Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab

"Həmkarımın bu təklifi maraqlıdır. Belə bir modelin tətbiqini nəzərdən keçirmək olar. Öndə olmayıb, arxa cəbhədə olanlar da müharibə iştirakçılarıdır. Amma onun reallaşması böyük vəsait tələb edir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deputat həmkarı Qüdrət Həsənquliyevin 44 günlük Vətən müharibəsində arxa cəbhədə olanlara da veteran statusunun verilməsi təklifinə münasibət bildirərkən deyib.

Deputatın fikrincə, burada bir neçə nüans var:

"Belə ki, həmin məsələnin reallaşması kifayət qədər böyük vəsait tələb edir. Cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri veteranlara verilən 80 manatla bağlıdır. Onu alanların sayı on minlərlədir. Hamı onun qaldırılmasını istəyir. Amma onun reallaşması üçün kifayət qədər böyük vəsait lazımdır. Bunun üçün nə qədər vəsaitə ehtiyac olduğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imkanları araşdırılmalıdır. Hazırda ƏƏSMN-nin büdcəsi bir neçə milyard manatdır. Müharibəyə gedib, ön sırada olmayanlara da veteran statusu veriləndə həmin kateqoriyalı insanların sayı daha da artacaq. Yalnız təhlil və müəyyən məsləhətləşmələr aparıldıqdan sonra dövlət səviyyəsində hansısa qərarın qəbulu məsələsinə baxıla bilər”.

Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dünən keçirilən plenar iclasında Vətən Müharibəsində arxa cəbhədə olanlara da veteran statusunun verilməsi təklifilə çıxış edib: "II Dünya müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanıyırıq, amma Vətən müharibəsində olanları yox. Vətən müharibəmizdə topraqlarımızı işğaldan azad etmiş bir qrup hərbçi mənimlə görüşdü və müraciət etdilər ki, bunlar prezidentin sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 28-də səfərbərlik olanda orduya çağırılıblar, arxa cəbhədə ordunun təchizatı ilə məşğul olublar. Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır”.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. 

Sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis halda isə ağır qəzalar və insan ölümləri ilə nəticələnir. 

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücüləri müəyyən etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq reydlər keçirirlər. Bəzi sürücülər sərxoş halda avtomobil idarə etdikləri müəyyən olunduğu halda onları hansı cəzanın gözlədiyindən xəbərsizdir. 

Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, edilən xəbərdarlıqlar və görülən tədbirlərə baxmayaraq bəzi sürücülər yol hərəkəti qaydalarına qarşı hələ də biganə yanaşırlar və bu da sonda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir:

"Bəzi sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə edilər ki, bu da həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birmənalı olaraq potensial təhlükədir. Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücünün nəqliyyat vasitəsini idarə edərkən şübhə doğuran hal aşkar olunan zaman sürücü yoxlanılır. Həmin sürücü əgər nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edirsə, onun barəsində ciddi intizam tədbiri görülür. 

Əgər sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsi aşkarlanarsa, İnzibai Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən onu 400 AZN cərimə və 5 cərimə balı gözləyir, və ya 6 aydan 12 aya qədər sürücülük vəsiqəsi məhdudlaşdırılır". 

Qeyd edək ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Həmin gün qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

“28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

“Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qeyd etmək lazımdır ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, bu illər ərzində ölkələrimiz arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. “Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə olacaq. Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ilə Bolqarıstan arasında fəal siyasi dialoq var və bu dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” müəyyən edilmiş hədəflərə daha tez çatmağın yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.”

K.Qafarov Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın xüsusilə böyük perspektivlər vəd etdiyini diqqətə çatdırıb: “Təbii ki, Azərbaycan-Bolqarıstan əlaqələrində əsas istiqamətlərdən biri məhz energetika sahəsini əhatə edir. Keçən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Bu isə Bolqarıstanın təbii qaz nəqlində vacib tranzit ölkəyə çevrildiyinin göstəricisidir. Azərbaycan bu gün Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində də çox fəal iş aparır. Ölkəmiz bu istiqamətdə də böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək”.
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO

İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.

 1980-ci ildə həmin şəhərdə orta məktəbə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.

2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verilib. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində hərbi xidmətdə olub.

Xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)",  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordenləri ilə təltif olunub.

