|
Gülağa Əliyev - “Azərbaycan xalqının sülsevər və səbirli xalq olduğunu 20% torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə bütün dünya gördü. Bütün bu illər ərzində beynəlxalq vasitəçilər, münaqişənin həlli yollarının tapılması üçün səlahiyyətləndirilmiş bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, “Dağlıq Qarabağ” münaqişəsinin hərbi yolla həlli yoxdur. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik. Əslində məsələnin sülh yolu ilə həllinə nail olmaq elə də çətin deyildi. Bunun üçün sadəcəolaraq Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa məcbur etmək lazım idi. Lakin beynəlxalq təşkilatlar bu məsələdə qərəzli mövqedən çıxış edərək Azərbaycanın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər. Buna görə də 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində quraraq hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var, yox olan isə qondarma “Dağlıq Qarabağ” adında ərazi vahidi və onun ətrafında süni şəkildə yaradılmış münaqişədir.”
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə ki, dövlət başçımızın bu əminliyi onun özünün uzun illər boyunca həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticələrinə əsaslanırdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Bütün bu tədbirlər öz nəticəsini verdi. Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya sahib olan dövlətə çevrildi. Əlbəttə ki, Ermənistanın bizim qarşımızda heç bir şansı yox idi. Bu ölkə üçün ən əlverişli variant Azərbaycan Prezidentinin tövsiyyələrini eşidib öz işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Lakin xarici havadarlarına güvənən Ermənistan bunu etmədi və sonda rüsvayçı məğlubiyyətin acısını çəkməli oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində ordumuz bir çox əhəmiyyətli qələbələr qazansa da məhz Şuşanın işğaldan azad olunması hərbi əməliyyatların başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı. Bu zərbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra isə Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanata həmin an hələ də işğal altında olan Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən özümüzə qaytarıldı.”
“Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Əlbəttə ki, müharibənin ilk günündə 50 siyasi partiyanın Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib, birgə dəstək bəyanatı imzalamaları möhtəşəm siyasi həmrəylik nümayişi idi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümü idi. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması və siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək məhz bu şəkildə öz nəticələrini göstərdi. Ali Baş Komandanın öz xalqına güvənərək yaratdığı “Dəmir yumruq” erməni faşizminin belini qırdı, bütün erməni miflərini darmadağın etdi”.
Məhəmməd Musayev - “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Şuşanın işğaldan azad olunmasının strateji əhəmiyyəti isə olduqca böyük idi. Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli bəyanat tarixi qələbənin sanki sənədi, təsdiqi idi və taninması idi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Qürur verən həm də odur ki, müharibə zamanı Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Hələ İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə deyirdi ki, Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq. Bu qətiyyət Ermənistanı niyyətindən daşındırmalı idi. Lakin Ermənistan sülh danışıqlarından yayınır, işğalın müddətini uzatmaq, regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Ermənistan yeni ərazilər işğal etmək üçün dövlət sərhədlərindən də, işğal etdiyi ərazilərdən də Azərbaycanın ərazilərinə hücumlar edirdi, müxtəlif miqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların, bu təxribatların qarşısını qətiyyətlə alırdı. Ermənistan işğal etdiyi ərazilərdə müxtəlif səviyyəli mühəndis-istehkam sədləri yaratmışdı. "Ohanyan səddi" adlandırdığı bu sədləri daha da möhkəmləndirirdi, təkmilləşdirirdi. İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusu bu sədləri darmadağın elədi, döyüşə-döyüşə mövqe qələbələri qazandı, kəndləri, şəhərləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşa işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il noyabrın 8-də Xankəndidə keçirilən Hərbi Paradda dedi: "...çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər". Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Böyük Qələbənin ərəfəsi oldu, noyabrın 10-da Rusiyanın fəal vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı, tarixi Zəfər işğalı son qoydu.
Bakıda yeni tikilən binalarda Mənzil Tikinti kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı bir çox hallarda narazılıqlar yaranır.
Vətəndaşlar Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətinin heç bir iqtisadi səbəb olmadan "kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırdığını bildirir.
Məsələ ilə bağlı tanınmış vəkil Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, binanın idarəetmə qaydasını mənzil sakinləri ümumi yığıncaqda müəyyən etməlidir:
"Yəni, sakinlərin yarıdan çoxu toplaşmalı, səsvermə əsasında qaydaları təyin etməlidir. Onlar ya idarəedici təşkilat təyin etməlidirlər, ya da "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti" adlı bir hüquqi şəxs təyin etməli və onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidilirlər.
Yığılan pulun miqdarını sakinlər birgə təyin etməlidirlər. Pul yığılmalıdır, çünki binanın hərtərəfli ehtiyacları o pulla qarşılanır. Bəzən MTK-lar qanunsuz idarəetməni davam etdirirlər. Onlara isə pul vermək lazım deyil".
COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.
Yol-xeber.az xəbər verir ki, tədbir məkanı olan Bakı Olimpiya Stadionunda baş tutan brifinqdə adıçəkilən qurumların nümayəndələri konfransın keçiriləcəyi müddətdə böyük ziyarətçi axınını idarə etmək məqsədilə nəqliyyat xidmətinin effektiv təşkili, iştirakçıların və yerli sakinlərin rahat hərəkətini təmin etmək üçün görülən tədbirlər barədə ətraflı məlumat verib.
Brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu qeyd edib ki, ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olan COP29-a təşkilati hazırlıq işlərinin tələb etdiyi spesifik yanaşma həmin nəqliyyat sahəsində icra olunan tədbirlərə də şamil olunub. Belə ki, bu istiqamətdə müvafiq plan və konsepsiyanın bu ilin fevralından sentyabr ayına qədər hazırlandığı diqqətə çatdırılıb. Konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva etdiyini bildirən O.Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspres avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə də geniş məlumat verilib.
Daha sonra çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O həmçinin həmən günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşları alternativ olan Zığ şosesindən istifadə etməyi də tövsiyə edib. A.Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından "28 May" və "Əhmədli" metro stansiyaları istiqamətlərində ictimai ekspres avtobuslar fəaliyyət göstərəcək, həmçinin, konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günləri müddətində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksəksəviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur:
"Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik".
Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirilib.
Xatırladaq ki, cari ay ərzində COP29 tarixlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra geniş miqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.
Növbəti nəqliyyat monitorinqi isə 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək. Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.
Milli Məclisdə sosial və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparıldı; “Dünyada elmlər doktoru anlayışı yoxdur, fəlsəfə doktoru var, postsovet məkanında bütün bu adlar yığışdırılıb”
Noyabrın 1-də Milli Məclisin plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc cari məsələlər zamanı çıxış edərkən ölkəmizə qarşı çirkin təbliğat aparanların iddialarına qarşı arqumentlərini söylədi: “Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. Mötəbər axtarış sistemi ”Google Scholar"a görə, daş kömür, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə - Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə - 37.55 qiqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir".
Z.Oruc qeyd etdi ki, Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür: “Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik”. Komitə sədri dedi ki, İqlim Sammitini Sülh Zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir!
Komitə sədri Fazil Mustafa diqqəti idmandakı vəziyyətə yönəltdi. Bildirdi ki, bu günlərdə Roma güləşi üzrə Dünya Çempionatında Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu və bu, çox böyük uğurdur, bir ilkdir.
Deputat sual etdi: bəs, Hacı Əliyev kimi idmançılarımızın yetişdiyi sərbəst güləşçimiz niyə uğur qazana bilmədi? Cavabında qeyd etdi ki, bu, legionerlərlə bağlıdır. “Legioner bir neçə ildən sonra çıxıb gedir, məktəb yarada bilmir”, deyən F.Mustafa qeyd etdi ki, futbolda da vəziyyət belədir. “Dünyanın əksər klublarında 70 gürcü furbolçu çıxış edir. Amma bir azərbaycanlı futbolçunu dünyaya transfer olunacaq səviyyədə yetişdirə bilməmişik”, deputat vurğuladı.
F.Mustafa mövzunu davam etdirərkən bir məqama da toxundu: “Eldəniz Əliyev 4 dəfə dünya çempionu olub, Hacı Əliyev 3 dəfə. Amma ölkədəki məktəblərin heç birinin girişində onların şəkillərinə rast gəlmirik. Çox yaxşı ki, şəhidlərimizin hamısının şəkilləri məktəblərimizin girişində, digər yerlərdə vurulub. Amma canlı qəhrəmanlarımızın şəkillərini görə bilmirik. Ona görə də baboşların, mamoşların, kimlərin təbliğatı gedir”.
Deputat Əli Məsimli qaz limitinin ləğvi barədə məsələ qaldırdı: “Dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələlər sırasında ön plana keçib. Bu baxımdan Azərbaycanın ən gözəl kəndləri sırasında öndə gedən Qaxın İlisu kəndində keçirdiyimiz görüş zamanı İlisu Dövlət Təbiət Qoruğunun unikal meşə sərvətlərini, nadir bitki aləmini qorumaq və artırmaq, eləcə də sel hadisələrinin qarşısını almaqdan ötrü digər vasitələrlə yanaşı, İlisu Dövlət Təbiət Qoruğu ərazisində yerləşən İlisu və Ağçay kəndlərindən əlavə Qum və Ləkit kəndlərinin də qazlaşdırılmasını vacib hesab etdilər. Görüşdə iştirak edən kənd sakinləri bildirdilər ki, qazlaşdırma ilə yanaşı dağ kəndlərində havaların soyuq keçdiyi ayların sayı çox olduğundan, əhali daha çox qaz istifadə etməli olur. Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan, bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsləsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”.
