Hikmət Hacıyev: “Gündəlik yoluxma hallarının artması ciddi narahatlıq yaradır”


“Son dövrlər brifinqlər Vətən müharibəsinə həsr olunurdu. Hər birimiz də Ali Baş Komandanın rəhbərliyi ilə görülən işlərdən sevinc hissi keçiririk”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son dövrlər ərizndə dünyada koronavirusa yoluxma halları artıb: “Hətta çox artım tendensiyası da müşahidə olunur. Bu, ölkəmizi də ciddi sürətdə narahat edir. Azərbaycanda gündəlik yoluxma hallarının artması ciddi narahatlıq yaradır”.
Karantin rejiminin müddəti uzadıldı - SON DƏQİQƏ


Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yayıb.
"Ölkə.Az" həmin açıqlamanı təqdim edir:

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.
“Gedəndə bizə dedi ki, “mən şəhid olsam, ağlamayın. Şəhid olmasam, Şuşada ilk azanı özüm verəcəm. Allah arzusuna çatmağı ona qismət etdi, sözünün üstündə durdu”.

Bu sözləri Şuşa məscidində ilk azan səsləndirən əsgərimiz Qurbanəli Əliyevin anası Cəvahir Qurbanova Modern.az-a deyib.

O bildirib ki, əsgərimiz Təbriz Universitetinin İlahiyyat fakültəsində oxuyur:

“Pandemiyaya görə dərslərə gedə bilmirdi. Sonra səfərbərlik elan olundu, könüllü olaraq qeydiyyatdan keçdi və çağırış gəldi. Çox böyük həvəslə cəbhə bölgəsinə getdi. Qurbanəli döyüşə gedəndə üzərində bayraq var idi. O, mənə demişdi ki, “ana sənin verdiyin bayrağı azad olunmuş torpaqlarda - Şuşada, Kəlbəcərdə ucaldacağam. Azad olunmuş torpaqların hər birində namaz qılıb, azan oxuyacağam. Şuşada ilk namazı qıldırmaq oğluma qismət oldu. Bu qürur hissini sözlə ifadə etmək mümkün deyil”.

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Vətən müharibəsinin simalarından olan topçu Vüsal Şahkərəmovun fotosunun orta məktəb dərsliklərinin üz qabığında yer alacağıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.

 Valehov "Ölkə.Az"-a açıqlamasında deyib ki, təkcə Şahkərəmov deyil, Vətən müharibəsində şücaət göstərmiş onlarla, yüzlərlə igidimizin adı, xatirəsi əbədiləşdiriləcək:

"Vətən müharibəsində Vüsaldan başqa da qəhrəmanlarımız var. Ona görə də hesab edirəm ki, bu cür yanaşma doğru deyil. Deyə bilərəm ki, bu sahədə böyük işlər görülür. Ancaq təkcə Şahkərəmovun fotosu orta məktəb dərsliklərində olacaq fikri doğru deyil".

Qeyd edək ki, bu barədə yayılan xəbərlərdə 19 yaşlı topçunun fotosunun 11-ci sinfin tarix dərsliklərinin üz qabığında yer alacağı bildirildi.

Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.
"MediaPost xəbər verir ki, Ə. Həsənovun yerinə Namiq Həsən oğlu Əliyev təyin olunub.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.

Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilən digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Tabeçiliyindəki hərbçilər həvəsdən düşməsin deyə yarasını gizlədərək döyüşüb, hospitalda yatdığı yeri daha ağır yaralıya verərərək müalicəsini evdə davam etdirib...

Höhbət fədakar tabor komandiri Elçin Allahverdiyevdən gedir.

Ali hərbi məktəbi bitirərək ordu sıralarında xidmətə başlayan mayor Elçin Allahverdiyev döyüşlərin ilk günündən tabeçiliyindəki taborla birlikdə Füzuli istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında xüsusi rol oynayıb. Daha sonra uğurlu əməliyyatları davam etdirən tabor komandiri Füzulidə bir çox əraziləri nəzarətdə saxlayan "İlandağ" yüksəkliyinin ələ keçirilməsində də xüsusi peşəkarlıq nümayiş etdirib.

Elçin bildirir ki, döyüşlərdə yaralansa da, şəxsi heyətinin döyüş əzmi və ruhu azalmasın deyə bunu gizlədərək döyüşlərə davam edib.

Tabor komandiri bildirir ki, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanır və məcburi olaraq döyüşlərdən kənarda qalmalı olur.

Elçin Allahverdiyev deyir ki, döyüşlərə qədər bir sıra xarici ölkələrdə kurslar keçib və tabor komandiri kimi təcrübəsini artıraraq ayrı-ayrı təlimlərdə fərqlənib.

Əsgərlərinin və hərbçi yoldaşlarının hər gün ona zəng ediyini deyən Elçin Allahverdiyev ən böyük arzusunun qısa zamanda sağalaraq hərbçi yoldaşlarının yanına qayıtmaq olduğunu bildirir.

İşğaldan azad edilən ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb. Tezliklə yerli televiziya və radioların yayımı bu ərazilərdə həyata keçiriləcək.

