![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Agentlik tərəfindən növbəti ağacəkmə aksiyası baş tutub.
Ağacəkmə aksiyası Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonundan keçən hissəsində keçirilib.
Aparılan işlər çərçivəsində yolun kənarı və ağac əkiləcək ərazi tullantılardan təmizlənilib, ərazidə olan ağaclara, bitkilərə aqrotexniki qulluq göstərilib, yaşıllıq zonasında təmizlik və gübrələmə işləri aparılıb.
Aksiyada yerli iqlim şəraitinə uyğun 2000 Eldar şamı və 500 sərv ağacı əkilib, ağacların suvarılması təmin edilib.
Bununla yanaşı, ərazidə yeni su xəttinin çəkilməsiylə müasir damlama suvarma sistemi quraşdırılıb.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə cəlb edilən, eyni zamanda Ermənistanla həmsərhəd rayonlarda yerləşən, habelə mina və partlamamış hərbi sursatların qalıqlarının olması ehtimalı olan digər ərazilərdə işlər görən tabeli qurumların işçi heyəti tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, onların mina hadisəsindən qorunması, partlayıcı sursatlarla bağlı risklərin azaldılması üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Təlimilərin təlimi” formatında "Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" təlimi keçirilib.
Təlimlər 30 nəfər təlim iştirakçısı üçün Göygöl “Olimpiya İdman Kompleksi”ndə və 130 nəfər təlim iştirakısı üçün isə Bakı şəhərində Avtomobil Yollarının Mühafizə Xidmətinin akt zalında təşkil edilmişdir.
Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub.
Təlim iştirakçıları əyani vəsaitlərlə təmin edilib.
Bundan başqa, iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair plakatlar təqdim olunub.
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi verilib.
Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Astara Pedaqoji Kollecinə direktor təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə filologiya elmləri doktoru Kamran Kazımov təyin edilib.
K. Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru işləyib.
Qeyd edək ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndindən olan Kamran Kazımov Vətən müharibəsi şəhidi Vüsal Kazımovun atasıdır.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Xəbəri Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.
Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir.
Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.
Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə bir sıra şəhər və rayonlarda mənzillər veriləcək.
Bu barədə İqtisadiyyat.az Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən məlumat əldə edib.
Nazirlik tərəfindən bu məqsədlə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin alınmasına başlanılıb.
Artıq Ağsu və Göygöl rayonu üzrə alınacaq mənzillər müəyyənləşib.
Sabahdan - dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.
Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib.
Bu barədə Yol-xeber.az ADY-ya istinadən xəbər verir.
Məlumata görə, əlavə qatar reysləri yanvarın 4-də saat 07:50-da Bakıdan Ağstafaya, həmin gün saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.
Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Baş Dövlət Yol Polisi İdərəsi şəhərlərarası (rayonlararası) müntəzəm marşurutlar üzrə sərnişinlərin təhlükəsiz daşınması məqsədilə bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edib.
İdarədən Yol-xeber.az-a verilən məlumata görə, daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirilməsini, uzaq məsafələrə nəzərdə tutulan marşurutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasını, sürücülərin reysqabağı tibbi müayinəsinin aparılmasına və avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunması tövsiyə edilib.
Qeyd olunub ki, bayram günləri ərəfəsində paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində nəzərəçarpacaq artım müşahidə edilir: "Lakin bir sıra hallarda bu sahədə müəyyən olunmuş qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Sərnişinlərdən isə öz təhlükəsizliklərinə biganə qalmamaq, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərindən istifadə etməmək xahiş olunur. Qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onların da reysqabağı tibbi müayinədən keçirilməsi mümkünsüz olur".