“Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”.

Bu barədə “Report”un yüksək pensiya alan hərbçilərin ailəsinə pensiyaların verilməsi ilə bağlı sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, ölkənin müdafiəsi zamanı həlak olmuş və xəsarət alması nəticəsində sonradan vəfat etmiş hərbi qulluqçuların ailələrinə də pensiya təyin edilir.

Nazirlik eyni zamanda son döyüşlərdə könüllü, yaxud ehtiyatdan çağırılaraq xidmət edən hərbçilərə aylıq maaşın verilməsi məsələsinə də aydınlıq gətirib:

“Vətən müharibəsində könüllü, yaxud ehtiyatdan çağırılaraq iştirak etmiş hərbiçilərin iş yeri və əməkhaqqı saxlanılır. Hərbi xidmətlə əlaqədar əməkhaqqının ödənilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil”.

Əlilliyi olan şəxslərə əlillik müavinətindən başqa hansısa əlavə aylıq ödənişlərin edilməsi məsələsinə gəlincə, ümumilikdə, əlilliyə görə iş stajına uyğun olaraq aylıq pensiya və ya müavinət verilir: "Müharibə əlillərinə isə həmin pensiya və ya müavinət, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin olunaraq ödənilir”- deyə sorğunun cavabında vurğulanıb.

Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Dekabrın 10-da Azadlıq Meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Baku.ws xəbər verir ki, hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib ki, müharibədə iştirak edən bütün hərbi hissələrin nümayəndələri qələbə paradında iştirak edəcəklər: "Hazırda onların məşq prosesi gedir. Onların sayını dəqiq bilmirəm nə qədər olacaq.

Döyüş vaxtı yaralanmış qazilərimiz yenidən sıraya qayıdıblarsa, onların sağlamlığı paradda iştirak etməyə imkan verirsə, onlar da hərbi paradın iştirakçısı olacaqlar.

Hərbi paradda 150 ədəd hərbi texnika iştirak edəcək. Onların içində həm artilleriya, həm raket yaylım vasitələri, həm də digər xüsusi texnikalar olacaq. Hərbi paradda ən yeni alınan texnikalar da nümayiş etdiriləcək. Həmçinin düşməndən qənimət götürülən texnikalar da paradda göstəriləcək".

“Səhiyyə sistemi çöküb, dərman sektorunda vəziyyət gərgindir” - “Koronavirusun (COVİD-19) ikinci dalğası birincidən daha dağıdıcı və təhlükəli gəldi. Əgər 4 ay əvvəl birinci dalğada, insanlar “xəstəlik varsa, niyə mənim tanıdığım heç kimdə yoxdur?” sualı verirdilərsə, bu gün demək olar ki, hər evdə xəstə var. Artıq hamı inanır, amma gecikmişik".

Bunu həkim-farmakoloq Müşfiq Hüseynov bildirib. M.Hüseynov vurğulayıb ki, bir aydır həkimlər həyəcan təbili çalır: “Həkimlər əhaliyə özünüzü qoruyun, tibbi maskadan istifadə edin, məsafə saxlayın, gigiyenaya qaydaların əməl edin deyirlər. Dəfələrlə deyildi, dəfələrlə yazıldı, göstərildi. Amma keçən həftə küçəyə çıxanda maska məcburiyyəti, cərimələr gələnə qədər buna məhəl qoyan yox idi. Nəticə göz qabağındadır. Səhiyyə sistemimimiz çökməsə də, artıq “error” verir. Gözlənilirdimi? Gözlənilirdi.

 

Əgər Çexiya kimi Avropa ölkəsində sistem çökmüşdüsə ( yükün əsas hissəsini Almaniya götürdü), Türkiyə kimi tibbi nöqteyi nəzərdən dünya səviyyəli ölkədə xəstəxanalar doludursa, elementar dərmam istehsalı olmayan Azərbaycanda sistemin davam gətirəcəyi şübhəli idi. Ölkə rəhbərliyinin təcili tikdirdiyi modul tipli xəstəxanalar olmasaydı, bu gün nə olardı, bəlli deyil. Amma onlarda da yer limitlidir və bu gün demək olar ki, xəstəxanalarda yer yoxdur. Artıq apteklərə sistem şlanqı, müəyyyən infuz sistemlər, vitaminlər limitli verilməyə başlayıb. Antiviral dərmanlar ümumiyyətlə yoxa çıxıb. Dərman sektorunda vəziyyət gərgin, amma hələ ki idarəolunandır. Vəziyyətdən bir şəkildə çıxmalıyıq. Başqa yolumuz yoxdur”.

