![]() |
|
8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.
Bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq Meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.
Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq.
Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.
Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.
Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədlinin səhhətində problem yaranıb.
Sənət adamları və məşhurlar onu ziyarət edərək dəstək olmağa çalışırlar.
Manset.az məlumatına görə, polkovnik-leytenant Ramil Səfərov Xəyyam Əhmədlinin yanına gedib. Qəhrəman hərbçimiz meyxanaçının vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona "Məmləkətim" adlı meyxana həsr etmişdi.
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.
Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
Qarabağ Universitetinə yeni prorektor təyin olunub.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Rüstəm İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat - maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan
Dövlət Universitetində sosial idarəetmə və hüquq - hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb.
Rüstəm İsgəndərli "Aztelekom" MMC, "Modern Group of Companies - Alyans Tekstil", "Şamaxı Rixos" və "Şamaxı Palace" hotelləri, "PMD Group" kimi şirkətlərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatadək isə "Baku Business Group"da İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu gün Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.
Dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.
Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.
Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz 27 sentyabr 2020-ci il tarixində ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi ilə xalqımızın 30 illik həsrətinə 44 günə son qoydu. Məhz həmin tarix Zəfərə gedən yolun başlanğıcı oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək xalqımızın Qələbə əzmini nümayiş etdirdi. Bu günlər ərzində ordumuzun apardığı müharibə milli şüurun, xalq-hakimiyyət və ordu birliyinin təcəssümünə çevrildi. O gün hər kəs Vətən fədaisi oldu. 30 ilə yaxın müddət ərzində yaşadığımız ağrı-acılar bir anda sevincə çevrildi. Şanlı ordumuz bu qalibiyyəti ilə Azərbaycan xalqının qarşıya qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətində olduğunu sübut etdi. Bu müharibə bir daha göstərdi ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir fərdi Vətənin keşiyində məğrur bir əsgərdir, özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.
Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Qələbə sevinci bəxş etdilər. 44 gün ərzində hər gün rəşadətli ordumuz irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Bu uğurlar xalqımızın Qələbə ruhunu yüksəltməklə bərabər Azərbaycan dövlətinin gücünü göstərdi. Azərbaycan dövləti 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgər və zabitlərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.
Bu şanlı Zəfəri bizlərə yenilməz ordumuzun əsgər və zabitləri, o cümlədən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Beləliklə sentyabrın 27-dən başlanan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün xalqımız milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi Qələbəni yüksək səviyyədə qeyd edir.
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidləri dərin ehtiramla yad edirik. Azərbaycan xalqının Zəfəri əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır.
“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev -“Azərbaycan tarixinin qızıl səhifəsini təşkil edən Zəfər günümüzün dördüncü ildönümü ərəfəsindəyik. 8 Noyabr Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Biz bu şanlı zəfərimizlə sonsuz qürur duyuruq”.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Buna görə də, ordu quruculuğu daim Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti sırasındadır. Ermənistanın işğalçı siyasəti dövründə danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı.
Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışıb. BMT isə işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmurdu. Ermənistanın davamlı olaraq təxribatçı addımları, bəyanatları, hərəkətləri isə müharibəni qaçılmaz etmişdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Vətənin azadlığı uğrunda xalqımız bir yumruq kimi birləşdi və bu dəmir yumruq düşmənin başını əzdi. Həmin 8 noyabr tarixində Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi isə düşməni tamamilə diz çökdürdü. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən azad edildi. Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anır.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş yolu ilə işğaldan azad edildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü bütün istiqamətlərdə- siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğunda göstərir.
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu təsdiqlədi: “Siyasi partiyalar tərəfindən həmin dövrdə ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyiblər. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanata radikal müxalifətin qoşulmaması onların antimilli xislətini ifşa edir. Həmin siyasi təşkilatlar bu addımları ilə xaricdəki ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini bir daha isbatlamış oldular. 44 günlük müharibədən sonra onlar bu Qələbənin dəyərini azaltmağa çalışdılar. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasından da radikallar çox məyus oldular. Bu siyasi ünsürlər xalq-iqtidar birliyinin gücünü həzm etməyərək hər vəchlə xaricdəki havadarları ilə birlikdə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Bu cür “fəaliyyət” indi də davam edir. Lakin həmişə olduğu onların cəhdləri yenə də iflasa məhkumdur. Bu dairələrin cılız davranışlarından fərqli olaraq hazırda xalqla iqtidar sıx birlik nümayiş etdirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məşğuldur. Həyata keçirilən möhtəşəm quruculuq işləri nəticəsində bu torpaqlar cənnətə çevrilir, keçmiş məcburi köçkünlər Böyük Qayıdışın sevincini yaşayır!”.
