![]() |
|
"Metro xəttində səhər saatlarından texniki problem yoxdur".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov verib.
O qeyd edib ki, bu gün sıxlıq həddi bir qədər də çoxdur.
"Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıxlıq olan stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur.
Məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Say artırılsa, vəziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək", - deyə B. Məmmədov bildirib.
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
10. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Komitə sədri İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla keçirdiyi görüşdə yeni Baş plan layihəsinin detallarını müzakirə edib.
Plana uyğun olaraq küçə-yol şəbəkəsinin yenilənməsi, memarlıq simasının və müasir şəhər mühitinin formalaşdırılması ilə əlaqədar həyata keçiriləcək layihələrin mərhələləri dəqiqləşdirilib.
Səfər çərçivəsində həmçinin İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan sakinləri qəbul edən Anar Quliyev vətəndaşların əsasən torpaq münasibətləri, tikintiyə icazələrin alınması və obyektlərin istismara verilməsi ilə bağlı suallarını cavablandırıb. Bu proseslərdə şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Komitə tərəfindən yaradılan elektron icazə sistemi haqqında ətraflı məlumat verib.
Yağışlı hava şəraitinə görə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda gözlənilən ömür uzunluğu 76 ilə bərabər olub.
Yeniavaz.com xəbər verir ki, kişilər üçün gözlənilən ömür uzunluğu 73,5 il, qadınlar üçün isə 78,4 il müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun ən çox olduğu rayon Abşeron rayonu hesab edilir. Abşeron rayonunda gözlənilən ömür uzunluğu 82,7 ilə bərabər olub.
Ən aşağı gözlənilən ömür uzunluğu isə Daşkəsən rayonunda olub. Bu rayonda gözlənilən ömür uzunluğu 72,3 il təşkil edib.
Onu da bildirək ki, Azərbaycanda gözlənilən ömür uzunluğunun 80 ildən çox olduğu cəmi 2 rayon var – Abşeron rayonu və Xankəndi şəhəri (81,6 il).
Xatırladaq ki, gözlənilən ömür uzunluğu hər bir insanın orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir.
Azərbaycanda şəhər və rayonlarda gözlənilən ömür uzunluğu aşağıdakı kimi olub:
Məktəb bufetləri şagirdlərin gün ərzində əsasən qida ehtiyaclarını qarşıladıqları yerlərdir.
BAKU.WS məlumatına görə, burada təklif olunan məhsulların keyfiyyəti, çeşidi və sağlamlıq baxımından uyğunluğu həm valideynlər, həm də pedaqoqlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Orta məktəblərin bufetlərində satışa çıxarılan məhsullarla bağlı hər hansı qaydalar varmı? Hansı məhsullar məktəblərin bufetlərində satıla bilməz?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, mövcud qanunvericilikdə ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadəsi qadağan edilən məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" adlı sənədində təsbit edilib.
Həmin məhsullar aşağıdakılardır:
• çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
• termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
• təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
• termiki emala məruz qalmayan yaşıl noxud;
• ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);
• termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
• göbələklər;
• yumurtalı makaronlar, qayğanaq;
• kremli pirojnalar və tortlar;
• çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;
• xəmiri acıdan naməlum tərkibli tozlar.
Eyni zamanda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, alkoqollu və energetik içkilərin uşaqlara satılması qadağandır.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə hesab edir ki, məktəblərin sağlam inkişaf etməsi üçün onların gündəlik rasionunda sağlamlığı və inkişafı üçün uyğun qidalanması gərəkdir. Bu qidaların tərkibi isə sağlam və təzə olmalıdır:
"Eyni zamanda gün ərzində bir orqanizmin düzgün şəkildə inkişaf etməsi üçün 70-ə qədər makro və mikro elementlər lazımdır ki, bu elementləri məhz sağlam, balanslı, vitaminlərlə zəngin məhsullarla qidalandıqda ala bilir. Belə ki, bunlar yerli, mövsümi meyvə, tərəvəzlər, qoz, fındıq, çərəzlər və eyni zamanda da təzə yeni hazırlanmış sendviçlər, az şəkərli təbii içkilər, su, ayran, çay bu şəkildə təqdim olunmalıdır.
