İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Apreldə şənbə və bazar günləri də dərs keçirilə bilər – Açıqlama

Xəbər verdiyimiz kimi, dünən Nazirlər Kabineti ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Bəs tətil günləri tədris müddətində necə əvəz olunacaq? Bununla bağlı “Yeni Sabah”a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, tətil müddəti 15 günü keçərsə, iyun ayının 14-dən sonra dərslər uzadıla bilər:

“Biz ilk növbədə diqqət yetirməliyik ki, Nazirlər Kabineti tətilə hansı səbəblərlə bağlı qərar verib. Nazirlər Kabinetinin qərarında göstərilir ki, məktəblər ona görə tətil edir ki, orada dezinfeksiya və digər texniki işlər görülsün. Çünki şagirdlərin aktiv hərəkəti zamanı bunu həyata keçirmək mümkün deyildi. Narahatlıq doğuran məqam odur ki, bütün resurslar sərf edilsə də, bu günə kimi çox az sayda məktəbdə dezinfeksiya işləri aparılıb. Konkret olaraq, ölkədə 4447 orta ümumtəhsil məktəbi mövcuddur, yalnız 140-da dezinfeksiya işləri aparılıb. Bu çox aşağı nəticədir”.

Ekspert həmçinin dərs ilinin uzadılacağıyla bağlı iddialara da münasibət bildirib:

“Bilirsiniz ki, ölkədə ilk virusa yoluxmayla bağlı məsələyə 14 gündən sonra aydınlıq gətiriləcək. Virusun ağırlıq səviyyəsi və əhatə dairəsi müəyyən edildikdən sonra tətil müddətinin artırılıb-artırılmaması müzakirə predmeti ola bilər. Məktəblərdə 150 min müəllim, 1,5 milyon şagird var. Burada hansısa virus və ya yoluxma halı müşahidə olunmayıb. Bu o demək deyil ki, olmayacaq. Buna bir neçə xəstəlik – qrip, malyariya və s. də təkan verə bilər. Ümumilikdə isə tətil müddətinin uzadılması gözlənilən deyil. Baş Nazirin dünənki qərarında tətil müddətinin yerinin dəyişdirilməsi qeyd olunmamışdı. Təhsil haqqında qanunda göstərilir ki, hər hansısa bir fövqəladə hal olarsa, müharibə şəraiti, yoluxucu xəstəliklər və s. təhsil müddətinin yeri dəyişdirilə bilər, dəyişdirilməyə də bilər. Onsuz da mart ayında 15 gün qeyri-iş günü idi. Martın 2-də uşaqlar məktəbə getmişdilər. Burada yalnız uşaqların getmədiyi günlərin sayı dörd gün olacaq. Əvəzedilmə elə olacaq ki, növbəti ayda, yəni aprel ayında boşluqlar tamamlanacaq. Aprel ayında heç bir qeyri-iş günü yoxdur və məktəblərimizin 85%-i 5 günlük sistemlə işləyir. Belə məktəblərdə şənbə və bazar həmin keçirilməyən dörd günü əvəz edə bilər. İkinci üsul isə bu dörd dərs gününü hər həftədə dərsləri birləşdirməklə pedaqoji standartlardan istifadə etmək mümkündür. Əgər tətil müddəti 15 günü aşmasa heç bir halda iyun ayının 14-dən sonra dərs salına bilməz. Amma 15 günü aşarsa, onu əvəz etmək mümkün olmayacaq və iyun ayında dərs müddəti uzadılacaq”.

Ötən gün Nazirlər Kabinetinin operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Nəticədə koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılıb.

Qarşıdan Novruz bayramı gəlir və bununla əlaqədar paytaxtın bir sıra yerlərində kütləvi tədbirlər keçiriləcək. Bu isə öz növbəsində narahatlığı bir az da artırır. Nəzərə alaq ki, martın 16-dək teatr tamaşaları da təxirə salınıb.

Maraqlıdır, bayramla əlaqədar şəhərdə planlaşdırılan kütləvi tədbirlər də təxirə salına bilər? Ümumiyyətlə, bununla bağlı müzakirə aparılırmı?

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda bununla bağlı heç bir müzakirə aparılmır: “Müzakirələr aparılmayıb, yenilik olsa, xəbərdar edərik”.

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir.

Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.

İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.

Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq. (baku.ws)

“29 fevral tarixdən Azərbaycanla İran arasındakı sərhəddin bağlandığı bildirilib. Amma görünür ki bu məhdudlaşma yalnız vətəndaşlar üçün şamil olunub. Yük maşınları, TIR-lar eyni qaydada hərəkəti davam etdirir”.

Bunu ekspert Osman Gündüz deyib. O, düşünür ki bu, görülən tədbirlərin əhəmiyyətini azaltmaqla bərabər, sui-istifadə hallarına geniş imkanlar yaradacaq.

“Güman ki, başqa ölkələrin də yük maşınları Azərbaycan ərazisindən istifadə etməklə İrana keçməyə çalışacaqlar .

Artıq hər iki istiqamətdə uzun TIR növbələrinin də yarandığı bildirirlir.

Fikrimcə adı çəkilən məhdudlaşma qərarının bütövlükdə, bütün vasitələrlə gediş-gəlişə şamil edilməsi doğru olardı.

DGK-nın inzibati binasındakı böyük monitorlarda sərhəd buraxılış məntəqəlindəki real vəziyyət real vaxt rejimində görsənir.

Fikrimcə DGK –nın yaranmış situasiya ilə əlaqəli ölkənin sərhəd buraxılış məntəqələrindəki vəziyyət haqqında daha ətraflı məlumatlar verməsi faydalı olardı”.    /Yenisabah/

ABŞ birjaları 2008-ci ildəki böhrandan bəri ən ağır günlərini yaşayır.

Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, böhranın yaşanmasına səbəb koronavirusla bağlı yaranmış vəziyyətdir. Məlumata görə, koronavirus səbəbiylə iş adamlarının investisiya yatırmaqda tərəddüd etməsi birjalara təsirsiz ötüşmür. İqtisadçıların sözlərinə görə, böhran təkcə ABŞ birjalarına deyil, dünya birjalarına da təsir göstərir.

Dünya ölkələri arasında ticarət əlaqələrinin dayanması böhranı daha da dərinləşdirəcək. İqtisadçılar qarşıdakı günlərdə “Böyük iqtisadi böhran”ın baş verəcəyini proqnozlaşdırır.

2022-ci ildən etibarən Azərbaycanda “Avro-5” markalı benzin istehsal olunacaq.
 
Bunu Prezident İlham Əliyev fevralın 18-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
 
“Növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5″ markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq”, – deyə dövlət başçısı bildirib.
Ölkəmizdə “Avro-5” markalı benzinin istehsalı ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir:
 
“Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb. Zavodun modernizasiyası ölkə daxilində “Avro-5″ keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaq”.
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, 1992-ci ildən etibarən dünyada ekoloji mühitin yaxşılaşdırılması məqsədilə avtomobil mühərriklərindən atmosforə atılan zəhərli maddələrin miqdarını tənzimləmək üçün bütün nəqliyyat vasitələrini xarakterizə edən ekoloji standartların tətbiqinə start verilib:
 
“Qaydalara uyğun olaraq, avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə səciyyələnən 6 növ “Avro” standartı mövcuddur. Standartın adında göstərilən nömrə (1, 2, 3, 4, 5 və 6) nə qədər yüksək olarsa, həmin sandartların tələblərinə cavab verən avtomobilin istismar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı bir o qədər azdır. “Avro-1” ekoloji standartı 1992-ci ildən Avropa, ABŞ və Yaponiyada tətbiq edilməyə başlamaqla dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması uğrunda atılmış ilk addım sayılır. “Avro-1″ ekoloji standartı dörd il hüquqi qüvvədə olub”.
 
Ekspert qeyd edib ki, “Avro-2” ekoloji standartı 1996-cı ildə “Avro-1” ekoloji standartını əvəz etməklə həm yanacaqların keyfiyyətinə, həm də dizel və benzin mühərriklərindən ətraf mühitə atılan zərərli maddələrin miqdarına olan tələblər nəzərə çarpacaq dərəcədə sərtləşdirildi:

“Bu standartların tətbiqi ilə karbürator tipli mühərriklər erası başa çatmış oldu və onları birbaşa püskürməli (injektor tipli) mühərrikli nəqliyyat vasitələri əvəz etdi. 2000-ci ildə isə Avropada avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin buraxıla bilən miqdarını 30-40%-ə qədər azaldılmasını tələb edən yeni “Avro-3” ekoloji standartının tətbiqinə başlanıldı. 2005-cı ildə tətbiqinə başlanılmış “Avro-4″ ekoloji standartı avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin buraxıla bilən miqdarını əvvəlki standartla müqayisədə 65-70% sərtləşdirdi”.
 
