|
Dağıstan rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı iyunun 16-sı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.
“Qafqazinfo”nun “riadagestan.ru”ya istinadən verdiyi xəbərə görə, Baş Nazirin müavini Ramazan Cəfərov vəziyyəti şərh edərək 600-ə yaxın Azərbaycan vətəndaşının Dərbənddəki sərhədi keçmək üçün gözlədiyini açıqlayıb. Cəfərov bildirib ki, onların geri qaytarılması karantin rejiminə görə mərhələlərlə həyata keçirilir.
“Azərbaycanlı həmkarlarımız dərhal hamını qəbul edə bilmirlər, buna görə də Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə razılaşdırılaraq hər həftə 100-130 nəfərin sərhədi keçməsi qəbul edilib. Bu gün də proses baş tutmalı idi, amma dünən Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində olan vətəndaşlar hazırlanan siyahıdan narazılıqlarını bildirdilər. Daha sonra iğtişaşlar başladı, nəticədə polis qüvvələri vəziyyəti sabitləşdirmək üçün müdaxilə etməli oldu. İndi vəziyyət sabitdir. Bu gün Azərbaycandan Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun rəhbərliyi ilə hazırkı vəziyyəti müzakirə etmək və gələcəkdə belə halların təkrarlanmaması üçün təklifləri nəzərdən keçirmək üçün nümayəndə heyəti gəldi”, - deyə R. Cəfərov vurğulayıb.
Bundan əlavə bildirilib ki, əvvəllər tərtib edilmiş siyahıya yenidən baxılacaq. Həmin qruplar sərhədi keçməzdən öncə Azərbaycan nümayəndələri Dağıstana gələcək və siyahının tərtibində iştirak edəcəklər.
Ramazan Cəfərov insident nəticəsində 5 Azərbaycan vətəndaşının xəsarət aldığını, onların xəstəxanaya aparıldığını və tibbi yardım aldıqlarını bildirib.
Qeyd edək ki, ötən gün 155 vətəndaşın sərhəddən buraxılması təmin edilib. Bu siyahıya ilk növbədə uşaqları olan qadınlar, yaşlı vətəndaşlar, xəstə insanlar, eləcə də uzun müddət çadır şəhərciyində olanlar daxil edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçilərini təbrik edib.
Mehriban Əliyevanın “Instagram” səhifəsində yayılan təbrikdə deyilir:
"Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!".
Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hələlik bu barədə danışmaq tezdir: "Qapanmalarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.
Müraciətdə deyilir:
“Əziz çağırışçılar!
Ümumbəşəri problem olan koronavirus infeksiyasına (COVID-19) ölkəmizin ərazisində yoluxma hallarını məhdudlaşdırmaq, yayılmasının qarşısını almaq və rəvac verəcəyi təhlükənin təsirlərindən qorunmaq üçün dövlət və hökumət strukturları tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması və sosial rifahının təmin olunmasına yönələn kompleks tədbirlər əzmlə davam etdirilməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Bu istiqamətdə ölkəmizdə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Bildiyiniz kimi infeksiyanın yayılma dinamikasına görə respublikanın bir sıra iri şəhər və rayonlarında xüsusi karantin rejimi cari ilin iyul ayının birinə kimi uzadılmışdır. Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə bütün ölkə üzrə sistemli iş aparılmaqdadır. Belə ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların öyrənilməsi ilə bağlı prosedurlara, rayon hərbi həkim komissiyaları tərəfindən tibbi şəhadətləndirilmələrinə mövcud reallığa uyğun olaraq xüsusi həssaslıqla yanaşılır.
Hörmətli çağırışçılar, istər xüsusi karantin rejiminin qüvvədə olduğu şəhər və rayonlarda, istərsə də respublikamızın digər inzibati ərazi vahidlərində yaşamağınızdan asılı olmayaraq əhalimizin böyük əksəriyyəti kimi həmrəy olub görülmüş işləri yüksək qiymətləndirərək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə məsuliyyətli yanaşmaqla, sanitar-epidemioloji və gigiyenik qaydalara riayət etməklə, özünütəcrid və sosial məsafəni qorumaqla Siz əsl vətənpərvərlik nümunəsi göstərməli, vətəndaş mövqeyi nümayiş etdirməlisiniz. Bununla da yaşadığımız çətin günlərdə hər biriniz sabahın əsgəri kimi hərbi xidmətin təməl prinsiplərinə əməl etməklə, ən başlıcası nizam-intizamlı olmaqla müstəqil dövlətimizin möhkəmliyinə, milli birliyə, özünüzün və yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərarların, təlimatların tələblərinə əməl etməyə çağırır.
Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə Sizə əlavə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlməyiniz zəruridir”.
"Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev dünyasını dəyişib.
Report məlumatına görə, o, bu gün səhər saatlarında vəfat edib.
Xidmət rəisinin ürəktutmasından öldüyü deyilir.
Xezerxeber.az xəbər verir ki, eyni anda yüzlərlə insan paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsinə axın edib.
Küçədə hərəkət edənlər hansısa istiqamətə getmək üçün nəinki sosial məsafə saxlaya bilmir, bəzi hallarda hətta bir-birinə toxunaraq keçməli olurlar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, koronavirusa yoluxma hallarının 50.2 faizi paytaxt Bakının payına düşür.
Xatırladaq ki, son günlər yoluxma sayında rəqəmlərin sürətlə çoxalması xəstəxanaların yükünü də artırır. Yoluxma sürəti bu cür davam edərsə, qısa zamanda bütün xəstəxanalar dolacaq və xüsusilə vəziyyəti ağırlaşan yaşlı, müxtəlif xəstəlikləri olan insanlar normal tibbi yardım ala bilməyəcəklər.
Özümüzü narahat hiss etdiyimiz də ilk olaraq onlara- həkimlərə müraciət edirik. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Son zamanlar həkimlərin çiyinlərinə daha ağır yük düşüb. Onlar dünyanı cənginə alan koronavirus bəlası ilə mübarizə aparır. Onlar gecələrini gündüzlərinə qatıb, öz sağlamlıqlarını təhlükəyə ataraq bu gözəgörünməz virusla vuruşurlar. Bir çox həkimlər virusun qurbanı olub, bir çoxları xəstəxanalardadır.
Həkimlər hər an ölüm təhlükəsi ilə üz-üzə olduqlarına baxmayaraq, fədakarcasına bu yolda mübarizələrini davam etdirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir.
Azərbaycanda tibbin inkişafı XX əsrin əvvəllərindən başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu.
Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Ölkədə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğı göstərilməsində və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.
Bunu “Trend”ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb:
“Biz bununla bağlı məlumatları toplamışıq, Qafqaz Müsəlmanları İdarəsi yerlərdə olan bütün səlahiyyətli nümayəndələrini xəbərdar edib ki, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər, yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər, lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və imamlar heç bir halda həmin toplantılarda iştirak etməsin.
Bizim komitənin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir. Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərərgahın bütün təlimatlarını yerinə yetirməliyik”.
Koronavirus pandemiyası ilə mübarizədə təkcə sərt karantin tədbirləri yetərli deyil. İkinci dalğadan yalnız hər kəsin, hamının kütləvi maska taxması ilə xilas olmaq mümkündür.
Medicina.az xəbər verir ki, bu barədə Kembric və Qrinviç Universitetinin alimləri elmi tədqiqat aparıb.
Alimlər virusun insanlar arasında yayılmasını əks etdirən müxtəlif ssenarilər modelləşdiriblər və hansı qorunma tədbirinin effektiv olmasını bu model üzərində sınayıblar.
Məlumdur ki, pandemiyanın zəifləməsi üçün virusa yoluxduracaq insanların sayı 1,0 rəqəmin altında olmalıdır.
Bu rəqəmə isə yalnız əhalinin kütləvi ictimai yerlərdə maska taxması ilə mümkündür.
Nə qədər çox insan maska taxarsa, yoluxdurma qabiliyyətli xəstələrin sayını 1faizdən aşağı endirmək mümkündür. Bir ölkədə əhalinin heç olmasa 50% maska taxarsa, karantinsiz ikinci dalğanı yola vermək olar.