Bakı Beynəlxalq Avtovağzalı fəaliyyətini nə vaxt bərpa edəcək?
“Karantin rejimi ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzal Komplekindən bütün şəhərlarası reyslər dayandırılıb. Bununla əlaqədar olaraq, bu gün Bakı Beynəlxalq Avtovağzalı faktiki olaraq işləmir. Fəaliyyətimizi ancaq Operativ Qərargah qərar verdikdən sonra bərpa edəcəyik”.

Bunu açıqlamasında  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova  deyib.

Onun sözlərinə görə,  şəhərlərarası sərnişindama  ilə bağlı qərar verildikdən sonra fəaliyyətə başlayacaq. “Amma bu nə zaman  nə vaxt olacaq deyə bilmərik. Hələlik bu barədə  heç nə deyə bilmərik. Bu  Nazirlər Kabineti yanında Operativ Mərkəzdən asılıdır. Operativ Mərkəz necə qərar verəcəksə, ona uyğun da hərəkət ediləcək, addımlar atılacaq”- P.Məmmədova deyib.

 P.Məmmədova bildirib ki,  bu gün ən çox insanlar regionlardadır və şəhərlərarası daşımalara icazə verildikdə sərnişindaşımada daha çox sıxlıq bölgələrdən paytaxt istiqamətə olacaq. “Bakı Beynəlxalq Avtovağzalı da  regionlardan deyil, Bakıdan bölgələrə daşımaları həyata keçirir. Bölgələrdən paytaxt istiqamətində daşımları DANX həyata keçirir. Yəqin ki, onlar  bu işi lazımi səviyyədə həyata keçirəcək. Biz də öz növbəmizdə Bakıdan bölgələrə daşımaları yüksək səviyyədə  təşkil edəcəyik.   Bu məsələdə hər hansı problem olmayacaq. Sərnişin sıxılığı olarsa təbii ki, xəttə əlavə avtobuslar da buraxılacaq.   Sərnişinlər vaxt itirmədən, problem yaşamadan mənzil başına çatdırılacaq”- P.Məmmədova bildirib.

“Azərbaycan Dəmir Yolları” fəaliyyətini nə vaxt bərpa edəcək?
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti hər zaman olduğu kimi karantin rejiminin yumşaldılması və ya ləğvi barədə qərardan sonra da sərnişinləri mənzil başına çatdırılması istiqamətdə daşınmanı həyata keçirməyə hazır vəziyyətdədir.

 Bunu açıqlamasında  “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova  deyib.

 Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC Nazirlər Kabineti yanında Operativ Mərkəzin qərarını gözləyir və buna uyğun olaraq addımlar atacaq. “Biz indi əsas vəzifəmiz qərar verilən zaman  sərnişin daşımaya hazır olmaqdır və buna da hazırıq. Nazirlər Kabineti yanındakı  Operativ Mərkəz  hansı qərarları verəcəksə,  “Azərdəmiryol”-da  bunu həmin an icra etməyə hazırdır. Amma bu nə vaxt olacaq, necə həyata keçiriləcək, indidən bu barədə nəsə demək tezdir və biizm səlahiyyətimiz daxilində deyil”- N. Bayramova bildirib.

N. Bayramova əlavə edib ki, qərar verildikdən sonra  sərnişin sıxlığının aradan qaldırılması üçün hər zaman olduğu kimi qataralara əlavə vaqonlar qoşulacaq: “Necə ki,  “Azərdəmiryol” bunu  il ərzində bayramlarda, dərs ilinin başlanması, bağlanması ərəfəsində və yaxud da  mövsümü olaraq sərnişin sıxlığı yarananda edir. Bu işlər karantin rejimi ləğv edilib  kütləvi sərnişin daşıması ilə bağlı  qərar verildikdən sonra da olacaq”. 

O bildirib ki, martın 29-dan etibarən beynəlxalq və  regionalra daşımalar dayandırılıb. “Yeganə olaraq dairəvi Abşeron xətti üzrə gündə iki dəfə səhər axşam hərəkət edir.  Bu zaman da ancaq  fəaliyyətlərinə icazə verilən sahədə çalışan insanların daşımasını həyata keçirir”- N. Bayramova qeyd edib.

