Gələn ilin bayram günləri müəyyən edildi

2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Sabah Bakıda bu yollar bağlı olacaq

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məlumata görə, hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

"Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.

Yeni il ərəfəsində quş əti məhsulları niyə bahalaşır?

Son günlərdə quş əti məhsullarının qiymətində artım müşahidə olunur.

Əsas ərzaq kateqoriyalarından olan bu məhsulun bahalaşması həm istehlakçıların gündəlik xərclərini artırır, həm də restoran və ictimai iaşə sektoruna təsir edir.

Marketlərdə toyuq ətinin qiymətlərində 0.50-1 AZN arasında bahalaşma müşahidə olunur. Əvvəllər 17-18 manata alınan hind toyuğu ətinin qiyməti isə 19-20 manata yüksəlib.

Bahalaşma ilə bağlı BAKU.WS-ə danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, burada səbəblərdən biri tələbin qısamüddətli dövr üçün kəskin artmasıdır:

"Digər səbəb isə təklif aspektindən müəyyən gecikmələrin ortaya çıxması və həmçinin bu istiqamətdə yerli istehsalçıların bazarın tələbinə uyğun olaraq məhsulu bazara təklif edə bilməməsi amilidir. Eyni zamanda burada digər faktorlar da təbii ki, öz rolunu oynayır.

Məhsullar bu bazarda, xüsusilə də çox dinamikdir, qismən liberal bazar hesab olunur. Çünki xüsusilə yerli təchizatçıların sayı çoxdur və bu istiqamətdə idxal meyilləri də vardır. Buna görə də bolluq yaranan kimi qiymətlər ucuzlaşır. Əksinə təchizat zəncirində müəyyən problemlər ortaya çıxanda, xüsusilə də broyerlərin hər hansı birində məhsul istehsalı ilə bağlı çatışmamazlıq ortaya çıxanda və broyler bazara məhsul təklif etməyəndə qısa müddətdə qiymətlərdə öz əksini tapır. Yəni bildirdiyimiz kimi, bu bazarda, xüsusilə də qiymət elastikliyi çox yüksəkdir".

Özəl pensiya sisteminin necə işləyəcəyi məlum olub - DETALLAR

Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

APA xəbər verir ki, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.

Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.

Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.

Bu şəxslər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər

Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iplenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bakıdakı elektrobuslarda gediş haqqı artırılır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ictimai nəqliyyatda gediş haqqının Tarif Şurasının qərarı ilə tənzimləndiyini bildirib.

“Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gediş haqqı tariflərinə təsir etməyəcək.

ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsini nəzərə alaraq, qatarların hərəkət cədvəlinə dəyişikliklər edir.

Səhmdar cəmiyyəti xəbər verir ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

Bildirilir ki, eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı-Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir:

"Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq. Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır".

Həmçinin, məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən "1822" Əlaqə Mərkəzindən əldə edə bilərlər.

Sabah arabir yağış yağacaq - PROQNOZ

Bakıda və bölgələrdə dekabrın 10-da havanın əsasən yağmursuz keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə dekabrın 10-da pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Nazirlik əhaliyə müraciət etdi

Məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın, partlayış hadisələrinin əsas səbəblərindəndir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırması ilə əlaqədar əhaliyə müraciətində qeyd edilib.

Müraciətdə vurğulanıb ki, FHN tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır. Həmçinin insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməlidir. Elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalıdır, elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməlidir, elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməlidir.

Həmçinin qeyd edilib ki, elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı, mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı, mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalıdır.

Qeyd olunub ki, mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı, tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalıdır.

Xəbər lenti