2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 

Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanıb. Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

İlqar Mirzəyev ailəli olub. Bir oğul və bir qızı yadigar qalıb.

Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi

Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir.

Qeyd olunan məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Hacı Məhərrəm Novruzov: Ümummilli liderin davamlı qələbələrimizə hesablanan strategiyası

Məhəmməd Musayev - 1993-cü ildən başlanan inkişaf yolu Azərbaycanı bugünkü zəfərlərinə qovuşdurdu və yeni dövrə qədəm qoymasını şərtləndirdi

“Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə - istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm.”

Yazıma dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dönəmdə Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində söylədiyi bi fikirlərlə yol salmağım səbəbsiz deyil. Prezident İlham Əliyevin bu fikirlərinin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində söylədiyi aşağıdakı sözlərini də qeyd etmək istərdim: “Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi…Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq.  Şəhərlərimizin  işıqları söndüyü kimi, daxilimizdə də ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı.  O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına  güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün Onun ən sevimli kəlamlarından birini- “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik.”

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz  xidmətlərinə işıq salan bu kimi fikirləri xeyli sayda sadalamaq olar. Bu fikirlər bugünümüzün reallıqları fonunda müstəqilliyimizin bərpasının ilk illərinə, eyni zamanda, Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ölkəmizin haradan haraya gəlib çıxmasına baxışı əks etdirir. Təbii ki, bugünkü Azərbaycanı o illərin Azərbaycanı ilə müqayisə etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyev tarixi qayıdışı ilə yeni Azərbaycan qurdu və onun gələcəyinin parametrlərini müəyyənləşdirdi. Dahi şəxsiyyətin xidmətləri barədə söylənilən fikirlərin ümumiləşdirilmiş ifadəsi Onun özünün qeyd etdiyi “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləridir.

Xaos, anarxiya, özbaşınalıq və mənəm-mənəmlikdən boğaza yığılan xalq tələb edirdi ki…

Ulu Öndərin misilsiz xidmətlətindən bəhs edərkən ilk olaraq gözlərimiz  önünə Onun xilaskarlıq missiyası gəlir. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ölkəmizin həmin dövrün təhlükələrindən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, kreslo uğrunda didişmələri Azərbaycanı müstəqilliyini itirmək, sonu görünməyən vətəndaş müharibəsi girdabına salmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.  1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən bədnam AXC-Müsavat cütlüyünün  bir illik hakimiyyəti dövründə ölkəmizi  hansı faciələrlə, təhlükələrlə üz-üzə qoyduğu yaxın tariximizin qaranlıq səhifəsi kimi daim ürək ağrısı ilə vərəqlənir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan öz şəxsi ambisiyalarının quluna çevrilən, korporativ maraqlarını dövlət maraqlarından üstün tutan yaramaz  ünsürlərin yarıtmaz idarəçiliyi altında sürətlə  uçuruma doğru gedirdi. Səriştəsiz rəhbərlik, getdikcə idarəolunmaz hal alan xaos, anarxiya, özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət həmin dövrün hər kəsin görüb hiss etdiyi və yaşadığı reallıqları idi. Ermənistan tərəfindən ərazilərimizin biri-birinin ardınca işğalı, xarici qüvvələrin təhriki ilə  ayrı-ayrı bölgələrdə getdikcə daha təhlükəli xarakter alan separatçılıq və parçalanma meyillərinin  baş qaldırması  xalqın sabaha ümidini itirirdi. Xalq belə bir ağır durumdan  yeganə çıxış yolunu bütün mənalı  həyatı Vətənə,  millətə şərəfli xidmət nümunəsi olan dahi siyasətçi, zəngim idarəetmə təcrübəsinə malik qüdrətli dövlət xadimi  Heydər Əliyevin hakimiyyətə qayıtmasında görür, mövcud iqtidardan təkidlə bunu tələb edirdi. Təkidli tələb qarşısında aciz qalan və vəziyyətin daha da ağırlaşacağından  qorxuya düşən AXC-Müsavat iqtidarının başsız “başbilənləri”  məsuliyyətdən yayınmaq üçün biri-birinin ardınca vəzifələrindən istefa verməklə xalqı sakitləşdirməyə çalışırdılar. Bu addımın da bir nəticə vermədiyini, əksinə vəziyyətin getdikcə gərginləşdiyini görən “özündən bəylər” son nəticədə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə  dəvət etməyə məcbur oldular. Vəziyyət ağırlaşdıqca xalq çıxış yolu axtarmağa başladı. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyev onların çağırışını cavabsız qoymaz, Azərbaycanın teleyinə biganə yanaşmaz. Buna görə ayağa qalxaraq xilaskarına - dahi şəxsiyyət Heydər Əliyevə üz tutdu, Onu  təkidlə hakimiyyətə dəvət etdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Naxçıvandan  Bakıya qayıtdı.