DYP-dən sürücülərin karantin dövründə gözlədiyi
Xüsusi karantin rejimi ilə əlaqədar avtomobillərin texniki baxışdan keçirilməsinə qadağa qoyulmuşdu. Artıq aprelin 27-dən fəaliyyəti bərpa olunan iş sahələrində çalışan şəxslər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Bununla yanaşı, sürücülük vəsiqəsinin müddəti bitən şəxslər ASAN Xidmətə müraciət etməklə sürücülük vəsiqələrini dəyişdirə bilərlər.

Xezerxeber xəbər verir ki, fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan, texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri artıq avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməməklə bağlı sürücülərə güzəşt edilib. Ancaq fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan şəxslər indidən Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Xüsusi karantin rejiminin yüngülləşməsi ilə əlaqədar 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək bildirir ki,sürücülük vəsiqəsinin müddəti bitən, yaxud bitmək üzrə olan şəxslər də ASAN xidmət mərkəzlərinə müraciət edərək sürücülük vəsiqəsini dəyişə bilərlər.

Nəqliyyat vasitələrinin qeydiyyat və təkrar qeydiyyat prosesi də Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində həyata keçirilir. Sürücülər bunu da nəzərə alaraq avtomobil alqı-satqısı və qeydiyyatını edə bilərlər.(Xezerxeber)

Hazırda vətəndaşlardan gələn hər bir müraciət informasiya sistemi üzərindən müvafiq araşdırmalar nəticəsində cavablandırılır. Əgər vətəndaşın adına Əmlak Komitəsinin bazasından pay torpaq mülkiyyəti verilibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) buna istinad edərək imtina qərarı çıxarır.

Bu sözləri ƏƏSM-nin şöbə müdiri Fazil Talıbov Xəzər TV-nin “Xəzər səhər” verilişində deyib.

O bildirib ki, pay torpaq mülkiyyətçiləri illərdir torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar:

“Bundan əlavə, onlar subsidiyalarla təmin edilirlər. Dövlətin onlar üçün gördüyü bütün bu tədbirlər məhz verilən pay torpaqlarının canlanması və vətəndaşların torpağı əkib-becərməsi üçündür. Bu gün vətəndaşlara verilən pay torpaqları üçün kifayət qədər dəstək var. Qanunvericilikdə də pay torpaq sahibləri məşğul şəxs hesab edilir. Qanunvericiliyin müvafiq tələbi ilə onlara işsizlik statusu verilə bilməz”, – o bildirib.

Azərbaycanda yumşaldılmış karantin rejimində fəaliyyətinin bərpa olunması gözlənilən restoran, kafe və digər ictimai iaşə müəssisələrində masalar arası məsafə 1,5 metrdən çox olmalıdır. 

Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı qaydalara əsasən bu müəssisələrdə işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin olunmalıdır. İşə başlamazdan əvvəl, iş prosesində, qida məhsulları, avadanlıqlar, qab-qacaq və dəsmallarla təmasdan öncə əməkdaşların əllərinin təmiz yuyulması və qurudulmasına nəzarət edilməlidir. Həmçinin dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir.

Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Bundan başqa işçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir.

Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Qabların yuyulması zamanı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rezin əlcəklərdən istifadə vacibdir. Əlcəklər çirkləndikdə və zədələndikdə, həmçinin iş növbələri arasında dəyişdirilməlidir.

İctimai iaşə əməkdaşlarının əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməlidir. Bu şəxslər yalnız tibbi müayinə keçdikdən sonra işə buraxıla bilər;
Boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.
Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı, tez-tez kəsilməli, arası su və sabunla təmiz yuyulmalıdır.

Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları təmin edilməlidir.   /yeniavaz.com/

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılmışdır.

Dünyada yayılmış koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkələr Ümümdünya Səhiyyə Təşkilatının və digər uğurlu nəticələr əldə etmiş ölkələrin sınaqdan keçirdiyi preparatlardan istifadə edirlər. Azərbaycanda bu günədək koronavirusa yoluxduğu aşkarlanan 1717 nəfərdən 1221-i müalicə olunaraq sağalıb.

Hazırda COVID-2019-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyyələr mövcud deyil.

Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan “ribavirin” preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunub. Lakin bu preparatın ağır əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır. SARS və MERS-CoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə
müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə).

MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış invitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiya edici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir.

Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur.

Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır.

Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır (linezolid, vankomisin).   /Cebhe.info/

Sinqapur Texnologiya və Dizyan Universiteti (SUTD) koronavirus pandemiyasının bitəcəyi tarixi proqnozlaşdırıb.