Artıq illərin həsrətinə son qoyulur. Azərbaycan tamaşaçısı bu möhtəşəm səsləri ən qısa zamanda işğaldan azad edilən torpaqlarda eşidəcək.

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpası işlərinə start verib.

Yeni avadanlıqlar alınaraq, düşmən tapdağından azad edilən ərazilərə aparılıb.

Yeri gəlmişkən, qeyd edək ki, Türkiyənin məşhur “Turkvision” musiqi yarışması da gələn il Şuşada keçiriləcək. Müsabiqəyə 2021-ci ildə Azərbaycanın Şuşa şəhəri ev sahibliyi edəcək.

Daha ətraflı Baku TV-nin videosüjetində:

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Azərbaycan sahibkarları da bütün xalqımız kimi bu şanlı Qələbəni, əzəli, tarixi torpaqlarımızın işğaldan azad edilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini bayram edirlər.

44 günlük Vətən müharibəsi Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı və Ali Baş Komandan kimi Sizin, Azərbaycan Ordusunun, xalqımızın möhtəşəm zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Sizin qətiyyətiniz, siyasi iradəniz, uzaqgörənliyiniz, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmazlığı, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

30 illik münaqişəni 44 günə sona çatdıran bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Tarixi Azərbaycan torpaqlarını işğaldan fədakarlıqla azad etmiş igid oğullarımızın və şəhidlərimizin qarşısında baş əyirik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların igidliyini heç zaman unutmayacağıq!

Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın inkişaf strategiyasının Zati-Aliləriniz tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illərdə Dövlət-Xalq-Ordu həmrəyliyi və milli birlik daha da güclənmişdir. Məhz bu birlik və bərabərlik Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının təməlini təşkil edir.

Məhz Sizin yorulmaz diplomatik səyləriniz nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mübarizəsini müdafiə etmiş, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi istiqamətində aparılan haqlı müharibə bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.

Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesində Azərbaycan xalqının iradəsi bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işğalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan 27 il məhəl qoymamışdır.

Bütün dünyada məlumdur ki, rəşadətli ordumuz qarşısında məğlub olan Ermənistan öz mənfur xislətinə sadiq qalaraq cəbhə bölgəsindən uzaqda yaşayan dinc sakinləri qadağan olunmuş silahlardan atəşə tutdu. Nəticədə 94 mülki vətəndaşımız (o cümlədən uşaqlar və qadınlar) həlak olmuş, 400-dən çox insan yaralanmış, 2000-ə yaxın yaşayış evi, 100-ə yaxın çoxmənzilli yaşayış binası dağıdılmış, 300-dən çox mülki obyektə ciddi zərər dəymişdir. Bütün bunlar humanitar prinsiplərin, o cümlədən Cenevrə konvensiyalarının pozulmasının bariz nümunəsidir.

08 noyabr 2020-ci il tarixində Azərbaycanın qədim şəhəri olan Şuşanın işğaldan azad edilməsi xəbərinin Sizin tərəfinizdən elan edilməsi bütün xalqımız kimi biz sahibkarları da sevindirdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il yarım gözləmişdi. Bu illər ərzində hər bir azərbaycanlının ən çox eşitmək istədiyi, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!”, sözləri Sizin tərəfinizdən səsləndirildi.

Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir.

Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır və əbədi dalğalanacaq!

Şuşanın azad edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Şuşanın azadlığa qovuşması Zati-Alilərinizin tarixi qələbəsidir!

Azərbaycan sahibkarları qələbə sevincini yaşadıqları bu günlərdə sizə dərin zəkanız, uzaqgörənliyiniz, müdrikliyiniz, siyasi və diplomatik məharətiniz, polad iradənizə görə “Çox sağ olun cənab Ali Baş Komandan!”, - deyirlər. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz, Sizin də gözünüz aydın olsun! Siz şərəfli bir tarix yaratdınız! Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə məhz Sizin adınız yazılıb!

Azərbaycan sahibkarları bildirirlər ki, Azərbaycana xidmətlərinə və nəcib əməllərinə görə vətəndaşlarımızın böyük sevgi və ehtiramını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın elçisi kimi ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir.

Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil, onun hər zaman dövlətçiliyə, xalqa xidmət etmək istəyi və arzusunda olmasıdır.

Müzəffər Ali Baş Komandan!

İşğaldan azad olunmuş regionların faydalı qazıntılarla zəngin olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın mövcudluğunu, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün münbit şəraitin mövcudluğunu nəzərə alaraq, Sizin tapşırığınızla həmin regionlarda infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır. Azərbaycan Sahibkarları kimi bu layihələrin həyata keçirilməsi üçün biz də bütün imkanlarımızı səfərbər edərək, yaxından iştirak etmək əzmindəyik.

Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, çoxminlik sahibkarlar adından bildiririk ki, ölkədə davam edən hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək Sizin verdiyiniz bütün qərarları dəstəkləyir, Sizin rəhbərliyiniz altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi üçün bütün gücümüzü səfərbər edərək, əlverişli biznes mühitindən yararlanmaqla əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq.

Rəyasət Heyəti adından Məmməd Musayev"

Cənab prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.

"Ölkə.Az" “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start vermişdir. Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.

Xəbər lenti