Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayacaq.
"Festival mayın 14-dək davam edəcək.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək.

Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival Vətən Müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası keçirilir

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb. 
 

 


Toplantıdan öncə Beynəlxalq Assosasiyanın üzvləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini  ziyarət ediblər, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

Uzun müddət işğal altında qalan Füzuli şəhəri yenidən qurulur və bərpa olunur. Mayın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər və yeni yaradılacaq parkda ağac əkiblər. 50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha qısa müddətdə yenidən bərpa olunub məksunlaşmağa hazır olacaq. İşğaldan azad olunan ərazilərimizdə ikinci ağıllı kənd də Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində inşa ediləcək.

Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, son təməlqoymalar Füzuli rayonunun artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyduğunu bir daha təsdiq edib. Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır:

"Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidənqurmanın daha intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir".

"Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir", - deyə V. Bayramov əlavə edib.

Bakıda və Abşeron yarımadasında mayın 12-də yağışın günün birinci yarısında kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslər bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotika aludəçisidir, narokotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: “Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

Qeyd edək ki, ötən gün bölməyə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu binanın ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Birinci xanım Prezidentin maraqlı görüntülərini paylaşdı

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin Şuşadan maraqlı fotosunu paylaşıb. 

"Paylaşımda deyilir:

"Şuşada yeni dost".

 

 

 

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə videoçarx hazırlayıb.

İdarə tərəfindən təqdim olunan videoçarxda qeyd edilib:

“Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Şuşanın inkişafı ulu öndərin adıyla sıx bağlıdır. Belə ki, Şuşa şəhərində Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox taleyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir. Ümummilli lider Heydər Əliyev qəlblərimizdə əbədi yaşayacaq!” 

Bakının “Google Maps” xəritəsindən ictimai nəqliyyat marşrutları yığışdırılıb.

“Yol-xeber.az”ın məlumatına görə, “Google Maps”də ünvana gediş üsulları seçilərkən artıq yalnız piyada, taksi və metro seçimləri görünür və avtobus seçimi olmur.

Qeyd edək ki, avtobus marşrutlarının xəritədə görünməyəcəyi ilə bağlı 1 ay öncə xəbərdarlıq edilmişdi. Belə ki, “Transit for Baku” layihəsinin iştirakçıları indiyə qədər “Google” tətbiqini könüllü olaraq bu məlumatlarla təmin etdiklərini, lakin artıq Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatları operativ şəkildə göndərmək istəmədiyi üçün martın 19-dan etibarən avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyasının dayandırıldığını, daha sonra isə məlumatın tamamilə yığışdırılacağını demişdi.

BNA isə məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmalar aparıldığını demişdi. Lakin nəticə olaraq sözügedən məlumatlar proqramda yer almamağa başladı.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı rəsmi açıqlama veriləcək.

 

 

 

Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür

Müasir Azərbaycan tarixinin bütöv bir dövrü, önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Təsadüfi deyil ki, tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı Vətənə və xalqa göstərdiyi misilsiz xidmətləri baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, onun uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.

Öz tarixini, keçmişini unudan xalqın gələcəyi olmaz. Məhz bu baxımdan ötən əsrin son onilliyinin əvvəllərində Azərbaycanda gedən proseslərin, baş verən hadisələrin ölkənin gələcəyi üçün əhəmiyyəti müqayisəyə gəlməyəcək dərəcədə böyük olmuşdur. İlk növbədə, birmənalı olaraq qəbul edilməlidir ki, 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi.

Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə, kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu.

Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycana iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman Ulu Öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da, ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Həmin gündən ötən dövr ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi.

Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, onu aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü.

Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu.

1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin adı və ideyaları isə qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacaqdır.

Kamaləddin QAFAROV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Xəbər lenti