Zamanın çağırışından yaranan partiya

Bu məqamda bir az əvvələ ekskurs edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışını şərtləndirən amillər sırasında mübaliğəsiz demək olar ki, öncül mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının yaranması dövrünə qısa nəzər salmaq istəyirəm. Çünki dövlət müstəqillimizin bərpası tarixindən bəhs edərkən  həmin dövrün ən  parlaq səhifələrindən birini təşkil edən, təşəkkül tapması və inkişafı  bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etmək zərurəti yaranır. Bu baxımdan ki, Yeni Azərbaycan Partiyasının yaranması Ümummilli Lider  Heydər Əliyevin 90-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ideyası ilə eyniyyət təşkil edir. Yuxarıda vurğuladığım kimi, müstəqilliyimizin bərpasının  ilk illərində ölkəmizdə yaşanan durum Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını zərurətə çevirdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma mərhələsi idi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında bu mühüm məqamı xüsusi qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”

Ulu Öndər Heydər Əliyev hələ  1994-cü ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən  ümumrespublika müşavirəsində  partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirirdi: “Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur. Buna görə də bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim təşəbbüsümlə olmayıbdır. Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.” Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən, bu gün sonsuz qürur hissi ilə bəyan edirəm  ki, sıralarında mənim də olduğum  91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti Azərbaycanın bugünkü reallıqlarının əsası oldu. Həmin müraciətdə Ulu Öndərə xitabən bu inam ifadə edilirdi ki, yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Milli Qurtuluşdan Milli Zəfərə doğru…

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı çağdaş tariximizə sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı kimi yazıldı. Bu gün haqlı olaraq Milli Qurtuluş Günü adlandırdığımız 1993-cü ilin 15 iyun tarixi müstəqillik tariximizin ən şərəfli səhifəsi, başqa sözlə ifadə etməli olsam qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi  ilə Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində  tarixi Zəfərinə gedən yolun başlanğıcı oldu. Məhz həmin gün Azərbaycan dövlətinin sükanı arxasına keçən Ümummilli Lider ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, hər bir inkişafın təməl daşı kimi dəyərləndirilən iqtisadiyyatın inkişafı, iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində görülən işlər, informasiya mübarizəsində uğurlarımız və sair kimi bugünümüzə,  gələcəyimizə xidmət edən  uğurlu addımların  hər biri həmin dövrün  əsas mahiyyətini təşkil edir. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı, tarixi zəfərləri üçün Ümummilli Liderə borcluyuq. Məhz Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna çıxdı, Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə möhkəm təməl formalaşdı. Bu gün müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında dahi şəxsiyyətin rolu olmasın. Bu reallığı da xüsusi qeyd etməliyəm ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın bugünü üçün  mühüm işlər görmüşdü.  Dahi şəxsiyyətin atdığı hər bir addımının, gördüyü işlərin təməlində Vətən, xalq, dövlət sevgisi dayanırdı. Ümummilli Liderimiz Azərbaycanı daim zirvələrdə görmək, Günəş kimi dünyaya doğmasını istədi və gələcəyə xidmət edən uğurlu siyasəti ilə bu məqsədlərinə  nail oldu.

“Əsrin müqaviləsi” Azərbaycanın əsrlərə bərabər 30 illik inkişaf yolunun bələdçisidir

1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin, onun ardınca həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bütün sahələrdə inkişafına yol açdı. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyini daha da möhkəmləndirdi. Heç də təsadüfi deyil ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan  və bu gün Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla təkmilləşdirdiyi neft strategiyasının uğurlarını Azərbaycan xalqı  bütün sahələrdə hiss edir. Bu baxımdan ki, neft gəlirlərinin idarə edilməsində şəffaflıq kriteriyalarını qorumaq məqsədilə 1999-cu ildə Ümummilli Liderin Fərmanı ilə yaradılan Dövlət Neft Fondu ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin icrasını təmin edir. Müstəqilliyimizin bərpasının ilk illərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yüksək rifahının təmin edilməsi prioritet məsələ idi. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki  nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. 

