Alimenti ödəyə bilməyənlərlə bağlı YENİLİK - Güzəşt edilə bilər - VİDEO

Üzərində aliment öhdəliyi olan bəzi şəxslər nəzərdə tutulan məvacibi ödəyə bilmədiyi üçün işi məhkəməyə gedir. Araşdırma zamanı isə onun alimenti ödəmək üçün gəlirinin olmadığı üzə çıxır. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva arb tv-yə bildirib ki, sözügedən məvacibi ödəyə bilməyən valideynlərə güzştlər edilməlidir:

"İşləmirsə, real konkret iş yeri yoxdursa, belə olan halda həmin valideyn bu alimentə necə ödəsin? Bununla bağlı qanunvericilikdə addım atıla bilər". 

Hərbçilərin pensiyası xidmətdən buraxıldığı gündən təyin olunacaq

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olub.

Bu redaksiyanın Qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.

Bundan əlavə, qanunun 9.5.2-ci və 20.14.2-ci maddələrində müvafiq olaraq “25 təqvim ili” ifadəsindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

Belə ki, qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilir. Əgər hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu tələbi tamamlayan şəxslərə də hərbi qulluqçu kimi pensiya hüququ yaradılarsa, onda bu Qanunun 20.14.2-ci maddəsinə əsasən həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməli olduğu anlaşıla bilər.

Göründüyü kimi, bu 20 təqvim ili və daha çox hərbi xidmət etmiş şəxs ilə 12 il 6 ay hərbi xidmət etmiş şəxsin pensiya təminatları fərqləndirilib və nəticə etibarilə hərbi qulluqçuların hərbi xidmətdə qalması təşviq edilib. Bu dəqiqləşdirici düzəliş olduğundan maliyyə yükü yaranmayacaq.

Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO

Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır. Bu hal isə bir çox hallarda istehlakçılarda çaşqınlıq və şübhələr yaradır.

Mövzu ilə bağlı Xəzər TV süjet hazırlayıb.

Bildirilib ki, hazırda mal əti 14, toyuq əti isə 6 manata satılır. Lakin bu məhsullardan hazırlanan bəzi kolbasa və sosislər isə 5 manata təklif edilir.

Ətin qiymətinin bahalaşması ilə kolbasa və sosislərin qiymətinin artacağı gözlənilirdi. Ancaq qəribədir ki, bəzi kolbasa və sosislərdə əks tendensiya müşahidə olunur. Bu isə vətəndaşlarda həmin məhsulların keyfiyyəti ilə bağlı suallar yaradır.

Daha ətraflı videoda:

Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO

Son günlər qızdırmadan ölənlərin sayı artıb.

Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib.

Pediatr Şahnaz Zamanlı bildirib ki, xüsusən məktəb və bağça yaşlı uşaqlarda yuxarı tənəffüs yolu infeksiyası, bağırsaq infeksiyaları və ya yoluxucu infeksion xəstəliklərə daha çox rast gəlinir:

"Bunlardan virus infeksiyalarına daha çox rastlayırıq. Qızdırmalar arası qısalarsa yaxud qızdırmanın şiddəti artarsa həkim müayinəsi lazımdır. Hərarət 72 saatı keçərsə, öskürək artar və qulaqda ağrı olarsa, qarın ağrısı və ya sidikdə göynəmə kimi hallar baş verərsə mütləq pediatrlara müraciət etmək lazımdır".

Ş.Zamanlı onu da vurğulayıb ki, bu kimi hallarda "sepsis", "miningit" və sairə ağırlaşmalar ölümə qədər gətirib çıxarır.

Həkim-terapevt Adil Qeybulla isə bildirib ki, bu xəstəliyə uşaqlarla yanaşı böyüklər də yoluxurlar:

"İnfeksional xəstəliyi COVID-19 peyvəndi olmayan şəxslər ağır keçirirlər. COVID-19-a yoluxma və ölüm halları indi də qalmaqdadır. Bütün bunlar normal vaksinasiyanın olmaması ilə bağlıdır".
Araşdırmadan da məlum olur ki, son zamanlar yayılan infeksiyanın əsas simptomları şiddətli ağrı və yüksək temperaturdur.

