![]() |
|
İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da, Agdam bu rayonların içində xüsusilə seçiləcək. Çünki bu rayon təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun iqtisadi inkişafında lokomotiv rolunu oynaya biləcək potensiala malikdir.
Bunu trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da böyük zərər vuruldu:
"Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir. Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki orada yenidən iqtisadi inkişafa nail olmaq üçün bu rayon geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifatlaşdırsaq, birinci növbədə buranın kənd təsərrüfatı üçün mövcud potensialını qeyd etməliyik".
Ekspert hesab edir ki, Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azalması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthinin çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və digər əlverişli xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir. Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır, eyni zamanda, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır:
"Azad edilmiş digər ərazilərimizdə olan su ehtiyatlarının da bu istiqamətə yönəldilmə imkanlarının olması da bizə onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdamda əkinçilik və maldarlığın sürətli inkişaf etdirilməsinin şahidi olacağıq. Kənd təsərrüfatı istehsalından danışarkən bu sahənin yeyinti və yüngül sənayeyə vərə biləcəyi töhfəni unutmaq olmaz. Ağdamda olan şərab zavodlarının istehsal etdiyi məhsullar bütün post-sovet ərazisində məşhur idi. Niyə də o nostalji dad yenidən qayıtmasın?! Yeni şərab zavodlarının inşası uzun illər əvvəl tanınmış bir brendin geridönüşü demək olacaq. Hətta bura bir məlumatı da əlavə edim ki, Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid "Vitis Vinifera" üzüm növünə mənsub tumlar aşkar edilmişdir. Bu faktlar göstərir ki, Ağdamda şərabçılığın sürətli inkişafı üçün böyük marketinq işinin qurulması baxımından xüsusi imkan var".
İqtisadçının fikrincə, Ağdam iqtisadiyyatının hərəkətverici qüvvələrindən ikincisi ticarət sektorunda movcud potensialdır. Bu rayonun yerləşdiyi coğrafi mövqe və rayon sakinlərinin ticarət sahəsində özünəməxsus bacarıqlarının olması bu potensialı daha da artırır.
E.Əmirov bu qənaətdədir ki, növbəti illərdə nəinki Qarabağ və ya Azərbaycanın, bütün regionun ən böyük ticarət zonasının Ağdam rayonunun ərazisində yaradılması mümkündür. Naxçıvan dəhlizinin açılması ilə yeni yaranacaq Türkiyə-Orta Asiya dəhlizi bu rayonun cənub sərhədlərindən keçəcək ki, bu da həmin ticarət zonasını Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya respublikaları, İran, Türkiyə və digər ölkələrin də istifadə edəcəyi nəhəng ticarət qovşağına çevirəcək. Hətta bu zaman beynəlxalq təcrübələrdən yararlanaraq müəyyən güzəşt sistemləri yaradılarsa, buranı Qafqazın Dubayına çevirmək olar.
Ağdamın mineral xammal, tikinti xammal ehtiyatları ilə bağlı potensialının da olduğunu nəzərə çatdıran iqtisadçı bildirib ki, Ağdam rayonunda mişar daşı istehsalına və sement istehsalına yararlı olan əhəngdaşı yataqları, zəngin gil yataqları, üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı gil yatağı, ümumi ehtiyatları, 2 qum-çınqıl qarışığı yataqları var:
"Ən əsası isə bu yataqların ehtiyatlar həcmi yeterincə böyükdür. Bunlar da imkan verir ki, bu ehtiyatların istismarı və emalı üçün iri sənaye müəssisələri yaradılsın. Bu müəssisələr həm ətraf rayonların ehtiyaclarının ödənilməsi, həm də rayonun iqtisadi durumunun yüksəldilməsinə imkan verəcək. İqtisadi potensialdan danışarkən mütləq işğaldan əvvəlki iqtisadi fəaliyyət sahələrini xatırlamaq və hazırkı şəraitin tələblərinə cavab verən sahələri yenidən qurmaq olar. Məsələn, dəzgah avadanlıqları, asfalt, konserv, yağ-pendir, barama toxumu, xalça fabriki və s. sahələri misal göstərmək olar".
