Bu gün 22 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında aprelin 29-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq. 

Aprelin 27-dən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Artıq karantin rejiminin yumşaldılmasının ikinci günündəyik və hamını növbəti mərhələyə keçid maraqlandırır.

Qeyd edək ki, karantin rejiminin yumşaldıldığının ilk günü-27 apreldə Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb,1 nəfər ölüb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hələlik ilk günün təhlili barədə danışmaq tezdir:

“Ümumi dinamikanın təhlili üçün yaxın 2-3 günün də nəticələrinə baxmaq lazımdır”.

Hökumət rəsmisi deyib ki, hər şey xəstəliyə yoluxma ilə sağalma dinamikası arasındakı fərqdən asılı olacaq:

“İndidən hadisələri qabaqlamaq çox tezdir. Ümid edək ki, müsbət dinamika davam edəcək”.

Xüsusi karantin rejimini pozan 967 sürücü cərimələnib
Onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə statistik məlumatları açıqlayıb.

İdarədən verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

“Koronavirusa yoluxan polis əməkdaşlarından karantin müddətini bitirənlər var”.
 
Bunu unikal.org-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki  Ehsan Zahidov deyib.
 
E.Zahidov qeyd edib ki, həmin şəxslər bir müddət xidmətlərini davam etdirməyəcəklər:
 
“Hazırda koronavirusa yoluxduğu üçün müalicə alan  polis əməkdaşlarının vəziyyəti stabildir. Onlar arasında müalicəsini başa vuran əməkdaşlarımız var. Dəqiq say açıqlaya bilmərəm, amma onlar xəstəxanadan evə buraxılıb. Həmin polis əməkdaşlarının bir müddət istirahət etməsi ilə bağlı qərar verilib. Onu da qeyd edim ki, son günlər  polislər arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.
Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini BƏRPA EDƏ BİLƏR
"Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".

 Bunu açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə,  mayın 4-dən sonra  vəziyyətdən asılı olaraq  karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. “Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.  Ondan sonra  daha hansı sahələrə veriləcəyi müəyyənləşəcək.  Əgər  vəziyyət  asılı olaraq qərar veriləcək”- baş infeksionist bildirib.

Toy və yas mərasimlərinə nə vaxtdan icazə verilə bilər?
"Mayın 4-dən sonra yas mərasimlərinə icazə verilə bilər".

 Bunu “Ölkə.Az”a açıqlamasında  respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, mayın 4-dən sonra toy və yas mərasimlərinə icazə verilməsi  məsələsi Nazirlər Kabineti yanında Operativ  Mərkəz tərəfindən vəziyyət tam araşdırılıb, məqsəduyğun sayıldıqdan sonra  verilə bilər. “Yəni toy və  yas mərasimlərinə icazə pandemiyanın vəziyyətindən asılı olaraq qərar veriləcək”- baş infeksionist bildirib.

Gələn həftədən rayonda yaşayanların Bakıya girişinə icazə veriləcək?
Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejiminin şərtləri yumşaldılıb. Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur: "Onlar real vəziyyəti daha yaxşı bilirlər. Vətəndaşların Bakıya buraxılmaması onların sağlamlığına xidmət edən qərardır. Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbəti müqayisə edib bu istiqamətdə addım ata bilər. Ancaq bunu əvvəlcədən söyləməsi düzgün deyil. Yayılan informasiyalar məncə erkəndir. Çünki vətəndaşları buna situmullaşdırmaq düzgün deyil. Dövlət harada yumşalma mümkündürsə, onu reallaşdıracaq. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə bütün bunlar insanların sıxıntısıdır. Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Ona görə də bu məsələdə tələsmək lazım deyil. Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik. Öncədən bunu arzu kimi bildirmək düzgün olmazdı".

Ödənişlər bu gün veriləcək
Bu gün respublikada xüsusi karantin rejimi müddətində Ünvanlı Dövlət Sosial Yardım ödənişləri həyata keçiriləcək.

Ünvanlı yardım sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Bakı metrosu bazar günü fəaliyyətini bərpa edir?
Bu gün sosial şəbəkələrdə Bakı metrosunun bazar günü fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumat yayılıb.

Bununla bağlı sonxeber.az-a danışan "Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov yayılan xəbərlərin doğru olmadığını bildirib: "Metronun fəaliyyətinin nə zaman bərpa olunacağı ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Biz onlarla sıx işləyirik. Hazırda idarədəyəm. Metronun nə zaman açılacağı ilə bağlı konkret məlumat verilməyib. Səhərdən idarədəyəm. Mənə bu barədə bir söz deyən olmayıb".

Bakı metrosu nə vaxt açılacaq?                       - RƏSMİ
Əsas vəzifəmiz infrastrukturu qorumaqdır

"Metro sərnişinlərinin üzünə hər zaman açıqdır".

Yol-xeber.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun açılması Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın qərarına bağlıdır:

 

"Hələ bir məlumat yoxdur. Metronun açılmasına Operativ Qərargahın qərarından asılıdır. Amma biz hər zaman hazırıq. Əsas vəzifəmiz infrastrukturu qorumaqdır".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə "Bakı Metropoliten"ində qatarların hərəkəti 31 mart 2020-ci dayandırılıb.

Xəbər lenti