 

Həkim deyib ki, biz pamdemik burulğanın tam mərkəzindəyik: “Bu gün hər 5 testdən biri pozitiv çıxır. Bu isə o deməkdir ki, əgər gündəlik test sayı 10000 yox, 100000 olsa, xəstə sayı 20000 olacaq. Niyə test ancaq özəl klinikaların bəzilərində həm də 100 manatdır? Niyə poliklinikalarda test götürülmədi? Niyə 6 dollarlıq testlər 95-100 mamatadır? Testlər pulsuz və hər yerdə olsaydı, insanlar xəstələndiklərini vaxtında bilər və ətrafdakıları yoluxdurmazdılar. Yayda karantinin müddətinin gərəksiz uzanması da səhv addım idi. Bu gün xəstə sayı 10 dəfə çoxdur, amma qapanma yoxdur. Əslində buna gərək də yoxdur, çünki artıq gecdir.

 

Bəs nə olacaq? Proqnoz vermək üçün əldə real statistika olmalıdır. Bu yoxdur. Açığı göstərilən statistikanın doğruluğuna da şübhə ilə yanaşıram. Amma ölkədəki nəzarətsiz xəstə sayı, evlərdə müalicə alan insanların kütləviliyi və apteklərdən alınan dərmanların miqdarı göstərir ki, bu gün biz ikinci dalğanın zirvəsindəyik.

 

Bununla belə, düşünürəm ki, ilin sonlarına doğru, yaxın 2 həftə ərzində gərginlik azalacaq. Bunda xəstələrin sayının çoxluğu da təsir göstərəcək, maska taxma məcburiyyətinin gətirilməsi də. İstənilən halda ölkəyə peyvəndlər gələnə qədər özümüzü gözləməliyik.

 

Peyvənd işi bu gün geostrateji hal alıb. Bütün dünyanın gücü buna yönəlib. Rusiyada peyvəndləşmə başlayıb. Çində dekabrın 10-da peyvənd istehsalına başlanılır.

 

ABŞ-da “Pfizer” peyvənd istehsalı üçün icazə aldı və yaxın günlərdə istehsala başalayacaq. Almaniya da yeni ilə kimi azı 1 milyon insanın peyvəndlənməsini açıqladı.

 

Peyvənd alınma işi dövlət monopoliyasındadır və çox güman ki, artıq sifarişlər verilib. Hardan və hansı sayda, bu haqda məlumatım yoxdur. Amma ilk peyvəndlərin bizə 2021-ci ilin ilk aylarında gəlməsini gözləyirəm. Bəlkə yanvarın sonu, bəlkə fevralın ortaları. Bütün dövlətlərdə ilk olaraq xüsusi risk qrupları öncə peyvəndlənir. Bu kateqoriyaya uşaqlar, müəllimlər, həkimlər, polis və sərhəd xidməti daxildir. İkinci etapda yəqin ki dövlət məmurları, xidmət sektoru, sonda isə digər vətəndaşlar peyvəndlənəcək.

 

Vətəndaş olaraq bizim borcumuzu çox vacib olmadıqca küçəyə çıxmamaq, maskadan doğru istifadə etmək, gigiyena qaydalarına və sosial məsafəyə əməl etmək, heç bir halda tibbi özfəaliyyətlə məşğul olmamaq, həkimlərin göstərişlərinə evlərdə ciddi əməl etmək tələb olunur. Düşünürəm ki, il sonuna vəziyyət stabilləşəcək. Heç bir halda panikaya düşməməliyik. Vaxtında və doğru müdaxilə edildikdə xəstələrin 80 faizi ya simptomsuz, ya da yüngül əlamətlərlə keçirdir.

 

Bir sözlə, özümüzü qorumaqla həm ailəmizi, həm də onsuz da axsayan səhiyyə sistemimizi qorumalıyıq. Bizim nə başqa ölkəmiz var, nə də müraciət edəcək həkimlərmiz”.(Bizimyol)

Aşağı bədən temperaturu koronavirusun gizli simptomu ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bildirib.

