![]() |
|
Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilkin məlumata görə, noyabrın 17-i səhər saatlarına kimi davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
“Yağıntılı hava şəraiti ölkə ərzisində əsasən, şimal və şərq rayonlarında müşahidə olunacaq”, - deyə o bildirib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
"Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
Məlumdur ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər əlverişsiz hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır.
Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, piyadaların yağış suyu ilə isladılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik".
“Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək”.
Bunu əslən Laçından olan nəqliyyat sahəsi üzrə eksperti Ərşad Hüseynli deyib.
Qeyd edək ki, ekspert bundan əvvəl də Laçın şəhərində tikinti, yenidənqurma, bərpa işləri ilə bağlı görüntülər paylaşmış, burada həyatın qaynadığını demişdi.
“Azəristiliktəchizat” ASC sabahdan Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verəcək.
Bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulacaq.
Xatırladaq ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noyabrın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.
"Azəristiliktəchizat"ın xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixlərinə nəzərdə tutulur.
Qeyd edək ki, 2005-2019-cu illərdə Azərbaycanda 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1 900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2 700-dən artıq istilik təhcizatı layihəsi icra olunub. Bunun nəticəsindı bu gün Bakı və regionlarda 600-ə yaxın qazanxana istismar edilməklə 3 800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1 300-dən artıq digər sosial obyekt istiliklə təmin edilir.
Yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlmək olur. Bu hərəkət adətən gənclər arasında müşahidə edilir. Musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.
Bəs bu əmələ görə sürücüləri hansı məsuliyyət gözləyir?
Avtosfer.az xəbər verir ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini tapıb. Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddədə qeyd edilən hallar “mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə saat 24-dən 7-dək” aiddir. Digər saatlarda yüksək səslə musiqi dinləyən sürücünü heç bir məsuliyyət gözləmir.
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşıb.
Təmir çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə 1435 p/m yeni səki daşları düzülüb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünü döşənib.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin və şəhid ailələri üzvlərinin, digər həssas qrupların sosial dəstəklə təmin olunması, onların sosial inteqrasiyası sahəsində aparılan fəal dövlət siyasətinin növbəti təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz 121 nəfərlik auditorium, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxanadan və s. ibarətdir. Hazırda mərkəzdə 266 nəfər benefisiar təlim alır. Onlardan 60 faizə qədəri əlilliyi olan şəxslərdir. Mərkəzdə 14 istiqamətdə (musiqi, kapoeyra, badminton, atçılıq, rəqs, təsviri incəsənət, dulusçuluq, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, dərzilik, modelyer sənəti , xalçaçılıq, səhnə, kulinariya, fotoqrafiya və s.) təlimlər təşkil olunur. Ötən bir ildə mərkəzdə 20-dən çox tədbir, forum, sərgi-satış yarmarkası, konsert proqramı və s. təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə benefisiarların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün aparılan işlərlə, benefisiarların əl işlərindən ibarət sərgi və təlim prosesi ilə tanış olub, A.P.Çexovun eyniadlı pyesi əsasında mərkəzdə hazırlanmış “Təklif” tamaşasını izləyib.
Tamaşada kübar görünməyə çalışan cəmiyyətin problemləri əksini tapır. Vodevil (zarafat) janrında olan, 23 nəfər yaradıcı heyətdən ibarət tamaşanın 7 baş rol ifaçısından 5-i müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərdir.
Bakıda növbəti köçürlümə prosesinə başlanılacaq.
Söhbət paytaxtın Yasamal rayon ərazisindən gedir.
Yasamal Rayon İcra Hakimmiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov "Xəzər Xəbər"ə bildirib ki, bununla bağlı aidiyyəti qurumlar tərəfindən qəzalı binaların siyahıya alınması ilə bağlı tapşırıq verilib. İstismar müddəti bitmiş qəzalı binalar siyahıya alınıb və artıq aidiyyəti üzrə təhvil verilib.
Xəqan Teymurov qeyd edib ki, sakinlərin köçürlməsi istiqamətində iş adamları ilə danışıqlar aparılıcaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaq və yaxud da sakinlərə kompensasiya ödəniləcək.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası nəzərdə tutulur.
Bu keçid prosesi ilə bağlı 2022-ci il 11 noyabr saat 19:00-dan 14 noyabr saat
00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaqdır. Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.
Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının bilet satışı kassalarında həyata keçiriləcəkdir. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda nağdsız qaydada aparılması mümkündür.
Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər. Biletlərin geri qaytarılması ilə əlaqədar biletlə bağlı ödənilmiş məbləğ onlayn bilet satışı bərpa olunduqdan sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödənişi həyata keçirdiyi bank hesabına köçürüləcəkdir.
Bu müddət ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara bilet satışında hər hansı məhdudiyyət olmayacaqdır.
ADY-nin informasiya resurslarının təkmilləşdirilməsi ilə əlaqədar ADY-nin “1822-Əlaqə Mərkəzi”nin işində də fasilələrin yaranması ehtimal edilir. Bu baxımdan sərnişinlər və dəmir yolu nəqliyyatından istifadə etmək istəyən şəxslər sualları və çətinlikləri ilə bağlı (012) 499 45 15 telefon nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, informasiya resurslarının və ehtiyatlarının “Hökumət buludu”na keçidi ilə informasiya texnologiyaları sahəsində xərclərin azalmasına, məhsuldarlığının artırılması ilə bərabər bu sistemlərin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı infrastrukturun formalaşdırılmasına, operativ koordinasiya və daimi monitorinqin təşkilinə nail olunacaqdır.