Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək

Azərbaycanda şənbə günü, iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 20-21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Deputat Fəzail Ağamalı təkliflə çıxış edib.

Parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən Fəzail Ağamalı bildirib ki, rayonlarındakı problemləri parlamentə gətirmək dogru deyil:

“Hesab edirəm ki, rayonlarda olan problemlər tünd rənglə parlamentə gətirilməməlidir. Şər qüvvələr ki, bundan sui-istifadə edir. Yanlış tərəflərə yozurlar. Yaxşı olar ki, problemləri aidiyyatı qurumlara çatdırsınlar”. (modern.az)

“Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da bəzi müzakirələr gedir, bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq:

“2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”. (modern.az)

“Goranboy rayon İcra Hakimiyyətinin 40 əməkdaşından koronavirus testi götürülüb”.

Bu barədə Unikal.org-a Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib:

“Daimi olaraq rayon ərazisində olan idarə və təşkilatların əməkdaşlarından koronavirus testləri götürülüb. Hazırda rayon icra hakimiyyətinin əməkdaşlarından da testlər götürülərək, Gəncəyə göndərilib və testin cavablarını gözləyirik. Bundan sonra 40 nəfər işçidən kimdəsə virus aşkarlansa, ictimaiyyətə məlumat verəcəyik”.

“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Türkiyədə, İsraildə, Avropa ölkələrində cərimələrin miqdarı 1000 dollara qədər artırılıb:

“Hətta Hindistanda polis vətəndaşa dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. Yadınızdadırsa mən demişdim ki, hər kəs ətrafında virusa yoluxmuş insan görəcək. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bu sözü deməkdə məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər”.

R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var:

“Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”. (publika.az)

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.
Haqqın.az xəbər verir ki, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.
İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

“Bizdə insanlarda virusa qarşı inamsızlıq var. Çünki insanları inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur”.

Bunu deputat Fazil Mustafa bu gün parlamentin növbədənkənar sessiyasının növbəti iclasındaki çıxışı zamanı deyib. O qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir:

“Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Biz karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir. Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Qoy xüsusilə də avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri olmasın. Lazım olsa Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik”. (modern.az)

“Getdikcə yoluxma və ölüm artacaq. Biz faciə qarşısındayıq. Biz deyəndə ki, əhalinin çoxu yoluxub, hərə bir cür danışır. Görünür ki, cəmiyyətdə bir mənəvi aşınma gedir. Sosial şəbəkələrdə yazılanlara baxın: hələ də inanmayanlar var. Ona görə də yoluxmanın artmasında əhalinin günahı yetərincədir”.

Bunu professor Adil Qeybulla deyib.

A.Qeybulla insanların məsuliyyətsizliyə yol verdiyini, sosial izolyasiyaya əməl etmədiyini düşünür: “Bunu dəfələrlə bildirmişik. Amma insanlar qəbul etmirlər. Yəqin ki, biz hamımız koronavirusa yoluxacağıq. Çünki Operativ Qərargahın tədbirləri özünü doğrultmur”.

A.Qeybullanın sözlərinə görə, mütəxəssislər bir araya gəlməli, tövsiyələr verməliydilər: “Bu problem 3-5 adamın iradəsi ilə həll olunmur. Amerikada alimlər, mütəxəssislər toplaşırlar, müzakirələr aparırlar və birgə qərar verilir. Operativ Qərargah isə söyləyir ki, başqa ölkədə bu qaydalar tətbiq olunub, gəlin biz də edək. Axı hər ölkənin öz yanaşması, əhalisinin mentaliteti var. Operativ Qərargah isə hazırlıqsız vəziyyətdə karantin rejimini yumşaltdı. Mən düşünmürəm ki, Bakıda sıxlığı azaltmaq da çıxış yoludur. Bu halda rayonlara axışmaqla epidemioloji coğrafiya genişlənə bilər. Çünki bölgələrdə də yoluxma var. O baxımdan maarifləndirmə güclənməli, sosial izolyasiya, maska taxmaq qaydaları ciddi şəkildə təmin edilməlidir. Yalnız bu halda yoluxmanın azalmasının qarşısı alına bilər. İndiki vəziyyətdə sərt karantinin qaytarılmasının da hansı nəticə verəcəyini söyləmək çətindir. Yaydır, istidir, insanları evə bağlamaq effektiv olacaqmı?”. /Yeni Müsavat/

“Azərsu” ASC hazırda ölkədə müşahidə edilən şirin su qıtlığının səbəblərini açıqlayıb.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin səbəb Kürdə suyun azalmasıdır:

“Bildiyiniz kimi, Kürdən suyu götürüb emala vermək üçün nasos stansiyalarımız quraşdırılıb. Bir müddət əvvəl həmin stansiyalarla suyu götürmək çətinləşdi, oturdular quma, lilə. Ona görə də iyunun əvvəllərindən Bakıya 1 kubmetr az su vermək məcburiyyətində qaldıq. Dərhal əraziyə xüsusi texnika yeritdik. Üzən nasostansiyaları qumdan, lildən təmizlədik və hazırda normal su götürə bilirik.”