Onun sözlərinə görə, bu reaksiyaya nadir də olsa rast gəlinir. O, bu simptomun ən çox yaşlılarda və uşaqlarda göründüyünü qeyd edib. Həkim bunu immun sisteminin “sönməsi” ilə əlaqələndirib.

Kondraxin bununla belə, sözügedən əlamətin başqa xəstəliklərlə də əlaqəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzən bədəndə müşahidə olunan aşağı temperatur hipotireozun, onkoloji xəstəliyin, qaraciyər xəstəliklərinin və s. göstəricisi ola bilər. (oxu.az)

Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq... Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıbmış. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə - oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.

APA TV bildirir ki, baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyacan döyüşüb. Zəngilan işğaldan azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub.

Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Anası Ləzifə Cəbrayılova öz əli ilə böyütdüyü oğlunu vətənə qurban verir:

“Oğlum istədiyinə nail oldu. Hamı qürurludur. Oğlumuz torpaq yolunda, vətən uğrunda gedib. Uca edib adını. Bayrağa həvəsi var idi. Bayrağa da bükülü gəldi”.

Böyük döyüş yolu keçib 37 yaşlı Sübhan Cəbrayılov. Qüsursuz xidmətinə görə bir sıra medal və mükafatlara layiq görülüb. Döyüş yoldaşı Səxavət Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiynində daşıdığını deyir:

“O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. Düşmənin 30-dan çox şəxsi heyətini sıradan çıxarıb. Sonra düşmənin bir dənə BMP-sini RPQ-26 ilə vurub məhv edir. Düşmənin polkovnikini əsir götürür, xəritəsini ondan alır və polkovniki yerində məhv edir”.

Sübhan Cəbrayılov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şad olardı.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib.

"Report"un Şimal bürosunun məlumatına görə, əslən Gürcüstan Respublikasından olan İsayevlər ailəsi ötən əsrin sonlarında Azərbaycan Respublikasına gələrək Xızı rayonunda məskunlaşıb və şəhidimiz də 2001-ci ildə burada anadan olub.

Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb.

A.İsayev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

 

 

 

Paytaxt Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub: 

“Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.

Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də qeyd edilən paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.

Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.

Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.

Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib”.

 Vaqif Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sentyabrın 27-də əks-hücum həmlələri ilə başlayan II Qarabağ müharibəsi hər zaman bir olan Azərbaycan xalqını bir az da birləşdirdi. Daim yardımsevər və qonaqsevər xalqımız igid Ordumuzun Qarabağın azadlığı uğrunda başladığı savaşda daha da möhkəmləndirdi.

Müharibənin ilk günlərində Vətənin minlərlə igid oğullarının könüllü olaraq orduya yazılması, xalqımızın ölkədə və dünyada tüğyan edən koronavirus pandemiyasına baxmayaraq, onları izdihamla və böyük çoşqu ilə yola salınması hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradırdı. Yolboyu Ordumuzun avtomobil karvalarının keçdiyi ərazilərdən insanların hərbçilərimizə sovqat paylaması, kimin əlində nəyi varsa – kəndlinin bağında yetişən meyvəsini və ən kasıbının adi su alıb Vətəni və Vətən uğrunda döyüşə gedən əsgəri üçün fəda etməsini gülər üzlə və fəxarətlə izləməmək mümkün deyildi. İnsanların maşın-maşın müzəffər Ordumuza isti paltar, corab və papaq göndərmələri isə insanların necə də fədakar və mübariz olduqıarənə bir daha üzə çıxardı.

Hər şey Vətən üçün...

Bu hər zaman belə olub. Çünki, bu millət hər zaman bütövləşməyi və böyük olmağı bacarıb. Elə məhz bu amillər də Azərbaycanın müzəffər Ordu, qalib dövlət olmasına səbəb oldu. Məhz Azərbaycan xalqının bu səxavəti torpaqlarımızın erməni işğalından azad olunmasına başlıca səbəb oldu.

