"Bakı Metropoliteni" QSC futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metrosunun həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Məlumata əsasən, aşağıdakı təhlükələr aşkarlanıb:

- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

- obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;

- obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;

- obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

- ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

- ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Naxçıvan Dəmir Yolları" MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq.

Bu barədə "Report"un yerli bürosuna şirkətdən bildirilib.

Məlumata görə, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçilir. Görülən tədbirlərin davamı kimi, yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmiryol infrastrukturu möhkəmləndirilir və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulur. Odur ki, dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır.

İşğaldan azad edilmiş 9 şəhərdən 7-nin baş planı hazırdır.

Bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

 
Onun sözlərinə görə İlkin mərhələdə bərpa olunacaq 83 kənddən 66-sının, 8 qəsəbədən 6-sının şəhərsalma əsaslandırması işlərinin böyük hissəsi yekunlaşıb.

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.
Baş memar sovet dönəmində tikilən binaların sökülməsi məsələsinə də aydınlıq gətirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.

“Report” xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.

Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər), Lənkəran rayonundan – 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər).

Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülüb.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə ailəsində dünyaya gəlib.

Sənətkarın atası o dövrün tanınmış xanəndəsi Məcid Behbudalı oğlu, anası isə Qazaxın Yuxarı Salahlı kəndindən olan Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım olub.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryol Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistliyə başlayıb, İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında çıxışlar edib.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki “Əsgər” roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunub.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edib.
1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazıb.

1959-cu ildə ona “SSRİ Xalq artisti”, 1980-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adları verilib. SSRİ-nin “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Qeyd edək ki, sənətkarın bir qız övladı yadigar qalıb. Qızı Rəşidə Rəşid Azərbaycanın tanınmış opera müğənnisidir.

Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıblar.

20 ailə yurduna köçüb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

DİN-dən verilən məlumata görə, videoşarxda qeyd olunub ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

"Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir", DİN-dən bildirilib.

Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək davam edəcək. Həmin tarixdən sonra karantin rejiminin uzadılması hələlik məlum deyil. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb.

Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Lakin ümumilikdə nə qədər insanın cərimələndiyi, nə qədərinin cəriməni ödədiyi və borclu qaldığı haqda statistika yoxdur. Rəqəmlər məlum olmasa belə, hələ də sosial şəbəkələrdə cərimələrin ləğvi, məbləği barədə müzakirələr gedir.

Yada salaq ki, Azərbaycanda karantin rejiminin tətbiqi ilə bağlı ilk qərar 2020-ci il martın 24-də verilib. Həmin ilin iyun ayının əvvəlində həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi elan olunub, bu qaydanı pozanları isə cərimələyiblər. Sonra cərimələrin məbləği iki dəfə artırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.

Hələ də cərimə olunan və bunu ödəməyənlər cərimənin hansı halda silinməsinin mümkünlüyü ilə bağlı suallara cavab axtarırlar. Xüsusilə qonşu ölkələr, Gürcüstan və Türkiyə cərimələrin ləğvi və ödənilən cərimələrin məbləğinin geri qaytarılması haqqında qərar qəbul etdikdən sonra ölkədə buna ümid edənlərin sayı artıb.

Belə ki, Türkiyə Konstitusiya Məhkəməsi bir neçə ay öncə koronavirus pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarına cərimə kimi ödədikləri pulların geri qaytarılmasına qərar verib. Pandemiya zamanı cərimələnən vətəndaşlar pullarının geri qaytarılması üçün müraciət edə biləcəklər. Yəni 11 mart 2020-ci il tarixindən 9 noyabr 2022-ci il tarixədək ödənilmiş bütün məbləğlər geri qaytarılacaq, ödənilməmiş cərimələr isə avtomatik olaraq ləğv ediləcək. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına qaytarmağa qərar verən növbəti ölkə olan qonşu Gürcüstan olub. Bu addım ölkə vətəndaşları tərəfindən siyasi müdriklik aktı kimi qiymətləndirilib.