Ətraflı Baku TV-nin süjetində:

azvirt-mmc-nin-bas-muhendisi-vefat-etdi

“Azvirt” MMC-yə ağır itki üz verib.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, uzun illər yol təsərrüfatında xidmət göstərmiş, yarandığı gündən bu şirkətdə çalışmış, həm ölkə daxilində, həm də xaricdə bir çox yol, eləcə də hava nəqliyyatı infrastruktur layihələrinin icrasında zəhməti olmuş, “Azvirt MMC-nin baş mühəndisi, əməkdar mühəndis Cəfərağa Şiriyev dünyasını dəyişib:

“Şirkətimizin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyirik. Cəfərağa Şiriyevin xatirəsi qəlbimizdə daim yaşayacaqdır”.

Məlumat üçün bildirək ki, mərhumun yas mərasimi may ayının 21-də (həftənin 2-ci günü) Heydər Məscidində olacaq.

“Yol-xeber.az”-ın rəhbərliyi və kollektivi adından əməkdar mühəndis Cəfərağa Şiriyevin ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyirik


Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir.

Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlər az deyil.

Zooloqlar bu hörümçəklərin zəhərinin yaratdığı təhlükələrin müxtəlif yaşlara görə dəyişdiyini və ölümlə nəticələnə biləcəyini bildirirlər.

Bəs bu zəhərli həşəratların satışı və evlərdə saxlanılması qanunidir?

Hüquqşünas Emil Aslanov bildirib ki, tarantul hörümçəklərinin təbii mühitdən götürülüb evdə saxlanılması və onlardan istifadə edilməsi qanun pozuntusudur:
“Bu hallara görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunurlar”.

Hüquqşünas onu da bildirib ki, zəhərli heyvanlara aid mini zoopark yaratmaq üçün icazə alınmalı və sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən onun yeməyi, saxlanılma şəraiti yoxlanılmalıdır. Əgər həmin şərait heyvanların yaşaması üçün uyğundursa, o halda icazə verilə bilər. 

Daha ətraflı Baku TV-nin süjetində:

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər.

Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyini bildirib:

“Axşam yuxumda gördüm ki, işdəyəm və İzzətlə kiçik oğlum yanıma gəlir. Hərbi formada olan İzzətin üstünə qaçanda gördüm ki, yoxa çıxdı. Yuxudan oyanıb işə getdim. Zəng etdim ki, mənə İzzətdən xəbər verin, hiss edirəm, ona nəsə olub. Amma İzzətin şəhid olduğunu mənə demədilər”.

Şəhid anası deyir ki, hər iki oğluna İzzətin məzarını tez-tez ziyarət etməyi vəsiyyət edib: “Dörd ildir nə toya, nə də başqa bir şənliyə gedirəm. Bütün özəl günlərimizi İzzətin məzarı üstündə keçirirəm. Bura da gül gətirmişəm ki, onun şəhid olduğu yerə səpim”. Dörd il sonra döyüş yoldaşının şəhid olduğu yerə gəlməyin ona çətin anlar yaşatdığını söyləyən Kənan Bayramlı isə İzzətin arzusundan danışıb:
“Hərbi xidmətdən öncə lahmacun-pizza ustası kimi çalışırdı. Gələcək planlarından danışanda deyirdi ki, obyekt açaram, ikimiz işləyərik. Söyləyirdi ki, mən bişirərəm, sən ofisiantlıq, kassirlik edərsən”.

Ətraflı videoda:

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

 “Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.

Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı general-polkovnik K.Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışıb.

Müdafiə nazirinin birinci müavini səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Baş Qərargah rəisi hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb. Onların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA

İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq.

Bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib.

Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır.

"Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır", - Murad Məmmədov adlı taksi sürücüsü bildirib.

O, artıq köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığını da bildirib.
"1999-cu ildə istehsal olunan "Çeşka" adlandırdığımız avtomobillərə artıq sifariş ötürülmür. Bir azdan 2005-ci ilədək olan "Opel" və digər markalı avtomobillərə də sifarişlərə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq özünü biruzə verəcək. Çünki, taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnədir. Qiyməti 30-40 min manat olan avtomobili alıb taksi kimi işlətmək sürücülərə sərf etmir", - sürücü bildirib.

AYNA-dan isə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

"Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər - buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır", - AYNA-dan bildirilib.

Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, ANNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır:

"Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq".

Qeyd edək ki, artıq ötən həftədən taksi qiymətlərində bahalaşma müşahidə olunur. Ötən həftə "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. "Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib.

Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir.

Xəbər lenti