A.Cəbrayıllının sözlərinə görə, ikinci səbəb suya tələbatın kəskin artmasıdır:

“İyunun əvvəlindən kəskin istilər düşdü. İnsanlar pandemiya ilə bağlı evə qapandığından sudan daha çox istifadə etməyə başladılar. Bakıdan çıxış məhdudlaşdırıldı, insanların böyük əksəriyyəti bağa köçdü, bağ evi olmayanlar kirayə bağ evlərinə üz tutdular. Üstəlik içməli suyun daha çox suvarma suyu kimi istifadə olunması, həmçinin üzgüçülük hovuzlarının su ilə doldurulması da səbəblər sırasındadır. Əgər üzgüçülük hovuzunun uzunluğu 7 metr, eni 3metr olarsa, ora 2 metr hündürlüyündə su yığılsa, bu, avtomatik olaraq 42 kub su edir. 42 kub suyu mənzillərdəki borulara doldurmaq üçün 2 sutka vaxt lazımdır. Yəni 50 saatdan çox müddətdə su ora axmalıdır ki, hovuz dolsun. Bu da tələbatın kəskin artmasına səbəb olub”.

“Azərsu” rəsmisi qeyd edib ki, su çatışmazlığı daha çox paytaxtın şərq hisssəsində müşahidə edilir:
“Əsas çətinlik Suraxanı, Sabunçu, Xəzər və Abşeron rayonunda müşahidə olundu. Qaradağda, Səbaildə, Yasamalda, Nəsimidə, Nərimanovda su ilə bağlı çətinlik olmadı. Kürdən, Ceyranbatandan gələn suyun verilişini artırdıq, bəzi tənzimləmələr apardıq. Artıq sistemi stabilləşdirmişik. Bu gün Suraxanı rayonunda, Xətai, Abşeron, Binəqədi rayonunda (Kənd Binəqədi istisna) problemləri həll etdik. Yalnız Sabunçunun bəzi hissələrində (Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, Balaxanı qəsəbəsi, Pirşağı qəsəbəsi) problemlər qalmaqdadır ki, bunu da yaxın günlərdə həll edəcəyik”.


A.Cəbrayıllı deyib ki, rejim tənzimləmələri daha çox su alan ərazilərdə müəyyən saatlarda su verilişinin azaldılması hesabına, şəhərin digər istiqamətlərinə yönəldilməsilə aparıblar:
“Eyni zamanda, Layihə və istismar departamentinin əməkdaşları su çatışmazlığı olan ərazilərdə həll variantları tətbiq etməyə başlayıblar. Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivində, I Mədən ərazisində bir kilometrə yaxın yeni şəbəkə xətləri çəkirik ki, ərazidə içməli sudan əziyyət çəkən insanların problemlərini həll edək. Su təchizatında problem yaşanan əsas ərazilər “Azərsu” ASC tərəfindən mərkəzləşmiş su şəbəkəsi qurulmayan ərazilərdir. Fərdi qaydada, tikinti normalarına uyğun olmayan, qonşudan su çəkənlər, kollektiv su xəttindən istifadə edənlər və s.-dir. Tikinti normalarına uyğun olmayan ərazilərdə təzyiqin formalaşdırılmasında problem yarana bilir. Ona görə də insanlara səslənirik ki, qlobal istiləşmə şəraitində sudan qənaətlə istifadə etsinlər. Əsas da bağ evlərində içməli sudan suvarma suyu kimi istifadə etməsinlər. Amma bu gün böyük əksəriyyət ənənəvi suvarmadan, şlanqla suvarmadan istifadə edirlər. Yaxşı olar ki, vətəndaşlarımız çiləmə, damcı suyundan istifadə etsinlər”.

A.Cəbrayıllı qeyd edib ki, “Azərsu” ASC bağ massivlərində, qəsəbələri inkişaf etmiş ərazilərdə mərkəzləşmiş şəbəkə işlərini yekunlaşdırmayıb:

“Onların 70 faizindən çoxu fərdi şəbəkələrdir ki, bu da suyun optimal idarə olunması, hidrologiya rejimlərinin tənzimlənməsində bizə böyük çətinliklər yaradır. Artıq nəticələr əldə etmişik. Xırdalan, Masazır, Saray və s. də suyun verilişində stabillik əldə etmişik. İndi isə əsas diqqəti Sabunçu rayonunda suyun təminatının yaxşılaşdırılmasına yönəltmişik”.

“İki həftəlik sərt karantin rejimində 190 manat birdəfəlik ödənişlə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirəcək”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. /Sfera.az/

Xəbər lenti