![]() |
|
"Vergi Məcəlləsinə təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna böyük vergi güzəştləri tətbiq olunacaq".
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, məqsəd daha çox sərmayə cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır:
“Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Dəyişikliklərə əsasə, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma veriləcək. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırılır.
Mövcud qanunvericiliklə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə qaldırılır. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilir.
Ən vacib məqamlardan biri də bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq”.
İli köhnə avtomobillərin taksi xidmətinə qoşulması qanunla qadağan olsa da, sosial şəbəkələrdə bu avtomobillərin taksiyə qoşulması xidməti təklif edilir.
Müxtəlif səhifələrdə bu xidmət müəyyən məbləğ qarşılığında həyata keçirilir. Özü də məşhur taksi şirkətlərindən birinin adı ilə. Bu azmış kimi, son günlər sosial şəbəkələrdə köhnə avtomobillərin taksi xidmətində çalışmasına qoyulan qadağanın aradan götürüləcəyi barədə iddialar yayılıb.
Məsələ ilə əlaqədar taksi şirkətindən bildirilib ki, bu mövzu ilə əlaqədar yayılan məlumatların onlarla heç bir əlaqəsi yoxdur və saxta məlumatlardır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə "Xəzər Xəbər"ə bildirilib ki, əvvəlki tələblər qüvvədə qalır.
O da qeyd edilib ki, əgər hansısa icazəsi olmayan taksi sürücüsü şirkətlər tərəfindən işə cəlb olunarsa, yəni ona sifariş ötürülərsə, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd edək ki, yazılan şərhlərdən də aydın olur ki, sosial şəbəkələrdə paylaşılan belə elanlara müraciət edənlər az deyil.
Ətraflı süjetdə:
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində baş verən partlayışdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gələrək vəziyyətlə tanış olub.
Hadisə nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında 13-cü mikrorayonda beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində Əliyev Ramin Zakir oğlu (1977), Əliyev Ayxan Ramin oğlu (2007) və Əliyeva Familə Ramin qızı (2010) xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimallara görə, partlayışın səbəbi qaz sızması olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumlarının və təşkilatlarının rəhbər vəzifələri xeyli vaxtdır ki, boşdur. Belə ki, bir sıra sabiq məmurlar deputat seçildikləri üçün vəzifələrindən azad ediliblər. Bəzi şəxslər isə vəzifələrindən azad olunsalar da, onların yerinə yeni şəxs təyin olunmayıb.
Bizim.Media kreslosu boş qalan məmurların siyahısını təqdim edir:
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (keçmiş "Azərsu) İdarə Heyətinin sədrinin kreslosu boşdur. Sabiq sədr Köçərli Həsənov bu ilin sentyabrında vəfat edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsi də öz sahibini gözləyir. Nəzərə alaq ki, sabiq sədr Şahin Seyidzadə sentyabrın 20-də keçirilən parlament seçkilərdə Milli Məclisin deputatı seçilib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Sabiq icra başçısı Asif Əsgərov VII çağırış Milli Məclisə deputat seçildiyi üçün Dövlət başçısının 23 sentyabr 2024-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib
Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifə hazırda boşdur. Söhbət icra hakimiyyətinin rəhbərliyinə daxil olan birinci müavin və üç müavin postundan gedir. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında həmin vəzifələrin qarşısı uzun müddətdir adsız göstərilir.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olub, bu vəzifəyə Eldar Əzizov gətirilib. Lakin üç aydan sonra - 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalıb.
O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb. Daha bir müavin postuna da son illər təyinat həyata keçirilməyib. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyində 4 yüksək vəzifə boş olduğundan, həmin postlara təyinat aparılması gözləniləndir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərova həvalə olunub.
Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən azad edilib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.
"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.
APA xəbərinə görə, Əli Cəfərov "Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunub.
Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.
"Azərbaycanda ölkə başçısı tərəfindən Birinci Qayıdış Dövlət Proqramı qəbul olunub və bu dövlət proqramında işğaldan azad edilmiş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı geniş, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub".
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Nazir müavini əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış qayıtmış 3 min şəxsin artıq aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub:
"Bu təxminən faizlə biz götürsək, həmin ərazidə olan iqtisadi fəal əhalinin 85-86 faizini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə hazırda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Orada dövlət vəsaiti hesabına böyük infrastruktur layihələri icra olunur. Orada podratçı, subpodratçı təşkilatlarla da əməkdaşlıq edirik.
Onu da qeyd edim ki, biz hər ay 300-ə yaxın işəgötürənlə bu işlər çərçivəsində əməkdaşlıq qurmuşuq və həmin ərazilərdə məskunlaşmış şəxslərin yaradılmış iş yerlərində işlə təminatını sosial tərəfdaşlıq prinsipləri əsas götürülərək təmin etmək istiqamətində iş aparırıq.
2026-cı ilin sonuna qədər 12 min şəxsin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə hazırlığına cəlb olunmasını planlaşdırırıq. Digər bir istiqamət isə özünəməşğulluq proqramıdır. İşğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə özünəməşğulluq proqramlarının həyata keçirilməsini hədəfləmişik və tədbirlərimizi davam etdiririk".
Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir.
Mövcud vakansiyalarla BURADAN tanış ola bilərsiniz.
İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.
Bəs bu vəsaiti kimlər ala biləcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub:
“Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir”.
Millət vəkili qeyd edib ki, bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.
V.Bayramov iş yerlərini itirən vətəndaşların nə qədər vəsait ala biləcəyini izah edib:
“Müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz”.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə idarədən məlumat verilib.
Müraciətdə bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır. Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır, sürüşmə ehtimalını artırır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək əlverişsiz hava şəraitində, xüsusilə gecə və səhər saatlarında daha da diqqətli olmağı, sürücülərdən sürət həddini, ara məsafəsini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, piyadalardan isə mümkün təhlükələri nəzərə alaraq, daha məsuliyyətli və ehtiyatlı olmağı xahiş edir.