"Azərbaycanda su ehtiyatlarının az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib".
Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri ölü həcmdir.

Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir", - deyə o, qeyd edib.

Şamaxıda güclü külək və leysan fəsadlar törədib

Şamaxı rayonunda güclü küləklə müşahidə olunan leysan kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Report xəbər verir ki, aramsız yağan yağışlar daha sonra kəskinləşərək leysana çevrilib. Digər tərəfdən də əsən güclü külək suyun axınına təkan verib.

Hektarlarla meyvə bağları su altında qalıb. Mal-qaraya və təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin dediyinə görə, təxminən 3 hektara yaxın qoz bağı, 21 hektar badam bağı tələf olub. Eyni zamanda ərazidə salınmış süni balıq gölü də leysan nəticəsində məhv olub və bu, xeyli sayda balıq tələfatına gətirib çıxarıb.
Udlu, Yekəxana və Poladları kəndləri istiqamətində insanların gediş-gəlişi ləngiyib. Avtomobil yolları, piyada keçidi üçün salınmış kiçikhəcmli körpülər su altında qalıb.

Sakinlər mövcud vəziyyətdən çox narahatdırlar və təbii fəalkətin bu şəkildə davam edəcəyi təqdirdə kənd təsərrüfatının bir çox sahəsinin ciddi şəkildə ziyan görəcəyini bildirirlər. Aidiyyəti qurumlar məsələdən xəbərdardır və onlar da öz növbəsində dəyə biləcək ziyanın qarşısının alınmasına çalışır.

Bu gün yağış yağacaq, dolu düşəcək
Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 31-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 16-da Abşeron yarımadasında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı

"Koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb".
Bu barədə Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Baş Nazirin sözlərinə görə, koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə də müəyyən edilib.

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı
Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri ilə əlaqə saxlamasını yüksək dəyərləndirib.

Unikal.org-a açıqlama verən Elvin Mirzəyev bildirib ki, Prezident şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri ilə əlaqə saxlamasını yüksək dəyərləndirib.

Unikal.org-a açıqlama verən Elvin Mirzəyev bildirib ki, Prezident şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

 
1043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 14 iyul 2020-ci il saat 00:00-dan 15 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 894 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 147 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla, ümumilikdə 1 043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 50-si rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 140, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 20-si rayon, 50-si paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 50-si paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb, ümumilikdə 345 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Yaralanan əsgərlər: “Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik”
Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı nəticəsində şəhid olanlarla yanaşı yaralananlar da var.

“Real” TV yaralı hərbçilərimizin vəziyyəti ilə maraqlanmaq üçün onların müalicə olunduğu hospitala baş çəkib.

Tibb Baş İdarənin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov hərbçilərimizin vəziyyəti barədə məlumat veriblər.

Hərbçilərimiz isə düşmən təxribatının onların əzmini qıra bilməyəcəyini, tezliklə səngər yoldaşlarının yanına qayıtmaq istədiklərini qeyd ediblər.

Cəbhəyə getmək istəyənlər oxusun

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumatda deyilir:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır. Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur"

İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışdı

İyulun 20-dən sonra sərt karantin rejiminin yumşaldılması ilə bağlı hər hansı məlumat yoxdur.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışarkən deyib:
"Hələlik bir şey deyə bilmərəm. Olanda məlumat veriləcək".

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah iyul ayının 20-nə kimi ölkədə sərt karantin rejiminin uzadılması haqda qərar verib.

Cəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi yazılsın”


Artıq xəbər verildiyi kimi iyul ayının 12-də təcavüzkar Ermənistan hərbi qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib.
Əlbəttə ki, düşmənə ordumuz tərəfindən layiqli cavab verilib! Lakin bizim də şəhidlərimiz var və bu şəhidlər öz qanları bahasına torpaqlarımızı müdafiə ediblər. Mən, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti olaraq, bütün idmançılarımız və əməkdaşlarımız adından şəhidlərimizin ailələrinə, ata və analarımıza, qardaş və bacılarımıza dərin hüznlə baş sağlığı verirəm, onlarla birgə kədərləndiyimizi bildirirəm.
Əlbəttə ki, yaranmış şəraitdə xüsusilə Azərbaycan gəncliyinin baş verənlərə reaksiyası, gənclərimizin cəbhəyə can atmaları anlaşılandır. Şəxsən mən özüm də Allahdan istərdim ki, mənim taleyimə Vətənimiz uğrunda şəhidlik zirvəsi yazılsın. Torpaqlarımız bizim namusumuz, qeyrətimiz, şərəfimizdir. Allah da bilir ki, bizim işimiz haqqdır və biz Ali Baş Komandanımızın bir əmri ilə hər an torpaqlarımızı azad etməyə hazırıq. Ordumuz da bilməlidir ki, onun arxasında Azərbaycan gənclərindən ibarət və özü qədər qüdrətli olan daha bir ordu durur.
Lakin bununla yanaşı vətənpərvər Azərbaycan gəncliyi bu gün öz müdrikliyini də nümayiş etdirməlidir. Biz ölkə daxilində sabitliyin pozulmasına və düşmənlərimizin yeni bir fürsət əldə etməsinə qətiyyən yol verməməliyik!
Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti C.M.Əhmədov

Xəbər lenti