Demokratiya prinsiplərinə sadiqlik uğurlarımızın rəhnidir

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynadı. İlk gündən hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan  demokratik təsisatların yaradılması istiqamətində atdığı addımlarla diqqətdə oldu. İnsan hüquqlarının qorunması dövlət siyasətimizin əsasını təşkil etdi. Azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri addımlar atıldı. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Milli  Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr  tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv Fərman və sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması beynəlxalq arenada  insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi.  Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında  mətbuatın üzərində  senzuranın ləğvi  azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Bu gün cahanşümul qələbələri ilə dünyaya səs salan müzəffər ordumuzun bünövrəsini Ulu Öndər qoymuşdur

Müharibə şəraitində yaşayan Azərbaycanda iqtisadiyyatla yanaşı, ordu quruculuğuna da xüsusi diqqətin göstərilməsi vacib məqamlardan idi və heç də təsadüfi deyildi  ki, Ulu Öndər bu sahədə də mühüm addımlar atdı. Öncə bu reallığı qeyd edək ki, hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması dahi şəxsiyyətin atdığı addımlar sırasında oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir. Ümummilli Lider müstəqillik dövründə ordu quruculuğunu prioritet sahə kimi öndə saxlayaraq Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verməsi üçün zəruri işlər gördü. Ulu Öndərin Fərmanı ilə 26 İyun tarixinin Silahlı Qüvvələr Günü kimi təsis edilməsi bu sahəyə diqqətin bariz nümunəsi oldu. Dahi şəxsiyyət Heydər Əliyev belə bir çağırışı səsləndirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Ən yüksək tribunalardan sülh danışıqlarının səmərə verməyəcəyi təqdirdə hərb yolunun istisna edilməməsi barədə Ulu Öndərin səsləndirdiyi bəyanatlar Azərbaycan Ordusunun gücünə, qüdrətinə əsaslandı. 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu  Horadiz əməliyyatı hərb tariximizin qürurverici səhifələrdəndir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərdi. Ümummilli Liderin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanıldı. Xalqımız Azərbaycan Ordusunun 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin sevincini 22 il sonra yenidən yaşadı. 2016-cı ilin Aprel döyüşlərində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. 2018-ci ilin mayında isə Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz bir daha sübut etdi ki, öz şərəfli misiyasını yerinə yetirmək gücündədir.

Bütün dünyada Azərbaycan deyəndə  Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan göz önünə gəlir

Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçdiyi ilk gündən uğurlu xarici siyasət kursunun müəyyənləşdirilib həyata keçirilməsiniən mühüm vəzifələrdən biri qarşıya qoyurdu.  Bu baxımdan dahi liderin ayrıl-ayrı dövlətlərlə ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik istiqamətində atdığı addımları xüsusi qeyd etməliyik. Məhz  Ulu Öndərin bu siyasəti nəticəsində çox qısa müddətdə Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq təşkilatlarla qurulan əlaqələr həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında növbəti tribunalar oldu. Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatımız sayəsində erməni yalanları ifşa olundu, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz haqqında məlumatsızlığın yol açdığı informasiya blokadası aradan götürüldü. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ həqiqətləri, münaqişənin əsl mahiyyəti müzakirə mövzusu olmasın. Ulu Öndər hakimiyyətə qayıdışının ilk günündən bu çağırışı etdi ki, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideyası ətrafında birləşməsi əsasdır. Biz bu istiqamətdə atılan uğurlu addımların nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız  tarixi Zəfərimizdə gördük.   