Ə.Məsimli qeyd etdi ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır.
Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov bildirdi ki, COP-29 yaxınlaşdıqca, vahid mərkəzdən idarə olunan anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiq və hücumları güclənməkdədir.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi.
Deputat Səyyad Salahlı (Aran) çıxışında bildirdi ki, Azərbaycanda həkimlərin əməkhaqqı az olduğu üçün onlar xaricə üz tuturlar və belə bir durumda regionlarda kadr çatışmazlığı yaranır: “1200 -1300 manat məvacib həkimin ehtiyaclarını ödəmir. Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir.
Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Halbuki xəstəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətdədir. Bir çox ixtisaslarda həkim yoxdur.
Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır”. S.Salahlı bildirdi ki, müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır.
Deputat Aqil Abbas isə çıxışında xatırlatdı ki, vaxtilə ali təhsilini başa vuran gənclərin təyinatla regionlara işləməyə göndərilməsi ənənəsi var idi və onun özü də rayonda təyinatla işləyib. Bu gün bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının hökm sürdüyünü deyən deputat təyinat məsələsinə qayıtmağı zəruri saydı.
Spiker Sahibə Qafarova isə çıxışlara reaksiya verdi: “Həkim çatışmazlığını nəyə əsaslanaraq deyirsiniz? Azərbaycanda həkim çatışmazlığı varsa, bununla bağlı rəsmi məlumat verin. Bugünkü iclasda deputat Aqil Abbas və siz ölkədə həkim çatışmazlığı olduğunu iddia etdiniz. Bununla bağlı statistika təqdim edin”.
Milli Məclisin iclasında səhiyyə ocaqlarında kadr çatışmazlığı ilə bağlı çıxışlara münasibət bildirən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarlarının Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində reaksiya verdi. Bildirdi ki, səslənən fikirlərdə həqiqət var.
Ə.Əmiraslanov qeyd etdi ki, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməməsi kimi məsələləri səsləndirilib: “Rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var. Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinat olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir. Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var”.
Milli Məclisin sədr müavini Rafael Hüseynov “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılmasını təklif etdi.
Onun sözlərinə görə, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova da deputatın fikirləri ilə razılaşdığını söylədi: “Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.
Deputat Siyavuş Novruzov bildirdi ki, bu gün Azərbaycanda 7069 nəfər elmi dərəcə alıb. Bunlardan 1343 nəfəri elmlər doktoru, 5706 nəfəri isə fəlsəfə doktorudur: “2023-cü ildə 99 nəfər elm doktoru alıb. Onların 40 faizi - 32 nəfər filologiya sahəsi üzrə müdafiə edib. Hüquq sahəsində müdafiə edənlər isə cəmi 4 nəfərdir. Çoxluq təşkil edən filologiya, tarix, tibb elmləri, dəqiq elmlərdir. Hüquq azlıqda qalan sahədir. Bəs 4 nəfərlə prokurorluq üzvlərini seçmək mümkündürmü? Hüquq sahəsində ən böyük elm ocağımız olan Bakı Dövlət Universitetində cəmi 27 nəfər elmlər doktoru var. 30 yaşına qədər olan insanlar hüquq-mühafizə orqanlarına qəbul olunur. Bu gün Azərbaycanda cəmi 7 nəfər yaşı 50-dən aşağı elmlər doktoru var. Onlar da, yəqin, gəlib prokurorluğa yenidən işləmək üçün ərizə verməyəcək. Gərək 7 nəfərin içərisindən hüquq-mühafizə orqanlarında çalışmaq üçün mütəxəssislər tapaq”.
S.Novruzov əlavə etdi ki, Təhsil haqqında qanunu 20 ilə qəbul etdik, 20 il də Ali təhsil haqqında qanunu qəbul edərik. Dedi ki, biz Ali təhsil haqqında qanunu qəbul edəcəyiksə, Boloniya sisteminə keçəcəyiksə, demək, bu sistemə uyğun adlar olmalıdır.