Maskasız, SMS icazə olmadan çölə çıxanların cərimələri hansı halda bağışlana bilər? Cəriməni ödəyənlərin ödədiyi məbləğ geri qaytarıla bilərmi?

Mövzu ilə bağlı Bizim.media-ya danışan deputat Razi Nurullayev cərimələrin ləğvinin tərəfdarıdır: “Buna hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələyə diqqətlə yanaşılmalı və həll olunmalıdır. Doğrudur, o vaxt kimlərsə cərimə olundu, amma dövlətin məqsədi insanları cərimələmək, insanların cibinə girmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan, düşünürəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun necə olacağını deyə bilmərəm. Amma bu məsələnin ciddi şəkildə həllinin tərəfdarıyam”.

Milli Məclisin üzvü cərimələrin geri qaytarılmasında Türkiyə təcrübəsindən istifadə edilməsini doğru hesab edir:

“Cərimələrin geri qaytarılması ilə bağlı Türkiyədə təcrübə varsa və ölkəmizdə də bu, həyata keçirilərsə, təbii ki, vətəndaşlarımız çox razı qalar. Mən istəyərdim ki, olsun. Nə qədər mümkündür, mümkün deyil, gərək bununla bağlı əlaqədar orqanlar qərar versin. Amma niyə mümkün deyil ki? Həyatda mümkün olmayan nə isə varmı?! Hər şey mümkündür. Ən azından hələ ki ödənilməyən cərimələrin ləğv olunması ilə bağlı bir qərar lazımdır. Kimlərsə də ödəyibsə, onlara haqsızlıq olmasın deyə, həmin şəxslərin cərimələrinin geri qaytarılması gözəl bir addım olar”. Belə iddialar var ki, pandemiya cərimələri seçkiyədək silinə də bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda pandemiya zamanı yazılan cərimələrin ləğvi çox ədalətli qərar olardı:

“İndi də məlum olur ki, o zaman da həm dünyada, həm də Azərbaycanda bu qadağaların və laktdaunların ləğv edilməsi xəstəliyə qarşı heç bir effekt verməmişdi. Hətta belə bir elmi araşdırmalar da var. Bir çox ölkələr də bunu əsas gətirərək bu cərimələrin böyük bir hissəsini ləğv etdi. Parlament ayrıca qanun qəbul edir, qanun nəticəsində cərimələr silinir. Nazirlər Kabinetinin xüsusi qərarı ilə bu mümkündür. Bu yanaşma qəbul olunsa, çox ədalətli olardı”.

İqtisadçı millət vəkili Azər Badamov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki, karantin cərimələri ləğv edilsə, çox yaxşı olar:

“Məhz dövlətin gördüyü təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan dünyada pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkələrin sırasına daxil oldu. Bu gün isə demək olar ki, pandemiya başa çatıb. Amma pandemiya ilə bağlı tələbləri pozduğuna görə tətbiq olunmuş cərimələrin taleyi insanları narahat edir. Belə bir qərarın ölkəmizdə də qəbulu yaxşı hal olardı. Çünki bu cərimələrin tətbiqi pandemiyaya qarşı mübarizədə vətəndaşların məsuliyyətini artırmaq məqsədi daşıyırdı. Ona görə də hesab edirəm ki, cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv olunmalıdır”.

Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: "Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. Bütün bunlar ölkə qarşısında əhalinin məşğulluqla təmin edilməsi baxımından ciddi çağırışlar qoyur. Hesab edirəm ki, Azərbaycan bütün çağırışların öhdəsindən uğurla gəlir, görülən işlər də buna bariz nümunəsidir".

Nazirliyin prosesdə yaxından iştirak etdiyinə diqqət çəkən A.Əliyev vurğulayıb ki, azad olunan ərazilərə qayıdan şəxslərlərlə işin aparılması, məşğulluq imkanlarının qiymətləndirməsi təşkil olunur: "Prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir. Əmək bazarının öyrənilməsi ilə bağlı mütəmadi fəaliyyət göstəririk. Bu gün cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına ehtiyac var. Gənclərin bu sahəyə marağı güclənməlidir".

Xəbər lenti