Azərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 17-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

Hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 146, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 29 nəfərdir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 783 nəfər aktiv xəstə var. 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlanıb, 127 nəfər sağalıb, 7 nəfər isə ölüb.

Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 991 nəfərə, sağalanların sayı 6 075 nəfərə, ölənlərin sayı isə 133 nəfərə çatıb.

Qanunsuz fəaliyyət göstərən balıq sexi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncədə qanunsuz hisə verilmiş balıq istehsalı ilə məşğul olan sex aşkarlanıb.

Aparılan yoxlamalar nəticəsində məlum olub ki, Zeynal Xəlilov küçəsi ev 1 ünvanında yaşayan Fuad Salmanov şəxsi məhəlləsində heç bir gigiyenik və sanitar normalara əməl etmədən balıq məhsullarının hisə verilməsi və satışını təmin edib

Yoxlamalar zamanı satış üçün hazır olan 120 kq, həmçinin hisə verilməyən natəmiz qablarda saxlanılan 80 kq məhsul dövriyyədən çıxarılıb. Sexin fəaliyyəti isə ümumiyyətlə dayandırılıb.

Bu gün Mübariz İbrahimovun anım günüdür

Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun bu gün anım günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin.

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımladı.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alındı. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirildi.

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və nitq söyləmişdir. Sonra şəhid, qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Kamran Əliyev postda rayona gedənlərdən rüşvət alan yol polislərindən DANIŞDI
“Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək...”

“ASAN Xidmət tərəfindən verilən məlumata əsasən, iki gün ərzində faəliyyətinə icazə verilən təşkilatlarda işləyən 260 mindən də çox şəxs haqqında məlumat portala yerləşdirilmişdi. Şənbə gününə qədər 70 min, bir gün sonra 82 min nəfərin ölkədaxili hərəkət etməsinə icazə verilmişdi. 82 min şəxsin təkcə xidməti nəqliyyat vasitələri yox, şəxsi nəqliyyat vasitələrindən istifadəsinə də icazə verildi. Çox təəssüflər olsun ki, bundan da kütləvi şəkildə sui- istifadə hallarına yol verildi”. Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, elə təşkilatlar, müəssisələr var idi ki, onlara Nazirlər Kabinetinin qərarına əsasən məhdud sayda işçilər haqqında informasiyanı icazə portalına daxil etməli olduqları halda, nə qədər işçiləri var idisə hamısının ad soyadını portala daxil etmişdilər: “Aydın məsələdir ki, portalda onun hərəkətinə icazə varsa, onların sərbəst hərəkətinə icazə verilir. Görünən odur ki, bu məlumatların ən çox portala daxil edilməsində məqsəd həmin insanların məhz həmin günlərdə Bakı, Sumqayıt, Abşeron rayonunun inzibati ərazisini tərk etmək olub. Bu onların özlərinin də əziyyət çəkməsinə gətirib çıxardı. Həmin sui-istifadəyə yol verilən şəxslərin adının qara siyahıya salınması mümkündür. Ancaq onunla bağlı araşdırma aparılır. Bu bir və ya on maşın deyildi. Biz müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, portala daxil edilən məlumatlara nəzarət mexanizmi olmalıdır. Hər kəs öz istədiyi sayda əməkdaşı haqqında məlumatı ora daxil etməsin. Çünki bu məlumatın olması həmin şəxsin sərbəst hərəkətinə icazə verir. Polis yalnız portala görə yoxlaya bilir”.

K.Əliyev həmçinin postdan keçməyə görə polis əməkdaşlarına hər hansı rüşvətin verilməsi ilə bağlı iddialara da cavab verib.

O bu iddiaların yeni olmadığını vurğulayıb: “Bu ölkədə xüsusi karantin rejimi tətbiq edilməyə başladığı vaxtdan gedən söhbətlərdir. Dəfələrlə sosial şəbəkədə bu haqda informasiyalar yayılıb. Biz də mütəmadi olaraq bu şayiələri yayan insanlara müraciət etmişik ki, konkret məlumat verin. Həmin şəxslərin gəldiyi avtomobilin dövlət nömrə nişanı bizə verilsin ki, biz onu araşdıraq. Postdan keçən vaxtı bilək ki, onu hansı əməkdaşımız yoxlayıb. İndiyə kimi bununla bağlı konkret fakt bizə verilməyib. Əgər fakt təsdiqini taparsa, həmin əməkdaş Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən cəzalandırılacaq. O nəinki orqandan xaric edilə, hətta haqqında cinayət işi də açıla bilər”.

Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İkinci əl avtomobil alarkən bunlara mütləq diqqət edin - ARAŞDIRMA

İkinci əl  avtomobil alarkən nəzərə alınmalı bir çox şey var. Əks təqdirdə, problemlərlə üzləşə, nəqliyyat vasitəsini həqiqi bazar dəyərindən xeyli baha satın ala və ya narazı qala və satın aldığınız nəqliyyat vasitəsinə zərər verə bilərsiniz. Avtomobil alarkən çətinlik çəkməməyiniz və yaxşı bir seçim edə biləcəyiniz üçün bu yazıda sizə kömək etməyə çalışacağıq.
Diqqət etməli olduğumuz  məslələr: 


1. Əlavə xərclərin olacağını unutmayın

Ona görə büdcənizi düzəldin.
Büdcənizi hesablayarkən, alış-veriş zamanı köçürmələr, vergilər, sığortalar və qiymətə daxil olmayan bir çox xərc çəkəcəyinizi unutmayın. Bu xərclər seçdiyiniz nəqliyyat vasitəsinin modelindən, markasından və yaşından asılı olaraq dəyişəcəkdir.


2. Doğru vasitəni seçdiyinizdən əmin olun

Büdcənizi təyin etdikdən sonra sizin üçün ən uyğun vasitəni seçdiyinizə əmin olun. Avtomobili  niyə istəməyinizi, sizin üçün hansı üstünlüklərinin olduğunu özünüzə sual verin.
Misal üçün ailə gəzintisinə gedəcəksiniz? Tətilə gedirsiniz və ya işə gedirsiniz? Təhlükəsiz bir avtomobil və ya daha az yanacaq sərf edən bir vasitə istəyirsiniz? Avtomatik maşın istəyirsiniz yoxsa mexanika ?
Nəqliyyat vasitəsinin estetik xüsusiyyətlərinə, avadanlıqlarına və faydalılığına əsaslanaraq müqayisə aparın.
 
3. Nəqliyyat vasitəsinin bazar dəyərini öyrənin

Satıcı ilə əlaqə qurmadan əvvəl seçdiyiniz nəqliyyat vasitəsinin bazar dəyərlərini öyrənin. Araşdırdığınız digər nəqliyyat vasitələrinin eyni model və eyni yaşda olduğundan əmin olun. Sonra satıcı ilə görüşdə qiymət müzakirəsini daha yaxşı edə biləcəksiniz.

4. Satıcı ilə əlaqə saxlayın

İlk telefon zənginizdə aşağıdakı əsas sualları soruşun:
Niyə nəqliyyat vasitəsini satmaq istəyir?
Nə vaxtdan nəqliyyat vasitəsini idarə edir?
Qəza olubmu? Heç xarab olubmu?
Ümumiyyətlə maşının vəziyyəti necədir?
Mühərrikin vəziyyəti necədir?
Son təmirə nə vaxt gedib və hansı hissələri dəyişilib?
 
5.Nəqliyyat vasitəsini gözlərinizlə görün

Görünən zədələrin olub olmadığını yoxlayın. Əsas məqamları yoxlayın.
Vasitəni gündüz yoxlayın. Kapotu, qapıları və baqajı açın.  Nəqliyyat vasitəsinin ətrafında bir neçə dövrə vurun bütün hissələri eyni rəngdə olub olmadığına baxın. Radiatoru yoxlayın. Mühərriki nəzərdən keçirin.


6. Şassi və mühərrik nömrəsini yoxlayın

Nömrələrin nəqliyyat vasitəsinin lisenziyasındakı şassi nömrəsinə və mühərrik nömrəsinə uyğun olub olmadığını yoxlayın. Bu nömrələr vasitəsi ilə nəqliyyat vasitəsi haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
7. Test sürüşünə çıxın

Avtomobil haqqında məlumat əldə etmək, nəqliyyat vasitəsini tanımaq üçün ən yaxşı yollardan biridir, ancaq qısa müddət ərzində nəqliyyat vasitəsini istifadə etməyin. Radionun və oturacaqların istiləşmə sisteminin isti və soyuq qəbuluna qədər tənzimlənməsi.

8. Həmişə məlumatlı bir insandan kömək alın
Avtomobilinizi münasib  ustaya göstərin. 


 
9. Sığorta şirkətinizdən kömək alın

Hər hansı bir sığorta agentliyinə gedin və avtomobil nömrəsi və şassi nömrəsindən bir avtomobil sığortası və qəza olub olmamsı haqında maraqlanın Beləliklə, nəqliyyat vasitəsinin keçmişdə bir qəza qeydinin olub olmadığını öyrənə bilərsiniz. Sürprizlərə hazır olun.

10. Bazarlığı yaxşı edin

Satıcı son qiymət olduğunu desə də  bazarlıq etməlisiniz. Hər hansı bir qüsuru görsəniz, satıcıya deyin və bunun üçün qiymət azaldılmasını istəyin. Bazar qiymətləri barədə danışa bilərsiniz. Görüşə getmədən əvvəl bazarlıq planını müəyyənləşdirin.