Bu, geniş ürəkli sıravi insanların, sadə vətəndaşlarının etdikləri idi. Amma əsas sözü təbii ki, Dövlət deyirdi. Dövlət bütün diqqətini II Qarabağ Müharibəsinə yönəltdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən son innovativ və müasir hərbi texnikası, silah-sürsatına malik olduğunu bütün dünyaya sübut etdi. Bütün dünyaya Azərbaycan oğullarının necə döyüşkən ruhlu olduğunu isbat etdi.

Bütün bunlarla yanaşı, Ordumuza maddi yardımlar edənlər, maddi dəstək duranlar da oldu. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il noyabrın 2-dək 198 013 034,48 manat, 10 996 105,84 ABŞ dolları, 165 596,19 avro, 495 521,33 türk lirəsi, 1 294,72 ingilis funt sterlinqi və 5 062 550 rubl vəsait daxil olub.

Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 906 626,24 manat, 10 777 425,16 ABŞ dolları, 147 255,19 avro və 5 057 550 rubl vəsait daxil olub.

Ordumuza dəstək kampaniyalarına Azərbaycan neftçiləri də qoşulub. Daha doğrusu, Orduya yardım edilməsindən Azərbaycanın igid neftçiləri də heç kəsdən geri qalmadılar. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 500-ə yaxın əməkdaşı da Qarabağın azad edilməsi üçün səfərbər oldu və Qarabağ uğrunda döyüşməkə yanaşı, Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət etdilər.

SOCAR qazilərinə yardım edir

Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əməkhaqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər ediblər. SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.

Bundan başqa, SOCAR İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar verib. Müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar edilib. Böyük Qələbənin əldə olunması üçün bir çox neftçi qəhrəmancasına şəhid olub.

“Azəriqaz” şəhid ailələri və qazilərin müraciətini təmin edir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də öz imkanları daxilində Vətən müharibəsində yaralanan Qazilərimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinin müraciətlərini yerinə yetirməyə çalışır. Bu müraciətlər isə həm sosial şəbəkələr üzərindən, həm də məktub yazışmaları ilə edilir.

Təkcə, son 20 gün ərzində qaz çəkilişlərinə dair bir neçə müraciət yerinə yetirilib, bu barədə hazırlanan video çarxlar sosial şəbəkə İstehsalat Birliyinin ünvanlarında yayımlanıb.

Belə ki, Astara rayonundan olan əsgər Vüqar Əmrayev sosial şəbəkə üzərindən video çəkərək paylaşıb. “Azəriqaz” əməkdaşları tərəfindən onun ailəsinə baş çəkilib və tək yaşayan atasının qaz təchizarı bərpa olunub.

Bundan başqa, sosial şəbəkədə hərbçi Fariz Babayevin, ailəsi Bakı şəhərinin Xəzər rayonunda yaşayan digər bir hərbiçinin də müraciətlərinə baxılaraq yerinə yetirilib. Şabran rayonunun Uzunboyad kəndində şəhid Samir Abbasov, Sincanboyad kəndində şəhid Nurlan Nurməmmədov, Bakının Sabunçu rayonunda şəhid Bəhruz Əliyev və şəhid Əmrullah Əliyevin ailələrinin müraciətləri də dərhal icra edilərək qaz çəkilişləri həyata keçirilib.

Bundan başqa, Goranboy rayonunda hərbçilər Elşən Qurbanov, Qazaxda yataqxanada yaşayan qazi Kənan Musayevin müraciətləri də təmin edilib.

P.S. Sonda bir etiraf da edək. Bilirik və çox gözəl anlayırıq ki, Azərbaycan xalqının, hər birimizin bir fərd olaraq Azərbaycan Ordusuna göstərdiyimiz yardım, hərbçilərimizə etdiyimiz dəstək, bu igidlərin ayrı-ayrılıqda bizim üçün etdiklərinin yanında bir zərrədir. Bu cür yardım və dəstəklə onların bizə etdiyinin qarşılığını ödəyə və borclarını qaytara bilmərik. Çünki, bu igidlər Azərbaycana və Azərbaycan xalqına 30 il həsrətində olduğu Qarabağ torpağını və Azərbaycanın bütövlüyünü qaytardılar. Şəhidlərimizə rəhmət, qazilərimizə can-sağlığı arzu edirik. Qarabağ Azərbaycandır!

 

 
  •  

 

 
 
 

Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

 

 
  •  

 

 
 
 

Xəbər lenti