Report xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti bu günə kimi uzadıb.
Ermənilər artıq bir neçə həftədir Kəlbəcəri tərk etməyə başlayıb. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, artıq sonuncu erməni hərbçiləri dünən Kəlbəcəri tərk ediblər.
Sosial şəbəkələrdə yayılan görüntülərə, eləcə də xarici medianın məlumatına görə, ermənilər Kəlbəcərdəki maddi-mədəni sərvətlərimizi oğurlayıb, bir qismini dağıdıb, qarət edib, apara bilmədikləri hər şeyi isə yandıraraq məhv ediblər.
Qeyd edək ki, işğalçı Ermənistanın hərbi-siyasi rejiminin kapitulyasiya sənədinə qol çəkməsinə, o cümlədən Ağdamı, Kəlbəcəri Azərbaycana qaytarmasına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlar səbəb olub. Məğlubedilməz Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. Bunun nəticəsində düşmən ərazilərimizi tərk edib. Vəziyyətdən çıxış yolunun olmadığını görən Ermənistan rəhbərliyi kapitulyasiya sənədinə qol çəkməyə məcbur olub.
Xatırladaq ki, işğalçı Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.
İşğalçı Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr olduğu kimi, bu qətnamə də kağız üzərində qalıb. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən böyük ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.
Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət edilir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Belə ki, RPŞ-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırır, yaşayış yerlərini tərk edən zaman isə mütləq qaydada tibbi maskalardan istifadə etmələri barədə məlumat verirlər.
Dünən sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.
TƏBİB-dən verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.
Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompüterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib. İlkin Əzməmmədov bunu öz izahatında da təsdiqləyib. Həmin izahatı da təqdim edirik.
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev tutduğu vəzifədən azad olunaraq, nazirliyin Kütləvi İnformasiya Vasitələri ilə iş şöbəsinin rəisi təyin olunub.
Bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub. Otuz ilə yaxın bir müddətdə Ermənistan işğal altındakı ərazilərimizdəki tarixi abidələrdə beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz arxeoloji tədqiqatlar aparıb və bu işə bəzi Avropa alimlərini də cəlb edib. Bununla əlaqədar olaraq artıq Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılıb və müvafiq tədbirlər həyata keçirilir.
Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib.
Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.
Professorun bildirdiyinə görə, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcək. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.
Şəhidlik sözlərlə ifadə edilməyən uca bir zirvədir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək bu zirvəyə ucalan igidlərimiz isə adlarını Azərbaycanın tarixinə silinməz hərflərlə yazdılar.
Bu igidlər uşaq yaşlarından vətənpərvər ruhda böyüdülən həmin oğullardır ki, zamanı gəldiyində gözlərini belə qırpmadan, ailəsini, övladını geridə qoyaraq vətən yolunda canlarından keçdilər.
Onlardan biri də həyatının səkkiz ilini hərb sənətinə həsr edən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri 30 yaşlı İsgəndərov Emil Vaqif oğludur. Emil Sumqayıtda hərbçi ailəsində anadan olub.
Oxu.Az-ın əməkdaşları şəhid gizir Emil İsgəndərovun ailəsini ziyarət edib, onlara başsağlığı veriblər.
Şəhidin atası Vaqif İsgəndərov oğlu barədə bir dəfə yanlış xəbər alıb:
“Sentyabrın 27-dən oğlum döyüşlərə qoşulmuşdu. Emil həm idmançı idi, həm hərbçi. Səkkiz ildən çoxdur hərbçi kimi çalışırdı. Ona o qədər arxayın idim ki, bir gün də olsun ürəyimə gəlmədi ki, oğlum şəhid düşər. Arada zəng edirdi, danışırdıq. Həmişə deyirdi ki, “narahat olmayın, hər şey yaxşıdır”.