Zaur Həmzəyev - 8 noyabr... Bu tarixi gün, bütün Azərbaycan üçün təqvimin ən şanlı və 30 ilə yaxın həsrətində olduğumuz Zəfərin nişanəsidir. Bizim üçün çətin, amma şərəfli bir yolun sonunda əldə olunmuş tarixi nailiyyətlə Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları işğaldan azad etdikcə, o şanlı günlər Zəfər tariximizə bir-bir yazıldı.
2020-ci il noyabrın 8-də şanlı ordumuz böyük əhəmiyyətə malik Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Dünyanın hərb tarixinə düşən Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsində dönüş nöqtəsi oldu. Bundan iki gün sonra - noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarıldı. 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlanılan torpaqlarımızın prezident-xalq-ordu birliyi nəticəsində azad olunması misilsiz tarixi nailiyyətdir. Bu gün Azərbaycanın Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır.
İşğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Azərbaycan xalqı zaman-zaman torpaqlarımızın itirilməsinə, soyqırımılara və deportasiyalara məruz qalıb. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə BMT ölkəmizə qarşı bu cür ədalətsizliklərə heç vaxt adekvat reaksiya verməyib. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmış, işğalçıya qarşı heç bir ciddi tədbir görülməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan öz məsələsini özü həll etmək məcburiyyətində qaldı.
Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və digər tədbirlər artıq Azərbaycanın böyük Qələbəyə doğru irəlilədiyini göstərirdi. Beləliklə, 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Bu, təkcə hərbi Zəfər deyil, eyni zamanda, ədalətsizlik üzərində Qələbədir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.
Daha bir önəmli məqama diqqət yetirək. Məhz Paşinyanın yalvarışlarına görə, noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq münaqişənin həll olunması üçün atəşkəs elan edildi, digər məsələlərin siyasi yollarla həllinə qərar verildi. Beləliklə, kapitulyasiya nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Ermənistan tərəfindən boşaldılsa da, öz xislətini növbəti dəfə nümayiş etdirən rəsmi İrəvan bir müddət sonra üçtərəfli Bəyanata əməl etmədi. Belə ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökü kəsildi.
Döyüş meydanında qazanılan Qələbənin diplomatiya müstəvisində davam etdirilməsi uzun illər həyata keçirilmiş uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Respublikası balanslı xarici siyasət prioritetlərinə uyğun olaraq heç bir hərbi-siyasi bloklaşmada təmsil olunmur. Qoşulmama Hərəkatına üzvlüyümüz bu mövqeyi daha aydın şəkildə ifadə etməklə yanaşı, beynəlxalq əlaqələrin çoxtərəflilik prinsipi əsasında formalaşdırılması üçün mühüm platforma yaratmış oldu.
Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə bu təsisata üzv olan ölkələrin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə verdikləri dəstək istisnasız olaraq qeyd edilməlidir. Azərbaycan Türk və İslam dünyasının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Qərb üçün də önəmli enerji tərəfdaşıdır. Eləcə də Azərbaycan müasirliyin və ənənəviliyin vəhdətini təcəssüm etdirən bir dövlət olaraq sivilizasiyalar arasında mühüm körpü rolunu oynayır. Belə bir şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar dost və strateji tərəfdaş olan dövlətlər tərəfindən də birmənalı şəkildə dəstəklənir.
Bəli, artıq Azərbaycan xalqı dördüncü dəfədir ki, Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. 8 noyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, ordumuzun qəhrəmanlıq salnaməsinin şahidi oldu. Azərbaycan işğalçı ölkə üzərində tarixi Zəfər qazanmaqla adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək. Zəfər Günün mübarək, Azərbaycan!