanitar təşəbbüslər çərçivəsində ondan çox kiçik ada dövlətinə tələbə təqaüdləri təqdim etmiş və iqlim dəyişmələrindən zərər çəkmiş icmalara dəstək göstərmişdir. Bundan əlavə, Bakı Kommünikesi vasitəsilə iqlim maliyyəsinin əlçatanlığına dair konkret addımların atılmasına çağırış edilmiş və İtki və Zərərə Cavab Fondunun fəaliyyəti ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.
Azərbaycan, həmçinin, kiçik ada dövlətlərində birgə layihələr üçün 10 milyon ABŞ dolları ayıraraq, ətraf mühitin monitorinqi üçün peyk məlumatlarından istifadəyə dair yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Qoşulmama Hərəkatının və COP29-un sədri kimi bu dövlətlərin maraqlarını müdafiə etməyə davam edəcəkdir.
Bu yanaşma Azərbaycanın qlobal liderlikdə ədalət və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir və dünya dövlətlərinə iqlim dəyişmələrinə qarşı birgə mübarizənin zəruriliyini xatırladır.
İlham Cəbrayılov - Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin dünyanın 200-ə yaxın dövləti tərəfindən dəstəklənməsi təsadüfi deyil. Dövlətimizin başçısı İlham Əliyev bu qərarı belə dəyərləndirdi: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.
Cənab İlham Əliyev COP29-un Liderlər Sammitində Azərbaycanı bu beynəlxalq tədbirə aparan yolun təhlilini verdi. COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd etdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.
Sammitdə bu reallıqlar bir daha iştirakçıların diqqətinə çatdırıldı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilər. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bunu söyləməyə əsas verir ki, ölkəmiz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilər. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə ölkəmiz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Elə bir tədbir yoxdur ki, cənab İlham Əliyev çıxışında, keçirdiyi görüşlərdə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs etməsin. Liderlər Sammitində də Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Həmin qətnamələri özümüz icra, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək.
Azərbaycanın Yaşıl gündəliyi barədə geniş məlumat verən cənab İlham Əliyev bu çağırışı etdi ki, COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq. BMT-nin Baş katibi Antonio Quterreş isə vurğuladı ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. “Əminəm ki, buna birlikdə nail olacağıq” sözləyən Antonio Quterreş onu da əlavə etdi ki, iqlim dəyişikliyi ilə bağlı birgə mübarizədə şəffaflıq, hesabatlılıq ilkin şərtlərdəndir. Çünki böyük nəticələr böyük dəyişikliklər tələb edir. Dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə vəsait ayırmasalar bəşəri fəlakətlərlə üzləşməli olacağıq. Reallıq budur ki, iqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.
Cənab İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində günün çağırışlarına diqqəti yönəldərək bildirdi ki, bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan daim dünyanı narahat edən problemlərin həllinə dəstəyi ilə diqqətdədir və bu gün də bu dəstəyini əsirgəmir. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan atdığı addımları ilə beynəlxalq həmrəyliyi daha da gücləndirir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən hər iki Sammitdəki çıxışında yer alan çağırışları bunun təsdiqidir.
Mehman Qəhrəmanov - Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixlərimizi əbədiləşdirmək məqsədi ilə 2023 – cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günüdür. Ağdam digər iki rayonumuz - Laçın və Kəlbəcər ilə birlikdə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən işğaldan azad olunub. Bu üç rayonun Bəyanata əsasən, bir güllə belə atılmadan azad olunması ölkəmizin möhtəşəm Qarabağ Zəfərinin təkcə hərb meydanında qazanılmadağının, bu zəfərin Azərbaycanın tarixindəki ən böyük siyasi qələbə olduğunun da sübutudur. Bu həm də cənab Prezidentin böyük diplomatik məharəti və qətiyyətinin təzahürüdür.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını daşıyır. Bu ad, uzaq keçmişdə bölgədə yaşayan türkdilli qəbilələrin özlərini qorumaq üçün tikdikləri kiçik qalalardan irəli gəlir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın bu ərazidə ağ daşdan tikdirdiyi imarət də bu adın yayılmasına səbəb olub. İmarət ətraf kəndlərin sakinləri üçün bir oriyentirə çevrilib və beləliklə, “Ağdam” işıqlı, ağ ev mənasını qazanıb.
Sahəsi 1094 km² olan Ağdam rayonunun əsası 1930 – cu ildə qoyulub. Relyefi əsasən düzənlikdən ibarət olan rayon, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşir. Bu coğrafi mövqe, Ağdamın tarixi və iqtisadi baxımdan strateji bir mərkəzə çevrilməsinə səbəb olub.
Ağdam ərazisi insanlığın qədim yaşayış məskənlərindən biridir. XX əsrin 50-ci illərindən aparılan arxeoloji qazıntılar zamanı altı – səkkiz min il bundan əvvələ, yəni Eneolit dövrünə aid yaşayış izləri aşkar olunub. Buradan tapılan taxıl və üzüm dənələri yerli əhalinin oturaq həyat keçirdiyini və yüksək əkinçilik mədəniyyətinə sahib olduğunu sübut edir. Üzərriktəpədəki qazıntılar isə Ağdamın Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri, Zaqafqaziyada isə ən zəngin abidələri olan yerlərdən biri olduğunu sübut edir.
Qədim tarixə və əlverişli coğrafi mövqeyə malik doğma şəhərimiz Ağdam işğalçı Ermənistanın da diqqətini cəlb etmişdir. Rayonun qəhrəman sakinlərinin böyük həcmdə silah-sursat və canlı qüvvəyə qarşı 42 gün davam edən mübarizəsi 1993-cü ilin 23 iyulunda Ağdamın 73 faizinin Ermənistan tərəfindən işğal olunması ilə sonlanmışdır. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, rayonun iqtisadi və mədəni infrastrukturu tamamilə məhv edilmişdir. Ağdam uğrunda gedən döyüşlər nəticəsində 6 mindən çox vətəndaşımız şəhidlik zirvəsinə yüksəlmişdir.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək Ermənistanın işğalçı qüvvələrinin Ağdamdan və digər ərazilərdən dərhal çıxarılmasını tələb etmiş, ATƏT –in Minsk qrupunun 9 ölkəsi adından hücum qətiyyətlə pislənərək işğal olunmuş ərazilərdən qoşunun çıxarılmasına çağırış edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq qərarları nəzərə almamış və işğal rejimini davam etdirmişdir.
Ermənistanın Ağdama qarşı işğalçılıq siyasəti bununla da kifayətlənməmişdir. İşğalçı dövlət Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən nəinki Ağdama, o cümlədən, işğal olunmuş digər rayonlarımızda da azərbaycanlı sakinlərə qarşı etnik təmizləmə törədilməsi bu dövlətin əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının tarixi Zəfəri nəticəsində imzalanan üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 20 noyabrında doğma Ağdam şəhəri işğaldan azad edilmiş və Zəfər təqvimimizə yeni bir qürurverici tarix əlavə edilmişdir.
2020 – ci ilin 26 noyabr tarixində “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəcamları ilə Ağdam azad olunması uğrunda böyük şücaət göstərən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medal ilə təltif olundu.
Dövlət başçısı İlham Əliyev Ağdam şəhəri azad olunduqdan sonra bölgəyə 9 dəfə səfər etmişdir. Bu gün Ağdamın yenidənqurma və bərpa işləri ən yüksək səviyyədə və sürətlə davam etdirilir. 2021-ci ildə Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim olundu. Plan çərçivəsində şəhər müasir standartlara uyğun şəkildə yenidən qurulur. Kəndlərdə və şəhərin digər hissələrində də bərpa işləri sürətlə davam edir. Prezident İlham Əliyevin iştirakı ilə 28 may 2021 – ci ildə, Bərdə - Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının və Ağdam Zəfər və İşğal muzeylərinin təməlqoyma mərasimi keçirildi. Bölgədə aparılan bərpa və quruculuq işləri çərçivəsində “İmarət” Kompleksi, Qarabağ xanlarının türbələri, Cümə məscidi və digər tarixi məkanlar orijinal vəziyyətinə qaytarılır. Bununla yanaşı, yeni yollar, mehmanxanalar, məktəblər, xəstəxanalar və mədəni abidələrin bərpası diqqət mərkəzindədir. Ağdam şəhərinə ilk köç isə gələn ilin payızına planlaşdırılıb.
