![]() |
|
“Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin formalaşmasında və inkişafında “Bir kəmər, bir yol” layihəsinin xüsusi rolu var: “Hələ 2013-cü ildə Çin Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdi. Strategiyanın əsas məqsədi malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılması idi. Hələ o dövrdə Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə oldu. 2019-cu ildə Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun gedişində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin demişdi ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir və Böyük İpək Yolunun bərpasında təbii tərəfdaşdır. Çin lideri “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini də xüsusi qeyd etmişdi. Öz növbəsində Prezident İlham Əliyev CGTN-ə müsahibəsində xüsusi olaraq vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs idi. Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşularaq hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başlaması, artıq dövlətimizin məhz gələcəyə hesablanmış iqtisadi siyasətinin müdrikliyinin daha bir göstəricisidir. Azərbaycan bu təşəbbüsün ilk dəfə irəli sürüldüyü gündən keçən 10 il ərzində layihənin rellaşdırılması istiqamətində çox böyük işlər görüb. O cümlədən, Xəzər dənizində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Hazırda bu limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstərici 25 milyon tona qədər artırılacaq. Xəzər dənizi ilə yükləri daşımaq üçün Bakıda gəmiqayırma zavodu inşa olunub. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Cənab Prezident öz müsahibəsində bir məqamı da xüsusi vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü həmçinin digər marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımaları fəallaşdırıb. İndi artıq Şimal-Qərb marşrutu üzərində işlər aparılır. Bu, uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.”
K.Qafarov daha sonra deyib: “Dövlətmizin başçısı müsahibəsində müasir dünyada getdikcə dərinləşən qütbləşmə prosesi fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Cənab Prezident Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər dünya liderləri ambisiyalar və virtual liderlik uğrunda mübarizədən əl çəksələr, silahları yerə qoyaraq bəşəriyyətin üzləşdiyi yoxsulluq, aclıq, bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlərə diqqətlərini yönəltsələr, bu zaman dünya daha gözəl və daha təhlükəsiz olar.”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.
Qaynarinfo bildirir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə isə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.
Sayt müxtəlif resurslar vasitəsilə bu faktı dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü ildə BDU-ya qəbul olunduğu qeyd edilib.
Əlavə edək ki, həmin illərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olub.
Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.
Qanlı Yanvar hadisələrindən 33 il ötür.
1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.
Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.
Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.
Yanvarın 20-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan elektrik qatarları istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
SSRİ Xalq artisti, sirk ustası Xakim Zaripov 98 yaşında dünyasını dəyişib.
Olay xəbər verir ki, bu barədə Rusiya Dövlət Sirkindən məlumat verilib.
X. Zaripov 1924-cü ildə Daşkənddə sirk artistəri sülaləsinin banisi Kərim Zaripovun ailəsində anadan olub. O, ömrünün 80 ildən çoxunu sirk sənətinə həsr edib.
Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüzminlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi.
Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.
33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik”.
Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Komitə sədrinin müavini bildirib ki, yenidənqurma işlərində keçmiş məcburi köçkün soydaşlarımızın özləri də yaxından iştirak etmək istəyirlər. Onların bu istəyinə baxılır və müvafiq qərarlar qəbul olunacaq.
Həmçinin aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.
Son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Xəzər TV-yə deyib ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir.
Qeyd edək ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.