Lənkərana, Quba şəhərinə və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırılıb

Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

Yol-xeber.az xəbər verir ki, qərara əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.

 Polisin və kameranın olmamasından istifadə edərək  "protiv" sürdü - VİDEO

Oktyabrın 13-ü Bakının Balaxanı-Binəqədi yolunda hərəkət edən sürücü yol hərəkəti qaydasını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, 90-PF-243 qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı edib.

Yolda hərəkət edən digər sürücülər qaydalar çərçivəsində hərəkət etdiyi vaxtda bu sürücünün qanunu kobud şəkildə pozması kənardan heç də yaxşı görünmür. Dayandırıb irad bildirəndə isə ya tələsdiyini, ya da xəstə dalıyca getdiyini bildirərək bəhanələr gətirəcək.

 

Dövlət Yol Polisi İdarəsindən  sakinlərə vacib xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az vasitəsi ilə paytaxt sakinlərinə və hərəkət iştirakçılarına müraciət edib. Belə ki, son günlər ölkə ərazisində davam edən karantin rejimi qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladaraq ictimai nəqliyyatda, (taksi, avtobus və metroda) eləcə də əhalinin sıx toplaşdığı ərazilərdə qoruyucu maskalardan istifadə etməklə gigiyenik qaydalara, ara məsafəsinə düzgün əməl etməyi hərəkət iştirakçılarından xahiş olunur.

Unutmamalıyıq ki, hər birimiz vətənimiz qarşısında ən həssas bir dövrdə yaşayırıq. Cəbhədəki düşmənimiz kimi “Covid 19” da əsasən mülki əhali ilə vuruşur. Hamımızın həmrəy olması hər iki düşmənlə mübarizədə bizi qələbəyə yaxınlaşdırır.

Sabirabadın giriş-çıxışlarında postlar quruldu

Karantin rejimi ilə əlaqədar Sabirabadda polis şöbəsi və Daxili Qoşunların əməkdaşları tərəfindən reydlər keçirilir. Yol-xeber.az verir ki, Sabirabad polis şöbəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Aqşin Tağıyev bildirib ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən oktyabrın 14-də saat 00:00-dan etibarən Sabirabad şəhərinə, rayonun  Cavad, Türkədi, Qalaqayın və Kürkəndi kəndlərinə giriş-çıxışlar məhdudlaşdırılıb.

Rayon ərazisində 9 stasionar post və 5 marşrut üzrə piyada postları yaradılıb.

Sabirabad Rayon Polis Şöbəsinin, həmçinin ətraf rayon polis şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Bundan əlavə şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

"Ermənistan müdafiə nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub. Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır".

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı açıqlamada bildirilib.

"Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır.
Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür.

Bildiririk ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır", - MN-in açıqlamasında bildirilib.

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd T-72 tankı, üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd PDM-2, bir ədəd KS-19 zenit topu, iki ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Rusiyalı jurnalist: Xankəndi tam boşalıb - VİDEO 
Rusiyanın “Mash” “Telegram” kanalının jurnalisti Xankəndində olub, şəhərdəki son vəziyyət barədə reportaj hazırlayıb.

Oxu.az xəbər verir ki, jurnalist Xankəndinin mərkəzi stadionunda baş çəkib, lakin orada məsul şəxslərdən kimsənin qalmadığının şahidi olub.

Reportyor şəhərdə fəaliyyət göstərən mobil şəbəkənin tamamilə sıradan çıxdığını, işıqforların belə işləmədiyini vurğulayıb.
Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”ın iştirak faktı aşkarlanıb.

Bu barədə məlumat Mərkəzi Bank tərəfindən verilib.

Bank tərəfindən aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, sözügedən yardımlar “Sberbank”da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda “Donation We and our borders”, “Финансовая помощь Мы и наши границы”, “Арцах” və ya “Artsakh” təyinatları adı altında həyata keçirilir.

Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də “Sberbank”a sərt etiraz məktubu göndərilib. 

Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində “Sberbank”ın iştirakına qətiyyətlə etiraz edilib.

“Sberbank”da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və “Sberbank”ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilib.

Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, “Sberbank” kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanıb.

Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

Erməni təxribatı nəticəsində dağıntılara məruz qalan məktəblərin siyahısı məlum olub.

Təhsil Nazirliyindən bildirilib ki, Tərtərdə 12, Ağdamda 11, Gəncədə beş, Füzulidə dörd, Goranboyda üç, Bərdədə bir və Ağcabədidə bir məktəb düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalıb.

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində üç məktəbli həlak olub. 

Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur. 

 

Xəbər lenti