Bu əlamətdar gün, şəhərin mədəniyyətini, tarixini və əzmkarlığını qeyd edərək, hər kəsin Ağdam üçün qurulacaq daha gözəl sabaha töhfə verməyə çağırışıdır. Şübhəsiz ki, Ağdam, həm tarixi mədəniyyəti, həm də yenidənqurma işləri ilə Cənubi Qafqazın inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Bu proses Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, köçkünlərin Ağdama qayıdışını da sürətləndirəcəkdir. Azərbaycanın bu qədim torpağı yenidən öz əvvəlki abadlığına qovuşacaq və ölkənin inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Gülağa Əliyev - Bakının ən gözəl ərazilərindən birində yaradılmış möhtəşəm Zəfər parkı bizim 30 ildən sonra qazandığımız ərazi bütövlüyünün, qələbə uğurumuzun və Zəfər tariximizin daha bir abidəsi kimi qiymətlidir.
Noyabr ayının 8-də Zəfər parkının açılışında iştirak edən cənab Prezident çıxış zamanı çox ciddi məsələlərə toxunaraq tək 44 günlük qələbəyə deyil bütövlükdə ötən əsrin 90-cı illərindəki hadisələrə bir daha aydınlıq gətirmişdir.
Ölkə başçısı əvvəlcə Zəfər günümüz münasibətilə xalqımızı təbrik edib və diqqətə çatdırmışdır ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Daha sonra çıxışında onu da vurğulamışdır ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.
Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir.
2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən düşməni biz bu gün “Qarabağ Azərbaycandır” deməyə və bir daha unutmamağa məcbur etdik. Öz xoşu ilə yox. Dəmir yumruq hesabına. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.
Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı - Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Müasir dövrümüzün ən mühüm problemlərindən olan iqlim dəyişikliyi artıq bütövlükdə Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacin məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törədir.
BMT-nin bəyan etdiyi Davamlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə ekoloji siyasətinin konkret istiqamətini müəyyənləşdirib. COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan problemə həssas yanaşmasını bir daha nümayiş etdirir. Hazırda Azərbaycan beynəlxalq iqlim konfransına yüksək səviyyədə ev sahibliyi ilə diqqətdədir.
Dövlət başçısı İlham Əliyev noyabrın 12-də keçirilən COP29-un Liderlər Sammitindəki çıxışında bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi barədə qəbul edilən qərarın mahiyyətini açıqlayaraq bildirdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycanın müəllifi və iştirakçısı olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrildi. Nəhəng ixrac infrastrukturuna malik olan, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ölkələri və xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması, bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasına gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat, bütün bu amillər çox vacibdir.
Cənab İlham Əliyev Liderlər Sammitində Azərbaycanın zəngin bərpaolunan enerji potensialından bəhs etdi. Bildirdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.
COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələr təqdir edilir və COP29-un ölkəmizdə keçirilməsi də bunun təsdiqidir. Ölkəmiz qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin gücləndirilməsini qarşıya əsas hədəf kimi qoyub və bunu atdığı addımları ilə təsdiqləyir. Bu baxımdan BMT-nin Baş katibi Antonio Quterreş bu əminliyi ifadə edir ki, uğurlu bir COP-a imza atacağıq. Hər kəsə bu COP-da ehtiyacımız vardır. Antonio Quterreş belə bir çağırışı da səsləndirdi ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.
