“Azərbaycanda COVID-19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar fəaliyyətini tibb müəssisələri kimi davam etdirəcək”.

Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB bununla bağlı layihə hazırlayıb.

“Virus ölkədə yayılanda Prezidentin tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar inşa olundu. Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul tipli xəstəxanalar ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək”.

Bakı Metropolitenində yenə sıxlıq müşahidə edilir.

Bu dəfəki görüntülər "Koroğlu" stansiyasının girişində qeydə alınıb.

Səhər saatlarında vətəndaşlar metroya daxil olmaqda çətinlik çəkiblər. 

Qeyd edək ki, sıxlıqla bağlı ötən gün metropoliten rəsmisinin verdiyi açıqlamada bildirilmişdi ki, iş günlərində gur saatlarda Bakı metropoliteninin bir sıra stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.

Həmin videonu təqdim edirik:

Kamaləddin Qafarov: “Böyük Qayıdış təmin ediləcək”
“ 2022-ci il noyabrın 16-da Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri öz əksini tapıb. Azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi də məhz Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Dövlət Proqramında əks olunan əsas prioritetləri şərh edən deputat bildirib ki, bu müstəsna önəm daşıyan tarixi sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb: “Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxmışdır. Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılmış, onların mümkün təsirləri təhlil edilmişdir. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı nəzərə alınmışdır. Dövlət Proqramı çərçivəsində “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.”

K.Qafarov Dövlət Proqramının icrası məqsədilə tətbiq olunan mexanizmlərin postmüharibə dövrünün ilk günlərində təsis edildiyini vurğulayaraq deyib: “Böyük Qayıdış təmin ediləcək. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. Bütün bunlar strateji əhəmiyyət kəsb edən məsələlərin həlli məqsədilə peşəkar idarəetmə sisteminin qurulduğundan xəbər verir. İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. Bu tədbirlər ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin edir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.”

DİN-in Baş DYP İdarəsi yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib.

Qurumdan daxil olan müraciətdə bildirilir:

Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində cari il ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində mürəkkəb relyefli, o cümlədən çətin keçilən ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 334 km-dən çox yeni təminat yolu çəkilib.

Bundan başqa Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.

Kamaləddin Qafarov: “Bu Vətən bizimdir!”
“Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmədi, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoydular. Ermənilər işğal etdikləri ərazilərdə 30 il qiymətli sərvətləri amansızcasına dağıtdılar, Ermənistana daşıdılar, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vurdular. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla ərazini əhatə etməklə bərabər, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə ciddi ziyan vurdu. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərini və qeyri-qanuni iqtisadi əməllərini indi də kriminal iş adamı olan Ruben Vardanyan davam etdirir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, ərazini ən çox çirkləndirən Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur mis-molibden kombinatı, ikincisi isə Ermənistanın cənub-şərqində, Qafan şəhərindən 1,5 km şərqdə, Oxçuçay çayının aşağı axınında yerləşən Qafan mədən və emal zavodudur:” Son on ildə Ermənistan fabriklərindən ağır metalların sızması səbəbindən Oxçuçay çirklənmə mənbəyinə çevrilib. Üstəlik, son iki il ərzində Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. Bu da 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin şərtlərini, xüsusilə bütün erməni hərbçilərinin bu ərazidən çıxarılması ilə bağlı 4-cü bəndi pozur. Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn kriminal iş adamı Ruben Vardanyan isə ekoloji fəsadları nəzərə almadan Qarabağ yataqlarında qızıl tərkibli və mis-molibden filizlərinin qanunsuz hasilatına başlayıb. Bunu nəzərə alaraq Azərbaycan ekoloqları təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq keçirmək istəsə də, dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədildi. Bu səbəbdən də bir neçə gündür Laçın-Şuşa yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası keçirilir. Dinc xarakterli bu aksiyada tələb ekologiyanı pozan, təbii sərvətləri talan edən separatçıların əməllərinə son qoyulması, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməsidir.”

K.Qafarov bildirib ki, ermənilərin Laçın yolunun bağlanması iddiasına gəlincə, bu sadəcə erməni həyasızlığıdır:”Görünən odur ki, yolu Azərbaycanın vətəndaş cəmiyyətinin etiraz edən nümayəndələri deyil, məhz Rusiya sülhməramlı kontingenti bağlayıb. Azərbaycan isə dövlət səviyyəsində Qarabağda yaşayan bütün erməni vətəndaşlarına humanitar dəstəyi verməyə hazır olduğunu bildirib. Sadəcə su bulandırmaqla, məsələni yanlış formada şərh etməklə Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə edir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilmir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb. Ona görə də Ermənistanın absurd bəyanatları heç nəyi dəyşməyəcək və Azərbaycan dövləti öz ərazisində ekoloji terror törədilməsinin, qanunsuz silahların daşınmasının, təbii sərvətlərin talan edilməsinin qarşısını qətiyyətlə alacaqdır. Bu Vətən bizimdir!”.

