![]() |
|
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Vilyam Haciyevin bəraət istəməsi barədə verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Vilyam Hacıyev həyat yoldaşı Cülyetta İbrahimovavə oğlu Məhəmməd Hacıyev ilə bağlı da qərar elan edilib.
Cülyetta İbrahimova və Məhəmməd Hacıyevin adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə verdikləri şikayətlər təmin edilməyib.
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1.852.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2.626.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22.000 manat)
- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33.000 manat)
- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118.000 manat)
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Vilyam Hacıyev və onun ailə üzvlərinə məxsus olan əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.
Vilyam Hacıyev hökmlə razılaşmır, barəsində bəraət hökmünün çıxarılmasını istəyib./Teleqraf.com
Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildiyi bildirilir.
Bu barədə Tns.az məlumat yayıb.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışırdı.
Məlumatlara görə, Vasif Talıbovun oğlu özünü Naxçıvan Dövlət Universitetinin rektoru kimi aparıb, universitetdə bütün məsələlərə şəxsən nəzarət edib. Universitetdə əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa Seymur Talıbova çatdırılıb. Güman edilir ki, universitetdə aparılacaq yoxlamalar zamanı onu kənarda saxlamaq məqsədilə Vasif Talıbov belə bir qərar qəbul edib.
Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosentidir.
Xatırladaq ki, Seymur Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Nazirlər Kabinetinin 324 nömrəli qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Karantin müddətinin bitməsinə bir aydan bir qədər çox müddət qalıb.
Ehtimal oluna bilər ki, növbəti ildən ölkə rəazisində xüsusi karantin rejimi ləğv edilsin. Bununla yanaşı isə karantin rejiminin yerdə qalan qadağa və tələbləri də aradan götürülsün. Vətəndaşları ən çox maraqlandıran məsələ isə Azərbaycanın quru sərhədlərinin bağlı qalması və bu qadağanın da nə vaxt götürüləcəyidir.
Məsələnin aktuallığını nəzərə alaraq tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Ekspert baku.ws-ə açıqlamasında bildirdi ki, nə qədər ki, karantin rejimi bitməyib pandemiya davam edəcək.
"Pandemiyanın sonuna qədər karantin rejimi də davam edəcək. Bu, birmənalı qaydadır. Karantin rejminin sərtləşdirilməsi və ya yumşaldılması isə situasiyadan asılı olacaq. Epidemioloji vəziyyət bu şəkildə davam edərsə, xüsusi sürprizlər olmazsa, karantin rejimi tamamilə yumşaldıla bilər. Amma tamamilə ləğvindən hələ danışmaq olmaz. Çünki hələ də pandemiya var və bunun qurtarması ilə bağlı raport yoxdur.
Ticarət mərkəzləri və digər kütləvi yerlərdə yoxlamaların olub-olmaması isə karantinin yumşaldılması ilə əlaqədar. Quru sərhədlərin açılması da epidemioloji vəziyyətlə əlaqədar. Bu məsələdə birməanlı proqnoz vermək olmur. Hesab edirəm ki, karantin qaydaları həddən artıq yumşaldılsa, qonşu ölkələrdə də şərait buna imkan versə, sərhədlər açıla bilər".
“Mən Xüsusi Olimpiya Komitəsinin sədriyəm. Gələn il Berlində olimpiya yarışları keçiriləcək və biz bu tədbirdə Azərbaycanı təmsil etməli idik”.
“Bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O əlavə edib ki, indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Xüsusi Olimpiya Komitəsinə maliyyə ayırmalı idi: “Bu maliyyə sayəsində idmançılarımız məşq etməli, hazırlaşmalı idi. Amma bu maliyyə ayrılmadı, onu başqa istiqamətə yönəltdilər. Biz tənqid edəndə deyirlər ki, yəqin hansısa xahişinə baxmayıblar”.
İşğaldan azad edilmiş ərazilərinə qeyri-qanuni keçən iki yüksək vəzifəli şəxs işdən çıxarılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Niftəliyev Bayram Qiyas oğlu işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçdiyi üçün vəzifələrindən azad olunublar.
Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.
Universitetdən verilən məlumata görə, toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib, onların ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.
Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənar məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını video lentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi rayon polis bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Khawaldeh Mohammad Khev Ahmad və Abdullah Mohammaed Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.
ATU-nun Rektoryanı şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak edən digər 4 tələbənin (Mohamad Eihab Ahmed Aldakach, Al Jivondi MHD Nabil Khalid, Al Ali Aussesami, Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd etməklə onlara şiddətli töhmət verilib.
Rektor yanı şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub. O.Bəhmənlinin noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib. Rektoryanı şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə İdarədən məlumat verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.
Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.
Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
Bakıda və Abşeron yarımadasında noyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.
Fövqəladə Hallar Nazirliyi (FHN) kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
FHN-dən daxil olan müraciətdə deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Soyuq havalarda isə adətən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artması müşahidə olunur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir. Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq: – nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin, elektrik şəbəkəsini həddindən artıq yükləməyin, işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin, elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin, mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın, mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın".