Dərman bazarında nə baş verir?

“Apteklərdə – dərman bazarında – durum bütün əndazələri aşır. Dərmanların qiyməti durmadan artır. Srağagün aptekdən bir neçə dərman aldım: bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım (lazımi qədər aptekdə olmadığından) dərmanın qalan hissəsini dünən alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni daxil olan dərmanların hamısının satış qiymətini qaldırıblar. Ölkədə guya dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənirmiş, daha doğrusu təyin olunurmuş”.
Yeni Sabah xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib. O, bildirib ki, dərmanların qiymətlərinin tənzimlənməsi məsələsi ortaya çıxanda dəfələrlə deyilib ki, bu, dərman bazarında vəziyyəti nəinki yaxşılaşdırmayacaq, əksinə, hətta daha da ağırlaşdıracaq.

“Hazırda apteklərdə olan dərmanların həm tərkibi, həm çeşidi, həm də qiymətləri ilə bağlı ciddi problemlər yaşanır: zəruri dərmanların qıtlığı, bəzi dərmanların ümumiyyətlə ölkəyə gətirilməməsi, bir çoxlarının molekul tərkibində dəyişikliklər və qiymətlərin çox artması və s. kimi problemlər baş alıb gedir.
Ölkəyə dərman gətirilməsindəki inhisarı aradan qaldırmaq əvəzinə, bütün dərman bazarını 1-2 oliqarxın nəzarətinə verdilər. Amma apteklərin sayı yağışdan sonra çıxan göbələk kimi artır. Ortada isə rəqabət yoxdur (topdansatış bir əldə cəmləşib).

Bu absurdun qarşısı alınmalıdır. Dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır. Ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir (mövcud mexanizm işləmir).

Amma daha təcili atılmalı bir addım daha var: bütün apteklərdə (istisnasız olaraq) elə kassa aparatları yerləşdirilməlidir ki, alıcılara verilən çekdə aldıqları bütün dərmanların adbaad siyahısı və qiymətləri göstərilsin (bu, hazırda iri marketlərdə tətbiq olunan sistemdir). Bu, dərman bazarının tənzimlənməsinin daha işlək və səmərəli mexanizmi olardı. Hazırda apteklərin əksəriyyətində heç normal kassa aparatları belə yoxdur. Əksər apteklərdə kartla (nağdsız) ödəniş etmək imkanları yoxdur. Bu da dərman bazarında özbaşınalığı daha da artırır. Alıcılara aldıqları dərmanların adbaad siyahısı və qiymətləri göstərilən çeklər təqdim olunması dərman bazarında nəzarət mexanizmlərinin formalaşmasınayeni imkanlar açacaq”.

“Ermənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozması bu ölkənin daxili və xarici siyasətində baş verən böhrandan xəbər verir. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından üç nəfər şəhid olub, dörd nəfər isə yaralanıb”.

Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində əldə etdiyi şanlı qələbə, eləcə də Naxçıvan əməliyyatı düşmən tərəfini qorxuya saxlamaqla bərabər daxildə baş verən hərcmərcliyin artmasına və xarici siyasətdə məğlubiyyətə gətirib çıxarıb. Tovuz istiqamətində düşmənin mövqe ələ keçirmək istəməsi və məlum məğlubiyyəti pandemiya dövründə dövlətin ağırlaşan iqtisadi vəziyyətini diqqət mərkəzindən yayındırmağa çalışmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirdi.

C.Xəlilov qeyd edib ki, Tovuz rayonu istiqamətində baş vermiş hadisə ermənilərin məkrli siyasətini təzahür etdirir. Təcavüzkar siyasətini özlərinin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə göstərir.

“Həmçinin Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyildir.

Aprel döyüşlərində, Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi torpaqlarımızın azad edilməsi uğrunda gedəcək son döyüşdə də qələbə bizim olacaq. Bugünkü döyüşdəki məğlubiyyətini düşmən əvvəlcədən anlayırdı və bu təxribat onların məkrli siyasətinin tərkib hissələrindən biridir”, – deyə polkovnik vurğulayıb. /Azərtac/

Baş əsgər Məmmədov... - Foto

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızdan biri də Məmmədov Elşad Dönməz oğludur.

Elşad Məmmədov Tovuzun Ağdam kənd sakini olub. Baş əsgər Elşad 1996-cı ildə anadan olmuşdu. 
 
Xatırladaq ki, Ermənistan tərəfinin ötəngünkü təxribatı nəticəsində 3 nəfər - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Bu gecə gedən döyüşlərdə isə baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. 

 

 
18 yaşlı şəhidimizin fotosu...

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

Düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz şəhid olub.

 Xəyyam Daşdəmirov əslən İsmayıllının Bilik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib. 

Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var. 

 

 

 

 
Atəşkəsin pozulduğu Ağdam kəndindən video

Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gecə yaydığı rəsmi məlumata əsasən, Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Real TV bu gün səhər saatlarında təxribatın törədildiyi Ağdam kəndində olub, canlı bağlantı həyata keçirib. Məlum olub ki, həmin ərazidə düşmən tərəfin açdığı artilleriya atəşlərini eşitmək mümkündür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xatırladaq ki, Ermənistan tərəfinin dünənki təxribatı nəticəsində Azərbaycan 3 şəhid verib, qarşı tərəfin də itkiləri var. 

Şəhidlərimizdən birinin adı məlumdur

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Məlumatı saytımıza açıqlamasında kənd nümayəndəsi Əhmədov Yasin də təsdiqləyib. Şəhid çavuşumuzun nəşi hələ ki, doğulduğu kəndə gətirilməyib.

Qeyd edək ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var.

 


 
Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 12 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

12 iyulda Azərbaycanın rayonlarında gecə və səhər şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var

“Hazırda millət vəkili Vahid Əhmədovun səhhəti normaldır. Artıq müalicəsi bitmək üzrədir”.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkilinin köməkçisi Arif Orucov bildirib.

O qeyd edib ki, V.Əhmədov özünü yaxşı hiss edir:

“Hər gün əlaqə saxlayıram, vəziyyəti stabildir. Risk geridə qalıb. Bazar ertəsi həkimlər bir də müayinə edəcək və rəy verəcəklər. Daha sonra Azərbaycana qayıtması barədə qərar qəbul ediləcək”.

Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçü o, təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb.

Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər
Bu günə qədər koronavirusla əlaqəli paytaxt Bakı üzrə 7 dəfə kütləvi dezinfeksiya işləri aparılıb. Bu işlər həm mərkəzi, həm də Bakıətrafı qəsəbələrin küçələrini əhatə edib. Asfaltlara tökülən tonlarla xlor maddəsinin insan orqanizminə zərərlərindən də şikayət edənlər var. Bəzən paytaxt sakinləri dezinfeksiya məhlullarının iyisini götürə bilmədiklərini, hətta nəfəs almaqda çətinlik çəkdiklərindən şikayət edirlər.

Səhiyyə eksperti Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, dezinfeksiya məhlulu olan yerdə, onun buxarlanması dövründə insanların çölə çıxması məsləhət deyil: “Bunun üçün də əvvəlcədən əhaliyə xəbərdarlıq edilir ki, bu müddət ərzində küçədə gəzmək olmaz. Bütün hallarda dezinfeksiya məhlullarının iyisi insan orqanizmi üçün ziyanlıdır. Misal olaraq, adi xlor məhlulunun belə böyük miqdarda bədənə daxil olmağı həm zəhərlənmə verə bilər, həm də qıcıqlanmaya səbəb ola bilər”.

A.Qeybulla əlavə edib ki, müxtəlif məqsədlə istifadə olunan bütün dezinfeksiya maddələrinin insan orqanizmi üçün toksik təsiri var: “Xüsusilə də dezinfeksiya məhlulunun böyük doza istifadəsinin təsiri daha böyükdür. Ona görə də mülki vətəndaşlar belə halda çölə çıxmamalıdır. Bu zaman küçədə olan şəxsdə yanaşı gedən hər hansı xəstəlik varsa, onda problem daha ciddi özünü biruzə vermiş olar. Sağlam insanlara isə maddələrin təsiri onların aldığı dozadan asılı olaraq təsir göstərmiş olur. İlk olaraq halsızlıq, sonra isə hətta komaya düşmə qədər ağır fəsadı müşahidə edilmə ehtimalı var. Əgər məhlulun dozası artıq olarsa bir neçə dəfə nəfəs almaq kifayətdir. Yəni maddənin tərkibinin dozasının az və ya çox olmasından asılıdır. Məsləhət görərdim ki, ev və məişət şəraitində dezinfeksiya məhlulunun istifadəsində belə maska istifadəsi zəruridir”.

