![]() |
|
Yanvarın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam arabir yağıntılı olacağı, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.
Artıq Naxçıvan qeydiyyatında olan vətəndaşların paytaxtdakı ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələri və pasportlarını yeniləməsi prosesinə start verilib.
Baku.ws məlumatına görə, prosesə bu gündən başlanılıb və hazırda xidmətdən istifadə edən kifayət qədər şəxs var.
Bildirilir ki, bu daha əvvəl olmayan, yeni istifadəyə verilən xidmətdir.
Məlumata görə, xarici pasport alan zaman ödəniş 10 iş günü üçün 60 manat, şəxsiyyət vəsiqələri üçünsə 5 manatdır.
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Dubaydakı mülkləri də əlindən alınıb.
Unikal.az xəbər verir ki, Vasif Talıbov oğlu Seymur Talıbovla birlikdə 2022-ci ilin oktyabr ayının əvvəlində Dubaya səfər edib. Onlar təxminən 10 gün orada qalıblar.
Talıbovlar Dubayda qaldıqları müddətdə oradakı əmlaklarını və şirkətlərini satıblar.
Xatırladaq ki, Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkəti də artıq onun əlindən alınıb.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
P.Həşimovun dünyaya gəlişindən 48 il ötür.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Sabahdan Azərbaycanda bayram tətili başlayır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 Yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Bu hesabla,Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.
2023-cü il yanvar ayına olan hava proqnozu açqılanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Yanvar ayının 05-dək hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, üçünçü ongünlüyün bəzi günlərində 3 dərəcəyədək dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 18-28 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, dağlarda 18-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 14-25 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 16-28 mm).
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 10-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 22-49 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 17-31 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, dağlarda 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 44-98 mm).
Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Laçın rayonu ərazisində yeni inşa edilən yerləşmə məntəqələri istifadəyə verilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət ediblər.
Məruzə edilib ki, döyüş mövqeyində xidmət edən hərbi qulluqçular ayıq sayıq xidmət aparır, Vətənin keşiyində durmaqla qürur duyurlar.
Yerləşmə məntəqələrində qərargah binaları, yeməkxanalar, silah otaqları, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, anbarlar, avtomobil parkları inşa edilib. Mərkəzləşdirilmiş istilik sisteminin təminatı məqsədilə qazanxana kompleksi, fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri mövcuddur. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif ağaclar əkilib.
Sonra şəxsi heyətin döyüş hazırlığı yoxlanılıb. Döyüş hazırlığının müxtəlif elementləri üzrə icra olunan taktiki tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşakarlıqla yerinə yetirilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.
Hərbi qulluqçular qarşıdan gələn bayramlar münasibətilə təbrik edilib və onlara hədiyyələr təqdim olunub.
Müdafiə nazirinin müavinləri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti şəxslərə çatdırıblar.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) məlumat verilib. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən “Bəzi tibb müəssisələrinin ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında” əmr imzalanıb.
Məlumat üçün bildirək ki, Uşaq Nevroloji Xəstəxanasında 10 şöbə və 80 nəfər tibb personalı fəaliyyət göstərir. Tibb müəssisəsində sinir sistemi xəstəlikləri və xəsarətləri olan uşaqlar müalicə edilir.
Uşaq Bərpa Mərkəzində isə 5 şöbə və 96 tibb personalı fəaliyyət göstərir. Uşaq Bərpa Mərkəzi ölkədə uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların inkişafına çalışan tibb müəssisəsidir. Mərkəz uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir.
Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin 27.04.2021-ci il tarixli 11 nömrəli qərarına əsasən “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının tabeliyinə verilməsi yolu ilə yenidən təşkil olunub.