Sabahdan uçuşlar bərpa olunur – YENİ QAYDALAR


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa ediləcək.

Qərara görə, uçuşlar xüsusi qaydalarla həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib ki, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq: “Həmin gün saat 15:00-da ikinci uçuş baş tutacaq. Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlik olsa da uçuşlar zamanı 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təcrid edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

Beləliklə, təyyarədə arxadakı 2 sıra oturacaqlara bilet satılmayacaq, bu yerlər boş saxlanılacaq. Təyyarə havaya qalxandan sonra sərnişinlərdən kimdəsə virus simptomu aşkar olunarsa, sərnişin təyyarə heyəti tərəfindən digər sərnişinlərdən təcrid ediləcək.



Naxçıvan reysi ilə getmək istəyən sərnişinlər hava limanının ərazisinə xüsusi qaydalar əsasında buraxılacaqlar. Belə ki, Bakı-Naxçıvan reysinə bilet alan sərnişinlər həmin reys üzrə təyyarəyə minik başlanandan sonra Bakı Beynəlxalq Hava Limanının platformasına daxil olacaqlar. Liman ərazisinə daxil olan şəxs öncə qoruyucu maska ilə təmin edilərək yoxlanışdan keçiriləcək. Yoxlanışdan keçəndən sonra sərnişin təyyarəyə buraxılacaq.

Bakı-Naxçıvan reysi üzrə hərəkət edən sərnişinlər üçün yeni qaydalardan biri də sərnişinin uçuşdan qabaq COVİD-19 testindən keçirilməsidir. Bu isə sərnişin bilet alarkən həyata keçiriləcək. Belə ki, hər hansısa bir sərnişin onlayn qaydada bilet sifariş verərkən ona COVİD-19 testindən keçmək tövsiyə ediləcək. Bilet alan sərnişinə COVİD-19 testindən keçmək üçün loboratoriya ünvanı və testdən keçmək üçün müddət müəyyən ediləcək. Sərnişin təyinat üzrə həmin müəssisəyə gedərək orada testdən keçiriləcək və həmin testin nəticələri birbaşa hava limanına göndəriləcək. Testin nəticəsi müayinədən keçdiyi andan sonra 48 saat etibarlı hesab ediləcək. Yəni, testdən keçən sərnişin 48 saatdan gec olmayaraq həmin reyslə getməlidir. Əks halda, sərnişinin keçdiyi COVİD-19 testinin nəticəsi etibarsız hesab ediləcək və o, uçuş üçün yenidən test edilməlidir. Sərnişinlər üçün COVİD-19 testi pulsuz olacaq. Uçuş zamanı COVİD-19 testindən keçən sərnişin təyyarədən düşəndən sonra karantinə alınmayacaq və sərbəst buraxılacaq.

Məlumata görə, iyunun 18-dən etibarən Bakı-Naxçıvan reysi üzrə uçuşlar həftədə 2 dəfə keçiriləcək. Növbəti mərhələdə isə uçuşların sayı artırılacaq. (trend)
“Semaşko” bağlandı

Paytaxtın 1 saylı Kliniki Tibbi Mərkəzi bağlanıb.
Oxu.az məlumatına görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.

Oqtay Şirəliyev haradadır?

Səhiyyə naziri hardadır? Nə zaman üzə çıxacaq? Nəyi gözləyir? Gözləyir ki, əhalinin yarısı yoluxsun sonra danışsın.
Gerçək vəziyyət rəqəmlərdə görsəndiyindən də acınacaqıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib, Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Gerçək vəziyyət rəqəmlərdə görsəndiyindən də acınacaqıdır.

Heç şübhəsiz ki, Azərbaycan koronavirus pandemiyasının pik dövrünü yaşayır. Əksəriyyət səhiyyə müəssisələrinin xidmətindən narazıdır, evlərdə qalan xəstəxanalara götürülməyən xəstələrin sayı artır. Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Quba rayonunda şəlalələri gəzir, təcrübəsiz TƏBİB-ə bu qədər öhdəliklərə rəğmən nə qədər məsuliyyəti var, ölkədə kim məsuliyyəti daşıyır.

Səhiyyə naziri bu və digər məsələlərə nə zaman münasibət bildirəcək? Əgər bütün bu məsələlərə səhiyyə nazirinin aidiyyatı yoxdursa onda istefa versin, bu qədər böyük məsuliyyətin altına girməsin. /konkret.az

AzTV-də daha 6 nəfərda koronavirus aşkarlandı — SON DƏQİQƏ


AzTV-nin əməkdaşları arasında daha bir neçə nəfər koronavirusa yoluxub.
Şirkətdə televiziyanın bəzi departamentlərinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.
Məlumata görə, hətta Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının prorektoru da virusa yoluxanlar arasındadır.

Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb, şirkət dezinfeksiya olunub.

Xəbər lenti