Cənab İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak etdi. Sammitdəki çıxışında “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb” söyləyən dövlətimizin başçısı bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. O da qeyd edildi ki, Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb.
Hər bir tədbir özündə mühüm çağırışları, mesajları ehtiva edir. Əsas hədəf bu çağırışların zamanında yerinə yetirilməsinə nail olmaqdır. Bu isə öz növbəsində birliyin, həmrəyliyin gücləndirilməsini bir tələb kimi qarşıya qoyur.
“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev - Bakıda keçirilən COP29 sammiti və tədbir çərçivəsində təşkil edilən panel iclaslar Azərbaycanın qlobal miqyaslı bu mötəbər tədbirə hədsiz dərəcədə peşəkar və mütəşəkkil hazırlıqlığını nümayiş etdirməkdədir. Əvvəlki COP sammitlərindən fərqli olaraq Bakı zirvə görüşləri qızğın müzakirələr, geniş məsləhətləşmələr və diskusiyalar formatında davam etməkdədir.
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi 200 ölkənin yekdil qərarı ilə Azərbaycana bu ali səviyyəli tədbirə ev sahibliyi etmək fürsəti verildikdən sonra ölkəmiz dünya liderlərini, beynəlxalq təşkilatları, transmilli şirkətləri və planetimizin müxtəlif sahələrdə uğur qazanmış insanlarını bir araya gətirmək üçün bütün imkanları ilə çalışıb. İndiyə qədər respublikamız ona həvalə edilmiş bütün beynəlxalq tədbirlərə məsuliyyətlə və nümunəvi hesab edilən tərzdə ev sahibliyi edib.
Açılış nitqində Azərbaycanın qazandığı uğurları həzm edə bilməyən qüvvələrə, beynəlxalq nüfuzumuza kölgə salmaq istəyənlərə cənab İlham Əliyev sərrast və tutarlı mesaj verməklə onların çirkin oyunlarını ifşa etdi. “Hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparılmasının şahidi oluruq. Düz bir ildir ki, COP29-la bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə də onların bu arzuları həyata keçməmiş, ürəklərində qalır”.
Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir. Ölkəmiz Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri salır. Eyni zamanda, dövlətimizin təşəbbüskarı olduğu meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycan hazırda COP prinsiplərində əsas ana hədəflərdən biri olan bərpaolunan enerjinin istehsalı və tədarükü istiqamətində yorulmaz fəaliyyət göstərir, qitələri birləşdirəcək yaşıl yol salır. 20 ildən artıqdır ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, hazırda 10 ölkənin dayanıqlı qaz təchizatında həlledici təminatçıya çevrilmiş ölkəmiz dünyanın müasir gündəliyində ön plana çıxmış “yaşıl enerji” kəmərinin çəkilişində də ənənəvi liderliyini nümayiş etdirir. Qlobal bazarlarda karbohidrogen tədarükünün alternativ enerji növlərinə transformasiyası və növbəti onilliklər ərzində ehtimal edilən neft istehlakının azalması fonunda Azərbaycan ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxarmağa hazırlaşır.
Prezident İlham Əliyevin Liderlər Sammitində bəyan etdiyi kimi, hazırda inşasına hazırlıq görülən “yaşıl dəhlizlər”in işə düşməsi ölkəmizin Avropaya “yaşıl enerji”ni ixrac etməsinə imkan verəcək. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi Azərbaycanın yaşıl potensialının ilk nümunələri olmaqla dörd giqavat enerjinin ixracını təmin edəcək. “Lakin bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”.
Ölkəmizin təşəbbüskarlığı sayəsində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan birgə layihəsi olan “Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” (“Qara dəniz kabeli”) formalaşmaqdadır. Həmçinin, iki qardaş ölkənin bərpaolunan enerji xətti kimi rəsmiləşmiş “Azərbaycan-Türkiyə-Avropa” enerji dəhlizi qurulmaqdadır. COP29 çərçivəsində dövlətlərarası sazişlə təsdiqlənən Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə yaşıl hədəfi kimi “Mərkəzi Asiya-Xəzər” enerji dəhlizinin bünövrəsi qoyulub. Dövlət başçının vurğuladığı kimi, “Biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik”.
