![]() |
|
Dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Bu gün - dekabrın 16-ı Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.
"Report"un məlumatına görə, FHN-nin fəaliyyətinin 19-cu ildönümü tamam olur.
Nazirlik fəaliyyət göstərdiyi 19 il ərzində baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.
FHN-in informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişafı, elektron xidmətlərin təşkili, eləcə də respublikada baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112 Zəng Mərkəzi” yaradılıb.
FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Ötən illərdə yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları peşəkarlıqlarını nümayiş etdiriblər.
Beynəlxalq əməkdaşlığı durmadan genişləndirən FHN Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Ötən ilin fevralında isə FHN-in çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə xilasetmə işlərində iştirak ediblər. FHN-in 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş, Hatay və digər şəhərlərində fəaliyyət göstəriblər.
Həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak edən və Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxaran FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Elvin İsgəndərov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib.
“Report” xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.
Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.
Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.
Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
"Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir çıxışında deyib ki, artan gəlirlərimiz hesabına əhalinin sosial müdafiəsi və rifah halının davamlı yaxşılaşması təmin edilir: "2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək. Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək. Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 mlrd. manat olmaqla 4 milyon vətəndaşı əhatə edib".
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.
Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hal-hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.
ADSEA-dan verilən məlumata görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.
Buna səbəb xəttlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır.
Don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur.
Qar Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb.
“Yollar buz bağladığına görə hərəkətdə olan əksər avtomobillər yolda qalıb.
“İctimai TV”yə istinadən həmin görüntüləri təqdim edirik:
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilib.
"Qafqazinfo” məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, 59 yaşlı A.Kazımov bu vəzifəyə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.