Özüm də hərbçiyəm, az-çox danışığından bilirdim ki, hansı istiqamətdədir. Sonuncu dəfə danışanda dedi ki, ata, bir müddət zəng edə bilməyəcəm narahat olma. O gündən 13 gün keçdi. Bir gün dostlarından xəbər eşitdim ki, Laçın dəhlizində yaralanıblar. Atayam, təmkinli olsam da özümü saxlaya bilmədim. Dəqiqləşdirəndə bildik ki, o deyil. İkinci dəfə isə əsgər yoldaşının qardaşı zəng etdi ki, bəs Vaqif əmi, Emili tapmışam. Ürəyim yerinə gəldi, elə istədim soruşum ki, haradadır, salamatdır?... Bir kəlmə dedi ki, Vaqif əmi bağışla, Emil şəhid olub...”
Şəhidin atası deyir ki, birinci dəfə gələn xəbər səhv çıxdığı üçün ümidi olub ki, yenə səhv olar:
“Dedim oğul, dəqiq Emildir? Emilin çiyninə bax, sol çiynində uşaqlıqdan çapıq izi var. Uşaqda pis oldu ki, Emil ilə birlikdə böyümüşük, mən onu tanımıram? Evdə heç kimə demədim, oğlumu da götürüb, birbaşa Emili gətirməyə getdik. Oğlum Vətən yolunda şəhidlik zirvəsinə ucaldı. Vətən sağ olsun, nə deyə bilərəm...”.
Şəhidin anası Tənzilə İsgəndərova isə göz yaşlarına hakim ola bilmir. Ana oğlunun şəhid xəbərini yalnız dəfninə bir neçə saat qalmış bilib:
“Mənə balamın şəhid olduğunu demədilər. Heç olmasa son dəfə evinə gələrdi, elə dəfn olunardı. Böyük oğlum idi. Çox ağıllı övlad, qayğıkeş ailə başçısı idi. Hər dəfə zəng edəndə uşaqlarını soruşardı. Uşaqları da indi atalarını soruşur. Onlara cavab vermək çox çətindir.
Bir müddət əlaqə kəsiləndə çox narahat olurdum. Anayam, yuxularımı qatırdım. Yuxumda Emili yaralı gördüm. Bir dəfə də gördüm ki, yerdə uzanıb, üstü-başı palçıq içindədir. Dedim hərbçidir də, başqa necə olmalıdır ki. Sən demə o palçıq elə balamın öz qanı imiş...Emil vətən uğrunda canını qurban verdi. Bayrağı o qədər sevirdi ki, hər yeri bayraqla bəzəyirdi. Heç bilməzdim balam sevdiyi bayrağa bürünüb üstümə gələr... Ondan geriyə Vətəninə əmanət oğlanları - 3 yaşlı İbrahim və 4 aylıq Nicat qalıb. Evimizdə atasının qisasını alacaq iki əsgər böyüyür”.
Çəkiliş zamanı yerində dura bilməyən, İbrahim dayanmadan atasını “Komandir ata” deyə səsləyirdi. Albomlara baxaraq atasının şəkillərini əzizləyən İbrahim, bəlkə də atasının bir daha geri dönməyəcəyindən xəbərsizdir. 4 aylıq Nicat isə sanki hər şeydən xəbərdarmış kimi hey ağlayırdı.
Şəhid gizirin xanımı Aygün İsgəndərova yoldaşının itkisi ilə barışa bilmir. Hərbçi ilə ailə qurmaq böyük şücaət tələb edir. Aygün xanım, eləcə də digər şəhid xanımları təəssüf ki, bunun nə demək olduğunu sözün əsl mənasında anlamış oldular...
İsgəndər İsgəndərov isə şəhidin ortancıl qardaşıdır. O deyir ki, ailədə üç qardaşdılar və üçü də döyüşlərdə iştirak etmək istəyiblər:
“Emil hərbçi idi. Döyüşlər başlayandan ön cəbhədə idi. Balaca qardaşımla mən də könüllü olaraq döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçmişdik. Qardaşım Əli İsgəndərova cavab gəldi və o da ön cəbhəyə yola düşdü. O getdikdən sonra Emil mənə zəng edəndə, mənim evdə qalıb ailənin, atamın yanında qalmağımı dedi. O mənə atamdan sonra ikinci atalıq edən insan idi. Onun sözü mənim üçün qanun idi. Mən bu gün də inanmıram ki, o şəhid olub. Qardaşıma sonsuz güvənirdim. Elə bilirəm ki, hərbi xidmətdədir, yenə imkan olanda evə gələcək...Amma qismət. Şükür etməyi də bacarmaq lazımdır. Qardaşım torpaq uğrunda şəhid olub, şəhidlik isə ən ali zirvədir. Allah onun da digər şəhidlərin də şəhadətini qəbul etsin, yaralılara şəfa versin, hələ də xidmət aparan əsgərlərimizi sağ-salamat ailələrinə qovuşdursun”.