Dezinfeskiya işləri nə qədər ərazini əhatə edib və hansı intervalla aparılmalıdır?

Bu məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, dezinfeksiya ediləcək küçələri mütəxəssislər daha çox ictimai nəqliyyatın istifadəsi və piyadaların çoxluğuna görə müəyyən edir: “Dezinfeksiya işləri başlayan vaxt ilk dəfə 150 küçə deyilmişdisə, bu rəqəm 200-ün üzərində oldu. Son gücləndirilmiş dezinfeksiya işlərində isə 544 küçə təmizləndi. Həmin küçələr də xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib. Mütəxəssislərin rəyinə görə dezinfeksiya işlərində istifadə olunan məhlulların insan orqanizminə mənfi təsiri yoxdur. Çünki həmin məhlullar mütəxəssislərin təlimatlarına uyğun olaraq su ilə qarışdırılır”.

Həmçinin qeyd olunub ki, küçələrin gücləndirilmiş dezinfeksiya işləri iki həftədən bir aparılmalıdır: “Hər dezinfeksiya işlərinin arasında 12-14 günlük ara məsafəsi mütləqdir”.

Bəs rəsmi qurumlara dezinfeksiyanın mənfi təsiri barədə müraciət daxil olubmu?

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov dezinfeksiya işlərini ancaq qapalı məkanlarda, eləcə də koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda, poliklinikalarda apardıqlarını bildirib: “Dərmanlarımız Səhiyyə Nazirliyindən alınır və hamısının da sertifakatı var. Bu günə qədər də heç bir mənfi təsiri barədə bizə məlumat daxil olmayıb. Dezinfeksiya müddətindən 1 saat keçənə qədər həmin yerlərdən istifadə olunmaması barədə tövsiyələrimizi də veririk”.

Mərkəz rəhbəri vurğulayıb ki, xəstəxanalarda xəstə olan palatalarda bu işlər həyata keçirilmir: “Bu gün ocaqlı yerlərin dezinfeksiya işləri ilə məşğuluq. Xəstəxanadan bizə məlumat verilir ki, palata boşdur gəlin. Ümumilikdə isə dezinfeksiya etdiyimiz yerlər 2-3 həftədən bir yenidən dezinfeksiya olunmalıdır”.

Bakıda koronavirus xəstələrini daşıyan bütün təcili tibbi yardım avtomobillərini, eləcə də Səhiyyə Nazirliyinin ev şəraitində müalicə alan xəstələrə dərman paylayan və şübhəli xəstələrdən götürülən nümunələri laboratoriyaya çatdıran nəqliyyat vasitələrinin hamısının mütləq şəkildə mərkəzdə dezinfeksiya edildiyinə diqqət çəkən A.Məmmədov belə edilmədi təqdirdə həmin maşınların növbəti çağırışa gedə bilmədiyini qeyd edib: “Hamısı dezinfeksiya olunur və arayış verilir. Yalnız bundan sonra çağırışa getmələrinə icazə verilir. Bu günə qədər işçilərimiz arasında heç bir koronavirusa yoluxan yoxdur, çünki bütün qaydalara ciddi riayət edilir. Qoruyucu vasitələrlə təmin edilmişik və növbəti dezinfeksiya işlərini görmək üçün istifadə edilən vasitələr mütləq şəkildə yenilənir”.

Rəsmi qurumlar dezinfeksiya məhlulunun elə bir ciddi fəsadı olmamasını deyərək eyni zamanda insanları ehtiyyatlı olmağa çağırır. Ancaq yenə də tonlarla xlorlu məhlulun yalnız avtomobillərin hərəkət etdiyi asfalta səpilməsinin nə dərəcədə effektiv olması barədə məsələ ictimaiyyət arasında müzakirə edilərək qalır.   

Daha bir vəzifəli şəxs işdən çıxarıldı

Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.

Sfera.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.

Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, keçmiş Ağstafa Rayon İcra Başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.

Xəbər lenti