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər böyükdür ki, heç şübhəsiz onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycanın bu gün bütün dünyaya səs salan möhtəşəm nailiyyətlərinin əsasını qoymuş dahi rəhbərin Vətənimiz, xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlərini özündə əks etdirən və gələcək nəsillər üçün zəngin mənbə olacaq xeyli sayda kitablar nəşr olunub. İllər keçdikcə Ümummilli Lider Heydər Əliyevin  xidmətlərinin  böyüklüyünü təsdiqləyən daha yeni-yeni nəşrlər çap olunur,   məqalələr yazılır, elmi araşdırmalar aparılır. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edildi. “Heydər Əliyev İli” dahi şəxsiyyətin cild-cild kitablara sığmayan misilsiz xidmətlərini nəinki Vətəni Azərbaycanda, bütövlükdə dünya miqyasında indiki və gələcək nəsillərə çatdırmaq üçün geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin Ulu Öndərin 100 illiyi münasibətilə ötən ilin 10 may tarixində Qarabağın taçı, mədəniyyət paytaxtımız Şuşadan xalqa müraciəti hər birimizi qürurlandırdı. Bu müraciət Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı reallıqların öyrənilməsi üçün zəngin mənbə oldu. Həmin müraciətində Müzəffər Ali Baş Komandan böyük qürur hissi ilə qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

“Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri…”

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən  böyük xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Ümummilli Liderin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti bugünkü zəfərlərimizin, uğurlarımızın başlanğıcı oldu. Həmin müraciətdə bu inam ifadə edilmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələri göz qabağındadır. Onları sadalamaqla bitməz. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz, ondan üç il sonra- 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi, ölkəmizin həyatında yeni dövrün başlanması keçilən 20 illik yolun təqdimatıdır. Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi, dünya birliyinin fəal üzvü olaraq sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Artıq tarixin arxivinə atılan  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.

Ümummilli Lider  Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin keçmiş  məcburi köçkünlərlə görüşlərində söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri Qarabağ münaqişəsinin öz həllinin tapacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamdan irəli gəlirdi.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin  arzusunu reallığa çevirdi və 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu günün gələcəyinə inanırdı.  Hətta 44 günlük İkinci Qarabağ münaqişəsinin getdiyi günlərdə xarici mətbuata verdiyi müsahibələrin hər birində qələbəmizə böyük əminliyini ifadə edərək Azərbaycanın gələcəyini necə görmək istədiyini açıqladı. 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfərindən sonra 2020-ci il sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərimizlə 30 ilin işğalına son qoydu, tarixi ədaləti bərpa etdi. Bu gün həmin reallıqları fonunda qürurla ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən bəhs edirik. Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə dalğalanır. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdaraq bu ərazilərə yeni nəfəs verirlər.

Heydər Əliyev Fondunun uğurlarının miqyası o qədər genişdir ki…

Azərbaycanın uğurlarında Heydər Əliyev Fondunun öz payı vardır. Yaranması Ulu Öndər Heydər Əliyevin doğum günü ilə üst-üstə düşən Fondun keçdiyi 20 ilik yolun təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Vətən, torpaq sevgisi, azərbaycanşılıq ideologiyasının təbliğinə verilən önəm  atılan addımlarda, uğurlu nəticələrdə özünün aydın ifadəsini tapır. Azərbaycan həqiqətlərinin, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə yönələn layihələrin hər biri Azərbaycanın beynəlxalq nüfuzunun artmasında öz sözünü deyir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələrin miqyası geniş olmaqla yanaşı, çoxşaxəlidir.

Tarixi Zəfərimizdən sonrakı dövrün əsas çağırışı, hədəfi isə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə ardıcıl səfərlərinin hər biri Böyük Qayıdışın tezliklə tam şəkildə başa çatacağının müjdəsini verir. Yeni sosial obyektlərin açılışı, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalan bu səfərlər tarixi Zəfərimizin  təqdimatlarıdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatşılığı ilə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri  ənənələri bərpa edildi. Bu uğurların miqyası o qədər genişdir ki, onların tam sıralamasını təqdim etmək  mümkün deyil.  Heydər Əliyev Fondunun 20 ildə keçdiyi inkişaf yolu qarşıdakı dövrə daha böyük inamla baxmağa əsas verir.

Heydər Əliyev yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq.  Ulu Öndər Heydər Əliyevin  həyat və fəaliyyətini fədakarlıq nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin “O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri bugünümüzün və gələcəyimizin ən mühüm çağırışıdır.