Şəhid gizirimizin ailəsi ilə vidalaşıb getsək də qulağımızda hələ də balaca İbrahimin “Komandir ata” deyə atasını səsləməsi qalacaq...Allah rəhmət etsin...
Xatırladaq ki, şəhid Emil İsgəndərov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlının Çardaxlı kəndindən olan şəhidimiz 2011- ci ildə Quba rayonu N saylı hərbi hissənin Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi (XVT) sahəsində Müddətdən artıq hərbi xidmətə başlayıb. 2015-ci ildən Gizir rütbəsi alıb.
Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində iştirak edən şəhid gizir Emil İsgəndərov Cəbrayıl rayonu ərazisində nəzarətə, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərə qatılaraq qəhrəmancasına döyüşüb. Son əməliyyatı isə Şuşa şəhərinin işğalçılardan azad olunması uğrunda gedən döyüşlər olub. Şəhidimiz bu döyüşlərdə qolundan iki güllə yarası alıb. Lakin yaralanmasına baxmayaraq, döyüş yoldaşları ilə çiyin-çiyinə döyüşü sona qədər davam etdirib.
Şuşa şəhəri yaxınlığında yanına minaatan mərmisinin düşməsi ilə sol ayaqından ağır yaralanıb. Döyüş yoldaşlarının köməyi ilə yaralı halda Şuşa şəhərinə aparılsa da, qanitirmədən şəhid olub.
Baku TV xəbər verir ki, bunu Qarabağ döyüşlərində əsir düşnən 28 yaşlı Gəncə şəhər sakini Bayram Kərimovun atası Yaşar Kərimov bildirib.
Onun sözlərinə görə, oğlunun əsir düşməsini sosial şəbəkələrdə yayılan videodan bilib.
Kərimovlar ailəsi övladlarının hansı şəraitdə və necə əsir düşməsi ilə bağlı məlumatlı deyillər. Sadəcə, rusiyalı jurnalistin Bayram Kərimovun yaralı halda əsir düşdüyü zaman dediklərindən belə qənaətə gəlirlər ki, hərbçimiz Şuşa döyüşlərində ağır yaralanıb və əsir götürülüb.
Yaşananlar nə qədər ağır olsa da, ailənin dövlətə olan ümidi daha çoxdur. Əsgərimizin atası Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüb.
Komitədən bildirilib ki, Bayram Kərimovun harada əsir saxlanılması ilə bağlı qurumda hələlik məlumat yoxdur. Atası Y.Kərimovdan övladına məktub yazılması istənilib.
Məlumat üçün qeyd edək ki, Bayram Kərimovun üç yaşlı övladı var. Hərbçimiz Qarabağ döyüşlərinə könüllü qatılıb.
Report xəbər verir ki, şəhid polkovnik Babək Səmidlinin hazırda Göyçay şəhərində dəfn mərasimi keçirilir.
Vida mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, Göyça Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidin ruhuna dualar oxunub və onun döyüş yoldaşları çıxış ediblər.
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.
O bu barədə Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, geniş spekterli antibiotiklərin alınmasına qadağa qoyulmalıdır ki, insanlar onu kimdənsə eşidib almasın:
“Avropada evdə olan yüngül simptomlu xəstələrə heç bir dərman verilmir. Vitaminlər, mikroelementlər və qızdırma olarsa, o zaman dərmanlar verilir. Bu, bizdə də belədir. Yüngül simptomlu xəstələrə heç bir dərman verilmir”.
Y.Qarayeva vurğulayıb ki, ölkəmizdə xəstələrə antiviral, antibiotik və hormonal preparatlar verilir ki, bu da yanlış müalicəyə, xəstələrin ağırlaşmasına və ağır halda xəstəxanaya gəlməsinə səbəb olur. (oxu.az)