|
Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir.
G.Məmmədovanın sözlərinə görə iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1,4, Nizami rayonunda 1,5, Səbail rayonunda isə 1,2 dəfə yüksəkdir:
“Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.
İdarədən bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb:
"Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik".
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2,6% artım qeydə alınıb.
Bu haqda Modern.az-a şirkətlərdən birinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
Ekspert iyun ayı ərzində daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı danışarkən söyləyib ki, ay ərzində təkrar mənzil bazarında bir kvadratmetrin maksimum qiyməti 4 375 manat, minimum qiyməti isə 700 manat olub.
Onun sözlərinə görə, ilkin mənzil bazarında may ayı ilə müqayisədə 6,91% artım qeydə alınıb:
“İyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin bir kvadmetrinin qiyməti 1,9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,72% enib. Mənzil kirayəsi bazarında orta qiymət 12 manat artaraq 767 manat olub. Bir kvadratmetrlə hesabladıqda isə qiymətlər 0,13% azalıb. Yəni 7,97%-dən 7,96%-ə enib. Torpaq bazarındakı qiymətlər ötən ayla müqayisədə 7,59% artıb. Kommersiya obyektləri bazarında may ayına nisbətən 3,99% artım qeydə alınıb. Obyektlərin icarəsi isə ötən ayla müqayisədə 6,85% artıb”.
N.İbrahimov qeyd edib ki, ən bahalı mənzillər Nərimanov, Səbail və Nəsimi rayonları üzrə qeydə alınıb:
“Şəhər üzrə bahalı mənzillərin orta qiyməti ay ərzində 3 079 manat təşkil edib, may ayı ilə müqayisədə isə 0,96% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bahalı mənzillərin qiyməti 4,34% artıb. Ucuz mənzillərdə orta qiymət 1 336 manat təşkil edir, əvvəlki aya nisbətən isə 0,16% azalma olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 1,14% artım olub.
Bir kvadratmetr üçün ən yüksək qiymət 7 000 manatdır, ondan yüksək qiymətə rast gəlinmir”.
Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır.
Proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.
Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda "Dost Aqropark" fəaliyyət göstərəcək.
Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.
Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.
Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.
Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.
Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.
Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.
Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb.
Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Bildirilib ki, ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.
Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.
Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.
Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik.
Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Biuldirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur.
Testlərdən istifadəyə gəldikdə bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir.
2022-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və ya 1,7% artaraq 1 706,0 min nəfər olub, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,5%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% artaraq 825,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.