Dəmir yolunun dirçəliş dövrü - Heydər Əliyev modeli

Bu strategiya ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam

təmin olunmasi üçün ciddi əsas oldu

“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru cənab Nazim Eynallı - Heydər Əliyev və neft strategiyası elə böyük, əhatəli və faydalı mövzudur ki, bu haqda saatlarla, günlərlə danışmaq olar. Bu mövzu gündəmə gələndə ilk olaraq müstəqillik illərində Ümummilli liderin minbir əziyyətlə həyata keçirdiyi yeni neft strategiyası və onun şah əsəri olan “Əsrin müqaviləsi” qeyd edilir. Bu da anlaşılandır. Çünki yaxın tariximizdə baş verdiyi üçün ölkəmizdə neft strategiyasının başlanğıcını həmin müqavilənin imzalandığı gündən qəbul edirik. Amma məsələnin mahiyyət və məzmununa diqqət edəndə Azərbaycan neft strategiyasının əsasının qoyulmasının hələ dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə təsadüf etdiyini görürük. Bu haqda da çox danışmaq, yazmaq olar. Amma ümumi düşüncələrimizə və şəxsi mülahizələrimizə əsaslanaraq bir neçə vacib məqamı xüsusi vurğulaya bilərik.

Birincisi, Ümummilli liderin sovet dövründə ilk dəfə respublika rəhbərliyinə gələnə qədər Azərbaycanda neft sektorunda istər istehsal, istərsə də emal müəssisələrinin yaradılmasında SSRİ rəhbərliyi tərəfindən ittifaq respublikaları arasında məqsədli şəkildə yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması vasitəsi ilə bu sahənin kompleks və konseptual inkişafına nail olması ilə bağlıdır.

Ö dövrdə SSRİ rəhbərliyi bütün sahələrdə olduğu kimi neft sektoru üzrə də Azərbaycanla digər respublikalar arasında fərqli münasibət sərgiləyirdi. O zaman bu sektorun istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində burada Heydər Əliyevə qədər respublikamıza rəhbərlik etmiş şəxslərin zəifliyi, təcrübəsizliyi, səriştəsizliyi və siyasi iradə qoya bilməməsi də müəyyən rol oynayırdı. Nəticə etibarilə respublikanın neft sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının tamamilə əleyhinə olurdu. Məsələn, o vaxt tamamilə yarasız texnologiyalar əsasında neft istehsalı həyata keçirilirdi. Məqsəd nə olursa-olsun ölkəmizin qara qızılını tamamilə çıxarıb, tükəndirmək idi. Yəni onlar üçün keyfiyyətdən çox, kəmiyyət göstəriciləri əsas idi. O illərdə zəif rəhbərlik də üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməklə məşğul idi, təki plan dolsun. Amma bu məqsədli siyasət yeraltı sərvətimizi tükəndirməklə yanaşı, ölkəmizin ekoloji mühitini korlayaraq, neftlə çirklənmiş ərazilərdə ekoloji böhran yaradır, orada çalışan insanların sağlamlığını da ciddi təhlükəyə atırdı və ittifaq rəhbərliyi tərəfindən belə qərarların qəbul edilməsi heç vaxt təsadüfi sayıla bilməzdi.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın neft sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı. Məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatında neftin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu. 1971-ci ildə respublikada neft sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə neft sektorunun inkişaf konsepsiyasının əsasını qoydu. Onun keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsipiallığı, işə gündəlik nəzarəti, eyni zamanda köməyi, xüsusən də obyektlərin müəyyənləşdirilmiş vaxtda tikilib istifadəyə verilməsi üçün yüksək tələbkarlığı sayəsində neft emalı müəssisələrinin yenidən qurulması dövrün reallığına çevrildi. O haqlı olaraq sovet rəhbərliyi qarşısında haqlı sual qoyurdu ki, Böyük Vətən Müharibəsi adlandırdıqları II Dünya Müharibəsininin taleyini həll edən 3 faktordan biri Azərbaycan nefti və akademik Yusif Məmmədəliyevin elmi yenilikləri ilə bağlıdırsa, niyə bu respublikaya qarşı ayrı-seçkiliyə yol verilməlidir?