Beləliklə, “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”, “Xəzər - Qara dəniz - Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid “yaşıl enerji platforması”nın mühüm həlqəsi kimi görünür.
Azərbaycanın hər 3 dəhlizi reallaşdırması və inteqrasiyası sayəsində yeni Şərq-Qərb enerji bloku - “Yaşıl Enerji Platforması” formalaşacaq. Bu isə uzun illər karbohidrogen təchizatçısı kimi Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol alan Azərbaycanı yeni onillikdə etibarlı ixracatçı və nəqledici kimi “yaşıl dəhliz”lərin müəllifinə çevirəcək.
COP29-un mühüm uğurlarından biri başlandığı ilk gündəcə dünya iqlim ailəsinin illərdir həll edə bilmədiyi karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarının qəbul edilməsinə nail olmasıdır. Sammit müasir iqlim hərəkatına başqa möhürlərini də vurmaqdadır.
Sammitin ilk 3 günündə Azərbaycan hökuməti ilə xarici ölkələr və onların nüfuzlu şirkətləri, beynəlxalq təşkilatlar arasında tarixi sazişlər imzalandı. Dövlət başçıları səviyyəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsinə dair Saziş, habelə Azərbaycan və Bolqarıstan arasında enerji üzrə Birgə İnkişaf Sazişi, eləcə də SOCAR, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzərdə külək enerjisi istehsalı üzrə Anlaşma Memorandumu, CAREC ölkələr arasında Tərəfdaşlığa dair Bakı Bəyannaməsi, Çin şirkətləri ilə “SOCAR Green” arasında icra müqaviləsi və digər mühüm sənədlər imzalandı ki, bütün bunlar qlobal iqlim təhlükəsizliyinə xidmət edir.
Bir sözlə, Azərbaycan dünya ölkələrinin iqlim niyyətləri və məqsədlərini həyata keçirmələri üzrə mühüm platforma olmaqla yanaşı, ekoloji hədəflərin reallaşmasının konsepsiyasını və yol xəritəsini müəyyənləşdirir, iqlim dəyişmələri ilə mübarizə sahəsində mühüm töhfəsini verir.
Müseyib Həmzəyev - Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyidir. 196 ölkədən 72 min iştirakçının qatıldığı COP29 dünyanı Azərbaycana toplayaraq reallıqlarımızın təbliğində növbəti tribuna oldu. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində Azərbaycanın iqtisadi, siyasi, xarici siyasət uğurlarından geniş bəhs edərək diqqəti hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçidə yönəltdi. Bildirdi ki, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.
Bu statistik rəqəmlər də diqqətdə oldu. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək.
Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Dövlət başçısı İlham Əliyev bildirdi: “Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.
Onu da qeyd edək ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrindən də bəhs etdi. Bu məqama da diqqəti yönəltdi ki, Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərar qəbul edildiyi gündən ölkəmizə qarşı qarayaxma kampaniyalarına başlanıldı. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, planlarımız açıqlandı. Ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil.
COP29 çərçivəsində keçirilən görüşlərdə, plenar iclaslarda səsləndirilən fikirlər Azərbaycanın hər bir addımının gələcəyə hesablandığının, ölkəmizin dayanıqlı inkişaf modelinin nümunə olmasının təsdiqidir. Azərbaycan özünə güvənən ölkədir. Hər zaman özünü deyil, digər ölkələri də narahat edən məsələləri diqqətdə saxlayır, köməyini əsirgəmir. Cənab İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bir sıra məqamlara diqqət yönəltdi.
O da bildirildi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır.
Azərbaycanın hər bir çağırışı beynəlxalq dəstək qazanır. Bu, dövlətimizin siyasətində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə saxlanıldığının nəticəsidir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə, axşam isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı- ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.