|
10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
Bu gün 9 May - faşizm üzərində qələbə günüdür.
Axar.az xəbər verir ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırım sürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Qeyd edək ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Opera və Balet Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. İcra başçısı bildirib ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.
A. Əsgərov onu da əlavə edib ki, Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Kamran Nəbizadə,Kamilə Əliyeva, Mahir Aslanov, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak ediblər.
Əməkdar artistlər İlqar Muradov və Aygün Bəylər ifaları ilə mərasimi daha da rəngarəng ediblər. Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib.
Report xəbər verir ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.
O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib.
Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.
N. Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil: "ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apelyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".
Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.
Unikal.org-un əldə etdiyi məlumata görə, səhhətində problem yaranan A.Şərifov paytaxta yerləşən xəstəxanalardan birinə müraciət edib.
Məsələ ilə bağlı açıqlama verən sabiq baş nazirin müavini hansı xəstəxanada olduğu barədə məlumat verməsə də, həkimdə olduğunu təsdiqləyib. O, bildirib ki, müayinə olunduğu üçün çox danışa bilmir.
Qeyd edək ki, 79 yaşlı Abid Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.
Güney azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur Təbriz şəhərində saxlanılıb.
Teleqraf.com xəbər verir ki, İran polisi tərəfindən saxlanılan fəalın nədə ittiham edildiyi məlum deyil.
Hamid Allahverdipur bundan əvvəl 2015-ci ildə İran hakimiyyəti əleyhinə təbliğat aparmaq ittihamı ilə 7 ay azadlıqdan məhrum edilmişdi.
Hamid Allahverdipur Güney Azərbaycanın Sulduz şəhərindəndir. Fəal Təbriz Azad Universitetində hüquq üzrə təhsil alır.
Mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 07-08-də Abşeron yarımadasında əsasən komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirir.
"Qafqazinfo" xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan kompüter vasitəsilə aparılacaq.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.