Sosial Tədqiqatlar Mərkəzi 12 iqtisadi rayonda 390 respondent arasında ictimai rəy sorğusu keçirib.

STM-dən bildirilib ki, sorğu çərçivəsində respondentlərin Qarabağda ermənilərlə birgəyaşayış məsələsi haqqında təsəvvürləri də öyrənilib. Belə ki, “Sizcə, Qarabağda ermənilərlə birgəyaşayış mümkün olacaqmı?” sualına verilən cavablara əsasən, onların 55,9 faizi “heç bir halda”, 37,7 faizi “bəli, yalnız şərtlər daxilində” cavablarını qeyd edib. “Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 2,0 faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi “heç bir halda” mümkün hesab etməmişdi, 27,0 faizi ermənilərlə Qarabağda birgəyaşayışı “bəli, yalnız şərtlər daxilində” mümkün saymaqla müsbət yanaşma sərgiləmişdi.

Rusiya sülhməramlılarına və onların səlahiyyət müddətinə münasibət

Rəy sorğusunda respondentlərin Rusiya sülhməramlılarına münasibətinin təhlili maraqlı məqamlardan biri kimi diqqət çəkir. Belə ki, respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarına mənfi münasibət bildirdiyi halda, müsbət münasibətini ifadə edənlər 6.9 faiz təşkil edib. Bu suala 11.3 faiz respondent cavab verməkdə çətinlik çəkib.
Sorğuda respondentlərin “Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz?” sualına mövqeyi də soruşulub. Nəticələrə əsasən, ictimaiyyət bu məsələyə münasibətdə fərqli fikirlərə malikdir. Belə ki, sorğu iştirakçılarının 49,0 faizi sülhməramlıların beş il müddət tamam olanda Qarabağdan gedəcəyini düşünür. Halbuki 37,2 faizi onların Qarabağda qalmaq müddəti ilə bağlı qeyri-müəyyən qənaətdədirlər. Respondentlərin 13,8 faizi bu suala rəyini bildirməkdə çətinlik çəkib.

Qarabağda qondarma rejimin “dövlət nazirinə” münasibət

Sorğu çərçivəsində respondentlərin Xankəndi və ətraf ərazilərdə “dövlət naziri” kimi yeni təyin olunan Ruben Vardanyanın missiyası/rolu haqqında fikirləri soruşulub. Qeyd edək ki, sorğuda iştirak edənlərin təqribən yarısı sözügedən şəxs haqqında heç bir məlumata malik deyil. Bu barədə məlumatlı olanların rəylərinin təhlili maraqlı nəticələrə gəlməyə əsas verib. Belə ki, respondentlərin 18,8 faizi R.Vardanyanla bağlı “Qarabağda Rusiyanın maraqlarını qoruyur, nəzarətini təmin edir” cavab variantını qeyd edib. Həmçinin respondentlərin 16,9 faizi onun hər hansı rolu və missiyasının olduğunu düşünmür. Sorğuda iştirak edənlərin 9,7 faizi “Ermənilərin və Qərbin maraqlarını təmsil edir, müstəqilliyi hədəfləyir” cavabını bildirib. Sorğu iştirakçılarının 0,8 faizi R.Vardanyanın ermənilərlə birgəyaşayış və sülh üçün vəziyyəti müsbətə doğru dəyişə biləcəyi qənaətini bölüşüb. Respondentlərin 3,3 faizi bu barədə digər cavab variantlarını səsləndirib, 50,5 faizi məlumatsız olduğunu, yaxud fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib.

Zəngəzur dəhlizinin reallaşması imkanları ictimai rəydə

Rəy sorğusu Azərbaycan cəmiyyətinin Zəngəzur dəhlizinin açılması perspektivləri barədə nikbin mövqeyini göstərib. Sorğuda iştirak edənlərin “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına olan münasibətini nəzərdən keçirsək, onların əsas hissəsi, yəni 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi əsasən inandığını bildirib. Respondentlərin 4,1 faizi əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

İqtisadçı Eldəniz Əmirov pensiyaların indeksləşdirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən təsdiqlənən son dəyişikliyi şərh edib.

E.Əmirov yeniliyin tətbiqi ilə əmək pensiyalarının məbləğində artımın olacağını bildirib: “Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalarda buna uyğun artacaq”.

“Bəs, gələn il pensiyalar nə qədər artacaq?” sualına isə iqtisadçı belə cavab verib: “2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”.

E.Əmirov əlavə edib ki, digər dəyişiklik qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır: “Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaqdır. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək”.

“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metirlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik".

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli avtobus dayanacaqlarnda qanunsuz park edən sürücülərə müraciət edərkən bildirib.

"Əks təqdirdə hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur".

DYP rəsmisinin sözlərinə görə, qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur:

"Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzidə 25.000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axının düzgün formada idarə olunmasına süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik".

Xəbər lenti