Hesablamalar üçün infeksiyanın yayılma sürəti, sağalan və yoluxanların dinamikasından ibarət riyazi modeldən istifadə olunub.

Tədqiqatların 100%-lik dəqiqliyə malik olmadığı lakin mövcud situasiyanı nəzərə aldığı vurğulanıb. Beləliklə, tədqiqatlara görə, planetin pandemiyaya qarşı əsas dönüş nöqtəsi 11 aprel sayılır. Mayın 30-da COVİD-19 artıq 97% göstərici ilə məğlub edilmiş olacaq. İyunun 17-də bu göstərici 99%, tam qələbə isə 9 dekabrda olacaq.

Almaniyada virusla mübarizədə 99%-lik uğur mayın 15-də, İspaniyada mayın 16-da, Fransada mayın 18-də, İtaliyada mayın 21-də, Böyük Britaniyada mayın 27-də, Rusiyada isə mayın 28-də elan olunacaq.

Pandemiyanın bu ölkələrdə tam bitməsi avqustda gözlənilir.

Azərbaycana gəlincə, koronavirus mayın 7-də 97%, mayın 17-də 99% zəifləyəcək. İyunun 15-də isə Azərbaycan ərazisində koronavirusa tam qalib gəlinəcək. (modern.az)

Ölkədə karantin rejiminin yumşaldılmasından sonra bir çox obyektlərin, iş yerlərinin fəaliyyəti yenidən bərpa edilib. Lakin şəhərlərarası avtobusların işləməməsi səbəbindən bu yerlərdə çalışan və hazırda bölgələrdə qalan şəxslər paytaxta qayıda bilmirlər. Bu isə həmin xidmət sektorlarında müəyyən çatışmazlıqlara səbəb olur.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, artıq şəhərlərarası daşımanın icrası ilə bağlı fəaliyyət planı hazırlanıb və belə bir qərar verilərsə, tətbiq ediləcək:

“Şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanıb. Fəaliyyət planına müəyyən istiqamətlər üzrə tədbirlər daxil edilib. Karantin rejiminin gücləndirilməsinə dair qərarla əlaqədar regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərimizin daşınması üçün bütün zəruri tədbirlərə hazırlıq görülüb. Respublika üzrə 56 avtovağzal və avtostansiyaya gücləndirilmiş rejimdə çalışmalarına dair tapşırıq verilib. Sərnişin axınına uyğun tələbat tam ödənəcək”.

Geyim dükanlarında koronavirus təhlükəsi
Xüsusi karantin rejimi dövründə fəaliyyəti bərpa olunan sahələrdən biri də geyim mağazalarının, ayaqqabı, dəri məmulatlarının satıldığı yerlər oldu. İndi bir məsələ var ki, xüsusilə diqqət tələb edir. Hansı hallarda geyim və digər əşyalar satılan mağazalarda virusa yoluxma ehtimalı arta bilər və bunun üçün hansı qabaqlayıcı tədbirlər görməliyik?

Geyim, saat, mobil cihazlar, bir sözlə ən çox əl toxunulan vasitələr... Bunları xüsusilə qeyd etməyimiz heç də təsadüfi deyil. Çünki geyim mağazalarında satılan paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən uyğunluğunu yoxlamaq məqsədilə geyinilməsi adi haldır.

Bəs necə davranmalıyıq? Satıcılar deyir ki, müştəriyə paltarı geyinib uyğunluğunu yoxlamaq qadağası qoymaq mümkünsüzdür.

Amma bu məsələyə ciddi yanaşıb, ehtiyat tədbirləri görənlər var. Yəni çıxış yolu yox deyil.

Baku.ws xəbər verir ki, Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri 

Nabil Seyidov deyir ki, koronavirus ən çox yaxın təmas zamanı bir insandan digərinə keçir. Amma geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma riski yarada bilər. Ona görə də mağazalarda qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Nabil Seyidov onu da əlavə etdi ki, hər kəsin gigiyenik qaydalara mütləq qaydada əməl etməsi şübhəli olduğu üçün bu məsələdə mağaza sahibləri diqqətli olmalıdır.

Yəni mağazanın girişində dezinfeksiyaedici məhlullar qoyulmalı, personalın tibbi maska, əlcəkdən istifadə etməsi təmin edilməlidir. Bundan başqa geyim dükanlarında hər ölçüyə uyğun konkret paltar nümunələrindən istifadə olunsa daha yaxşı olar.

Xəbər lenti