Məktəblilərin qidalanmasın və bufetlərdə satılan qidalara Təhsil Nazirliyi və aidiyyəti üzrə müvafiq dövlət qurumları tərəfindən mütəmadi baxış keçirilməlidir, onların sağlamlığını təmin etməyə yönəlmiş düzgün qidaların satılmasını təmin etməlidirlər.
Məktəb bufetlərində yaxşı olar ki, satılan qidalar içində keyfiyyətli, təzə, təmiz hazırlanmış qidalar olmalıdır. Qeyri-sağlam məhsulların satışı birmənalı şəkildə məhdudlaşdırılmalıdır. Xüsusilə şəkərli içkilər, fast-fod qidalar, həddindən artıq çox kimyəvi qatqı maddələrindən istifadə olunmuş məhsullar, tərkibində doymuş yağlardan çox istifadə olunmuş məhsullar, duzlu qidalar, şirin qəlyanaltılar, bu kimi məhsulların satışı azaldılmalıdır. Çipsilər, qarğıdalı çubuqları və bu kimi konservləşdirilmiş qidaların məktəb bufetlərində satışı tövsiyə olunan məhsullar deyil.
Bəzən məktəblilər səhər heç bir qida qəbul etmədən ilk olaraq acqarına kimyəvi qatqı maddələrindən çox olan qidanı qəbul edir. Bu da onlarda həzm və allergiya kimi digər problemlərin ortaya çımasına səbəb olur. Qazlı, rəngli, şəkərli içkilərin satılmaması tövsiyə olunandır. Bunların əvəzinə daha faydalı adi su, meyvə şirələri, çay, ayran tövsiyə olunan içkilər sırasındadır".
Bu gün Sumqayıt və Lənkəran şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 544 mənzilin seçim prosesi başlayıb.
Prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən elan edilib.
Satışa çıxarılan mənzillərdən 392-si Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksinə, 152-si isə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksinə aiddir.
Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyləri mövcuddur.
Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edəcək.
Qeyri-hökumət təşkilatlarına (QHT), o cümlədən xarici QHT-lərə Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələrin nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan - 598.8-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcəklər.
Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Azərbaycanda fərdi yaşayış evlərinin çıxarışının olmaması bir çox sakinləri narahat edir. Bu məsələdə əsas problem torpağın təyinatından düzgün istifadə olunmamasıdır.
Qanunvericiliyə görə, Azərbaycan Respublikasının torpaq fondu yeddi kateqoriyaya bölünür. Bunlardan yalnız birindi - yaşayış məntəqələri torpaqlarında fərdi evlərin tikilməsinə icazə var.
Lakin müxtəlif səbəblərdən vətəndaşlar digər təyinatlı torpaqlarda - kənd təsərrüfatı, meşə, sənayə və digər təyinatlı torpaqlarda evlər tikiblər. Həmin ərazilərdə inşa olunan fərdi yaşayış evləri məhz bu səbəbdən sənədləşdirilə bilmir. Eyi zamanda Xəzər dənizinin mühafiə zolağı, yüksək təzyiqli qaz xətləri və dəmir yollarının ərazilərində də həyət evlərinin tikilməsi halları baş verib. Bu evlərin də sənədləşdirilməsi vətəndaşlar üçün problemə çevrilib.
Digər tərəfdən qanunsuz əldə olunan torpaqlarda inşa edilən evləri də göstərmək olar. Heç bir hüquqi sənədi olmadan şifahi razılaşma ilə əldə olunan torpaqlarda inşa edilmiş bu evlərin də sənədləşdirilməsi açıq problem olaraq qalır.
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mövzu ilə bağlı bildirib ki, hazırda sənədsiz evlərlə bağlı dövlət xidmətində müəyyən işlər gedir və normativ tənzimləmə işləri görülür:
"Həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq əksər inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlarla birgə işçi qrup yaradılıb. İşlər artıq tamamlanmaq üzrədir və qarşıdakı il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar". (baku.ws)