Bakı, Sumqayıt və Gəncədə yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında daha etibarlı bir evə köçmək istəyir.

Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) 384 respondent arasında keçirdiyi "Zəlzələ ehtimalına qarşı risklərin, ictimai davranış və mühakimənin qiymətləndirilməsi" ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub.

Bildirilib ki, 13% sakin yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmır və daha etibarlı bir evə köçməyi planlaşdırır. Eyni zamanda sorğu iştirakçılarının 46%-i yalnız dövlət yardımı olarsa, daha etibarlı bir evə köçə biləcəyini ifadə edib, 39%-i ümumiyyətlə köçməyi planlaşdırmadığını bildirib.

Köçməyi planlaşdıranların nisbəti yeni və köhnə binalar üzrə bərabər olmasına baxmayaraq (hər biri üzrə 13%), bunun dövlət yardımı halında mümkün olacağını ifadə edənlər üzrə fərqlər qeydə alınır. Belə ki, yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında köçə biləcəyini ifadə edib. Həmçinin yeni binalarda yaşayan iştirakçıların yarısı (50%-i), köhnə binalarda yaşayanların 36%-i ümumiyyətlə köçməyi planlaşdırmır.

 

 

 

 

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub.

Ölkə.az xəbər verir ki, bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşhədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar.

Hacı Elbrus Kərimov kimdir?

Hacı Şahinin xələfi gənc olsa da, şiə cameəsi tərəfindən yaxşı tanınır.

Hacı Elbrus Kərimov 5 noyabr 1992-ci ildə anadan olub. Hacı Şahinin əsas yetirmələrindən biri sayılır. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini də bilir. Hazırda Darul-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.

Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.

Darul Hikmət Elm və Tədris Mərkəzində rus və azərbaycan bölməsində Ərəb dili, Fars dili, Şəriət və Üsul dərslərini tədris edir.

“Dini anlama məntiqi” adlı kitabın müəllifidir. Kitaba ön sözü müəllimi Hacı Şahin Həsənli yazıb. Mərhum ilahiyyatçı yazmış olduğu ön sözdə tələbəsinin zehni əməyini yüksək qiymətləndirib.

Sələfindən fərqli olaraq, Elbrus Kərimov sosial şəbəkələrdə o qədər də fəal deyil. Onun “İnstgram” hesabını cəmi 725 nəfər, “YouTube” hesabını isə 563 nəfər izləyir.

Mərhum Hacı Şahin Həsənlinin öz sevimli tələbəsi Hacı Elbrusa həmişə dəstək olduğu bildirilir. Hacı Şahin sağlığında bir neçə dəfə Məşhədi Dadaş məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qılınmasına şərait yaradıb.

Hacı Elbrus Kərimov ailəlidir, bir qız, bir oğul atasıdır.

İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanalarda sıxlıq müşahidə olunur. Bu barədə zaman-zaman sosial şəbəkələrdə paylaşımlar edilir.

Mövcud problemin həlli üçün ASAN Xidmət modeilini təklif edənlər var. Qeyd olunur ki, sıxlıq və növbələrin olmaması üçün ASAN Xidmət mərkəzlərində olduğu kimi növbə modeli tətbiq olunsa, yaxşı olar. Beləliklə, vətəndaş vaxtın çatmasına nə qədər qaldığını biləcək və buna görə saatlarla xəstəxanalarda növbə gözləməli olmayacaq.

Bu cür sistemin tətbiqi ilə bağlı isə sual altındadır.

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür növbə sisteminin tətbiqi nəzərdə tutulub və bununla bağlı yaxın vaxtlarda yenilik olacaq:

“Agentlik tərəfindən əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet istiqamətlərdəndir. Tibb müəssisələrində onlayn növbənin tənzimlənməsi məqsədilə “e-Tabib” mobil tətbiqində təkmilləşdirmə işləri aparılır. Belə ki, tibb müəssisələrində onlayn növbə götürmək üçün mobil tətbiqdə bölmə yaradılır. Bölmənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub”.

Kamaləddin Qafarov: “İslahatlar tədricən öz nəticələrini verməkdədir”“2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar Parlament seçkilərinin əsas məqsədi islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Ölkə Prezidenti İlham Əliyev 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırmış, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişikliklərinin həyata keçirildiyini qeyd etmişdir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili bildirib: “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu gün müxalifət partiyalarının nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu, çox mühüm məsələdir və Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Buna görə də Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu məqsədlə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri yaradılmalıdır. Bu gün ölkəmizdə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Bütün sahələrdə aparılan kadr islahatları da bunu bir daha təsdiq edir. O cümlədən, mərkəzi və yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılan təmizləmə işləri birmənalı olaraq xalqın iradəsini ifadə edir və milli maraqlara söykənir.”

K.Qafarov Azərbaycanda demoqrafik mənzərənin çox müsbət, ölkə əhalisinin mütləq əksəriyyətinin isə gənclər olduğunu qeyd edərək, məhz bu səbəbdən də gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə müvafiq addımların atılmasının vacibliyi barədə Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: “Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri həm dövlətin, həm də bütün cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi də onlara göstərilən yüksək etimadla izah olunur. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı bir daha qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Məlumdur ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə biri deməkdir. Həmçinin həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində hazırda Azərbaycanın qonşu ölkələrlə sağlam, işgüzar və dostluq prinsipləri əsasında qurulmuş münasibətləri var. Ölkəmizin müsəlman aləmində yüksək nüfuzu var və bu nüfuz getdikcə daha da artır. Təbii ki, bütün bunlar xaricdə olan düşmənlərimizi son dərəcə narahat edir. Buna görə də hazırda ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki hazırki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Əlbəttə ki, bu yol xəyanət yoludur və sadəcə iqtidara qarşı deyil, bütün dövlətə və xalqa qarşı edilən cinayətdir. Bu səylər də heç bir nəticə verə bilməz. Lakin bu kimi cəhdlərin qarşısını vaxtında və qətiyyətlə almaq lazımdır. Bu ideoloji mübarizədə hamı səfərbər olmalıdır. O cümlədən, Milli Məclis də. Dövlət başçımızın dediyi kimi, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlara münasibətdə ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.”

Öttən gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda da hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzərxəbər"ə açıqlamasında bildirib ki, baş verən zəlzələ ilə bağlı əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur:

"Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün "zəlzələ bölgəsi" hesab edilir. Əslində, hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.

Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır. Zəlzələdən sonra bölgədə avtoşokların olması isə həmin sahələrdə enerji boşalmasından irəli gələn əlamətlər hesab olunur. Buna görə də yer daxilində hərəkət daim var və təkanların olması da normaldır".

Qeyd edək ki, son bir neçə gün əvvəl Hacıqabul rayonunda üç dəfə zəlzələ olmuşdu.

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

"Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Dövlət başçısının təbrikində xalqımızın çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saydığı və ona hər zaman dərin ehtiram göstərdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəliblər.

Həmçinin təbrikdə bildirilib ki, fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər.

Azərbaycan qadını hər zaman cəmiyyətimizdə xüsusi hörmətə layiq olub. Rəsmi statistikaya görə hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir.

Ötən il doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatıb.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artıb.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Milli Məclis (MM) Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsini III oxunuşda qəbul edib.

Report xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC xəbər verir.

Qurum narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Xəbər lenti