“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejimi daha da sərtləşdiriləcək”

“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, Türkiyədə, İsraildə, Avropa ölkələrində cərimələrin miqdarı min dollara qədər artırılıb: “Hətta sizə deyim ki, Hindistanda polis karantin rejimini pozan vətəndaşlara dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. İnsanlar artıq vəziyyətin ciddiliyini dərk etməlidirlər. Yadınızdadırsa ötən çıxışlarımda demişdim ki, hər kəs ətrafına baxsa, koronavirusa yoluxmuş ən az bir insan görə bilər. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bunu deməkdə məqəsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər”.

R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var: “Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməmiş, ad günü məclisində, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.oxu.az

İki həftəlik sərt karantin rejimi ilə bağlı

"Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq".
Report xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”, - o deyib.

Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.
Report xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, - o əlavə edib.

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda iyunun 19-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda koronavirus testinin

Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVİD -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Trend-ə bildirib ki, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib. Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib. Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər.

Klinikalardan bildirilib ki, virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

Qeyd edək ki, COVİD-19-a görə müayinələr İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"də aparılır.

TƏBİB əhaliyə müraciət etdi: “Ehtiyac olmadıqca...”

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə koronavirus (COVID-19) pandemiyası dövründə onlayn alış-verişə üstünlük verilməsi tövsiyə olunub:

“Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Bununla siz ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”.

Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirilir

“Azərbaycan Hava Yolları” 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir. 

Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

Yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılmışdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Bakı-İstanbul xüsusi reysi barədə videoçarxı qeyd olunan keçiddən istifadə etməklə izləyə bilərsiniz:

 




 
Koronaviruslu xəstələr üçün daha 12 xəstəxana ayrıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən yeni tibb müəssisələrinin siyahısını açıqlayıb.
Siyahını təqdim edirik:

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

1 saylı Kliniki Tibbi Mərkəz

Azərsu Tikinti Xəstəxanası

Göyçay Rayon Mərkəzi Xəstəxanası

Salyan Rayon Mərkəzi Xəstəxanası

Xızı Rayon Mərkəzi Xəstəxanası

Qusar Rayon Mərkəzi Xəstəxanası

Ucar Rayon Mərkəzi Xəstəxanası

Saatlı Rayon Mərkəzi Xəstəxanası

Zərdab Rayon Mərkəzi Xəstəxanası

Gəncə Dəmiryol Xəstəxanası

Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirəcək.
 
Mərkəzdən "Ölkə.Az"a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
 
Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
 
- İmtahana buraxılış vərəqəsi;
 
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
 
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
 
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
 
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
 
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
 
İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
 
Bu gün keçiriləcək imtahanlarda 24 312 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
 
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
 
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
 
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən 2 gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
 
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
 
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.
 
DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə bir daha buradan tanış ola bilərsiniz.
Həftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək?
Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

Bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirmişdi ki, bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna bilər.

Xəbər lenti