Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb.

Bakupost.az-ın məlumatına görə, liseyin 5-ci sinfində yoluxma aşkarlanıb.

Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.
Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən “Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Bu barədə “Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, nümunələrin sınaq nəticələrinə əsasən, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib:
“Həmin məhsulun istehsalında istifadəsi qadağan edilən bu yad kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsirlər göstərərək ciddi fəsadlar törədə bilir.

Onu da bildiririk ki, ölkəmizə qanunsuz yollarla gətirilən “Samyun Wan” preparatı bioloji aktiv qida məhsulu deyil və Agentlik bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bioloji aktiv qida məhsullarının satışı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq müşayiətedici sənədlərlə həyata keçirilir. Ona görə də, vətəndaşlardan xahiş olunur ki, satıcıdan bu məhsulları alarkən qida təhlükəsizliyi sertifikatını tələb etsinlər. Eyni zamanda hər hansı uyğunsuzluq müşahidə olunduqda bununla bağlı Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat versinlər.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaq”.

 


Son dövrdə Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları təhlükəli vəziyyət almağa başlayıb.

Rəsmi məlumata görə, ölkədə artıq üçüncü azyaşlı uşaq ağırlaşmış qızılca səbəbindən vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi məlumatına görə isə xəstəliyi ağır keçirən uşaqların əksəriyyəti qızılcaya görə peyvənd olunmayanlardır.

Maraqlıdır, valideynlər vurulması vacib peyvəndlər haqqında nə qədər məlumatlıdırlar? Doğum evlərində, klinikalarda yeni dünyaya gələn uşaqlar üçün valideynlərə peyvənd yaddaş kitabçası verilirmi?

Bu barədə Oxu.Az-a danışan pediatr Günay Rəsulova qeyd edib ki, özəl tibb müəssisələrində valideynlərə peyvənd yaddaş kitabçası verilir. Lakin pediatrın fikrincə, körpə doğulan kimi ailəyə mütləq peyvənd yaddaş kitabçası verilməlidir kimi bir tələb yoxdur:

“Çünki uşaq doğulub, doğum evindən çıxandan sonra ən yaxın sahə poliklinikasında qeydiyyata salınır. Ailə yaxınlaşmalı, poliklinikada qeydiyyata düşməlidir. Beləliklə, peyvəndlərin vaxtı çatanda poliklinikadan ailələrə məlumat verilir ki, uşağın hansı ayında hansı peyvənd vurulmalıdır. Buna sahə həkimi tərəfindən nəzarət olunur. Yəni valideynlərin peyvəndlər haqqında məlumatsız olmaları mümkün deyil. Sadəcə, əksər valideyn peyvəndin məsuliyyətini dərk etmədən, qohum-qonşunun fikirlərinə əsasən, yan təsirdən qorxaraq imtina edib. Peyvənddən imtina edilməsi də nəticədə belə infeksion xəstəliklərin yayılmasına səbəb olur. Qızılca peyvəndini iki dozada alan uşaqlarda 97 faiz qoruyuculuq formalaşır. Ona görə uşağına peyvənd vurdurmayan valideynlər poliklinikaya yaxınlaşıb, vurdura bilərlər”.

Pediatr Vaqif Qarayev isə vurğulayıb ki, uşaq doğulandan bir aylığına qədər sahə həkimi uşağı ən azı bir dəfə ziyarət edir:

“Həmin ziyarətdə isə peyvəndlər haqqında məlumat mütləq verilir. Peyvəndlər haqqında məlumat valideynə doğum evində, klinikada da verilir. Uşaq bir aylıq olanda sahə həkiminin qəbulunda olur, müayinədən keçir. Bu zaman da peyvənd haqqında valideyn yenidən məlumatlandırılır. Biz bilirik ki, bəzi hallarda həkimlər də valideynləri peyvənddən çəkindirmək istəyirlər. Bu, dəhşətlidir, amma geniş yayılan bir məsələ deyil. İstənilən halda, burada valideyn məsuliyyəti vacib məqamdır. Mütləq şəkildə valideynlər özləri peyvənd işinə ciddi yanaşmalıdırlar.

Sovet dövründə peyvəndlər məcburi idi. Biz indi sovet təbabətini bəyənməsək də, çox yaxşı tərəfləri var idi. Uşaqlara peyvəndi evlərdə, məktəblərdə, bağçalarda, poliklinikalarda - harada olur-olsun, mütləq vururdular. Ona görə həmin dövrdə ölkə üzrə yayılan heç bir uşaq infeksiyası, epidemiyası yadıma gəlmir.
Qızılca COVID-19 pandemiyasından öncə də var idi, telefonum qızılca səpkiləri ilə əlaqədar şəkillərdən, müraciətlərdən az qala dolmuşdu. Amma o zaman da peyvəndə müsbət yanaşanlar az idi. Son illərdə isə peyvəndə az qala Əzrail gözündə baxırlar: peyvənd əlil edir, autizm yaradır və s. Bəs sual verirəm, peyvənd olunmayan uşaqlarda niyə hər cür xəstəlik tapılır? Onlar niyə əlil, iflic, autist olurlar?

Biz guya avropalaşmışıq, peyvənd könüllü olub. Biz hüququn əleyhinə gedə bilmərik, könüllü olsun. Amma indi qızılca infeksiyası hüquq tanıyır? Xeyr!

Ana hamiləliklə bağlı məzuniyyətə çıxanda, ginekoloqun qəbulunda olanda onu sağlam uşaq otağına aparırlar, peyvənd otağını da göstərirlər. Yəni peyvəndləmə haqqında təbliğat hələ uşaq dünyaya gəlməmişdən başlayır, biz pediatrlar da o qədər çox deyirik ki, valideynə heç peyvənd yaddaş kitabçası lazım belə olmur. Sadəcə, yenə deyirəm, əsas məsələ valideyn məsuliyyətidir”.