Ümummilli lider Heydər Əliyevin neft sektorunda iqtisadi cəhətdən daha səmərəli yeni texnologiyaların tətbiqində, mövcud faydalı istehsal sahələrinin genişləndirilməsində və modernləşdirilməsində xidmətləri çox böyük olmuşdur. O öz sələflərindən fərqli olaraq hakimiyyətdə olduğu illərdə bu istehsal və emal sahəsinin kortəbii yox, məqsədyönlü və kompleks inkişafına müsbət təsir göstərən mühüm tədbirləri ardıcıllıqla həyata keçirirdi. Heydər Əliyev ittifaq rəhbərliyindən ciddi israrla Azərbaycanın neft-kimya strukturlarının təkmilləşdirilməsini, mənəvi və fiziki baxımdan köhnəlmiş, aşınmış istehsalat sahələrinin ləğv edilib, əvəzində müasir, iritonnajlı, tullantısız texnologiyaya malik müəssisələrin yaradılmasını, eyni zamanda, texniki və təbiəti mühafizə obyektlərinin tikintisini həyata keçirməyə imkan verən həlledici qərarların qəbulunu tələb edirdi. Ulu öndər müəllifi olduğu konsepsiyanın, neft-qaz sektorunun yüksəliş proqramının tam həyata keçirilməsi üçün məhz, özünün şəxsi təklifi və təkidi ilə o zaman keçmiş ümumittifaq fondundan böyük həcmdə kapital qoyuluşu ayrılmasına nail olmuşdu.

İkinci məqam neft sektoru üzrə istehsal sahələrinin elmi əsaslarla inkişaf etdirlməsinə önəm verilməsi ilə bağlı idi. Məhz Ümummilli liderin bu yanaşması nəticəsində neft-kimya, neft-qaz, geologiya-geofizika ixtisaslaşması üzrə elmi tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri neft-sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Tarixi şəxsiyyət Heydər Əliyevin dahiliklə həm qeyd olunan sənaye sahələrini, həm də onlara uyğun olan elm sahələrinin paralel və bir-birilə əlaqəli inkişafını təmin edən “ən optimal inkişaf konsepsiyasını” yaratması xüsusi vurğulanmalı məqamlardan digəridir. Əlbəttə neft sənayesinin inkişafı yeni elmi tədqiqatlar tələb edirdi və eyni zamanda bu tədqiqatları stimullaşdırırdı. Belə bir konsepsiya elmi nəticələrin istehsalata tətbiqinə şərait yaradıb. Çox keçmədən elmə yatırılan vəsaitlər tətbiq sahəsində daha çox büdcə vəsaitinin yaranmasını təmin edib.

Üçüncü məqam kimi bu sahədə yüksək ixtisaslı kadr hazırlığına diqqətin yönəldilməsini qeyd etmək olar. Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft, qaz sənayesi ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə sənaye sahələrini yüksəkixtisaslı milli kadrlar olmadan inkişaf etdirmək və bütövlükdə güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil. Ona görə, dahi şəxsiyyətin məqsədyönlü siyasətinə uyğun olaraq bu sahə üzrə ixtisaslaşmış kadr hazırlığı həyata keçirilir, eyni zamanda yerli mütəxəssislərimiz dünyanın neft sahəsi üzrə aparıcı ölkələrinin aparıcı təşkilatlarında ixtisasartırmaya göndərilərək orada qazanılan təcrübənin ölkəmizə gətirilməsinə nail olunurdu.

Artıq bu vaxta qədər ölməz şəxsiyyətin gördüyü işlər 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Türkiyə, Böyük Britaniya, Norveç, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Yunanıstan neft şirkətlərinin daxil olduğu konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının bir hissəsinin birgə işlənməsi haqqında 30-illik müqavilənin imzalanması üçün etibarlı bünövrə, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasında və müstəqilliyimizin möhkəmləndirilməsində əsaslı addım oldu. “Əsrin müqaviləsi” kimi tarixə düşən bu mühüm sənəd Azərbaycan xalqının sağlam və təhlükəsiz gələcəyə, sosial rifaha, iqtisadi inkişafa və kollektiv uğurlara qapı açan, bir növ viza sənədi idi.