“Dünyada elmlər doktoru anlayışı yoxdur, fəlsəfə doktoru var, postsovet məkanında bütün bu adlar yığışdırılıb. Hətta Qırğızıstanda belə, bu adlar yoxdur, yeni sistemə keçilib. Hansı yaxşıdır, o sistemə keçək”. Qanun layihəsinə gəldikdə, komitə sədri bildirdi ki, biz bu qanunu qəbul etsək də, ora hüquq üzrə elmlər doktoru tapıb yerləşdirə bilməyəcəyik.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Komitə sədri Arzu Nağıyev layihə barədə məlumat verdi.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışında bildirib ki, biz komitədə bu məsələni müzakirə eləmişik və yekdilliklə ikinci oxunuşda qəbul olunmaq üçün tövsiyə eləmişik: “Bu gün ”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanun qəbul edirik, mən, sadəcə bir məsələyə diqqətinizi cəlb etməyi borc bildim. Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milli ayrı-seçkilik salmağa cəhd etdiyinə, xalqlar arasında nifaq toxumu səpməyə çalışdığına görə bir nəfər məsuliyyətə cəlb olunub. Çox təəssüf ki, bu zaman bəzi internet.tv-lərdə həmin şəxsin milli mənsubiyyəti önə çəkilir".
Millət vəkili “bunu o formada təqdim eləməyə çalışırlar ki, guya o, hakimiyyətin opponenti olduğu üçün həbs edilib. Əslində o, hakimiyyətin opponenti yox, dövlətimizin, xalqımızın birliyinə qarşı olan bir şəxsdir”,-deyə əlavə edib: “Mən bu məsələyə ona görə toxunmağı özümə borc bildim ki, cəmiyyətdən onun müdafiəsinə qalxanlara ciddi bir təpki müşahidə eləmirəm. Xüsusi xidmət, hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı təhqir, böhtan görürük. Əslində bu kampaniyanı təşkil edənlər əsasən xaricdən idarə olunur və anlamırlar ki, bu yolla onların iradələrinə, hüquq-mühafizə orqanlarının qərarlarına təsir eləmək mümkün deyil”.
Q.Həsənquliyev qədim Romanın tarixindən misal çəkdi və ardınca qeyd etdi ki, bizim bir çox soydaşımızın iqtidara qarşı münasibəti mənfi ola bilər, ayrı-ayrı hüquq-mühafizə orqanlarını da tənqid eləmək olar: “Amma dövlət məsələlərində belə bir mövqenin sərgilənməsi yolverilməzdir. Mən bu məsələni ona görə parlament tribunasından səsləndirdim ki, cəmiyyətimiz belələrinə qarşı daha dözümsüz olmalıdır. Qeyd etdiyim dövlət orqanlarına ictimai dəstək ifadə olunmalı və bu cür əməllər qətiyyətlə pislənməlidir”.
Bakıda bəzi ərazilərdə söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərətəbəli binalar inşa olunacaq.
BAKU.WS məlumatına görə, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.
Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib.
Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Digər söküntü işləri isə Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlərdən gedir. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. 10-a yaxın sakin ilə isə hələlik danışıqlarda razılıq əldə olunmayıb. Sakinlərdən birinə 13 kvadrat evi üçün 130 min manat kompensasiya təklif edlsə də evindən çıxmaqdan imtina edib. Bu sakinlərlə də razılıq əldə olunduqdan sonra kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq.
Azərbaycanda noyabrın 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacaq.
Azərbaycan Dəmir Yolları QSC (ADY) nəzdində işçilərin peşəkar inkişafı və bilik səviyyəsinin artırılması məqsədilə müasir kitabxana istifadəyə verilib. Yol-xeber.az" xəbər verir ki, Bu kitabxana dəmir yollarının tarixi, mühəndislik, texnologiyalar, psixologiya, incəsənət, lüğətlər, ensiklopediyalar və klassik Azərbaycan ədəbiyyatının inciləri daxil olmaqla geniş kitab kolleksiyası ilə zəngin məlumat mənbəyidir. Kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində ümumilikdə 4 mindən çox kitab var.
Yeni kitabxana ADY-də yalnız bilik əldə etmək deyil, həm də qiraət və bilikləri paylaşmaq mədəniyyətini təşviq edir. Bu məkan tarixin müxtəlif dövrlərinə aid qiymətli materiallarla əməkdaşların peşəkar və şəxsi inkişafına töhfə vermək məqsədini daşıyır.
Qeyd edək ki, əməkdaşlar üçün kitabxanaya kitab hədiyyə edərək bu bilik mənbəyinə töhfə vermək imkanı da yaradılıb. Beləliklə, hər kəs öz ianəsi ilə kitabxananın kolleksiyasını daha da zənginləşdirərək komanda ruhunun yüksəldilməsini fərqli formada dəstəkləyə bilər. ADY kollektivinin şəxsi və peşəkar inkişafını dəstəkləyən bu kitabxana bilikləri dərinləşdirmək, yeni baxış tərzləri formalaşdırmaq və yaradıcı ideyaların ortaya çıxmasına ilham vermək üçün əvəzsiz bir resursdur.
Bu ay Azərbaycanda 6 gün ardıcıl qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.