Pediatr qızılca virusunun çox qədim xəstəlik olduğunu və yoluxdurma qabiliyyətinin son dərəcə yüksək olduğunu vurğulayıb:

“Hər virusun yoluxdurucu və öldürücü qabiliyyəti var. Qızılcaya yoluxan bir şagird məktəbdə üç sinfi yoluxdura bilər, çox tez yayılır. Amma letallıq, yəni öldürücü təsiri aşağıdır. Bəs niyə bu xəstəlik öldürür? Çünki bu virusun ağırlaşmaları çox təhlükəli pnevmoniya və s. nəticələrə gətirib çıxarır, hətta qalıcı fəsadlar yarada bilir. Əslində isə dediyim kimi, qızılca öldürücü xəstəlik deyil, hətta qripdən daha az təhlükəlidir və xüsusi müalicə planı yoxdur. Qızılca bir həftə, 10 gün müddətində ağırlaşma olmazsa, öz-özünə sağalıb, keçir. Adi gigiyenik qulluqlar, qızdırmaya nəzarət, təcrid edilmə kifayətdir. Amma peyvənd olunan uşaqlar belə, yüngül keçirirlər, nəzarətdə saxlandıqda qısa müddətə sağalırlar.

Bütün dünyada viruslara yoluxmadan qorunmağın iki yolu var: birincisi, peyvənddir - bu, mütləqdir, ikincisi isə özünütəcriddir. Mən bir həkim kimi bir müddət distant təhsilə keçilməsinin tərəfdarıyam. Çünki bu, artıq epidemiya halının başlanğıcı hesab edilə bilər. Ciddi tədbir görülməzsə, addımlar atılmazsa, qızılca ölkədə epidemiyaya çevrilə bilər”.

“Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir”

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev özünün “Facebook” hesabında paylaşıb.

O bildirib ki, bəzən də, sürücülər aldıqları mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər.

“Yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır.

Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır. Belə ki, son bir ay ərzində (050) 800-09-02 “WhatsApp” nömrəsinə bununla bağlı 131 müraciət daxil olub.

Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır”.

Ağdərə rayonun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir.

Bunu Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Azərbaycanda yeni rayon yaradılıb, Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar qəbul edilib. “Bununla bağlı dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaradıb. Bu xərclər dövlət büdcəsinin xərcləri çərçivəsində baş verə bilər. Ağdərə rayonun təsis edilməsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilməsinə ehtiyac yaranıb”, - deyə nazir əlavə edib.

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi" fəaliyyətini davam etdirir.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, sadəcə olaraq "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişir və buna görə də bazar bundan sonra "8-ci km Ticarət Mərkəzi" adı altında fəaliyyət göstərməyəcək.

"Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur", - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.

Bu günə qədər Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin sayı açıqlanıb.

Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, indiyə qədər Füzuli şəhərinə 308 ailə (1 106 nəfər), Laçın şəhərinə 363 ailə (1389 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə 987 ailə olmaqla 3 932 nəfər köçürülüb.

Azərbaycanda bu qışın sərt keçəcəyi gözlənilir. Artıq Bakı Şəhər İcra Hakimiyyəti yerli icra strukturları ilə birlikdə qışa hazırlıq müşavirələri keçirir, hazırlıq prosesi dəyərləndirilir.

Qışın sərt keçməsi bir qrup insan üçün xüsusilə təhlükəlidir ki, söhbət küçədə səfil həyatı yaşayan, evsiz insanlardan gedir.

Bakıda əvvəlki illərdə evsizlər üçün soyuq və qarlı havalarda müvəqqəti çadırlar quruşdırılaraq isti yerə, yeməyə ehtiyacı olanlar yerləşdirilib.

Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Cebhe.info-un sorğusuna cavabda bildirib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, eləcə də baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir:

“Artıq bir neçə ildir ki, çadırları belə müəssisələr əvəzləyir. Ötən qış mövsümündə olduğu kimi, bu qış mövsümündə də kəskin hava şəraitinin olması səbəbindən faktiki vəziyyətdə sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Sosial Sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermək olar. Sığınacaqlara yerləşdiriləcək şəxslər burada ilk növbədə tibbi müayinə olunduqdan sonra yataqla, yeməklə təmin olunacaqlar. Onlara zəruri sosial-məişət xidmətləri göstəriləcək".

Həmsöhbətimiz hələlik bu mövsüm evsiz insanlardan müraciət daxil olmadığını deyib:

“Qaydalara əsasən, sığınacaqlara qəbul sənədlər əsasında aparılır. Amma məhz kəskin soyuqlarda, qarlı-şaxtalı havalarda sənəd tələb edilmədən ehtiyacı olan şəxslər bu müəssisələrə yerləşdirilirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

Bu barədə nazirlik məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib.

“Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”, - F.Talıbov deyib.

Qeyd edək ki, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən binada 255 mənzil var.

Xatırladaq ki, jurnalistlər üçün tikilmiş 3-cü binanın təməli ölkə Prezidentinin sərəncamı ilə 2017-ci ildə qoyulub.

Lakin sonradan mənzillərin jurnalistlərə deyil, şəhid ailələri və qazilərə verilməsi qərara alınıb. Nazirlər Kabineti bununla bağlı müvafiq Sərəncam verib.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.

Xatırladaq ki, Qarardağ rayonunun Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 saylı orta məktəbdən 4-cü sinif şagirdinin qızılcadan öldüyü bildirilib.

Xəbər lenti