Hazırda böyük ehtiram və minnətdarlıqla anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderin yaratdığı neft strategiyası yeni mərhələdə, yeni reallıqlar konteksində inkişaf etməkdədir. Dövlət başçısı cənab İlham Əliyev hər bir sahədə olduğu kimi neft sektorunda da qabaqcıl texnologiyalara və yüksək ixtisaslı kadrlara malik istehsal, emal sahələrinin inkişaf etdirilməsində Heydər Əliyev yolunu, proqramını və qayğıkeşliyini müasir mərhələdə yeni yanaşmalar əsasında ardıcıl davam etdirir.

Məhz Ümummilli liderin neft strategiyasının uğurla həyata keçirilməsinin ölkəmizə gətirdiyi siyasi divident ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılmasına, iqtisadi divident isə ölkə iqtisadiyyatının güclənməsi, müdafiə qüdrətinin yüksəlməsinə, hər iki amil isə qüdrətli ordunun vasitəsi ilə 30 illik işğala son qoyan 44 günlük Böyük Zəfəri şərtləndirdi və xalqımıza böyük qələbə sevinci bəxş etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ardınca 19 sentyabr 2023-cü ildə gerçəkləşən birgünlük antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, bütövlükdə böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu bölgəmizdə onların bəhanələrinə rəvac verən 200 illik erməni separatizmi tamamilə çökdürüldü, yox edildi.

Bir sözlə dahi şəxsiyyətin qurtuluşdan tərəqqiyə apardığı ölkəmizi, Ali Baş Komandan cənab İlham Əliyev heç vaxt bu qədər təsəvvür edə bilmədiyimiz davamlı Zəfərə çatdırdı.

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO

“AzParking”dəki maşınlara dəyən ziyanın kim tərəfindən ödənilməsi müzakirələrə səbəb olub.

Bu barədə sosial şəbəkədə şikayət paylaşılıb.

Şikayətdə qeyd olunur ki, vətəndaşın avtomobilini “AzParking”də saxladığı zaman cızıblar. “AzParking" nəzarətçilərinə bu haqda deyəndə isə ona bildirilib ki, “biz maşınları mühafizə etmirik”.

“O zaman biz pulu “AzParking”ə niyə ödəyirik?”- deyə vətəndaş sual edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə AYNA məsuliyyət daşımır.

 

 

“Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi, bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Parklanma məntəqəsində avtomobili park edən sürücülər mühafizəyə görə deyil, parklanma yerinin istifadəsinə görə ödənişləri edirlər. Parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə isə AYNA məsuliyyət daşımır. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən lövhələr quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər”, - deyə T.Orucov vurğulayıb.

Heydər Əliyev - Bənzərsiz şəxsiyyət və Azərbaycan gəncliyinin əbədi  nümunəsi - AZƏRTAC

Mehman Qəhrəmanov - Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Ölkə Prezidenti xalqa müraciətində Azərbaycan xalqının və dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışaraq bildirdi ki, “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”
1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir çətin məqamda xalqın təkidli tələbini və istəyini qəbul edən Ümummilli Lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi, beləliklə, Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açıldı. Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi. Bu, bir həqiqətdir ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək" fikrini söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı. Qeyd edək ki, o dövrdə, Azərbaycanın çətin günlərində bütün xalqımız kimi ağdamlıların da gözü Naxçıvana tikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi. Hər bir Azəbaycan ziyalısı kimi ağdamlılara da çox yaxşı bilirdilər ki, Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət ölkənin bu çətin günlərində öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilər. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan adam ata bilər. Odur ki, xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi.
Qısa müddətdə Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi Şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Ulu Öndər Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə səfərləri zamanı məcburi köçkünlərlə görüşlərində deyirdi ki, "torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız yerindən, yurdundan didərgin düşübdür. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik və əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad edilməsə biz bunu hərb yolu ilə həll edəcəyik".
Ata vəsiyyətini layiqincə yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu fikrini 44 günlük şanlı Vətən müharibəsi zamanı döyüş meydanında tamamladı və tarixi ədaləti bərpa etdi. Qeyd edək ki, Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.
Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan yaxşı bilir ki, 21 illik rəhbərliyi dövründə Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu, Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olduğunu, Azərbaycanın Cənubi Qafqazın ən güclü müasir və moderin dövlətinə çevirməyi bacaran dövlət başçısı olduğunu və hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.
Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək, inkişaf etmiş ölkələr sırasında nufuzunu qoruyacaq.



Xəbər lenti