O bildirib ki, “Avro-5” ekoloji standartı Avropada artıq 2009-cu ildən tətbiq olunmağa başlayıb və standartın tələbləri bu gün həyati zərurətə çevrilib:
 
“Avro-5″ standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü və yanma məhsullarının (bərk hissəciklər, azot oksidləri, karbonmonoksit, yanmamış karbohidrogenlər) ətraf mühitə tullanmasını kifayət qədər azaldır. Bundan əlavə, bu standartda yanacağın istifadəsi zamanı yanacağın maksimal dərəcədə yanması təmin edilir, mühərrikdə və yanacaq sistemində səs-küy və vibrasiya azalır, korroziya ehtimalı aşağı düşür, mühərriki işə salmağı asanlaşdırır, yanacaq istehlakını azaldır və avadanlıq ömrünü uzadır”.
 
“2014-cü ildən etibarən isə Avropada avtomobil mühərriklərindən atmosferə atılan zərərli maddələrin miqdarına “Avro-6″ ekoloji standartının tətbiqinə başlanılıb. 2015-ci ildən bu günə qədər istehsal edilmiş bütün avtomobillərə mütləq qaydada şamil edilən bu standarta əsasən, zərərli maddələrin atmosferə atılması əvvəlki standartla müqayisədə 67% azalır”, – deyə o vurğulayıb.
 
Əhmədov bildirib ki, standartlara görə təyin olunan hər növ yanacaq yanma zamanı atmosferə buraxdığı zərərli maddələrin miqdarı və tərkibinə görə fərqlənir:
 
“Standartın adında göstərilən sıra nömrəsinin artması yanacağın keyfiyyətinin yüksəlməsinin göstəricisidir. Bu halda onun istifadəsi ətraf mühitə, avtomobilin mühərrik və yanacaq sisteminə daha az zərər verməsi ilə yanaşı, avtomobilin istismar keyfiyyətlərinin tam olaraq əldə edilməsinə şərait yaratmış olur”.    /Sputnik Azərbaycan/
Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb
Yanvar ayı ərzində Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.

Bu barədə trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ay ərzində Bakıda kirayə mənzil bazarında qiymət 5.62 faiz artıb, ötən ilin müvafiq dövrü ilə müqaysədə isə artım 14.35 faiz təşkil edib:

"Ticarət obyektlərinin icarəsində isə ay ərzində 5.15 faiz azalma, il ərzində isə 4.8 artım müşahidə olunub. Kirayə mənzillərin qiymətinin artması ölkəyə turist axını ilə bağlı olub. Yanvar ayı ərzində bayramla əlaqədar ölkəyə çoxlu sayda turist gəldiyi üçün qiymət artımı müşahidə edilib".

Ekspert əlavə edib ki, növbəti aylarda kirayə mənzil bazarında qiymətlərin aşağı düşəcəyi gözlənilir.

Koronavirusa görə 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salındı
Martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı həmin gün baş tutmayacaq.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Qeyd edək ki, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdu.

Məktəblər və universitetlər bu səbəbdən bağlanıbmış — Baş infeksionist DETALLARI AÇIQLADI


Azərbaycan hökumətinin koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər məqsədi ilə təhsil müəssisələrində təhsilin müəyyən müddətə qədər dayandırılması təqdir olunası və vaxtında atılan addımdır.
Bunu “Ölkə.Az”a açılamasında Səhiyyə nazirliyinin baş infenksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, respublikamızda koronavirusa yoluxma halları az olsa da, qonşu ölkələrdə, xüsusən də İranda bu virusa yoluxma halı artmaqdadır.
“Qonşu ölkədə vəziyyət gərgin olaraq qalır və belə bir şəraitdə Azərbaycanda təhsil ocaqlarında təhsilə ara verilməsi məqsədi ilə belə bir qərarın verilməsi müsbət və vaxtında verilən qərardır. Mən bunu müsbət qərar hesab edirəm. Çünki, bu qərar profilaktik addım olduğundan həm mövcud gərginliyin qarşısının alınmasına, həm də virusun ölkəmizdə ehtimal olunan yayılma hallarının qarşısını almağa xidmət edəcək”- C.İsayev deyib.

 

 

Xəbər lenti